Məhkəmə qərarları › İş №1(091)-185/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-185/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-185/2021 12.11.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X8, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx.xx.1993-cü il tarixdə Ucar rayonu Lək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ucar rayonu Lək kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25.04.2021-ci il tarixdə saat 24 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, Ucar rayon Lək kəndi ərazisində yerləşən “Şorcuma qəbristanlığı “adlanan ərazidə həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, aralarında baş vermiş mübahisə zamanı qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış atipik formalı, deşici-kəsici xassəyə malik soyuq silah olan bıçaq ilə Zərərçəkmiş şəxs ümumilikdə 3 dəfə zərbə vuraraq sonuncuya bir ədəd qarının ön divarının daxilə keçməyən deşilmiş – kəsilmiş yarasından, bir ədəd sol əlin İV barmağının üst səthinin kəsilmiş yarasından ibarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və dərəcəsinə görə hər ikisi sağlamlığa yüngül zərər vuran, bir ədəd qarının ön divarının daxilə nüfuz edən deşilmiş –kəsilmiş yarasından ibarət, yetirilən anda həyat üçün təhlükəli olmuş və dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 aprel 2021-ci il tarixdə saat 20 radələrində Ucar rayon Lək kənd sakini Vüsal adlı şəxsin işlətdiyi yeməkxanada yemək yemiş və spirtli içki olan araq içmişdir. Saat 21 radələrində yeməkxanadan çıxıb evlərinə getmiş, sonra həyətlərindəki atını minib kənd ərazisinə çıxmışdır. Kəndlərinin ərazisindəki Şorcuma qəbristanlığı adlanan yerə tərəf getmiş, yol gedə-gedə özünə məxsus olan mobil telefonla həmkəndlisi və qonşusu Müslümə zəng edərək danışmış, Lakin həmin vaxt sərxoş olduğuna görə nə danışması yadında qalmamışdır. Saat 24 radələrində Müslüm ona zəng edərək oraya gəldiyini dedikdən təxminən 10 dəqiqə sonra Müslüm özünə məxsus olan VAZ 21099 markalı avtomobillə həmin yerə gəlmiş, avtomobildən yerə düşdükdən sonra onun üstünə gələrək sinəsindən itələmişdir. Sonra onun əlində olmuş şallağı görüb maşına tərəf getmiş, əlindəki ağacla üstünə gəlmişdir. Həmin vaxt Müslümün əmisi Rövşən də avtomobildən yerə düşərək onu itələmişdir. Müslümə və Rövşənə getmələrini, sonra söhbət edəcəklərini demiş, hər ikisi də avtomobilə minib oradan gedəndə Rövşən ona söyərək “köpək oğlu” demişdir. Atası təzə vəfat etdiyi üçün söz ona pis təsir etmiş, ona görə də atı minib Müslümün avtomobilinin arxası ilə sürüb yolda avtomobilin damına əlindəki ağacla vurub avtomobili saxlatmaq məqsədilə atla avtomobilin qarşısını kəsmişdir. Müslüm və Rövşən avtomobildən yerə düşmüş, Rövşənin əlində ağac olmuşdur. Rövşən əlindəki ağacla əvvəlcə başına vurmuş, həmin vaxt o da əlindəki dəstəyi gümüşü rəng, nazik tiyəli, dəstəyinə ələ keçirmək üçün ip bağladığı bıçaqla Rövşənin qarın nahiyyəsindən qəsdən bir dəfə bıçaqla vurduqdan sonra həmin yerdən çöl sahəsinə tərəf atının arxası ilə qaçmışdır. Həmin yerdə Müslüm onun sol əlinin üstündən ağacla vurmuş, Rövşən ora gəlmiş, onu yerə yıxaraq əlindəki bıçağı ondan almışdır. Rövşən və Müslüm sonuncunun avtomobilinə minərək oradan kəndə tərəf getmişlər. O da atın arxası ilə çöl sahəsinə tərəf getmişdir. Etdiyi əmələ görə peşman olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 aprel 2021-cu il tarixdə saat 23 radələrində öz yaşadığı evin həyətində su açan zaman qardaşının oğlu Müslümün özünə məxsus olan VAZ 21099 markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobillə həyətlərindən çıxmasını görmüş, Müslümdən hara getməsini soruşduqda sonuncu həmkəndliləri Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib nalayiq sözlər işlətməsini və Xaləddinin fermasında gözlədiyini demişdir. Müslümlə birlikdə Ucar rayon Lək kəndi ərazisində olan Xaləddin adlı həmkəndlisinin fermasına getmiş, yolda Müsülm ona Aslan mobil telefona zəng edərək Xaləddinin oğlu Xəyyamla mübahisə etməsini və Xəyyamın Müslümü söyməsini, Müslüm isə Xəyyam barəsində fikrini bildirmədiyini, Müslümün heç kim olduğunu deməklə telefonda Müslüm barəsində nalayiq sözlər işlətmişdir. Onlar Xaləddinin fermasında olanda Aslan orada olmamış, avtomobillə Lək kəndi ərazisində olan “Şorcuma qəbristanlığı” adlanan qəbristanlığın yanından keçib kəndə qayıdarkən Aslanı öz atı ilə qəbristanlığın yanında dayanmasını görmüşdür. Müslüm Aslanın yanında avrtomobilini saxlayaraq avtomobildən yerə düşüb Aslan tərəfə getmişdir. Aslanla Müslüm mübahisə etməyə başlamış, bu zaman o da avtomobilin qapısını açaraq yerə düşmüşdür. Aslana Xəyyamla mübahisəsi olduğunu, bunun Müslümə heç bir aidiyyətinin olmadığını və Müslümə də avtomobili sürüb kəndə getmələrini demiş, Müslüm və o avtomobilə əyləşib kəndə tərəf gəlməyə başalamışlar. Bu zaman Aslan atını minərək avtomobilin yanı ilə sürmüş, əlindəki ağacla avtomobilin banına vuraraq avtomobili saxlatmağa çalışmışdır. Bu zaman Müslüm avtomobili saxlayaraq avtomobildən yerə düşmüş, o da avtomobildən yerə düşdükdən sonra Aslan onun tərəfə gəlmişdir. Müslüm ona ehtiyatlı olmasını və Aslanın əlində bıçaq olduğunu demiş, Aslan əlindəki bıçaqla onu vurmaq üçün bığaçı ona tərəf çəkərkən sol əlini irəli vermiş, həmin vaxt sol əlinin dördüncü barmağını bıçaq kəsmişdir. Bundan sonra Müslüm yerdən ağac parçası götürərək Aslanın əlindəki bıçağı vurub yerə salmaq istəmiş, Aslan da Müsümə bıçala müqavimət göstərmişdir. Aslana yaxınlşaraq bıçağı sonuncudan almağa çalışmış, həmin vaxt Aslan onun qarın nahiyyəsindən iki dəfə bıçaqla vurmuşdur. Sonra Aslanı yerə yıxıb əlindəki bıçağı sonuncudan almış, ayağa duranda qarın nahiyyəsindən qan axdığını və bənində ağrı hiss etdiyini görmüşdür. Müslümə məxsus olan VAZ 21099 markalı **-CR- *** dövlət qeydiyyat nişanlı avtomobillə kəndə, oradan da Ucar rayon Mərkəzi Xəstəxanasına gəlmişdir. Xəstəxanaya gələndə özü ilə Aslanın ona xəsarət yetirməkdə istifadə etdiyi bir ədəd dəstəyinə ip bağlanmış, gümüşü –metal rəngli bıçağı gətirmiş və sonra həmin bıçağı xəstəxanada polislərə təqdim etmişdir. Həmçinin əsəbi olduğu üçün həmin vaxt Aslanın ünvanına “köpək oğlu” ifadəsini işlətməsini ehtimal etdiyini göstərmişdir. Təqsirləndirilən şəxslə barışmamış, lakin sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs yuxarıda göstərdiklərini təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, əmisi Rövşənə bıçaq dəyməsini görməmişdir. Sonradan əmisinin deməsinə görə başa düşmüşdür ki, Aslan əmisini bıçaqla vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 25.04.2021-ci il tarixdə saat 21 radələrində həmkəndlisi Şahid2 işlətdiyi Ucar rayonu Lək kəndindəki kafedə olmuş, həmin vaxt qaynı Təqsirləndirilən şəxs da orada olmuşdur. Aslan təxminən 30 dəqiqə ərzidə kafedə otuturb bir bokal pivə içdikdən sonra çıxıb getmişdir. Sonradan Aslanın həmin gün axşam saat 24 radələrində Lək kəndi ərazisindəki Şorcuma qəbristanlığı adlanan qəbristanlığın yanında həmkəndlisi Rövşəni bıçaqla vurub xəsarət yetirdiyini eşitmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 25.04.2021-ci il tarixdə saat 22 radələrində Aslan onun mobil telefonuna zəng etməmiş, onunla telefonda mübahisə etməmişdir. Ümumiyyətlə Aslanla əvvəllər də aralarında heç-bir ədavət və düşmənçilikləri olmamışdır. Həmkəndlisi Şahid1 da ona həmin tarixdə zəng etməmiş, Aslan barəsində ona heç nə deməmişdir. 26.04.2021-ci il tarixdə kənd sakinlərindən həmkəndlisi Zərərçəkmiş şəxsla Aslanın arasında Şörcuma qəbristanlığı deyilən yerdə mübahisə baş verdiyini və həmin vaxt Aslanın Rövşəni bıçaqla vurub xəsarət yetirdiyini bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 25 aprel 2021-ci il tarixdə saat 22 radələrində Lək kəndinə yaşadığı fermadan ailəsi üçün ərzaq almağa gəlmiş, Lək kənd sakini Zaur adlı şəxsin işlətdiyi kafedə oturub pivə içmişdir. Bu zaman əvvələr tanıdığı Təqsirləndirilən şəxs atı ilə Zaurun kafesinin yanından keçmiş, Aslan atı ilə geri qayıtmış və gəlib atını kafenin yanında bağlamışdır. Pivə içmək üçün yanında oturmuş, Aslanın bərk sərxoş olduğunu hiss etmişdir. Aslan Zaurdan iki bakal pivə istəyərək pivənin bir bakalını onun üçün sifariş vermişdir. Onlar ikisi bir yerdə pivə içmiş, pivənin pulunu Aslan Zaura vermişdir. Sonra oradan durub atlarına minərək Lək kəndinin ortasına kimi birlikdə fermaya tərəf getmişlər. Sonra Aslan telefonla zəng edərək kimləsə danışmış, Aslanı Lək kəndi ərazisində qoyub öz yaşadığı fermaya getmişdir. Aslan ondan sonra fermaya gəlməmişdir. Həmin gün saat saat 2330 radələrində fermada olan zaman fermaya qırmızı rəngli VAZ 21099 markalı avtomobilin gəldiyini görmüş, avtomobilin sürücüsü Müslüm ondan Aslanın fermada olub-olmamasını soruşmuşdur. Müslümə Aslanın orada yaşamadığını və fermaya gəlmədiyini bildirmiş, Müslüm avtomobili sürüb oradan Lək kəndi istiqamətinə getmişdir. Sonradan Lək kənd sakinlərindən Təqsirləndirilən şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında mübahisə olduğunu və Lək kəndi ərazisindəki Şorcuma qəbristanlığının yanında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Aslan 25 aprel 2021-ci il tarixdə saat 20 radələrində evdən ona heç-nə demədən çıxıb getmiş, sonuncunun hara getməsindən xəbəri olmamışdır. 26 aprel 2021-ci il tarixdə oğlu Aslanın tutulduğunu eşitmişdir. Sonradan baş vermiş hadisə barədə maraqlanarkən oğlu Aslanın həmkəndlisi və qonşusu Şahid1 ilə telefonda mübahisə etdiyini, sonra həmin gün Müslüm və Rövşənlə Lək kəndi ərazisindəki Şorcuma qəbristanlığının yanında Aslanla dalaşan zaman Aslan əlindəki bıçaqla Rövşəni vurduğunu bilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27.04.2021-ci il tarixli, 88 №-li rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər –sol əlin arxa səthinin və təpə nahiyyəsinin şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir,əmələ gəlmə müddəti 25.04.2021-ci il tarixə uyğun gəlir. Qeyd onunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 27.04.2021-ci il tarixli 90 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədənində xəsarət –qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş, bir ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yarası, sol əlin İV barmağının üst səthinin kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın tiyəsinin təsirindən törənmişdir, törənmə müddəti 25.04.2021-ci il tarixə uyğun gəlir, adatən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarətlərdən daxilə nüfuz edən deşilmiş kəsilmiş yara yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Qalan digər iki xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə-tibb krimnalistik, trasoloji, bioloji və soyuq silah ekspertizasının, 01.06.2021-ci il tarixli, 368/2021 /MTBŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə A/(İİ) –dır. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, R.V.Rəzirova məxsus 01 ədəd şalvar, 01 ədəd qısa qol köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu.Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız A antigenləri alındı.Beləliklə bu qan ləkləri ABO sistemi üzrə A/(İİ) qruplu şəxsə, o, cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə iclasında tədqiq edilmiş kompeks məhkəmə-tibb krimnalistik, trasoloji, bioloji və soyuq silah ekspertizasının 07 iyun 2021-ci il tarixli, 258/2021 –MTKŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəinin orta-aşağı nahiyyəsində səkkiz ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi.Bu zədələr iti uclu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici- kəsici alətin (alətlərin ) təsirindən əmələ gəlmişlər və zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hisəsinin orta-aşağı nahiyyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarının ön divarında olan iki ədəd eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar edilmiş digər deşilmiş-kəsilmiş zədələr onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız köynəyin zədələnməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarət –sol əlin İV barmağının üst səthinin kəsilmiş yarası bədənin açıq nahiyyəsində yerləşdiyinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq kustar üsulu ilə hazırlanmış atipik formalı bıçaqdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatriya ekspertizasının 15.07.2021ci il tarixli, 389 N-li rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 iyun 2021ci il tarixli 906 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomanoya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi məhkəməsinin 11.06.20215-ci il tarixli hökmü ilə CM-in 333.4 və 62-ci maddələri ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 06.08.2015-ci il tarixli qərarı ilə CM-in 62-ci maddəsi xaric edilmiş və CM-nin 333.4-cü maddəsilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsinə əsasən cəzası 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 01.09.2015-ci il tarixli hökmü ilə CM-in 331.2, 62 –ci maddələri ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 29.06.2016-cı il tarixli Milli Məclisin 20.05.2016-cı il tarixli Amnist qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 26 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1835-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Ucar rayon Məhkəməsinin 28 aprel 2021-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Ucar rayon İcra Hakimiyyəti Başçısının Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonu Lək kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1 və 228.4-cü maddələrində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.1 və 228.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı 26 aprel 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs istifadə etdiyi cinayətin aləti olan bir ədəd kustar üsulu ilə hazırlanmış atipik formalı deşici-kəsici xassəyə malik soyuq silah olan bıçaq xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il 09 (doqquz) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasınə məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 26 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ucar rayon Polis Şöbəsində saxlanılan bir ədəd boz rəngli parçadan hazırlanmış qısaqol köynək və göy rəngli cins materialından hazırlanmış şalvar Zərərçəkmiş şəxs qaytarılsın. Cinayətin aləti olan bir ədəd kustar üsulu ilə hazırlanmış atipik formalı deşici-kəsici xassəyə malik soyuq silah olan bıçaq xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar