Məhkəmə qərarları › İş №1(091)-180/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-180/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-180/2025 25.11.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2arəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı ilə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilərək saxlanıb daşınmış, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində yolun kənarında ağacın budaqlarının arasında gizlədilmiş 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış bağlamada 2415 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və həmin sellofan torbanın içərisindəki metadon təsiredici maddəsinin ümumi miqdarı 2,36 qram təşkil edən, üzərində “Metadon 40” əmtəə göstəricisi olan 06 ədəd konvalyutda ümumilikdə 59 ədəd üzərlərində “ddp/M40” yazısı həkk olunmuş açıq qəhvəyi rəngli metodan tərkibli həbləri əldə etmək məqsədilə 16 yanvar 2025-ci il tarixdə saat 21 radələrində həmin yerə gəldikdən sonra qeyd edilən narkotik vasitələrin içərisində olduğu bir ədəd sellofan torbanı gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə daşıyarkən Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yanvar 2025-ci il tarixdə saat 21:03 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində yolun kənarında saxlanılaraq üzərində axtarış aparılarkən 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış bağlamada xüsusilə külli miqdarda - 2415 qram çəkidə narkotik vasitə heroin və həmin sellofan torbanın içərisindən külli miqdarda – metadon təsiredici maddəsinin ümumi miqdarı 2,36 qram təşkil edən, üzərində “Metadon 40” əmtəə göstəricisi olan 06 ədəd konvalyutda ümumilikdə 59 ədəd üzərlərində “ddp/M40” yazısı həkk olunmuş metodan tərkibli həblər aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, İran vətəndaşı ilə narkotik vasitə almaq üçün danışmışdır. İran vətəndaşı ona 10 qram narkotik vasitə olan heroini Balakən rayonuna qoyacağını demiş, o da həmin narkotik vasitəni götürmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. İran vətəndaşı həmin narkotik vasitəni ona pulsuz vermişdir. Əvvəllər həmin şəxslə heç bir danışığı olmamışdır. O, Gəncə şəhər sakinidir və Balakən rayonuna narkotik vasitəni götürmək üçün getmişdir. Belə ki, İran vətəndaşı ona narkotik vasitəni Gəncəyə göndərə bilməyəcəyini bildirmişdir. Balakənə getməyə pulu olmadığı üçün bank kartının nömrəsini İran vətəndaşına göndərmiş, sonuncu da onun kartına 50 manat pul yükləmişdir. Narkotik vasitəni götürüb harasa çatdırması ilə bağlı İran vətəndaşı ilə aralarında hər hansı danışıq olmamışdır. O, İran vətəndaşının mobil telefon nömrəsini “Tiktok” sosial şəbəkəsindən tapmışdır. Belə ki, “Tiktok” sosial şəbəkəsində “patı” və “kola” yazdıqda həmin şəxsin nömrəsi çıxmışdır. O, Balakən rayonuna öz istifadəsi üçün 10 qram heroini götürmək məqsədi ilə getmiş, həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Balakən rayonuna gedərkən yolda avtobusda olan zaman İran vətəndaşı ona narkotik vasitənin qoyulduğu yerin məkanını (konum) göndərmiş, o da daha sonra taksi ilə həmin məkana getmişdir. İçərisində narkotik vasitə olan bağlama ağacın budağına qoyulmuşdur. İran vətəndaşı həmin bağlamanın şəkilini də ona göndərmişdir. O, şəkildə həmin bağlamanın böyük olduğunu görsə də buna fikir verməmişdir. İçərisində narkotik vasitə olan torbanı götürən kimi polis əməkdaşları dərhal onu saxlamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təyziq olmamışdır. O, videoçəkilişlə üzərinə baxış keçirilən zaman da 10 qram narkotik vasitə üçün gəldiyini bildirmişdir. O, narkotik vasitəni öz şəxsi istifadəsi üçün götürmüş, lakin İran vətəndaşına yalandan narkotik vasitəni satıb onun pulunu qaytaracağını söyləmiş, yəni onu aldatmaq istəmişdir. Əslində isə narkotik vasitəni satmaq niyyəti olmamışdır. Həmin İran vətəndaşı əvvəllər bir dəfə Gəncə şəhərinə onun üçün 0,5 qram “şüşə” adlanan maddə göndərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini əksər hissədə təsdiq etsə də onun ağacdan təxminən 100-150 metr aralandıqdan sonra polis əməkdaşları tərəfindən saxlanmasına, eləcə də heroinin bir hissəsini satıb İranlının 400 manatını və ona sonradan yol pulu olaraq göndərdiyi 50 manat pulu geri qaytaracağına, bağlamadan əlavə narkotik vasitə çıxacağı halda ona aid olan 10 qram heroini götürüb, qalanını İran vətəndaşının dediyi yerə aparıb çatdıracağına və ya onun dediyi şəxsə verəcəyinə dair hissələrdə təsdiq etmir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında bəzi ziddiyyətli məqamlar olduğundan, həmçinin təqsirləndirilən şəxs ibtidai istintaq zamanı daha geniş ifadə verərək həmin ifadəsində göstərdiyi bir sıra məqamları məhkəmə iclasında verdiyi ifadəsində göstərmədiyindən həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər psixi xəstəliklər keçirməmiş, 2018-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmuşdur. Fərdi əməklə məşğul olur, evlidir və iki azyaşlı övladı var. O, təxminən 1 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. İstifadəsində ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələr vardır. Narkotik vasitəni adətən “Tik-tok” sosial şəbəkəsində ayrı-ayrı səhifələrdə narkotik vasitələrin satışını reklam edən İran vətəndaşlarına aid səhifələrdə onlarla danışıb razılaşaraq göndərdikləri hazırda yadında qalmayan hesablara pul göndərərək onların zaklatka etdikləri, yəni qoyduqları yerlərdən götürərək istifadə etmişdir. Sonuncu dəfə təxminən yanvar ayının 12-13-ü tarixlərində “Tiktok” sosial şəbəkəsində adını bilmədiyi digər bir İran vətəndaşı ilə tanış olmuşdur. İranlının səhifəsindən istifadəsində olan +98 903 *** **** saylı mobil nömrəni götürüb həmin nömrədən İran vətəndaşı ilə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə yazışmağa başlamışdır. Həmin İran vətəndaşının adını və +98 903 *** **** saylı nömrəsini ona məxsus olan “Samsung A15” markalı mobil telefonunda “İraydə” adı ilə yazmışdır. 15 yanvar 2025-ci il tarixdə həmin İran vətəndaşına ona narkotik vasitə zaklatka etməsini bildirmişdir. İran vətəndaşı ona pay olaraq təxminən yarım qram narkotik vasitə olan heroini Gəncə şəhərində “Xarabalıq” adlanan yerdə qoydurmuş, o da həmin narkotik vasitə heroini götürüb falqanın üzərində yandırıb tüstüsünü içinə çəkməklə istifadə etmişdir. Daha sonra həmin İran vətəndaşı ona 10 qram narkotik vasitə heroin verəcəyini, həmin heroinin hər qramı 40 manat olmaqla ümumilikdə 400 manata verəcəyini və narkotik vasitəni Balakən rayonu ərazisinə qoyduracağını bildirmişdir. O da İran vətəndaşı ilə razılaşaraq narkotik vasitəni qoydurmasını və gedib Balakən rayonundan götürəcəyini bildirmişdir. Həmin vaxt İran vətəndaşı ilə danışıqları “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə səsli və yazılı mesajlar ilə, eləcə də “WhatsApp” zəngi ilə olmuşdur. Bundan sonra 16 yanvar 2025-ci il tarixdə səhər saatlarında o, İran vətəndaşı ilə onun üçün Balakən rayonuna qoydurduğu narkotik vasitə olan heroini götürmək üçün danışıqlara başlamışdır. Həmin vaxt İran vətəndaşı ona maşın taparaq Balakən rayonuna getməyini, Balakən rayonuna çatmağa az qalmış narkotik vasitəni qoyduracağını və həmin yerin konumunu və şəkillərini ona atacağını bildirmişdir. Çünki, o, əvvəllər də narkotik vasitəni ayrı-ayrı İran vətəndaşlarından bu formada, yəni onların narkotik vasitələri qoyduqdan sonra ona atdıqları konum və şəkillər əsasında gedib götürmüşdür. Daha sonra o, Balakən rayonuna gəlmək üçün avtomobil axtarsa da həm pulu az olduğu, həm də etibar etdiyi şəxs olmadığı üçün avtomobil tapa bilməmişdir. Bundan sonra o, marşrut ilə Balakən rayonuna gəlməyi qərara almış və 16 yanvar 2025-ci il tarixdə günorta saat 15 radələrində Gəncə şəhər avtovağzalına getmişdir. Gəncə şəhərindən Zaqatala rayonuna gələn ağ rəngli “Ford” markalı sərnişin avtobusu ilə Zaqatala şəhərinə gəlib çatmışdır. O, Gəncə şəhərindən çıxanda İran vətəndaşına artıq yolda olduğunu və Balakən rayonuna gəldiyini, narkotik vasitəni qoydurmağını və konumu göndərməyini demişdir. Həmçinin o, İran vətəndaşına cəmi 30 manat pulunun olduğunu, Balakənə getmək üçün 30 manat verəcəyini, geri qayıtmaq üçün pulunun qalmadığını da bildirmişdir. İran vətəndaşı da ona Balakən rayonuna çatmağa 40 dəqiqə, 1 saat qalmış xəbər verməyini bildirmişdir. Yol boyu o, İran vətəndaşı ilə mütəmadi əlaqədə olmuşdur. Zaqatala şəhərinə gəlib çatdıqdan sonra o, Zaqataladan Balakən rayonuna gələn “Opel Astra” markalı nömrəsi yadında qalmayan taksi ilə Balakən şəhərində “Bayraq Meydanı” adlanan yerə gəlib düşmüş və İran vətəndaşının ona xəbər verməsini, konumu atmasını gözləmək üçün orada olan çay evlərindən birində oturub gözləmişdir. Gözlədiyi vaxt ərzində də o, İran vətəndaşı ilə danışmış və İran vətəndaşı ona narkotik vasitəni götürdükdən sonra geri qayıtmaq üçün pulu olmadığına görə onun özünə kart hesabı göndərməyini və 50 manat yol pulu göndərtdirəcəyini, lakin sonradan həmin pulu da qaytarmağını bildirmişdir. O da razılaşıb narkotik vasitəni götürüb Gəncə şəhərinə getdikdən bir gün sonra pul göndərəcəyini demiş və onun adına olan “Leo” banka məxsus 4098-5844-6730-1659 saylı kartının nömrəsini İran vətəndaşına göndərmişdir. İran vətəndaşı da ona səbrli olmağını və gözləməyini, heç bir problem olmayacağını bildirmiş və bir müddət sonra ona narkotik vasitəni götürəcəyi Balakən rayonu ərazisində yerləşən yerin konumunu və şəkillərini göndərmişdir. O da oraya yol maşını ilə gedəcəyi üçün konumu taksi şoferinə göstərmək istəmədiyindən İran vətəndaşına həmin yerin adını deməyini bildirmişdir. İran vətəndaşı da ona narkotik vasitənin Balakən rayonu Katex kəndi ərazisində “Balxurma” adlanan yerin yaxınlığında olduğunu demişdir. Daha sonra onun qeyd etdiyi kartına 50 manat pul gəlmiş və o da çay evindən çıxıb Balakən şəhəri ərazisində olan “Bazar Store” adlı supermarketin qarşısından, “Kapital Bank”a məxsus bankomatdan çıxardaraq orada olan tanımadığı şəxsə məxsus “Vaz-21011” markalı ağ rəngli nömrəsi yadında qalmayan taksi ilə Balakən rayonu Katex kəndi ərazisinə doğru getmişdir. İran vətəndaşının ona göndərdiyi həmin konumun yaxınlığında taksidən düşüb ətrafda heç kimin olmadığına və təhlükəsiz olduğuna əmin olduqdan sonra konumda və şəkildə göstərilən ağacın yanına getmişdir. Mobil telefonun işığı ilə ağaca baxdıqda ağacın budaqlarının arasında qara rəngli sellofan bükümün olduğunu görmüş və həmin bükümü götürüb əsas, asfalt yola tərəf qayıtmışdır ki, yol maşını ilə Gəncə şəhərinə getsin. Ağacdan təxminən 100-150 metr aralandıqdan sonra anidən tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək Balakən Rayon Polis Şöbəsinin polis əməkdaşları olduğunu və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra ona polis əməkdaşları tərəfindən hüquq və vəzifələri izah olunmuş və üzərində qanunsuz əşya və predmet olub-olmaması, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. O, əlində saxladığı qara rəngli sellofan bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra həmin sellofan büküm açıldıqda içərisində 01 ədəd yapışqanlı lentlə sarınmış bükümdə narkotik vasitə heroin olması, eləcə də həmin bükümün içərisindəki digər sellofanda üzərində “Metadone 40” yazısı olan 06 ədəd konvalyutda cəmi 59 ədəd həblərin olması müəyyən edilmişdir. Həmçinin üzərində axtarış aparılarkən ona məxsus 01 ədəd tünd bənövşəyi rəngli “Samsung A15” markalı mobil telefon, 01 qutu X7 markalı siqaret, 01 ədəd alışqan, içərisində 01 ədəd ”Leobank” kartı, Bakı kartı, şəxsiyyət vəsiqəsi və içərisində 45 manat pul olan 01 ədəd portmanat aşkar edilmişdir. Bundan sonra 01 ədəd yapışqanlı lentlə sarınmış bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə bükümlə birlikdə çəkisinin 2 kq 555 qram olması müəyyən edilmişdir. Həmin heroin olan büküm 01 ədəd ağ zərfdə, üzərində “Metadone 40” yazısı olan 06 ədəd konvalyutda cəmi 59 ədəd həblər bir ədəd ağ zərfdə, ona məxsus “Samsung A15” markalı mobil telefon və 01 ədəd ”Leo” bank kartı isə digər bir zərfdə qablaşdırılıb üzərləri möhürlənmiş, o və polis əməkdaşları tərəfindən imzalanaraq götürülmüşdür. 01 qutu X7 markalı siqaret, 01 ədəd alışqan, Bakı kartı, şəxsiyyət vəsiqəsi və 45 manat pul olan 01 ədəd portmanat isə ona geri qaytarılmışdır. Daha sonra polis əməkdaşları ondan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda o, 100-150 metr irəlidən götürdüyünü və həmin yeri göstərə biləcəyini demişdir. Bundan sonra videoçəkilişlə həmin yerə piyada olaraq getməyə başlamışlar. O, narkotik vasitə heroin olan bükümü götürdüyü ağacı göstərdikdən sonra həmin ağacın ətrafında polis əməkdaşları əlavə qanunsuz saxlanılan əşya olubolmaması ilə bağlı axtarış aparmağa başlamış, həmin ağacdan bir neçə metr aralıda olan ağacın altından üzəri ağac yarpaqları ilə gizlədilmiş, üzəri yapışqanlı lentlə sarınmış 10 ədəd bükümlərin olması müəyyən edilmişdir. Polis əməkdaşları ondan həmin bükümlərin nə olması barədə soruşduqda o, həmin bükümlərlə bağlı məlumatının olmadığını bildirmişdir. Həmin bükümlər açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuananın olması müəyyən edilmişdir. Daha sonra həmin bükümlər 04 ədəd kisədə qablaşdırılıb elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 31 kq 885 qram olması məlum olmuşdur. Bundan sonra onu və aşkar edilmiş narkotik vasitələri Balakən Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs qismində tutulmağı ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı ona təqdim edilmiş, o, təqdim edilmiş vəkillərin siyahısından X4 tərəfindən hüquqlarının dövlət hesabına müdafiə edilməsini xahiş etmişdir. Sonra müdafiəçi X4 polis şöbəsinə dəvət edilmiş və müdafiəçi kimi ona təqdim edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmağı ilə bağlı protokol tərtib edilmiş, həmin protokolla tanış olduqdan sonra imzalarla təsdiq etmişlər. Eyni zamanda tutulmağı ilə bağlı ailə üzvlərinə telefon vasitəsilə məlumat vermişdir. O, +98 903 *** **** saylı mobil nömrəsi ilə danışmışdır və özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin adını, soyadını və ya digər anket məlumatlarını bilmir. Həmin şəxs ona bu barədə heç nə deməmiş, sadəcə İran vətəndaşı olduğunu demişdir. Onun üzərindən aşkar olunmuş və İran vətəndaşının ona göndərdiyi narkotik vasitə olan bükümü götürdüyü yerə haradan və kimin tərəfindən gətirilməsini bilmir, bu barədə heç nə soruşmamış və danışmamışdır. Sadəcə olaraq ona narkotik vasitəni götürəcəyi yerin konumu bildirilmiş, o da gedib götürmüşdür. O, İran vətəndaşı ilə razılaşmışdır ki, götürəcəyi narkotik vasitə heroinin bir hissəsini satıb narkotik vasitəyə görə olan 400 manatını və ona sonradan yol pulu olaraq göndərdiyi 50 manat pulu geri qaytaracaq və narkotik vasitənin bir hissəsini də özü istifadə edəcəkdir. O, İran vətəndaşı ilə 10 qram narkotik vasitə heroin götürməyi barədə danışmış, narkotik vasitəni götürən zaman çəkisinin çox olduğu bilmiş, lakin bükümü götürəndə düşünmüşdür ki, sonradan İran vətəndaşı ilə danışar və ona aid olan 10 qram narkotik vasitə heroini götürüb geri qalanını İran vətəndaşının dediyi yerə aparıb çatdırar. İran vətəndaşının ona atdığı şəkilə baxmış və bükümün böyük olduğunu görmüş, lakin düşünmüşdür ki, içərisində olan artıq çəki başqa, narkotik vasitə olmayan əşya və predmetdir. Əgər narkotik olardısa da özünə aid 10 qramı götürüb geri qalanını İran vətəndaşı ilə danışıb o deyən yerə zaklatka edib çatdırardı və ya dediyi şəxsə verərdi. Onun üzərindən aşkar edilmiş bükümün içərisindən çıxan 06 ədəd konvalyutda 59 ədəd üzərində “Metadone 40” yazısı olan həbləri götürməyi o, əvvəlcədən İran vətəndaşı ilə razılaşmamış və həblərin bükümün içərisində olmasından da xəbəri olmamışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini götürdüyü yerin yaxınlığında narkotik vasitə qurudulmuş marixuana olduğundan xəbəri olmamışdır. O, polis əməkdaşları tərəfindən 16 yanvar 2025-ci il tarixdə saat 21 radələrində Balakən rayonunun Katex kəndi ərazisində saxlanılmışdır. Onu şübhəli şəxs kimi saxlayan polis əməkdaşlarını əvvəlcədən tanımamışdır, onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ətrafda heç kim olmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən və ya “Metadone 40” yazısı olan həblərdən istifadə etməmiş, onlardan kiməsə verməmiş və ya satmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir. Onun üstü yoxlanılan zaman üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A15” markalı mobil telefon onun özünə məxsusdur və uzun müddətdir ki, onun istifadəsindədir. Həmçinin həmin telefonun içərisində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr də uzun illərdir ki, onun istifadəsindədir (cild 1, iş vərəqə 95-99). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 16 yanvar 2025-ci il tarixində Balakən Rayon Polis Şöbəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Balakən rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və Balakən rayonuna gələrək narkotik vasitə əldə edəcəyi barədə məlumatı daxil olmuşdur. Bununla bağlı onun raportu əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə saat təxminən 21:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonu Katex kəndindən keçən hissəsində Zaqatala rayonu istiqamətində hərəkət edərkən tərəflərindən saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predment olduğu soruşulduqda sonuncu əlindəki bağlamada narkotik vasitə olduğunu, həmin narkotik vasitəni “Tik-tok” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının atdığı fotoşəkillər əsasında gəlib həmin yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs əlindəki bağlamaya baxış keçirildikdə həmin bağlamanın içərisindən 2 kiloqram 555 qram narkotik vasitə olan heroinə bənzər kütlə və 6 ədəd lentdə olan ümumilikdə 59 ədəd üzərində “Metadone 40” yazılmış həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs İran vətəndaşı ilə əlaqə saxladığını və həmin yerə gəlmək üçün pulu da İran vətəndaşının ona göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən mobil telefon və bank kartı da aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayarkən sonuncu artıq narkotik vasitəni götürərək yolun kənarına keçmişdir və həmin vaxt içərisində narkotik vasitə olan bağlama onun əlində olmuşdur. Təqsirləndirilən şəxs bağlamanı telefonuna atılan fotoşəkillər əsasında işarələnmiş ağac budağının üzərindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman heç nəyə etiraz etməmiş, Balakən rayonuna narkotik vasitə əldə etmək məqsədilə gəldiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs “Tik-tok” sosial şəbəkəsində tanış olduğu İran vətandaşına göstərilən yerə getmək üçün yol pulunun olmadığını dediyini, İran vətandaşının da bu məqsədlə onun kartına pul atdığını bildirmişdir. Həmin əraziyə baxış keçirilən zaman oradan ayrı-ayrı bükümlərdə təxminən 31 kiloqram marixuanaya bənzər kütlələr də aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin ona aid olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid4, Şahid5, KMQ-nin baş əməliyyat müvəkkili Şahid6, Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Yüzbaşiyev Vasif Cavanşir oğlu Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Balakən Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin polis şöbəsinin rəisinə ünvanlanmış 16 yanvar 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda ünvan 1 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Kəpəz rayonu, A.Şaiq küçəsi, ev 50 ünvanda yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Balakən rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqə 2). Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 16 yanvar 2025-ci il tarixli protokoldan və və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü disklərdən görünür ki, həmin tarixdə saat 21:03 radələrində Balakən Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edib saxlanmasında və daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonu Katex kəndindən keçən hissəsində yolun sağ kənarında piyada Zaqatala rayonu istiqamətində hərəkət edərkən saxlanılmış, sonuncuya hüquq və vəzifələri izah olundudan sonra üstü yoxlanılmışdır. Üstü yoxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, sonuncu da əlindəki bir ədəd qara rəngli sellofan torbanın içərisindəki bir ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bağlamanı təqdim etmişdir. Həmin bağlamaya baxış keçirildikdə onun üzərində “AZ 2,5 K” sözlərinin yazıldığı müəyyən olunmuş və bağlamanın içərisindən narkotik vasitə heroinə bənzər kütlə, həmçinin 1 ədəd qara rəngli sellofan torbada 6 ədəd lentdə 59 ədəd narkotik vasitə metadona bənzər, üzərində “Metadone 40" yazısı olan həblər aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd “Samsung A15” markalı mobil telefon, 1 qutu “X7” markalı siqareti, 1 ədəd alışqanı, içərisində 1 ədəd “Leo bank” kartı, 1 ədəd “Bakı kartı”, özünə aid olan şəxsiyyət vəsiqəsi və 45 manat pul olan 1 ədəd pul kisəsini də təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və sellofan bağlama ilə birlikdə ümumi çəkisinin 2 kq 555 qr olduğu müəyyən olunmuşdur. Heroinə bənzər kütlə və metodana bənzər həblər ayrı-ayrılıqda olmaqla ağ rəngli zərflərdə qablaşdırılmış və imzalanaraq götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung A15” markalı mobil telefon və bir ədəd “Leo bank” kartı bir ədəd ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüş, digər əşyalar isə onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman onun üzərindən əlavə olaraq qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş bağlamada olan narkotik vasitə heroinə bənzər kütləni “Tik-tok” sosial şəbəkəsində tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim edən şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq sonuncunun göndərdiyi fotoşəkillər əsasında götürmək üçün Balakən rayonuna gəldiyini, yolun kənarındakı ağacın üzərindən götürdüyünü və yola çıxaraq Gəncə şəhərinə getmək məqsədi ilə maşın axtarmaq üçün Zaqatala rayonu istiqamətində piyada hərəkət etdiyini, İran vətəndaşının onun “Leo bank” kartına pul köçürdüyünü, aşkar edilmiş metadon həblərinə oxşar həblərdən xəbərsiz olduğunu, bağlamanı götürdüyü ağacı göstərə biləcəyini, həmin ağacın hazırda olduqları yerdən təxminən 200 metr məsafədə yerləşdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi ağaca və ağacın ətraf hissələrinə baxış keçirilmiş, baxış zamanı həmin ağacdan təxminən 7-8 metr məsafədə olan digər ağacın altından 10 ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan bağlamalar aşkar olunmuşdur. Həmin bağlamalara baxış keçirildikdə onların içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Həmin kütlələr 4 ədəd ağ rəngli sintetik kisələrə qablaşdırılaraq çəkildikdə ümumi çəkisi 31 kilqram 885 qram təşkil etmişdir. Həmin kisələr iştirakçılar tərəfindən imzalanmış və möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 10 ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan bağlamalarda olan marixuanaya bənzər kütlələrdən xəbərsiz olduğunu bildirmişdir (cild 1, iş vərəqə 12-16). Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 17 yanvar 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 00:05-dən saat 00:23-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq 3 ədəd zərfdə qablaşdırılmış narkotik vasitə olan heroinə bənzər kütləyə, metodana bənzər həblərə, “Samsung A15” markalı mobil telefona və “Leo bank” kartına, həmçinin hadisə yerindən aşkar olunaraq 4 ədəd ağ rəngli sintetik kisələrdə qablaşdırılmış 10 ədəd bağlamada ümumi çəkisi 31 kq 855 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrə, eləcə də əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü disklərə baxış keçirilmişdir. Bundan sonra aşkar olunmuş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 19-21). Materialların məhkəmə ekspertizasının 17 yanvar 2025-ci il tarixli 6/231 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün N185” dairəvi möhür əksi, “Vətəndaş Gəncə şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2415 qram (2kq 415qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün N185” dairəvi möhür əksi, “Vətəndaş Gəncə şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 59 ədəd “Methadone 40” yazılı həblər (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, üzərində "Mehtadon 40” əmtəə göstəricisi olan 6 ədəd konvalyutda ümumilikdə 59 ədəd üzərlərində “ddp/M40” yazısı həkk olunmuş açıq qəhvəyi rəngli həblər metadon tərkibli həblərdir və 59 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2,36 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2414,8 qram, metodon həblərinin qalığı 56 həb təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 114 manat müəyyən edilmişdir (cild 1, iş vərəqə 52-56). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 fevral 2025-ci il tarixli 305 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 196). Mobil telefona baxış keçirilməsi haqqında 18 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd tünd bənövşəyi rəngli “Samsung A15” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı həmin mobil telefonda olan “WhatsApp Business” tətbiqində ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçilməsi müəyyən edilmişdir. “WhatsApp Business” tətbiqinə daxil olduqda “İraydə” adı ilə qeydiyyata alınmış +98 903 *** **** saylı nömrə ilə xx.xx.2025-ci il tarixdən etibarən səsli mesajlar, yazışma və zənglərin olması aşkar olunmuşdur. Yazışmalara baxıldıqda “İraydə” adı ilə qeydiyyata alınmış +98 903 *** **** saylı nömrədən konumlar, bir ədəd video, ağac və məkan fotoşəkillərinin göndərilməsi müəyyən olunmuşdur. Həmçinin səsli mesajlara və yazışma mətnlərinə baxış keçirildikdə “İraydə” adı ilə qeydiyyata alınmış +98 903 *** **** saylı nömrə ilə aşağıdakı mətndə səs yazıları və yazışmaların olması aşkar olunmuşdur: İraydə: Salam, qardaş, nətərsən? Canın başın necədi? Eşqin: Salam qadan alım yaxşı olasan, yaxşılıqdır, şükür Allaha. İraydə: Şükür Allaha qardaş şükür Allaha, neynirsən bəs işləmirsən? bir iş başla. Eşqin: İnşallah qoy görüm qadan alım, qoy biraz pul para gələcəm siz tərəfə biraz səbrli ol, bir 5 gün zad. İraydə: Nəmənə qeşəy sata bilirsən 4-5 qram özüm əl tutum sənə yavaş-yavaş başla kişi kimi, nakişilik iş görmüyəsən. Eşqin: Ayıb döyül mü ə qadan alım o bizə yaraşmaz, mən konçinni adam döyüləme, düz eliyirsən elə konçinni cırcındırlar var konçinni. İraydə: Deyirəm də adam elə əvvəldə danışa, əvvəldə yaxşı şeydiki adam danışa bir biri ilə danışıq zad oluna, adam var Allaha and olsun 10 qram ot nəmənədi 10 qram ot məsələn 110 manat pul eliyir 110 manat ot pul eliyir 10 qramı, and içir deyir söyüş söyür vəsiqəmi atım, demişəm mənə vəsiqə zad lazım deyil, sən əgər yesən elə elənçinə vəsiqə məndə ola olmuya yeyəsən, yeməsən də işdiyəsən, yoo mənə yaraşmaz filan olmaz bəhmən olmaz belə olmaz 10 qram ot atmışam otu qeşəy götürübdü danışıbdı mənə kart atginən pulunu vururam filan eliyirəm bəhmən eliyirəm. Eşqin: Həə, qadan alım bilmirəm kimdi, özünə söyüş söydürən insan yaxşı adam olammaz, özünə hörmət eləmir, mən mal zad soxmuram, çəkirəm düzdü kola da çəkirəm patı da çəkirəm, nə ağrım var nə bir şeyim amma o qədər ağrıdan peysərə atanlar var ki, İraq yaxşılarından. 110 manat nə pulduki ee ondan ötəri var-yox, ölü diri qalmır. Fakt söyülür də bu, mən də söyərəm, mənim temamı aparan mənim pulumu verməyən kimliyindən asılı olmayaraq hər şeyinə söyərəm. İraydə: And ola allaha bax qardaş canı canıma and olsun mən ona heç söyüş də vermirəm, quran haqqı söyüş vermirəm çünki qardaşının nömrəsi məndə var qardaşınnan danışıram deyir mən bilmirəm ki, o, özü bilər get ona de dedim baba mənim iki nömrəm var ikisini də atıb bloka, o, mənim heç telefonuma cavab vermir. Qaldı ki, malı da qardaşı götürüb verib ona, nəysəee onları boşda oyana, daha keçən keçdi 10 qram bir şey deyil, mənlə işləsəydi neçə 10 qramın pulun işliyəcəydi, neçə 10 qramın pulun qazanacaq idi. Da o, keçdi getdi bixiyal olginən onun fikrini eləməginən, indi de görüm zada Balakəndə sənin nə qədər fasilə var Gəncədən? Eşqin: Hardasa mən ora Bakıya, Balakən bilmirəm haradı, Bakıya gəlib Bakıdan gəlirsəne Balakənə, hardasa bizdən Bakıya 4 saatlıq yoldu, ordan da o yüzə bilmirəm də qadan alım tanımıram. İraydə: Yox-yox, sən 4 saat deyil, Balakən Gəncədən yaxındı sən Bakıya deyirsən hə Bakıya 4 saat yol ola bilər, Gəncədən Balakənə yaxındı qoy bir dənə sənə ordan konum alım atım baxginən. Eşqin: Yaxşı qadan alım indi baxıram. İraydə: Salam qardaş nətərsən, canın başın necədi? İraydə: Qardaş canım qurban, bax çıxginən çıxa bilərsən, o qardaşla da danışdım deyir problem deyil, deyir gəlsin nə vaxt çatdı deyər ataram. Amma sən neçə saat yolun olacaq onu mənə deyərsən də mən qardaşa deyərəm ki, bu qədər çəkəcək bunun gəlməyə bir yerə zada getməsin. Eşqin: Yaxşı qoy mən gedim deyəcəm maşın nə qədərə çatacaq mən sənə xəbər verəcəm qadan alım. İraydə: Yaxşı, neynək canım qurban oldu. Eşqin: Oldu yaxşı qadam. İraydə: Qardaş çıxıbsan ya yox? Eşqin: Yox ey hələm qadam, deyəcəm mən sənə. İraydə: Qardaş, o qardaş ilə söhbət eliyirdim həə indi sənin qabağınca allaha and olsun deyir ki, birazcana maşınsız gəlməyinə səy eliyərəm mən ataram yolun qırağına maşınsız özü bilir də inciyəcək hardasa elə yer olur ki, sonra maşın tapa bilmədi maşın düşmədi bildin? deyirəm bir maşınla tutalım gəlsən gələrsən malın üstünə malı götürər çıxar gedər. İraydə: Nə qədər çəkər təqribi çıxmağın, çıxanda mənə xəbər elə ha birdən o qardaş işdi getdi bir yerə bir yerdən məsələn mal zad istədilər, çox mal istədilər götürdü apardı o yüzə bura qaldı. Mənə xəbər edərsən çıxanda. Eşqin: Yaxşı xəbər verəcəm sənə pulu gözdüyürəm qoy birdənə pulu gətirsin uşaq pulu götürüm yol pulunu. İraydə: Qardaş e deyir patıynan patı varımdı, deyir əlimdə birdə ot var, deyir patıynan otdan hansını istifadə eliyəsən onu atdırım. Eşqin: Yox patı atdır da qadan alım kola olsa yaxşı olardı eybi yoxdu patı atdır. İraydə: Bunu atdırıram ki, qardaşçılığımıza etimadın olsun ha bildin? Da başa düşməginən ki, bu orda satançıdı qram-qram satır bildin? İndi mənə zəng eləmişdi ki qardaş mən mal götürəcəm, dedim problem deyil, dedi məndə bişeyin var dedim var, mənim birdənə təzə işliyənim var ona biraz atginən qoy götürsün istifadə eləsin ağrısı zadı var, dedi neynək deyirsən ataram, onun da torpağı yoxdu, deyir otdan ancaq daş qalır əlimdə onu atıram, inşallah səhərdə bugündə həll eliyərsən mal ataram götürərsən yavaş-yavaş işliyərsən sən də. Eşqin: Qadan alaram Allah köməyin olsun, heç nə Allah balanı saxlasın. İraydə: Sən də pulunu zadı tapginən mənə xəbər verərsən qardaşnan danışaram çıxarsan gedib götürərsən. Eşqin: Yaxşı qadam. Eşqin: Qardaş, o atır qadan alım? bir dənə mənə xəbər de də. İraydə: Həə götürəndən sonra daşın altındadı 05-di təmiz istifadə eləginən, eynini xoş elə, day bilginən bunu qardaşlıq barəsində atıram sənə orda. Eşqin: Yaxşı qadan alım, Allah balanı saxlasın. İraydə: Nə qədər fasilə varındı? Qorxu barəsindən zadından da mən barədə yəni mən atdığım ünvanlardan qətiyyən bax qətiyyən deyirəm ha milyon faiz elə bilərsən ki, özün əlinlə qoymusan gedirsən özün də götürüb çıxıb gedəsən evə bildin? Yəni mən belə düz adamam, xiyalın düz olsun, and olsun İmam Hüseynə. Eşqin: Yaxşı qadan alım, oldu. Allah balanı saxlasın. Maa da elə adam lazımdı da qadan alım. İraydə: İnşallah get onu götürginən istifadə elə, əl-ələ vuracıyıq düzgünlüklə işliyəciyik. Eşqin: İnşallah. Eşqin: Götürdüm qaqa, Allah balanı saxlasın. İraydə: Sağ ol sağ ol, çək gör nə cürnədi bax gör kayfına zadına. Eşqin: Yaxşı zəng atıram. İraydə: Həə yaxşı neynək canım qurban. Eşqin: Yaxşı qadan alım zəng atıram indi sənə səbrli ol, qardaş. Sağ ol qadan alım Allah balanı saxlasın, heç nə pul düzəldim elə eliyək. Mən Balakənə gəlmiyim dana mən burden pramoy sənin kartına vurum, sən də o kimdisə onla zaklatka elətdir, mən götürüm də səliqəli. İraydə: And olsun imam Hüseynə yoxdu, Allaha and olsun onun da əlində zəng eləmişdi ki səhər mal olacaq, dedim hə mənə də o lazımdı. Heç ona da etibar eləməli deyil, səhər deyəcəm bu 10 qram 5 qram apar ver filankəsə bəlkə heç apardı onu da yedi çıxdı getdi o yüzə? Eşqin: kastivası da belə elə güclü deyil pis də döylü ama kolanı bilmirəm də nətərdi kastivası nətərdi. İraydə: Xiyalın rahat olsun, and olsun Allaha sabahları tay bu gündən bi vaxt olub, sabahları bir maşın danışarsan naharçağı düz saat 12-də çıxarsan bildin? düz saat 12-də çıxarsan, saat 3-də 4-də 5-də hər neçədəsə də ora atdıraram götürüb çıxıb gələrsən bəri, başlıyarsan iş görərsən yavaş-yavaş. O qarışdırır da bilirsən, bizdən götürür aparır birazcana qatır-qarışdırır, bir az çoxaldır malı. Sabahları şəxsən mənim öz anbarımdan malı götürginən gör mal nə qədər güclüdü? İndi məsələn sənin özün də götürsən aparıb birazcana qarışdırarsan bildin? Qarışdırırlar yəni biraz çox olsun. Eşqin: Yaxşı qadan alım heç nə qoy bir dənə maşını zadı danışım eliyim sənə xəbər verəcəm. Allah köməyin olsun. İndi maa daveryam olur da sənin də mənə daveryan olacaq görəsən ki, nətər insanam nədi nə döyül İnşallah tanıyarıq bir birimizi. Ə yox qadam mən qarışdırıb eləmiyəcəm heç nə eləmiyəcəm, mən heç o şeyi də bacarmıram, bilmirəm Allahımız haqqı. İraydə: İnşallah canım qurban inşallah maşın zad danış sabah inşallah sabah 12-də 1-də 2-də neçədə özün istəsən çıxarsan bildin? Hə də o, qarışdırıb biraz da müştərini dağıdır o yüzə bu yüzə. Eşqin: Heç nə qadan alım, qoy bidənə maşını zadı mən bu günləri ətraflı danışım, rahat maşın istiyirəm, tanış maşın istiyirəmee rahat olum dana qadan alım. İraydə: Elə canım qurban inşallah danışginən həə sən torpaq sata bilirsən orda, patı zad sata bilmirsən orda? patıdan, otdan belə şeylərdən gör düzgünlükdən alver olursa onu denən day verəndə əldə qalmasın da tez gətirdin sat qoy getsin. Bir də o malı qatmaq var haa? Malı hər nə qədər qarışdırmasan müştəri səndə bi belə çox olar bildin? Məsələn bir nəfərə versən deyər mal güclü maldı qoy elə bundan götürüm hər səfər. Amma qarışdırsan deyirlər ə bax malı qarışdırıbdı. Eşqin: M40 da verə bilirəm, patı da, kola da. Ot retki. Ot mənim bir dənə tanışım var idi otu kalan verirdi. Bununla bir dənə qoy əlaqə saxlıyım görüm. Həə yox qarışdırmaq zad mənlik döyül e, heç allaha and olsun başım da çıxmır. Qarışdırmaq nədiee, camaat boğazından kəsir ki, canının ağrısı kəssin, 5-3 manat pul verir ki, kayfını tutsun. Qarışdırmaq nədi? İraydə: Həə görginən istiyən olsa səhər səy eliyərəm M40 ataram sənə, əvvəldə 5 dənə kola ataram, bir az patı ataram, hərəsindən bir az- bir az ataram cəmləşər bişey olar, tay gətirərsən görək nə cür satarsan inşallah. Eşqin: Heç nə qadan alım İnşallah problem yoxdu. Hərəsindən beş-beş atarsan yoluna qoyaram. Pulda ki bizi yaradan allah haqqı narahat olma dana elə pulların qədrini bilsəydim indi pulum da var idi, param da var idi. İraydə: Neynək canım qurban inşallah sabahları maşın zad danış həll elə, sabah inşallah saat 12dən oyüzə həll elətdirəm götürərsən sağlıq olsun təki başlıyarsan iş görərsən. düzgünlüklə qardaşılıq edək iş görək. Eşqin: Düzgünlüyə balamın canı problem yoxdu dana bircədənə hər şey salamatçılıq olsun düzgünlük öz yerindədi bircədənə salamatçılıq olsun fso. İraydə: İnşallah ki, inşallah yəni bax qardaşsan gedib ordan götürürsən Allaha and olsun ordan da salamatçılıq olacaq arxayın olginən. Eşqin: Yaxşı qadan alım, hər şey də yaxşı olacaq mən tərəfdən də balamın canı düzgünlükdən də narahat olma da bir kəlmə. Görəssən də qadam yalandan nə özümü sənə tərifliyim belə olacaq belə olacaq inşallah özün görəssən nədi nə deyil. İraydə: Hə yaxşı neynək canım qurban inşallah mən gedirəm bir dənə hamama duş zad tutam sən də maşın zada danışıb eliyərsən yenə birazdan sonra söhbət edərik. Eşqin: Yaxşı qadan alım yaxşı. İraydə: Salam, axşamın xeyir nətərsən ? Neyliyə bildin qardaş, danışdın elədin maşını zadı? Eşqin: Axşamın xeyir qadan alım, yox elə bi maşın axtarıram ki, tanış rahat maşın olsun dana rahat olsun ki, rahat yanında da hərəkət eliyim çıxım abratnı da qayıdım. Yol maşını ilə heçnə eliyə bilmirəm. Mən sənə xəbər eliyəcəm səbrli ol qadan alım. İraydə: Həə yaxşı neynək. İraydə: Salam qardaş necəsən? işlərin güclərin. Eşqin: Sağol qadan alım şükür salamatçılıqdı yaxşılıqdı. Sən nətərsən canın basin? İraydə: Şükür allaha qardaş mən də yaxşıyam. Neyliyə bildin maşın zad həll oldu ya yol maşını ilə gedəsən? Eşqin: Yol maşını ilə getmək istiyirəm o da biraz apasnıdı da gedib orda düşüb eləmək, qoy görüm maşını nətər eliyirəm sənə deyəcəm sənə xəbər verəcəm qadan alım. Bir dənə etibarlı maşın lazımdıee rahat elə götürüb abratnı da qayıdım. İraydə: Birdən yol maşınıyla da çıxsan mənə deyərsən elə yerə qoydutdururam ki, məsələn rahatçılıqla götürəsən bildin? Nataraz yerlərə qoymasın sən burdan düşəsən bir də əlavə maşına minib gedəsən ora. Gəncədən getdiyin maşınla deyərsən beş dəqiqə saxla düşərsən filan bəhmən birdənə yolun qırağınan tabloların dibindən götürərsən bildin də. Ordan götürüb minib maşına çıxıb gedərsən ordan maşın tapıb qayıdarsan. Bilsən day mən sənə bu köməkliyi eliyirəm yaxşılığı eliyirəm axıracan yaxşılıq edim sən də mənə pis olmayasan sən də mənə yaxşı olasan. Eşqin: Narahat olmae qadan alım yaxşılıq görəsən inşallah hər şey yaxşı olar inşallah, Mən birbaşa deyirəm ki, pramoy maşına minim oranın avtovağzalı haradı gəlim orda düşüm oralara yaxın olsun ordan da götürüm abratnı qayıdım. İraydə: İnşallah canım qurban. Maraqlan da maraqlan gör maşın tapa bilirsən? Tapa bilməsən də yol maşını ilə çıxginən günüzdən götürüb qayıdıb gələrsən. Eşqin: Yaxşı qadam. Sənə xəbər verəcəm ki, mən çıxdım. Elə oranın avtovağzalına gələcəm. İraydə: Bildim nə cür deyirsən. O yüzdən ki, bəri maşın varsa elə götürüb gələrsən. Həə o işi də görə bilirəm eliyərəm, problem deyil. Deyərəm elə qoysun qardaş yoldan götürsün, ordan da çıxsın gəlsin bəri. Eşqin: Onda sənə xəbər verəcəm atarsız konumu götürərəm. ora bir yaxın yerdə olsun da. Sən allah sənə qurban olum bir dənə etibarlı olsun da allah haqqı yenə də deyirəm dana mən yetim oğlanam heç nə pulum var nə param var harda tutdular sroka gedəsi adamam da belədi. Yəni ki, salamatçılıq olsun. Etibarlı olsun da qadan alım. İraydə: Yaxşı, çıxanda mənə xəbər verərsən də. Eşqin: Yaxşı qadan alım. İraydə: İnşallah allahın köməkliyi ilə salamatçılıq olacaq qardaş canı arxayın ol and olan Allaha. Milyon faiz xəyalın rahat olsun qəti sən elə şeyə fikir eləmə. Mən sənə dedim qardaşlıq eliyək and olsun imam Hüseynə. İş görginən. Eşqin: Heç nə qadan alım allah balanı saxlasın, qarşılığını da görərsən də inşallah. İraydə: Sən yenə də çalışginən gör özünə düzgün yoldaş tapa bilsən yaxşı olar. Bir onun maşını ilə gedib malı götürüb qayıdıb gələsən bəri tay bildin əlində mal olmuya oralarda o maşına minim bu maşına minim belənçinə. Hələm burdan gedəsən götürəsən bir də minəsən başqa maşına. Bir dənə maşın olsa get götür gəl. İnşallah canım qurban mən ki sənə bu yaxşılığı eliyirəm hər yolu öyrədirəm sən də gəlib nakişi iş görmüyəsən də ömür boyu qardaşlıq eliyək. Eşqin: İnşallah problem yoxdu qadan alım. Qardaşlıq da edərik yoldaşlıq da görüşərik də inşallah. Mənə addım atan yaxşılıq edən insana Allaha and olsun pislik eləmərəm də mənə bir addım gələnə iki addım gələrəm. Ondan ötəri balamın canı sroka da gedərəm də. Elə bir insanam da özümü tərifləmirəm. Mənə bir addım atana qarşılıq verirəm. İraydə: Yaxşı neynək inşallah. Çalış da çalış gör neyliyə bilərsən birdən yol maşını ilə getsən çox bivaxta qalma tezdən çıxginən amma yox birdən gördün tanış maşınlardan danışdın saat 3-də zadda da getmək olsa getginən günbatançağı zad getki oyüzdən bəri qayıt gəl. Bilirsən bu işdən çörək lazımdı. Beş qram sən çörək aparasan beş qram mən. Daha lazım deyil bir birimizə nakişilik iş görək. Eşqin: Həə əlbətdə ki qadan alım mərdi mərdanə dana qurana and olsun inşallah yaxşı olar. Nakişilik məndə yoxdu. Mən mərd insanam. Özümə görə ki bu yaxşılıq elədi mənə. İnsanıq da ağlına gələrki bu yalandan danışır inşallah yoldaşlıq edərik görərsən. İraydə: Yaxşı neynək canım qurban inşallah işləyək, çalış da danış gör maşın zad neyliyə bilirsən mənə xəbər verginən. mən səndən xəbər gözlüyürəm. Eşqin: Yaxşı. Xəbər verəcəm sənə. İraydə: Oldu. Eşqin: Qardaş mən gedirəm avtovağzala. Balakənin avtovağzalında düşəcəm sən elə elə ki, oralıqda olsun. Oralıqdan mən götürüm elə birdənə də abratnı maşına minim gəlim. Belə etibarlı maşın yoxdu. Belə bir adam da yoxdu, pulum da yoxdu ki, tuda suda verim gəlim. Gedirəm mən avtovağzala ordan çıxanda sənə deyəcəm neçədə çatacaq nədi nə deyil. Elə avtovağzalın həndəvərinə atdır ki, qadan alım elə ordan da götürüm naxadı qayıdım. İraydə: Ola bilər ki, yol ağzına atdırım yol ağzından götür. Daha ora bura şəhər daxili atmır sənə xatir. Eşqin: Mən sənə xəbər verəcəm. İraydə: Yaxşı xəbər gözlüyürəm. Çox yubanmaginən. Eşqin: Mənim cəmi cümü 30 manat pulum var bularda deyir səni 30 manata pramoy avtovağzala düşürdəcəm. Səni Xaldandan yola salacam pramoy avtovağzala 30 manatın içində. Birbaşa ora gəlib çatıram. Qayıtmaq zibilə düşmüşəmee görüm nağaram. İraydə: O sənə çətin olar gedərsən qalarsan orda çöllərdə indi gəl qayıtmağa birindən pul tapginən. Eşqin: Tapacam qoy görüm nətər eliyirəm. Çıxan kimi xəbər edəcəm. İraydə: Yaxşı neynək. Eşqin: Heçnə birazdan çıxacam Zaqatalaya çatanda sənə xəbər edəcəm sən həll elətdirdə mən gəlirəm. Balakənə çatanda mən sənə xəbər verəcəm də sən indidən atdır elətdir qadan alım. Mən çıxıram gəlirəm indi. İraydə: Maşın yerbəyer eliyə bildin ya yox? Eşqin: Yerbəyer eləmişəm. Çıxıram 15 dəqiqəyə. Yoluna qoyda qadan alım. İraydə: Yaxşı neynək yaxşı. Eşqin: oldu qadan alım çatanda deyəcəm sən atdır mənə konum at yerin də atdır da. Salamatçılıq olsun da sən allah. İraydə: Nə xəbər qardaş neyliyə bildin? Eşqin: Çıxmışam qadan alım yoldayam. İraydə: Sənə dedim çıxıb eliyəndə mənə xəbər elə də. Eşqin: İndi çıxdım da 5 dq-di çıxmışam. İraydə: Yoldaşlarla çıxdın? Eşqin: Fordla qadan alım balaca fordla. İraydə: Həə yaxşı neynək. Eşqin: Yaxşı qadan alım. İraydə: Neçə saata çatsan da şey eliyərsən məsələn çatmamışdan bir 50-40 dəqiqə bir saat qalmış xəbər edərsən mən həll elətdirib atdıraram. Daha avaray qalmayasan yubanmayasan. Eşqin: Yaxşı qadan alım. İraydə: Salam abi nə xəbər haralardasan. Eşqin: Yoldayam bir 40 dq qalmış sənə deyəcəm. İraydə: Həə yaxşı neynək. Eşqin: Yaxşı qadan alım. Eşqin: Axşamın xeyir nağarsan? Mən bir saata zada çatacam. İraydə: Salam salam. Bəs nə yaman bivaxta qaldın? Eşqin: Gec gəldi də maşın ona görə. Sən atdırırsan? İraydə: Yoldaşlarla gedirsən ya bayaq dediyin maşınla nə mənə gec gəldin haçandı minibsən hələ yol gedirsən? Danışıram danışıram nə qədər yolun qalır ? Eşqin: 40 dəqiqə. İraydə: Qardaş dedim atalar ha nə qədər yolun qalır? Eşqin: Çatıram bir şey qalmayıb sən həll elə atdır. Az qalıb bir şey qalmayıb. İraydə: Demişəm atalar.qoy atsın atıram. Eşqin: Yaxşı qadan alım. Eşqin: Çatıram. Səndən xəbər çıxmadı? İraydə: Hə yaxşı. Bayaq deyirdine pulum yoxdu, kartını at sənə pul vurdurum bir azcana daha gedib çöllərdə qalma. Atginən kartını uşaqlara pul atdırım. Qardaşdıq eliyək də mən bu xidmətləri sənə görüm sən də kələk gəlmiyəsən də malı götürüb çıxıb getmiyəsən oyüzə götürəsən iş görəsən. Eşqin: Narahat olma bir kəlmə söz dedim balamın canına and içmişəm. fso. İraydə: Kartını at pul atdırım. Adın nədi adını de qoy adla deyim onlar deyəcək kimin adına vuracıyıq. Eşqin: Eşqin Təqsirləndirilən şəxs. İraydə: Qaqa malı atdırram indi malı götürərsən yavaşcana gedərsən bir taksi ilə danışarsan bildirmə bilinməsin. Eşqin: Yaxşı qadan alım. İraydə: Birdə mən bilmirəm ha rayonun şəraitini zadı maşın var ya yox. Ora maşınsız adam yollamamışam. Maşın taparsan da özün deyirsən maşın tapılacaq. Pul atmağına problem deyil mən atdıraram kömək edərəm sən malı satanda mənə kömək edərsən. Eşqin: Yaxşı qadan alım elə eliyəcəm onsuz. İnşallah düzgününə ataram mən. İraydə: Demişəm atsın. Qoy atsın xəbər edərəm. Eşqin: Yaxşı qadan alım. İraydə: Nə xəbər qardaş çatdın ya yox? Eşqin: Hə qardaş çatmışam səni gözləyirəm. İraydə: Pul vurmadılar sənə? Eşqin: Yox qadan alım vurmayıblar. İraydə: Demişəm pul vuralar. Pulun var qayıtmağa? Eşqin: Yox sən köməklik elə birisigün mən yoluna qoyacam mən sənə pul atacam bir gündən bir iki gündən bir. İraydə: Sənin səsin evdən gəliree getmiyibsən de getməmişəm. Pulu da deyim atım öz kartıma. Eşqin: Balamın canı burdayam çayçıda oturub səni gözlüyürəm. Elə şey mi olar qadan alım mənim kəlməm kəlmədie. İraydə: Bizim işdə kələk olmaya bax eləsən denən qardaş bax mən kələk verən uşağam. İşləmirəm. Mənə ordan bir konum at görüm. Eşqin: Qardaş mən ordan bura gəlmişəm Allaha and olsun sən atda götürüm mən götürüm deyəcəm götürdüm getdim də qadan alım. Deyirsən konum at mənim yerimi bilmək istəyirsən ürəyimə xal düşür. Mən sənə arxayın olub ordan bura gəlmişəm Allaha and olsun deyirsən İmam Hüseynə and olsun ordan nətər götürdün burda da elə götürüb gedəsən. Ürəklə gəlmişəm. indi də deyirsən hardasan yerini de. Mən dəliyəm sən mənə yaxşılıq edirsən mən sənə pislik eliyəm? İraydə: Yox Allaha and olsun sənin səsin evdən gəlir. Yaxşı atdıram indi atdıram get götürginən. Eşqin: Həə qadan alım atdır gedim götürüm deyəcəm götürdüm. Tutulsam da belədə ki, tutularam da deyirsən konum at nə bilim nə mən burdayam da sən atdır mən götürüm köməkliyi eliyirsən qardaşlığı eliyirsəm axıra kimi elə qarşılığın da görərsən. Böyür başda adam vare çayçıda oturmuşam ona görə yavaş danışıram. İraydə: Hərəsindən beş beş demişəm. yaxşı? Beş dənə koladı beş dənə daşdı yaxşı? 10 qram. Beş dənə də ot demişəm. tay indi bilmirəm aparıb haçana satıb sovurasan. Bu gün getdin evə sabahları mənə pul vur ha sabahın rasxoduyla pulu vurginan. Eşqin: Elə də eləmisən də allah canını sağ eləsin. Mən sənin sözünə görə gəlmişəm narahat olma rahat gedəsən. İraydə: Yaxşı canım qurban. Eşqin: Sabahları yox birisigün edək bir gün starpofka edək bir gün keçsin pul vuracam inşallah. Mən ordan bura çatdım qadan alım sən hələ onu atdırıb konum ata bilmədin. İraydə: Demişəm ee dərd bir dənə deyil 3-4 dənə konum düşüb bir yerə indi döşətdirrəm. indi atdırram. Eşqin: Yaxşı. İraydə tərəfindən konum və ağac fotoşəkilləri göndərilmişdir. İraydə: Get götür mənə xəbər verərsən də. Eşqin: Yaxşı. Mən olduğum yerdən ora 18 dəqiqəlikdi. İraydə: Neynək hər nə qədərdi. Götürdün mənə deyərsən götürmüşəm. Qoyarsan cibinə yavaşcana gedib minərsən taksiyə zada. Eşqin: Sən balanın canı rahatçılıqdımı. Yəni mən ürəklə gedib götürüm də belədə ki problem yoxdue sroka gedəcəm də itok 5 manat çörək pulu dalınca düşmüşəm dana ordan bura gəlib balamın çörəyindən ötəri. Ürəklə gedim götürüm də rahat ürəklə ? İraydə: Qardaş canı bax necə Gəncədə qoydum dedim götür çıx get o yana burda da sənin canın öz canıma get rahatca götür çıx get o yana çox çöllərdə qalma. Eşqin: Allah sənin balanı saxlasın gedirəm. Mənə pul da atdır durum çıxım götürüm tərpənim. İnşallah birisigün qaqan sənin kartına vuracaq pul. Sənin bu yaxşılığını balamın canı itirmərəm. Çöllərdə ordan bura yaxşılıq tema hərəkət. İraydə: Pul demişəm pul demişəm atacaqlar. İndi qoy soruşum. Danışım sənə deyirəm. İraydə adlı şəxsdən fotoşəkil göndərilib. İraydə: Bunu da atıb bax mənə bundan 300 metr nə qədər gedəsən qabağa köhnə pombenzin var da maşına zada benzin tökürlər ha onun köhnəsi var yanında iki quru ağac var o ağacın içərisində məlumdu konumu vursan tapasan. Eşqin: Yaxşı qadan alım götürəcəm gedib konumla tapacam göstərəcəkdir konum. Bir dənə mənə pul vurdur taksini ora sürdürüm orda düşüm götürüm cibimə qoyum başqa taksiyə minim gedim mən. Sənin əvəzindən çıxacam. Dvaynoy qaytaracam. İraydə: Həə səslərə çox qulaq asammıran oyüzdə də işim var idi. Eşqin: Heçnə qadan alım pulu atdır yol pulunu da yoluna qoy əvəzin çıxacam. Post keçmişəm, post keçəcəmee keçəndə saxlamırlar ki? İraydə: Demişəm də qoy danışım deyəcəm. Eşqin: İnşallah sabah yox birisigün. Sabahın basin buraxaq da bir gün strapofka götürək. İraydə: Qaqa bəs deyirlər pul vurmuşuq axı ona? Eşqin: Vurmuyub Allaha and olsun. De çeki atda çeki atsın baxaq. Familiyanı da yazmışam. Həə indi vurdu indi gəldi 50 manat vurdu. İraydə: Bir nəfərlə danışmışam o da vuracaq 50 vursa rahatçılıqla çatasan. Eşqin: Həə problem yoxdu sən nə gözəl insansan. Ürəyi açıq qəlbi açıq mən də eləyəm ona görə götüaçıq qalmışam. İraydə: Yo yo qardaş düzlüyümə görə allah verir özümə xatir iki dənə maşınım var evim var. Eşqin: Allah həmişə sənə versin başından töksün gedirəm indi konuma gedib orda düşəcəm ordan düşüb götürüb ayrı maşınla gedəcəm. nə olar olar da. Qardaş oranın bir dənə adın de konumu görsətmiyim dana elə bir başa adın deyim gedim ordan götürüm çıxım gedim. İraydə: Köhnə kombenzinin yanındadı işləmir bax kombenzin. Eşqin: Yaxşı qadan alım soruş de. İraydə: Katex kəndində balxurmanın qabağıdı. Eşqin: Yaxşı qadan alım. İraydə: Nə xəbər abi neyliyə bildin? Eşqin: Abi çatmışam qadan alım heç nə bir dənə maşın var orda maşını gözlüyürəm burda. Qaranlıq yerdi abi o da bir dənə X5 dayanıb orda düz ağzı oyüz tərəfə bu arxayin yaxşı adamdı? İraydə: Həə canım qurban o yaxşı adamdı arxayın ol. Gözdəginən yolla gedən olsa dayansa getsin. Gör bir fırlan bax da. Eşqin: Ağzı oyüzədi. Kapital bankdan pul çıxarır. Qoy görüm. İki maşın dayanıb 07 X5. Ora da qaranlıq yerdi ora da getsən piyada deyəcəklər nəyə gedir bu. İraydə: Yavaşca fırlan götür çıx get o yana. Eşqin: Qoy görüm abi səbrli ol götürüb səni yığacam yaxınlığındayam. Qardaş ona denən Balxurmanı keçirəm Balxurmadan oyüzə ağzı bayraq tərəfə də elə? Bundan başqa “WhatsApp Business” tətbiqində iş üçün əhəmiyyət kəsb edən başqa məlumat aşkar olunmamışdır. Həmçinin telefonda “WhatsApp” tətbiqinin olduğu və həmin tətbiqdə ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçirilməsi aşkar olunmuşdur. Daha sonra telefonun digər bölmələrinə baxıldıqda telefonda “Leo” adlı bank tətbiqinin olması aşkar edilmişdir. Həmin tətbiqə nəzər salındıqda 4098-5844-6730-1659 saylı plastik kartın tətbiqdə qeydiyyata alınması müəyyən edilmişdir. Daha sonra telefonun digər bölmələrinə baxılmış, lakin iş üçün əhəmiyyət kəsb edən başqa bir hal müəyyən edilməmişdir. Qeyd edilən səsli mesajlar, videogörüntü 01 ədəd diskə köçürülərək, eləcə də fotoşəkillər çap edilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 74-81). "xxxx" ASC tərəfindən 26 fevral 2025-ci il tarixli HTİD-OUT-01532-2025 saylı məktubla göndərilmiş 01 ədəd kompakt disk baxış zamanı diskdə 02 ədəd qovluq olduğu müəyyən olunmuşdur. Birinci qovluğa baxış keçirilən zaman həmin qovluqda Təqsirləndirilən şəxs bankomatdan pul nağdlaşdırması barədə fotogörüntünün olması, ikinci qovluğa baxış keçirilən zaman Təqsirləndirilən şəxs adına və istifadəsində olmuş 4098-5844-6730-1659 saylı kart hesabına xx.xx.2025-ci il tarixdə saat xx.xx.2025-ci l tarixdə saat 20:00-da “Milliön” ödəmə terminalı vasitəsi ilə 50 manat pulun göndərilməsi, həmin gün saat 20:05-də isə həmin 50 manat pulun “Kapital Bank”a məxsus bankomatdan nağdlaşdırılması barədə məlumatların olması müəyyən edilmişdir. 50 manat pulun Təqsirləndirilən şəxs adına və istifadəsində olmuş 4098-5844-6730-1659 saylı kart hesabına konkret olaraq hansı şəxs və haradan göndərilməsini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 193-195). İş üzrə əməliyyat tapşırığına verilmiş 06 fevral 2025-ci il tarixli cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri hansı mənbədən və ya hansı şəxsdən əldə etməsinin, həmin narkotik vasitələri ona göndərdiyini bildirdiyi özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən naməlum şəxs və ya şəxslərin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri əldə etməsində onunla əlbir olan şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 179). Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (cild 1, iş vərəqə 185). Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatdadır. Onun barəsində qonşular və sakinlər tərəfindən heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 187). Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı var. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanının 01 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi yerə baxış zamanı aşkar edilmiş 30065 qram narkotik vasitə qurudulmuş marixuana ilə bağlı onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən və onun saxlanıldığı ərazidən aşkar edilmiş ekspert tədqiqatından sonra qalıq çəkisi 2414,8 qram təşkil edən heroin, 56 ədəd metadon həbləri və 30064 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 204-224). Cinayət işinin ayrılması və icraata götürülməsi haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən naməlum şəxsin və qeyrilərinin şəxsiyyətinin, eləcə də aşkar olunmuş 2415 qram heroinin, 59 ədəd metadon həbinin və 30065 qram qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 226-227). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay 9 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası 1 il 6 ay sınaq müddəti ilə şərti hesab olunmuş, 05 aprel 2020-ci il tarixdə təyin edilmiş sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 160-161). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 800 qramdan artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar, təmiz halda 1,6 qramdan artıq çəkidə narkotik vasitə metadon külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs Balakən rayonuna öz istifadəsi üçün cəmi 10 qram heroin götürməyə getməsi, qalan heroinlərin və metadon həblərinin ona aidiyyətinin olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmaması, İran vətəndaşını aldadaraq yalandan narkotik vasitəni satacağını deməsinə baxmayaraq əslində belə bir niyyətinin olmamasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi xüsusilə ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə xüsusilə külli miqdarda heroin və külli miqdarda metadon əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Balakən rayonuna öz istifadəsi üçün cəmi 10 qram narkotik vasitə olan heroin götürməyə getməsinə dair ifadəsi iş üzrə mövcud sübutlarla təsdiq olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonundakı “WhatsApp” proqramında İraydə adlı şəxslə bir-birilərinə göndərdikləri mesajlardan onun müxtəlif növ narkotik vasitələrin satışı ilə məşğul olması və Balakən rayonuna da məhz satış məqsədilə narkotik vasitə əldə etmək məqsədilə getməsi öz təsdiqini tapmışdır. Bundan başqa, İraydə adlı şəxsin Təqsirləndirilən şəxs göndərdiyi şəkildən ağacın budağında gizlədilmiş bağlamanın kifayət qədər böyük olmaqla çəkisinin 10 qram deyil, dəfələrlə çox olması aşkar görünür. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatlar yalnız özünün bildirdiklərindən ibarət olmaqla hər hansı dəlillə təsdiqini tapmır. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla mötəbərliyi şübhə altına alına bilməyən videoçəkilişlə aparılmış əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə istintaq hərəkəti, mobil telefonda olan mesajlar, şahid ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə saat 01:50-də şübhəli şəxs qismində tutulmuş, o, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 yanvar 2025-ci il saat 21:03 dəqiqədən tutulmuş hesab edilmişdir. Balakən Rayon Məhkəməsinin 18 yanvar 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəq 31-32, 176-178). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Balakən Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2414,8 qram olan heroin və 56 ədəd narkotik vasitə olan metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung A15” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. İbtidai istintaq orqanının 01 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi yerə baxış zamanı aşkar edilmiş 30065 qram qurudulmuş marixuana ilə bağlı onun barəsində cinayət təqibinin başlanması rədd edildiyindən ekspert tədqiqatından sonra qalıq çəkisi 30064 qram təşkil edən qurudulmuş marixuana ilə bağlı məsələnin hazırki cinayət işinin materiallarından ayrılmış cinayət işi üzrə həll edilməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Cinayət işinin materiallarından görünür ki, 17 yanvar 2025-ci il tarixli 17/99 nömrəli məhkəmə-bioloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 72 manat, 17 yanvar 2025-ci il tarixli 6/231 nömrəli materialların məhkəmə ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri isə 114 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə-bioloji ekspertizası Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi yerə baxış zamanı aşkar edilmiş 30065 qram qurudulmuş marixuana ilə bağlı keçirildiyindən və ibtidai istintaq orqanın 01 aprel 2025-ci il tarixli qərarı ilə həmin narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edildiyindən həmin ekspertiza tədqiqatının dəyəri olan 72 manat ekspertiza xərci ilə bağlı məsələnin hazırki cinayət işinin materiallarından ayrılmış cinayət işi üzrə həll edilməli olması nəzərə alınmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 16 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Balakən Rayon Polis Şöbəsində saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 2414,8 qram təşkil edən heroin və 56 ədəd metadon həbləri məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus “Samsung A15” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın; - ekspert tədqiqatından sonra qalıq çəkisi 30064 qram təşkil edən qurudulmuş marixuana ilə bağlı məsələnin hazırki cinayət işindən ayrıca icraata ayrılmış cinayət işi üzrə həll edilməli olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. 72 (yetmiş iki) manat ekspertiza xərci ilə bağlı məsələnin hazırki cinayət işindən ayrıca icraata ayrılmış cinayət işi üzrə həll edilməli olması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar