Məhkəmə qərarları › İş №1(091)-177/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-177/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-177/2024 23.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi – Bakı şəhəri 11 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Ağsu rayon Kəndoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağsu rayon Kəndoba kəndində qeydiyyatda olmaqla, Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsi nömrəsiz evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış külli miqdarda, yəni 2,275 qram təmiz çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, daşıyaraq yerini dəyişməklə yaşadığı Ağsu rayonuna gətirib, üzərində saxlamış, 30 yanvar 2024-cü il tarixdə saat 23:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlanılıb, rayon X13 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada saat 00:05-də üzərində şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən, bir ədəd şəffaf sellofan bükümdə içərisində təmiz çəkisi 2,275 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, saxlanılan vaxt üzərində şəxsi istifadəsindən artıq miqdarda narkotik vasitə olmamışdır. O, saat ya 9, ya da 10-un yarısı radələrində öz qapılarının yanında saxlanılmışdır. Saxlanıldıqdan sonra üzərinə dərhal şəxsi axtarış keçirilməmiş və birbaşa polis şöbəsinə aparılmışdır. Polis şöbəsinə aparıldıqdan sonra rəis müavinin otağına aparılmış və üzərindən 1 dəfə istifadə etməyi üçün üzərində saxladığı narkotik vasitə aşkar olunmuşdur. “Vahid” adlı polis əməkdaşı onu digər otağa aparmış, ona psixi, həmçinin fiziki təzyiqlər etmiş və üzərində olan narkotik vasitənin çəkisini artırmışdır. Həmin polis əməkdaşı ya onun çəkisini artırdığı narkotik vasitənin ona aid olmasını etiraf edəcəyini, ya da evinə gedərək evindən silah və külli miqdarda narkotik vasitə aşkar ediləcəyini bildirmişdir. Həmin vaxtlarda kimlərinsə evindən narkotik vasitə və ya silah çıxarılması barədə eşitmiş və televiziyadan izləmişdir. O, ailəsini qorumaq üçün onların dedikləri ilə razılaşmaq məcburiyyətində qalmışdır. Ona fiziki təzyiqdən çox psixi təsirlər etmişlər. Onlar ailə üzvlərini də tutacaqlarını və cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişdirlər. O, məcbur qalaraq onlarla razılaşmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, polislərlə razılaşdığını deyəndə onu nəzərdə tuturmuş ki, çəkisi artırılmış narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Onun üzərində olan az miqdarda heroin olmuşdur. Bu bir dəfə istifadə etmək üçün olan miqdarda olmuşdur. Üzərində olan narkotik vasitənin dəqiq çəkisini bilmir, lakin bu külli miqdarda olmamışdır. O, 10-15 manata heroin almışdır, buna isə külli miqdarda almaq mümkün deyildir. O, tanımadığı şəxsdən Bakı şəhərində narkotik vasitə əldə etmişdir. Ağsunun polisləri ilə əlaqəsi olan taksi sürücüsünün vasitəsilə narkotik vasitə əldə etmişdir. O,10 manatlıq heroin almışdır. Aldığı heroin sellofan bükümdə olmuşdur. O, ona görə polislərlə razılaşmışdır ki, onlar ona psixi təzyiqlər etmişdir. O, müharibə iştirakçısıdır və fərqlənmə medalı vardır. O, polislərlə ailəsiylə bağlı dediklərinə görə razılaşmışdır. Əks halda heç vaxt onlarla razılaşmazmış. Əvvəllər polislərlə problemi olmamışdır. Savadı olmadığına görə heç bir orqana şikayət etməmişdir. Dövlət hesabına təyin olunan müdafiəçi də problem olmayacağını və onu buraxacaqlarını bildirmişdir. Valideyinləri hazırki işlə bağlı Azərbaycan Respublikası Baş Prokurorunun və Baş Nazirinin qəbulunda olmuş və şikayət etmişdir. Polislər onu saat 9-dan sonra, lakin 10-dan əvvəl qapılarının yanında saxlamışdır. Onu təxminən 10 nəfər və ya daha çox polis əməkdaşı saxlamışdır. Onun saxlanılmağını qonşuları və atası görmüşdür. Polislər 2 nəqliyyat vasitəsilə gəlmişdir. Polislər onu çox pis formada saxlamış və özlərini təqdim etmədən onu tutmuşdur. Polislər əllərini tutmuşdur. Polis şöbəsinə aparıldıqdan sonra rəis müavinin otağına aparılmışdır. Üzərinə şəxsi axtarış rəisin müavinin otağında keçirilmişdir. Rəis müavinin otağında üzərində nə olması aşkar olunmuşdur. O, üzərində olanı könüllü təqdim etmişdir. Ona məxsus narkotik vasitəni təqdim etdikdən sonra polislər üzərinə şəxsi axtarış keçirmiş, lakin üzərindən başqa narkotik vasitə aşkar olunmamışdır. Onu digər otağa aparanda təqdim etdiyi narkotik vasitə rəis müavinin otağında qalmış, aparılmış otaqda ona fiziki və psixi təzyiqlər olunmuş, daha sonra təqdim etdiyi narkotik vasitənin çəkisi artırılaraq ona təqdim edilmişdir. Dövlət hesabına təyin olunmuş müdafiəçini tanımırmış. Müdafiəçi təxminən gecə saat 2-də gəlmişdir. Müdafiəçi gələndə artıq bütün proseslər keçmiş və o, ona olunan təzyiqləri görməmişdir. Polisləri üzdən tanıyır, lakin adlarını bilmir. Onlar ona pis rəftar etmiş və təzyiqlər göstərmişdir. Polislər ona demişdir ki, ona CM-in 234.1-ci maddəsi ilə ittiham veriləcəkdir. Evinə və avtomobilinə baxış keçirilməmişdir. O, narkotik vasitədən uzun müddət istifadə etməmişdir. 1-ci dəfə müharibə zamanı istifadə etmiş, müharibədən sonra isə tutulmazdan əvvəl 2 həftə ərzində 2 dəfə istifadə etmişdir. O, narkotik vasitənin heroin növündən istifadə etmişdir. Düşünür ki, səhv etmişdir. O, müharibədə Fizulidən Laçına qədər iştirak etmişdir. Həmçinin Şuşada, Hadrudda, Xocavənddə, Qubadlıda və Laçında gedən döyüşlərdə iştirak etmişdir. Polislərin onu necə saxladıqlarını bilməmişdir. Bir də görmüşdür ki, yerdədir, daha sonra maşında başı polda, ayaqları isə maşının pəncərəsindən çöldə aparılmışdır. Sol gözü və sol qulağında olan ağrılar, psixiloji vəziyyətinin gərgin olması ilə əlaqədar xəstəxanaya getdiyi ilk gün narkotik vasitə əldə etmişdir. O, düşüncəsizlik edərək narkotik vasitə əldə etmişdir. Polis əməkdaşları axırıncı dəfə saxlanılmamışdan əvvəl polis şöbəsinə aparmışdır. Onun müharibə və sinif yoldaşlarından narkotik istifadə edənləri onun yanında gördükləri üçün onu polis şöbəsinə aparmışlar. O, ailə üzvləri ilə birlikdə maşında olan zaman polislər qarşısını kəsib onu polis şöbəsinə gətirmişdir. O, da buna görə rəisin müavini ilə kobud danışmışdır. Bundan sonra polislərlə araların ədavət yaranmışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə qarşısına çıxarılarkən hakimə hazırda danışdıqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 30 yanvar 2024cü il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş və əməliyyat-axtarış tərbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin gün saat 23 radələrində əməliyyat-axtarış tədbirilərinin icra olunması məqsədilə şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid2, CAB-ın əməliyyat müvəkkili Şahid3 və Ağsu RPŞ-nin PPXB-nın polis nəfəri işləyən Şahid4 ilə birlikdə vətəndaş Təqsirləndirilən şəxs Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olan zaman saxlayaraq rayon Polis Şöbəsinə gəlməyə dəvət etmişdirlər. Sonra Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra rayon Polis Şöbəsində vəkil dəvət olunaraq onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən, bir ədəd şəffaf sellofan bükümdə, narkotik vasitə olan heroini çıxararaq təqdim etmiş və həmin narkotik vasitəni 30 yanvar 2024-cü il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində tanımadığı şəxsdən 50 manat pul müqabilində aldığını bildirmişdir. Daha sonra narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: 30 yanvar 2024-cü il tarixli “raport”dan görünür ki, daxil olmuş əməliyyat məlumatında xx xxx 1999-cu il tarixdə Ağsu rayonunda doğulmuş, Ağsu rayonu Kəndoba kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və avtomaşınında narkotik vasitələr gəzdirməsi bildirilmişdir (cild 01, iş vər.03). 30 yanvar 2024-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). 30 yanvar 2024-cü il tarixli “raport”dan görünür ki, xx xxx 1999-cu il tarixdə Ağsu rayonunda doğulmuş, Ağsu rayonu Kəndoba kəndində qeydiyyatda olan, Ağsu şəhəri M.Ə.Rəsulzadə küçsəsində ünvanı məlum olmayan fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Ağsu şəhəri, M.Ə. Rəsulzadə küçəsində yaşadığı evin qarşısında saat 23:30-da saxlanılaraq Ağsu RPŞ-yə gətirilmişdir (cild 01, iş vər. 09). 30 yanvar 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tarixdə saat 23:50-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 22). 31 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən, bir ədəd şəffaf sellofan bükümdə, sellofan bükümlə birlikdə çəkisi 2,42 qram olan, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Çəkilişin əks olunduğu DVD disk və foto şəkillər müvafiq protokola əlavə olunmuşdur (cild 01, iş vər. 28-32). 31 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin 3-16-16-2-17/112 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.”, sözləri, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 2,275 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 01, iş vər. 42-45). 01 fevral 2024-cü il tarixli Ağsu Rayon Məhkəməsinin 4(016)-14/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 72-75). 08 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrin İdarəetmə Birliyi” PHŞ-in “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 18-1-25/2-118/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmüşdir (cild 01, iş vər. 103). 19 fevral 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefonun markasının “Samsung” və qara rəngli olması, eləcə də şifrəli olması müəyyən edilməklə baxış zamanı təqsirləndirilən şəxs telefonunda şəxsi məlumatları olduğunu əsas gətirərək mobil telefonun şifrəsini açmaqdan imtina etmişdir (cild 01, iş vər. 129). 20 fevral 2023-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 131-132). 15 fevral 2024-cü il tarixli "xxxx" MMC-nin məktubuna əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumatlar aşkar edilməmişdir (cild 01, iş vər 135). 13 fevral 2024-cü il tarixli Ağsu rayon Məhkəməsinin 5(016)-32/2024 nömrəli qərarından görünür ki, xx.xx.1999-cu tarixdə Ağsu şəhərində anadan olmuş, Ağsu rayon Kəndoba kəndində qeydiyyatda olmaqla, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələri qanuni hesab edilmişdir (cild 01, iş vər. 136-138). 16 mart 2024-cü il tarixli “Qəbz” dən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Samsung” markalı mobil telefon valideyinlərinə geri qaytarılması üçün müdafiəçisi Adil Abışova təhvil verilmişdir (cild 01, 153). 20 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi PHŞ-nin 468 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir (cild 01, iş vər. 154-156). 23 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 320 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etmə halları olmuşdur, lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, halhazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 157). 15 aprel 2024-cü il tarixli Ağsu Rayon Məhkəməsinin 4(16)-25/2024 nömrəli qərarından görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir (cild 01, iş vər. 178- 183). 17 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Kəndoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubundan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Ağsu şəhəri M.Rəsulzadə küçəsində atası və anası ilə birlikdə yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər.184-185). İ-18413 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur (cild 01, iş vər.187). İ-680 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2354 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur (cild 01, iş vər.187). İ-2502 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2370 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (cild 01, iş vər.187). E-tabib.its.gov.az elektron informasiya sisteminin foto görüntüsündən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Mərkəzi Xəstəxanasında “Qazi” statusunda qeydiyyatdadır (cild 01, iş vər.188). 06 may 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması, habelə onun üzərindən aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır (cild 01, iş vər. 189-197). 25 iyun 2024-cü il tarixli Azərbaycan Respublikasının Prokurorluğu Ağsu Rayon Prokurorluğu məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə məruz qalması ilə bağlı rayon prokurorluğuna müraciət daxil olmamış və material araşdırılmamışdır. 18 dekabr 2024-c üil tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağsu rayon Polis Şöbəsinin məktubuna əlavə edilmiş müvəqqəti saxlama yerinə qəbul olunan zaman “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının çıxarışından görünür ki, tibbi yoxlama zamanı onun üzərində xəsarət aşkar edilməmişdir. 01 iyul 2024-cü il tarixli X3 məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Təqsirləndirilən şəxs məxsus “Məhkumun tibbi kitabçasının” surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə X4 gətirilmiş, gətirildikdən sonra tibbi müayinə zamanı onun üzərində xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıları”nın 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vastiə heroin- külli miqdar təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsi həmin əməllərə görə şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq külli miqdarda 2,275 qram təmiz çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 30 yanvar 2024cü il tarixdə saat 23:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlanılıb, rayon Polis şöbəsinin inzibati binasına gətirmişlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd büküm aşkar edilmiş, həmin bükümün içərisində isə təmiz çəkisi 2,275 qram təşkil edən, yəni külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qismən etirafedici ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmadığını, ondan aşkar edilmiş həmin bükümün içərisində olan narkotik vasitənin polis əməkdaşları tərəfindən artırıldığını, həmin vaxt ona polis əməkdaşlarının fizik və psixi təsirlər göstərdiyini, onların ona pis rəftar etdiklərini, təzyiqlər göstərdiklərini, fiziki təzyiqdən çox psixi təsirlər etdiklərini, onun ailə üzvlərini də tutacaqlarını, polislərin ona CM-in 234.1-ci maddəsi ilə ittiham veriləcəklərini və buna görə də polis əməkdaşları ilə razılaşdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonraki dövrdə tutularkən üzərində olan narkotik vasitənin polis əməkdaşları tərəfindən artırılmasını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına və ya tibb müəssisəsinə müraciət etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, irəli sürülmüş ittihamı bu və ya digər hissədə mübahisələndirməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək satış məqsədi olmadan 2,275 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal/hallar müəyyən edilməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımış və üzərində şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,275 qram təşkil edən narkotik vasitə heroin aşkar edilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsinin iştirakçısı olmaqla yanaşı dövlət tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, dövlət təltifləri dövlətin və cəmiyyətin inkişafına, təhlükəsizliyinə və rifahına yönəlmiş, iqtisadiyyat, elm, Vətənin müdafiəsi və ictimai həyatın müxtəlif sahələrində göstərilmiş xidmətlərə görə şəxsin dövlət tərəfindən mükafatlandırılmasının ali forması kimi çıxış edir və dövlət təltifi şəxsin əməyinin və xidmətlərinin dövlət səviyyəsində qiymətləndirilməsinin nəticəsidir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və Vətən müharibəsinin iştirakçısı olmasını, habelə dövlət tərəfindən medallarla təltif olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, əlqərəz, cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Vətən müharibəsinin iştirakçısı olmasını və dövlət tərəfindən medallarla təltif olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən halların Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən müstəsna hallar kimi qəbul edilməsi onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən Təqsirləndirilən şəxs göstərilən mərhəmət kimi qəbul edilməlidir. Beləliklə məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddədə müəyyən edilən azadlıqdan məhrum etmə növündən daha yüngül cəza növü - azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun ailəsinə mənfi təsir göstərəcək. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası onu islah etməyə kifayət edəcək. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbi nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündən daha yüngül cəza növü - azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət işi materiallarından görünür ki, 30 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saat 23:50-də şübhəli şəxs qismində tutulmuş, Ağsu Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 4(016)-14/2024 nömrəli qərarıyla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və 15 aprel 2024-cü il tarixli Ağsu Rayon Məhkəməsinin 4(16)-25/2024 nömrəli qərarıyla isə Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdən 15 aprel 2024-cü il tarixədək həbsdə, 15 aprel 2024-cü il tarixdən 23 dekabr 2024-cü il tarixədək isə ev dustaqlığında saxlanlımışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs evdustaqlığında və həbsdə saxlanıldığı 10 (on) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağsu rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etmə halları olmuşdur, lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır.. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in Ağsu Rayon Polis Şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,225 qram təşkil edən narkotik vasitəm olan heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69 manat 10 qəpik məbləğində ekspertiza xərci vardır və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69 manat 10 qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdən 23 dekabr 2024-cü il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 10 (on) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü həbsin bir gününə bərabər olmaqla 01 (bir) il 09 (doqquz) ay 20 (iyirmi) gün olaraq hesablansın və ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvanı gecə saat 23:00-dan səhər saat 6:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Ağsu Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağsu Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 2,225 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69 manat 10 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar