Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-182/2022 13.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları, xx xxxxxx 1960-cı ildə Qax rayonunun İlisu kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının sonlarında Balakən rayonu Gərəkli kəndi ərazisindəki dağlıq sahədən tapıb əldə edərək yaşadığı evdə gizlətməklə saxladığı istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin aprel ayının əvvəllərində ünvan 2 üvanında yerləşən yaşadığı evin həyətindəki dirrik sahədə qəsdən, qanunsuz olaraq, torpağa əkmiş, bitmiş 176 (bir yüz yetmiş altı) ədəd külli miqdarda hündürlükləri 18 sm-dən 76 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kiloqram 240 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib, suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. 23 may 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə saat 1510-dan 1650-dək olan müddət ərzində keçirilmiş baxış zamanı həyətyanı sahənin dirrik hissəsindən qəsdən, qanunsuz olaraq, əkib yetişdirməklə kultivasiya etdiyi, külli miqdar hesab edilən yəni 176 (bir yüz yetmiş altı) ədəd hündürlükləri 18 sm-dən 76 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kiloqram 240 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayının sonlarında Balakən rayonu Gərəkli kəndinin dağlıq sahəsində özünə məxsus qoyunları otardığı zaman narkotik tərkibli bitkiləri görüb həmin bitkilərin toxumlarından götürərək yaşadığı evə gətirib evin həyətindəki toyuq hininin içərisində gizlədərək saxlamış, 2022-ci ilin aprel ayının əvvəllərində həmin toxumları gizlətdiyi yerdən götürərək təxminən 6 ədəd plastmas qablarda yetişməsi üçün əkmişdir. Daha sonra isə vaxtaşırı olaraq həmin qablarda olan toxumların inkişaf etməsi üçün onlara su verərək qulluq etmişdir. Təxminən 2022-ci ilin may ayının ortalarında əkdiyi həmin toxumlardan 180 ədəd narkotik şitili inkişaf edib müəyyən həddə çatdığına görə şitilləri həmin plastmas qablardan çıxardaraq yaşadığı evin arxasında yerləşən dirrik sahəsində bir-birinə yaxın məsafədə əkmişdir. 23 may 2022-ci il tarixdə yaşadığı evdə olduğu zaman Balakən rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gəlib onu evin qarşısına çağıraraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğundan yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşlarına etirazının olmadığını bildirərək yaşadığı evin dirrik sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini bildirmişdir. Polis əməkdaşlarının və mütəxəssis aqranomun iştirakı ilə onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin dirrik sahəsində hündürlükləri 18 sm-dən 76 sm-dək 176 ədəd olan əkilmiş narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Aşkar edilmiş 176 ədəd narkotik tərkibli çətənə bitkiləri 1 ədəd sintetik kisəyə yığılaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkibbecərməkdə şübhəli olması ilə bağlı daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu və dəvət edilmiş mütəxəssis aqronom Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmiş, sonuncuya yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərməkdə şübhəli olması və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, eyni zamanda etdiyi əməli səmimi etiraf edərək Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış zamanı torpağa basdırılmış halda hündürlükləri 18 sm-dən 76 sm-dək ümumilikdə 176 (yüz yetmiş altı) ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis aqranom həmin bitkilərə baxaraq bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, aşkar edilmiş 176 (yüz yetmiş altı) ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər 1 ədəd sintetik kisədə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi işləyən Şahid2 Zülfiqar oğlu və mütəxəssis aqronom Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 23 may 2022-ci il tarixli 17/429 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş ..." yazısı olan 01 (bir) ədəd sintetik kisənin içərisində yaş vəziyyətdə ümumi çəkiləri 1 kiloqram 240 qram olan 176(bir yüz yetmiş altı) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronommütəxəssis Şahid3 23 may 2022-ci il tarixli rəyinə əsasən 176(bir yüz yetmiş altı) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 11 iyun 2022-ci il tarixli 832 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 23 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 üvanında yerləşən yaşadığı evin həyətində dirrik sahəsindən 176 (bir yüz yetmiş altı) ədəd hündürlükləri 18 sm-dən 76 smdək olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 23 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1510-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Qax rayon Mərkəzi Xəstəxanası” X6 təqdim edilmiş ambulator xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ürəyin xroniki işemik xəstəliyi, stenokardiya tutmaları ilə xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6in 2 saylı Şəki-Zaqatala regional filialı tərəfindən təqdim edilmiş 07 sentyabr 2022-ci il tarixli **********9 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs DSMF-nin 2 saylı Şəki-Zaqatala regional filialından müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olmaqla “Yaşa görə” müavinət növü üzrə aylıq məbləği 180 manat olmaqla müavinət alır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi darəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax rayonunda qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsi, ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və ürəyin xroniki işemik xəstəliyi, stenokardiya tutmaları ilə xəstəliyindən əziyyət çəkməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 23 may 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzrədə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Balakən rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 1 kiloqram 239,30 qram olan 176 (yüz yetmiş altı) ədəd hündürlükləri 18 sm-dən 76 sm-dək əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 23 may 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 1 kiloqram 239,30 qram olan 176 (yüz yetmiş altı) ədəd hündürlükləri 18 sm-dən 76 smdək əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına çatdırılması və təhvil verilməsi Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-182/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-182/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver