Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-176/2021 14.10.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı – X9, Müdafiəçilər – Zaqatala rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, xx xxxxxx 1993-cü il tarixdə Balakən rayonu Gərəkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının ortalarında Balakən rayonu Gərəkli kəndi ərazisində yerləşən Mazımqaray adlanan meşə sahəsində aşkar etdiyi yabanı halda bitmiş çətənə (kannabis) bitkilərinin hissələrini yığaraq qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 4 kiloqram 9,06 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq aparıb Balakən rayonu Mahamalar kəndində yerləşən, nənəsi X2 məxsus olan və özünün nəzarət etdiyi evin təmirsiz hamam otağında saxlamış, daha sonra 29 mart 2021-ci il tarixdə həmin marixuananın 24,06 qram olan hissəsini 01 ədəd şəffaf rəngli sellofan torbaya yığaraq satış məqsədi ilə əynindəki qara rəngli gödəkcənin sağ iç cibində daşıyaraq saxlayarkən 29 mart 2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində polis şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra onun qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və Mahamalar kəndində yerləşən nənəsinə məxsus evdə saxladığı külli miqdarda, yəni ümumilikdə 4 kiloqram 9,06 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd şəffaf rəngli sellofan torbada təmiz çəkisi 24,06 qram olan hissəsi saat 20:10-dan saat 20:40-dək olan müddət ərzində onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sağ iç cibindən, narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd qara rəngli sellofan torbada olan 3 kiloqram 985 qram hissəsi isə saat 21:05-dən saat 21:45-dək olan müddət ərzində Balakən rayonu Mahamalar kəndində yerləşən evə baxış keçirilən zaman evin təmirsiz hamam otağından aşkar edilərək qanuna müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu 29 mart 2021-ci ilin səhər saat 11 radələrində yolda tutub şöbəyə aparmışlar. Onu şöbədə döymüş və təsir-təzyiq göstərmişlər. Polis əməkdaşları onun yaşadığı evdə narkotik vasitə saxladığını demişlər. O, da evdə narkotik vasitə və ya hər hansı qeyri-qanuni predmetin olmadığını bildirmişdir. Polis əməkdaşları ona təhqiredici video görüntülər göstərmiş, əgər boynuna almasa onunla video görüntüdəki formada hərəkət edəcəklərini bildirib hədə-qorxu gəlmişlər. Onu digər otaqda döymüş, sonra şalvarını çıxarmaq istəyərkən məcbur qalaraq polis əməkdaşları ilə razılaşmış və onların dediyini edəcəyini bildirmişdir. Belə oolub bütün ittihamı qəbul etmişdir. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, onun əvvəlcədən heç bir polis əməkdaşı ilə ədavəti və qərəzliliyi olmamışdır. 2005-ci ildə Gürcüstanda olarkən 2-3 dəfə narkotik vasitədən istifadə etmiş, ondan sonra bu günə qədər nə spirtli içkidən, nə də ki narkotik vasitədən istifadə etməmişdir. İstintaqda dediyi fikirləri təzyiq altında olaraq demişdir. Onu polis əməkdaşları məcbur etmişdir. Mənə elə ifadə verməyi polis əməkdaşı Amil məcbur edib. İlk olaraq polis əməkdaşı Amil ilə birlikdə Mahamalar kəndindəki evə getmişlər. Orada ona deyilmişdir ki, sonra videoçəkiliş ediləcəkdir. Ona evə yaxınlaşanda qapını yavaş açmağını demişlər. Çünki qapının qıfılı qırıq olmuşdur. İçəri daxil olub sellofan torbanı hamam otağına qoymuşlar. Bir müddət sonra, yəni axşam həmin evə yenidən gəlmişlər, bu dəfə müdafiəçi Məlahət xanım da iştirak etmişdir. Vəkil ilə tək danışmaq istəsə də, təkbətək danışmağa imkan verilməmişdir. Həmin ev nənəsinə məxsus olmuş, açarı isə qardaşında olmuşdur. O, həmin evə ümumiyyətlə getməmişdir. Həmçinin qeyd etmildir ki, martın 29-u səhər banka daxil olmuş, bankdan çıxanda polis əməkdaşı Amil Əliyev ona yaxınlaşaraq arxadan onu tutmuş və tez tələsik maşına oturdaraq polis şöbəsinə gətirmişdir. Tutulan zaman dostu Murtuzla birlikdə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkiin dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunan ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olsa da, hal-hazırda Balakən rayonu Mahamalar kəndində yerləşən valideynlərinə məxsus olan evdə tək yaşayır. Fərdi əməklə məşğul olaraq çörək pulu qazanır. Atası ilə anası o uşaq ikən ayrılmışlar, anası Rusiya Federasiyasının Rostov şəhərində, atası Caladin isə, sonradan qurduğu ailəsi ilə Balakən rayonun Gərəkli kəndinə aid olan “Mazımqaray” ərazisində öz evində yaşayır. Mobil telefondan istifadə etmir. Əvvəllər 2011-ci ildə qanunsuz sərhəd keçdiyinə görə Cinayət Məcəlləsinin 318-ci maddəsilə 300 manat cərimə cəzasına məhkum olunmuşdur. Psixi xəstəliklər keçirməmişdir. Azərbaycan dilində sərbəst yazıb-oxuya bilir. Verilən sualları tam anlayır və cavablandıra bilir. 02 il olar ki, narkotik vasitə marixuanadan istifadə edir. 2020ci ilin avqust ayının ortalarında o, Balakən rayonu Gərəkli kəndi ərazisinin Mazımqaray adlanan ərazinin məşə ərazisində gəzdiyi zaman meşədə yabanı halda bitən və tanıdığı çətənə bitkilərini görmüşdür. Həmin bitkilərin sayını dəqiq xatırlamır. Ancaq həmin ərazidə çox sayda müxtəlif ölçülərdə çətənə bitkiləri olmuşdur. O, fikirləşmişdir ki, həmin bitkilərin hissələrindən toplasın və gələcəkdə özü üçün istifadə edər. Bu məqəsdlə həmin ərazidə atasının yaşadığı evə gedib 01 ədəd qara rəngli sellofan torba götürüb yenidən çətənə bitkilərinin olduğu yerə getmişdir. Həmin çətənə bitkilərinin hissələrini yığaraq özü ilə apardığı qara rəngli sellofan torbaya doldurmuşdur. Sonra həmin yığdığı çətənə bitkilərinin hissələrini doldurduğu torbanı yaşadığı Balakən rayonu Mahamalar kəndidə yerləşən evə aparıb evin təmirsiz hamam otağında sərmişdir ki, qurusun. Bir neçə gündən sonra yığıb apardığı çətənə bitkilərinin hissələri quruduqdan sonra həmin qara torbaya doldurub hamam otağında saxlamışdır ki, ürəyi istədikdə qəbul etsin. Həmin marixuanadan arada bir qədər götürüb özü üçün istifadə etmişdir. 29.03.2021-ci il tarixdə o, yaşadığı evin hamam otağında 01 ədəd qara rəngli sellofan torbada saxladığı çətənə bitkisinin hissələrindən öz istifadəsi üçün bir qədər götürüb digər bir ağ rəngli sellofan torbaya doldurub əynindəki gödəkçənin sağ iç cibinə qoyaraq saxlamışdır. Həmin tarixdə axşam saatlarında o, Balakən şəhəri ərazisində olduğu zaman Balakən rayon polis şöbəsinin işçiləri ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis işçiləri ona üzərində və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Balakən RPŞ-nə dəvət etmişlər. O, məsələnin nə yerdə olduğunu başa düşsə də, polis əməkdaşları ilə birgə Balakən rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil X6 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və hüquq vəzifələri ona izah edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynindəki qara rəngli gödəkçənin sağ iç cibində saxladığı 01 ədəd ağ rəngli sellofan torbada olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd içərisində narkotik vasitə olan sellofan torba elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 34,11 qram təşkil etmiş, həmin sellofan torba ağ rəngli kağız zərfin içərisinə qoyulub möhürlənərək götürülmüşdür. Onun üzərindən başqa qanunsuz heçnə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı o, polis əməkdaşlarına yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Həmin tarixdə axşam saatlarında onun razılığı əsasında vəkili Məlahət Emçiyevanın və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla onun yaşadığı Balakən rayonu Mahamalar kəndində yerləşən yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı o, evin hamam otağında saxladığı 01 ədəd içərisində narkotik vasitə olan qara rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmiş, onun təqdim etdiyi 01 ədəd içərisində narkotik vasitə olan qara rəngli sellofan torba elektron tərəzidə çəkilmişdir. Həmin narkotik vasitənin çəkisi üzərindəki sellofan torba ilə birlikdə 4,09 kq olmuşdur. Həmin götürülmüş 01 ədəd sellofan torba ağ rəngli sintetik kisəyə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Yaşadığı evdən başqa qanunsuz heçnə aşkar edilməmişdir. Ekspert rəyi ilə tanış olduqdan sonra bilmişdir ki, onun üzərindən 01 ədəd sellofan torbada aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 24,06 qram, Balakən rayon Mahamalar kəndində yerləşən yaşadığı evin hamam otağından 01 ədəd sellofan torbada aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi isə 3 kiloqram 985 qramdır. Əlavə olaraq bildirmişdir ki, 02 il olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Bu səbəbdən də, 2020-ci ilin avqust ayının ortalarında Balakən rayonu Gərəkli kəndinin Mazımqaray adlanan meşə ərazisində yabanı halda bitmiş olan çətənə bitki kollarını görüb şəxsi istifadəsi üçün həmin bitki kollarının hissələrini yığaraq Mahamalar kəndində yerləşən yaşadığı evə aparıb gələcəkdə istifadə etməsi üçün orada saxlamışdır. O, üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbada təmiz çəkisi 24,06 qram olan narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün üzərində daşıyaraq saxlamışdır. Heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış və belə əməllərlə məşğul olan şəxsləri tanımamışdır. Həmçinin, həmin əməllərlə məşğul olan şəxslərlə əlaqəsi olmamışdır. O, həmin narkotik vasitəni öz istifadəsi üçün saxlamış, satmaq niyyəti olmamış və bu barədə heç kimə bir söz deməmişdir. 2020-ci ilin avqust ayında Mazımqaray yaşayış məntəqəsinin yaxınlığından meşə ərazisindən yabanı halda bitmiş çətənə bitkilərini taparaq toplayıb etdə etdiyi zaman tək olmuş, bu barədə heç kimin məlumatı olmamış, həmçinin, yaşadığı evdə hamam otağında narkotik vasitə saxlaması haqda heç kim bilməmişdir. Ona Balakən RPŞ-də hər hansı fiziki zorakılıq və ya psixi təsir göstərilməmiş, narkotik vasitəni öz istifadəsi üçün saxlamış, satmaq niyyəti olmamışdır. Həmin səbəbdən ona CM-nin 234.4.3-cü maddəsilə elan olunmuş ittihamdan narazı olmuş və əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. O, CM-nin 234.1ci maddəsində göstərilən əməli törətməsini səmimi olaraq etiraf etmiş və bu əməlindən peşman olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 29 mart 2021-ci il tarixdə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat tədbiri keçirilmişdir. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisində saxlanılaraq Balakən rayon Polis Şöbəsinə dəvət olunmuş, Təqsirləndirilən şəxs etiraz etmədən polis şöbəsinə gəlmişdir. X13 şübhəli şəxs qismində Təqsirləndirilən şəxs tutmuş, daha sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilərəkona hüquq və vəzifələri izah olunmuş və üzərində video çəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs özü üzərində olan əynindəki qara rəngli gödəkcənin sağ iç cibindən 01 ədəd ağ rəngli sellofan torbanı çıxarıb masanın üzərinə qoyaraq həmin sellofan torbanın içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 2020-ci ilin avqust ayında Mazımqaray meşəsindən yığdığını, özü istifadə etmək məqsədi ilə üzərində, həmçinin, Mahamalar kəndində yaşadığı evində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torba açılan zaman içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar olunmuş və həmin büküm elektron tərəzidə ölçülən zaman çəkisinin 34,11 qram olmasını müəyyən olunmuşdur. Daha sonra həmin kütlə zərfə qoyularaq kespertizaya təqdim etmək üçün qablaşdırılmışdır. Bundan sonra Balakən rayonu Mahamalar kəndində Təqsirləndirilən şəxs yaşadığı evə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin təmirsiz hamam otağında gizlədib saxladığı 01 ədəd qara rəngli sellofan torbanı onlara təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli sellofan torbadakı kütləni də həmin torbadan yığıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbanın içərisinə baxılan zaman içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar edilmiş və həmin sellofan torba elektron tərəzi vasitəsi ilə ölçülən zaman çəkisinin 4,09 kq olmasını müəyyən olunmuşdur. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, səhv etmirsə Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş və saxlanılaraq polis şöbəsinə dəvət olunmuşdur, polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman şifahi soru-sual edilmiş və Təqsirləndirilən şəxs özündə narkotik vasitənin olmasını etiraf etmiş, həmçinin Təqsirləndirilən şəxs həmin evin nənəsinin evi olduğunu bildirmiş, baxış zamanı evin qapısını özü açmışdır. Həm üzərinə, həm də evə baxış zamanı Təqsirləndirilən şəxs heç bir etiraz bildirməmiş, həmçinin həmin zaman yanında müdafiəçisi olmuşdur. Nə saxlanılan zaman, nə də polis şöbəsində Təqsirləndirilən şəxs qarşı təsir və ya təzyiq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və X3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 ifadəsi elan olunmaqla tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Balakən rayon sakini kimi tanıyır. Ramazanla bəzi vaxtlarda rayon ərazisində rastlaşanda salamlaşıb görüşmüşdür. Ramazanla hər hansı qohumluq əlaqələri, dostluq münasibəti, daimi ünsiyyəti, düşmənçiliyi və ya ədavəti olmamış, sonuncu ilə eyni rayon sakini kimi normal tanışlıq münasibəti olmuşdur. O, orta məktəbin 10-cu sinifində oxuduğu vaxtlarda hündürlükdən yıxılaraq çanaq nahiyəsindən və bədəninin digər nahiyələrindən ağır xəsarətlər almışdır. Həmin xəsarətlərlə bağlı uzun müddət müalicə almış, bu günə qədər də müalicəsini davam etdirir və müalicəsi ilə əlaqədar güclü təsiredici dərmanlar qəbul edir. Hazırda bədəninin sol tərəfi iflic olmağa doğru gedir. Qəbul etdiyi dərmanların təsirindən son zamanlar onda unutqanlıq yaranmış, yəni, şahidi olduğu bir çox hadisələri xatırlaya bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, yuxarıda qeyd etdiyi kimi, müalicəsi ilə bağlı qəbul etdiyi dərmanların təsirindən onda unutqanlıq yaranmışdır. Ola bilər ki, Balakən rayon prokurorluğunda izahat verərəkən bəzi nüansları yanlış qeyd etmişdir. Bunun yaddaş zəifliyi ilə əlaqədar olmasını nəzərə alınmasını xahiş etmişdir. Balakən rayon prokurorluğunda verdiyi izahatın məzmununu, hətta Ramazanla bağlı olan hadisəni hazırda dəqiqliklə xatırlamır. O, 29 mart 2021-ci il tarixdə şəxsi işləri ilə bağlı Ramazanla birlikdə, sonuncunun idarə etdiyi avtomobillə Balakən şəhər ərazisinə getdiyini xatırlayır, lakin dəqiq saatı xatırlaya bilmir. Həmin gün onları polis əməkdaşları saxlayıb Polis Şöbəsinə aparmışlar. Polislər onları saxlayan zaman o, PŞ-nə getməmək üçün polislərlə kobud şəkildə danışmış və müqavimət göstərmişdir. Buna görə onu Polis Şöbəsinə aparıb izahatını almışlar, daha sonra etdiyi hərəkətlərə görə ona protokol yazmışlar və bir neçə saat ərzində işlər bitdikdən sonra onu evə buraxmışlar. Polis Şöbəsində ona Ramazan barəsində bir neçə sual vermişlər, lakin o, Ramazanla heç bir münasibəti, əlaqəsi və ünsiyyəti olmadığını bildirmişdir. O, prokurorluqda izahat verən zaman hadisənin üstündən xeyli vaxt keçdiyinə görə bəzi şeyləri olduğu kimi xatırlaya bilməmiş və prokurorluq əməkdaşı Ramazanın izahatında göstərdiyi xüsusatlardan ona suallar vermişdir. O da, saxlanıldıqları vaxtı dəqiq xatırlamadığına görə Razamanın izahatında göstərdiyi saata uyğun olaraq saat 11-11:30 radələrində saxlanıldıqlarını bildirmişdir. Əslində polis əməkdaşları onu Polis Şöbəsinə aparıb bir neçə saatdan sonra evə buraxanda artıq axşam saatları olmuş və buna görə o, evə taksi ilə getmişdir. Həmçinin o, 29 mart 2021-ci il tarixdən 30 mart 2021-ci il tarixədək Polis Şöbəsində saxlanılmamışdır. O, izahatının əvvəlində 29 mart 2021-ci il tarixdə saxlanıldığını bildirsə də, izahatının sonunda buraxıldığı tarixi yanlışlıqla 30 mart 2021-ci il kimi bildirmişdir. Balakən RPŞ-də ona hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Hadisənin üstündən xeyli müddət keçdiyinə görə bəzi şeyləri dəqiq xatırlaya bilmir. Onları mülki geyimdə və polisin xüsusi geyim formasında olan polis əməkdaşları saxlamışlar. Lakin orada mülki geyimdə neçə nəfər polis əməkdaşının olmasını dəqiq xatırlamır. 29 mart 2021ci il tarixdə Təqsirləndirilən şəxsla birlikdə saxlanılan vaxt, eləcə də, Polis Şöbəsində olduqları vaxt Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsinin, təhqir olunmasının və ya sonuncuya hər hansı bir formada fiziki təsir göstərilməsinin şahidi olmamışdır. Ramazanı heç bir polis əməkdaşı döyməmiş, vurmamış, təhqir etməmiş, hər hansı bir formada fiziki təsir göstərməmişdir. 29 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla birlikdə onu saxlayaraq Polis Şöbəsinə aparan polis əməkdaşlarından mülki geyimdə olanını hazırda xatırlamır və üzdən görsə tanıya bilməz. Hadisədən sonra o, həmin şəxsin fiziki görünüşü barədə kənd içində tanışları il söhbət edərkən, həmin şəxsin Balakən RPŞdə yeni işçi olduğunu ona bildirmişlər. Buna görə o, prokurorluqda izahat verən zaman həmin şəxsin rayon ərazisinə təzə gəldiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan 29.03.2021-ci il tarixli “Raport”dan görünür ki, Balakən Rayon Polis Şöbəsinə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı evində qanunsuz olaraq saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və qeyd edilən səbəbdən Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət olunmuşdur (cild 1, iş vərəqi 4). Cinayət işinin materiallarında olan 29.03.2021-ci il tarixli “cinayət işi başlayanadək şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:50-də müdafiəçinin də iştirakı ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. (cild 01, iş vər. 15) Cinayət işinin materiallarında olan 29.03.2021-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin dəiştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və o, əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibindən 01 ədəd ağ rəngli sellofan torba çıxarmış və həmin sellofan torbada narkotik vasitə olduğunu bildirmişdir. 01 ədəd sellofan torbada olan narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 34,11 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər bitki kütləsini meşədə əldə etdiyini və şəxsi istifadəsi üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq möhürlənib götürülmüşdür. Şəxsi axtarış zamanı əlavə olaraq Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya, predmet aşkar olunmamışdır. Şəxsi axtarış Sony markalı videokamera ilə qeydə alınmış, disk formasında protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 22-24) Cinayət işinin materiallarında olan “ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kəndində yerləşən yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 25) Cinayət işinin materiallarında olan 29.03.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kəndində olan evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evinin təmirsiz hamam otağında künc tərəfdə taxta lövhənin altında 01 ədəd qara rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər bitki kütlələrini öz şəxsi istifadəsi üçün saxladığını, üzərində aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsini də oradan götürdüyünü bildirmişdir. 01 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 4,09 kq olmuşdur. Həmin narkotik vasitəyə bənzər bitki kütləsi 01 ədəd ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs evinin digər otaqlarına baxış keçirilmiş, əlavə olaraq qanunsuz əşya, predmet, narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilməmişdir. Baxış Sony markalı videokamera vasitəsilə qeydə alınmış, disk formasında protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 26-29) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2021-ci tarixli 17/242 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan torbada olan...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi - 24,06 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs...evində 1 ədəd qara sellofan torbada...” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi – 3 kiloqram 985 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 36-40) Cinayət işinin materiallarında olan Balakən rayon X8 Hüquqi Şəxsindən alınmış 12 aprel 2021-ci il tarixli 110 nömrəli məktubdan görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs RMX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. (cild 01, iş vər. 105) Cinayət işinin materiallarında olan 21.05.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı qeyd etdiyi xüsusatlar Balakən rayon prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. (cild 01, iş vər. 236-244) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 may 2021-ci il tarixli 536 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 39) Cinayət işinin materiallarında olan “raport”dan görünür ki, əməliyyat müvəkkili Vüsal Bayramov istintaq qrumunun tapşırığına əsasən əməliyyat tədbirləri həyata keçirmişdir. Həmin tədbirlər zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həbs olunmamışdan əvvəl istifadəsində Azercell Telekom MMC-yə məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuş, həmçinin Təqsirləndirilən şəxs həbs olunmamışdan əvvəl mütəmadi olaraq günün müxtəlif saatlarında (səhər, günorta axşamvə gecə) Balakən rayonu Mahamalar kəndi ərazisində olmuşdur. (cild 02, iş vər. 75) Cinayət işinin materiallarında olan 03.07.2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqından” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Azercell Telekom MMC-yə məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri sonuncu həbs olunmamışdan əvvəl müxtəlif vaxtlarda və müxtəlif saaatlarda Balakən rayonu Mahamalar kəndi ərazisində qeydə alınmışdır. (cild 02, iş vər. 76-77) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 29.03.2021-ci il tarxdə Balakən Rayon Polis Şöbəsinə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı evində qanunsuz olaraq saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan, Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət olunmuş və həmin tarixdə saat 19:50-də müdafiəçinin də iştirakı ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuş, üzərində şəxsi müdafiəçinin də iştirakı ilə video çəkilişlə axtarış keçirilmiş və üzərindən narkotik vasitə marixuana aşkar olunmuş, daha sonra Balakən rayonu Mahamalar kəndində yaşadığı ünvana gedilərək orada müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş və oradan da narkotik vasitə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr materialların ekspertizasına məhkəmə təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 29.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və Mahamalar kəndindəki evə baxış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaqın ilkin dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövründə dövlət hesabına təyin olunan müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini qismən etiraf etməsinə dair ifadəsi 29.03.2021-ci il tarixdə narkotik vasitənin cinayət prosessual qanunverciliklə nəzərdə tutulmuş qaydada aşkar edilməsi və rəsmiləşdirilməsi ilə bağlı hissədə cinayət işinin materialları ilə üst-üstə düşdüyündən və obyektiv həqiqəti əks etdirdiyindən, məhkəmə kollegiyası məhz həmin ifadəni əsaslı sayaraq ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığını, üzərindən və Mahamalar kəndindəki nənəsinə məxsus evdən aşkar olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulduğunu, ona görə də ilkin dövrdə etirafedici ifadələr vermək məcburiyyətində qaldığını, əslində isə Mahamalar kəndində yaşamadığını və ümumiyyətlə ora demək olar ki getmədiyini, narkotik vasitədən uzun müddətdir ki, istifadə etmədiyini bildirsə də, polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı qeyd edilən xüsusatlar Balakən rayon prokurorluğu tərəfindən araşdırılmış və öz təsdiqini tapmadığından, 21may 2021-ci il tarixli qərarla bu xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Sözügedən qərar müdafiə tərəfinə təqdim edilmiş və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Hazırda həmin qərar qüvvədədir. Həmçinin, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin son dövrlər həbs olunmamışdan əvvəl tez-tez günün müxtəlif vaxtlarında Mahamalar kəndində olmasını təsdiq edən sübutlar, habelə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi məhkəmə kollegiyasında o qənaəti formalaşdırmışdır ki, bu hissədə də Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün əsassız olaraq yalan ifadə verir. Əldə olunan narkotik vasitə marixuananın miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, ayrı-ayrı qablaşdırılmaqla saxlanılması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən və Mahamalar kəndindəki evdən aşkar olunan narkotik vasitə qurudulmuş marixuana istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və ayrıca qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həmin narkotik vasitə qurudulmuş marixuananı satmaq niyyəti ilə deyil, sadəcə şəxsi istifadə ilə bağlı özünü təqsirli bilməsinə dair qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin hissədə ibtidai istintaq zamanı verilən ifadəni müdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Balakən rayonu, Gərəkli kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 98-100) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Balakən Rayon Məhkəməsinin 19.10.2011-ci il tarixli hökmünə əsasən CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə cəzasına məhkum edilmişdir. 01.11.2011-ci il tarixdə cərimə cəzasını ödəmişdir, məhkumluğu yoxdur. (cild 01, iş 106- 107) Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, əvvəllər də cinayət əməli törətdiyinə görə məhkum olunmasını, lakin nəticə çıxarmayaraq yenidən qəsdən ağır cinayət əməli törətməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid edildiyindən CMnin 56.1.2-cü maddəsinə əsasən o, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 29.03.2021-ci il tarixli protokoldan və Balakən Rayon Məhkəmənin 31.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 29.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən 29.03.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 88-90) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına aid edilməli, ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı 29.03.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Balakən RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 04 kq 8,96 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 34,55 AZN (otuz dörd manar əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədiləsində təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 29.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Balakən RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 04 kq 8,96 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manar əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-176/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-176/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver