Məhkəmə qərarları › İş №1(091)-185/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-185/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-185/2024 20.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə 1,284 qram psixotrop maddə olan metamfetamini istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edərək ayrıayrılıqda təmiz çəkiləri 0,164 qram, 0,047 qram, 0,324 qram, 0,385 qram və 0,364 qram olmaqla 05 (beş) ədəd kağız bükümlərdə olmaqla üzərində saxlamış, 24 noyabr 2023-cü il tarixdə saat 1930-da Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Elbrus Məmmədov küçəsində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilib üzərində həmin günü saat 2020-dən saat 2050-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon Polis Şöbəsinin inzibati binasında keçirilmiş şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən ayrı-ayrılıqda 05(beş) ədəd kağız bükümlərdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı ayrıayrılıqda təmiz çəkiləri 0,164 qram, 0,047 qram, 0,324 qram, 0,385 qram və 0,364 qram olmaqla, ümumi təmiz çəkisi 1,284 qram psixotrop maddə olan metamfetaminlər aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq 0,921 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək həmin narkotik vasitəni 06 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Yevlax şəhəri R.Balakişiyev küçəsində tanışı Şahid1 10 manat pul müqabilində satmış, Şahid1 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə xx.xx.2024-cü il tarixdə, saat 1520 radələrində Yevlax şəhəri Nizami prospektində “Ərəb” marketin yaxınlığında Yevlax RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində həmin gün saat 16:10-dan saat 16:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon Polis Şöbəsinin inzibati binasında keçirilmiş şəxsi-axtarış nəticəsində Şahid1 əynindəki şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs 10 manat pul müqabilində Şahid1 satdığı 0,921 qram narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq 0,265 qram narkotik vasitə olan heroini istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edərək 01 (bir) ədəd kağız bükümdə olmaqla, üzərində saxlamış, 16 yanvar 2024-cü il tarixdə saat 1850-də Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Nizami küçəsində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində həmin günü saat 1940-dən saat 2010-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon Polis Şöbəsinin inzibati binasında keçirilmiş şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinin içərisində ağ rəngli kağıza bükülmüş bükümün içərisində qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 0,265 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadığı evin qarşısında duran zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis şöbəsinə aparmış, orada Teymur adlı polis əməkdaşı ona qarşı nalayiq ifadələr işlədərək ona qarşı fiziki zor tətbiq etmişdir. Teymurun ona qarşı dediyi təhqiredici sözlərə görə sonuncuya cavab qaytarmış, Teymur onu “yuxarıdan” tapşırdıqlarını, onu ağır maddə ilə həbsə göndərəciyini bildirmişdir. Hər iki halda üzərində narkotik vasitə olmamış, Teymur öz çəkməcəsindən narkotik vasitəni çıxardaraq həbs olunması üçün onun qarşısına qoymuşdur. Yazıb oxuya bilmədiyinə görə etirafedici ifadələrə imza etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Yevlax şəhər qəbiristanlığından keçən vaxt yerdə gördüyü siqaret qutusunu götürüb içərisinə baxan zaman orada içərisində psixotrop maddə olan metamfetamin olduğu 05 (beş) ədəd kağız bükülünü sonradan istifadə etmək məqsədilə cibinə qoymuş, saat 19 radələrində Yevlax şəhəri Elbrus Məmmədov küçəsində olarkən Yevlax rayon Polis Şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə rayon Polis Şöbəsinə dəvət etmişlər. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən ayrı-ayrılıqda 05 (beş) ədəd kağız bükümlərdə metamfetamin aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş həmin psixotrop maddə - metamfetamini özü istifadə etmək üçün üzərində saxlamış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Daha sonra 15 yanvar 2024-cü il tarixdə yaşadığı küçədə yerdən tapdığı bir büküm narkotik vasitə olan heroini sonradan istifadə etmək məqsədilə büküb cibinə qoymuş, 16 yanvar 2024-cü il tarixdə saat 1850 radələrində yaşadığı Yevlax şəhəri K.Sabitov küçəsində olarkən Yevlax rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə rayon Polis Şöbəsinə dəvət etmiş, Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyinin içərisində ağ rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitə olan heroini özü istifadə etmək üçün üzərində saxlamış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmçinin Şahid1 06 yanvar 2024-cü il tarixdə günorta saat 14 radələrində narkotik vasitə olan heroini satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 yanvar 2024-cü il tarixdə saat 1520 radələrində Yevlax şəhəri, Nizami prospektində “Ərəb” adlanan marketin yaxınlığında piyada hərəkətdə olan zaman Yevlax rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Polis Şöbəsinə dəvət etmiş, Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini 06 yanvar 2024-cü il tarixdə günorta saat təxminən 14 radələrində Yevlax şəhəri, R.Balakişiyev küçəsində tanışı Yevlax şəhəri, K.Sabitov küçəsində yaşayan Təqsirləndirilən şəxs bir ədəd 10 manatlıq pul əskinası müqabilində almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 24 noyabr 2023-cü il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin əldə edilməsi, daşınması, saxlanması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri E.Məmmədov küçəsinə getmiş, orada olan Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutuldqudan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs tünd boz rəngli cins şalvarının sağ yan cibindən 05 (beş) ədəd kağız bükümlərdə metamfetaminləri təqdim etmiş, həmin 05 ədəd kağız bükülülərin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 24 noyabr 2023-cü il tarixdə saat 14 radələrində Yevlax şəhəri ərazisində yerləşən qəbiristanlığından keçən zaman yerdə olan siqaret qutusunun içərisindən tapdığını bildirmişdir. Bundan sonra həmin bükülülər maddi sübut əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili işləyən Şahid3 Şahid2 yuxarıda göstərdiklərini təsdiq etməklə əlavə olaraq göstərmişdir ki, 16 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Yevlax rayon Polis Şöbəsinin UQSİQ-nun operatoru Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri K.Sabitov küçəsinə getmiş, həmin vaxt orada olan Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə rayon Polis Şöbəsinə dəvət etmişlər. Yevlax Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyinin içərisində ağ rəngli kağıza bükülü aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu və həmin maddəni xx.xx.2024cü il tarixdə yaşadığı küçədən yerdən tapdığını və sonradan da sitifadə etmək məqsədi ilə büküb cibinə qoyduğunu bildirmişdir. Həmin bir ədəd bükülü elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,40 qram olduğu müəyyən edilmiş, sübut əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 yanvar 2024-cü il tarixli 17/57 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd ağ rəngli kağıza bükülmüş bükümdə olan heroinə bənzər kütlə...” sözləri, imzalar və adlar olan zərfin içərisindəki sellofana bükülmüş 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,265 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 noyabr 2023-cü il tarixli 17/808 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə...” sözləri, imzalar və adlar olan zərfin içərisindəki sellofana bükülmüş 05(beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,164 qr, 0,047 qr, 0,324 qr, 0,385 qr, 0,364 qram, ümumi təmiz çəkisi – 1,284 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminlərdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 13 may 2024-cü il tarixli 17/434 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, 01(bir) ədəd zərfin içərisindəki Şahid1 üzərindən aşkar olunaraq götürülmüş, ilkin tədqiqat zamanı təmiz çəkisi 0,921 qram olan heroin ilə 01(bir) ədəd zərfin içərisindəki Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ilkin tədqiqat zamanı təmiz çəkisi 0,265 qram olan heroin, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 24 may 2024-cü il tarixli 17/455 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Ekspert rəyi nömrə 17/808. Verildiyi tarix:25 noyabr 2023-cü il. Yevlax RPŞ.Material nömrəsi HK-1/2670. 05(beş) ədəd bükümlərdə metamfetaminlər.Təqsirləndirilən şəxs.Ekspert imza H.Rəşidov”sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki sellofana bükülmüş 05(beş) ədəd kağız bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 23 mart 2024-cü il tarixli 491 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə - heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,40 qram narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki tünd-boz rəngli cins şalvarın sağ yan cibindən beş sellofan bükümdə çəkiləri 0,28 qr., 0,32 qr., 0,19 qr., 0,32 qr., və 0,07 qr., psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla yaşayış yerindən qismən müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Yevlax rayon Mərkəzi Xəstəxanası” X9 Psixonevroloji Kabinetinin 04 mart 2024-cü il tarixli 1485/24 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Səfərov X5 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 1 il 06 ay müddətə azaldılmış, xx.xx.2017-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 25 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasını tam çəkib qurtardığına görə qeydiyyatdan çıxarılmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətdikdən sonra yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən olunur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2000-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 26 noyab 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1920-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs CMin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə və psixotrop maddələrin miqdarı, ayrı-ayrı bükümlərdə olması və şahid ifadələri onun aşkar olunan narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir. Qərarın 14-cü bəndində qeyd edilmişdir ki, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən qeyd olunan cinayətlərin yenidən törədilməsi təkrarlıq əlamətini yaratmır. Təkrarlıq əlamətinin təfsiri zamanı CM-in 16-cı maddəsinin qeyd olunan müddəaları ilə yanaşı, o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 mart tarixli Qərarına əsasən CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, ikinci əməl təkrarlıq yarada bilməz. Şəxsin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitəni və ya psixotrop maddəni vahid qəsdlə (məsələn, bütöv məbləğ təşkil edən müəyyən miqdarda pul əldə etmək üçün) bir şəxsə bir neçə dəfəyə (müxtəlif vaxtlarda) hissə-hissə və yaxud eyni vaxtda eyni bir hərəkətlə müxtəlif şəxslərə satması, burada narkotik vasitələrin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və daha sonra satılması, eləcə də satmanı təşkil edən ayrı-ayrı epizodlar cinayətlərin çoxluğunu yaratmadığından və vahid cinayətin tərkib elementləri kimi çıxış etdiyindən, əməl cinayətin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilə bilməz. Lakin şəxsin satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədi ilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə - CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Əvvəllər CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə cinayət törətmiş şəxs tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci və ya 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1-ci, 234.4.2-ci və ya 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməlidir. Belə hallarda əməlin əlavə olaraq CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmaması və polis əməkdaşlarının həmin narkotik vasitələri onun üzərinə qoymalarına dair ifadəsini müəsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs hər iki halda müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı sərbəst şəkildə narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını qeyd etməklə ona qarşı heç bir təsir-təzyiq olmadığını bildirmiş, həmçinin sonradan ona hər-hansı təsir və təzyiq olması barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora nə də ki, məhkəmə nəzarətini həyatə keçirən məhkəməyə müraciət etməmişdir. Bundan başqa istintaq təcridxanasına daxil olan zaman onun bədən səthində hər-hansı bir xəsarət aşkar edilməmiş, Şahid1 da həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə aldığını bir daha təsdiq etmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün məhkəmədə özünü müdafiə xarakterli ifadələr verdiyini və onun məhkəməyədək icraat zamanı verdiyi ifadələrinin işin hallarına uyğun gəldiyinə görə daha səmim və obyektiv ifadələr olduğunu bir daha təsdiq edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.2-ci maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, CM-in 56.1.3-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq ona qəti cəza təyin edilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 287,76 AZN (iki yüz səksən yeddi manat, yetmiş altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1.1-ci maddəsinə əsasən iş üzrə xüsusi müasdirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia və maddi ziayn yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 24 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 16 yanvar 2024-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 287,76 AZN (iki yüz səksən yeddi manat, yetmiş altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə olan 0,165 qram heroin, narkotik vasitə olan 0,821 qram heroin və 1,134 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, 03 ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar