Məhkəmə qərarları › İş №1(091)-186/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-186/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-186/2025 24.06.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1975-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 08 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 07 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin olunmuş cəzadan 01 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Samux rayonunun, Ziyadlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2305,00 (iki min üç yüz beş) qram narkotik vasitə olan qurudulmuş marixuananı 2024-cü ilin noyabr ayında Bakı-Qazax avtomagistral yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Şərur” restoranının yaxınlığındakı şor su kanalının kənarındakı yaşıllıqda yabanı halda bitmiş 2 ədəd çətənə bitkisinin yarpaqlarından toplayıb qurutmaqla əldə edib həmin narkotik vasitə qurudulmuş marixuananı Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Şərur” restoranının yaxınlığındakı şor su kanalının kənarında gizlədərək saxlamış, xx.xx.2025-ci il tarixdə saat 12:26-da narkotik vasitələri qanunsuz saxlamaqda şübhəli bilindiyinə görə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Şərur” restoranının yaxınlığında Yevlax Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 12:26-dən 12:38-dək olan müddət ərzində video çəkilişlə üstünün yoxlanılması nəticəsində onun əlindəki bir ədəd ağ rəngli sintetik kisənin içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 2305,00 (iki min üç yüz beş) qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, 2024-cü ilin noyabr ayının sonlarında Yevlax rayonu ərazisində “Şərur” restoranının yaxınlığından axan şor su kanalına balıq tutmaq üçün gedərkən orada iki ədəd çətənə bitkisinin olduğunu görmüşdür. Qurudulmuş marixuana istifadəçisi olduğundan həmin çətənə bitkisini görən kimi tanımış və həmin bitkilərin yarpaqlarını toplayaraq həmin şor su kanalının sahilində qurumaları üçün gizli yerə sərib həmin ərazini tərk etmişdir. 15 yanvar 2024-cü il tarixdə həmin yerdə quruması üçün narkotik vasitə gizlətməsi yadına düşmüş, buna görə narkotik vasitəni götürmək üçün növbəti gün həmin yerə getmişdir. O, qurudulmuş kütləni özü ilə apardığı ağ rəngli sintetik kisəyə yığaraq ərazini tərk etmiş və onu gizlətmək üçün yer axtarmaq üçün yola düşmüşdür. 16 yanvar 2025-ci il tarixdə saat 12:26 radələrində əlində həmin narkotik vasitə qurudulmuş marixuana olan sintetik kisə ilə “Şərur” restoranının yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu, buna görə üzərində yoxlama aparılmalı olduğunu bildirmişlər. O da üzərində yoxlama aparılmasına etiraz etməmişdir. Bundan sonra videoçəkilişlə üstünü yoxladıqları zaman onun əlindəki ağ rəngli sintetik torbadan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Yoxlama zamanı səmimi olaraq həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını etiraf etmişdir. Narkotik vasitə elektron tərəzidə çəkilmiş və bir ədəd sellofan torbada qablaşdırılmışdır. Bundan sonra o, polis əməkdaşları tərəfindən Yevlax Rayon Polis Şöbəsinə aparılmışdır. Şöbədə təhqiqatçı tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə yenidən baxış keçirilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, təhqiqatçıya da narkotik vasitənin özünə məxsus olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra ifadəsi yerində yoxlanılarkən iki ədəd yabanı halda bitmiş çətənə bitkilərini tapdığı yeri göstərmiş, həmin vaxt bitkilərin kökləri tapılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, ona qarşı heç bir fiziki və ya psixi təzyiq olmamış, törətdiyi əməli boynuna alır və özünü tam təqsirli bilir. O, narkotik vasitə olan marixuana istifadəçisi olmuşdur. Dəfələrlə Yevlax rayonunda həmin yerə balıq tutmağa getdiyi üçün elə bir yerin olduğunu bilmişdir. Ondan aşkar olunmuş narkotik vasitə onun yanında elektron tərəzidə çəkilmişdir, buna görə də narkotik vasitənin çəkisi ilə bağlı heç bir etirazı yoxdur. O, özünü bu əməli törətməkdə tam təqsirli bilir və əməlindən peşman deyil. Çətənə bitkilərini noyabr ayında qurutmuş, yanvar ayında götürməyə gedəndə tutulmuşdur. O, 28 noyabr 2024-cü il tarixdə həbsdən çıxmış, çətənə bitkilərini də həbsdən çıxandan bir-iki gün sonra, yəni təxminən 29-30 noyabr tarixlərində tapmışdır. Ona qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. 2025-ci ilin aprel ayında Yevlax Rayon Polis Şöbəsinə dindirilməyə aparılarkən müvəqqəti saxlanma yerində Elgün və Aluz adlı iki nəfər polis serjantı ona bir-iki sillə-təpik vurduğu üçün əsəbləşərək prokurorluğa ərizə yazmışdır ki, işgəncəyə məruz qalıb və narkotik vasitə ona məxsus deyil. İbtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadəsi doğrudur. Saxlanılarkən, eləcə də penitensiar müəssisəyə gətirilərkən onun üzərində heç bir xəsarət olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş X4 göstərdi ki, o, Yevlax rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, daşıması və saxlanması barədə Yevlax rayon Polis Şöbəsinə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş və həmin məlumat raportla Yevlax rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmiş və 16 yanvar 2025-ci il tarixli əmrlə onun, cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2, KCMQ-nun baş əməliyyat müvəkkili Şahid3 və Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid4 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Şərur” restoranının yaxınlığında olması barədə məlumat olduğuna görə həmin gün polis şöbəsindən çıxaraq qeyd olunan yerə getmişlər və saat 12:26 radələrində Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sintetik kisə ilə “Şərur” restoranının yaxınlığında hərəkətdə olduğunu görərək ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə onlara məlumat daxil olduğunu, barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlama keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilməsinə etiraz etməmişdir. Bundan sonra saat 12:26-dan 12:38-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sintetik kisəni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sintetik kisənin içərisində nə olduğunu soruşduqda sonuncu həmin kisənin içərisində narkotik vasitə olan qururdulmuş marixuana olduğunu, həmin narkotik vasitəni “Şərur” restoranının yaxınlığından keçən şor su kanalının sahilində yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından toplayıb həmin ərazidəki yaşıllıqda qurutduğunu, narkotik vasitə istifadəçi olduğunu, həmin narkotik vasitəni də özünün istifadəsi üçün əldə etdiyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra həmin bir ədəd ağ rəngli sintetik kisənin içərisinə baxış keçirildikdə kisənin içərisindən tünd yaşıl rəngli, kəskin spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə așkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə gətirərək təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video görüntüsünü özündə əks etdirən DVD diskə və üzərindən aşkar edilən kütləyə baxış keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşlar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür . Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2, Yevlax rayon X6 Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid4, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş KCMQ-nun baş əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 223-227). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 16 yanvar 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 12:26dan 12:38-dək olan müddət ərzində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmışdır. Həmin yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmeti varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sintetik kisəni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, onun üzərindən qanunla qadağan olunmuş başqa hər hansı əşya aşkar edilməmişdir. Bir ədəd ağ rəngli sintetik kisənin içərisinə baxış keçirildikdə kisənin içərisindən tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin qurudulmuş marixuana olduğunu, onu təxminən bir ay əvvəl Yevlax rayonunda kanaldan balıq tutmağa gələrkən orada olan iki ədəd çətənə kolundan yığaraq özü istifadə etmək məqsədilə həmin yerdə qurutduğunu bildirmişdir (cild 1, iş vərəqə 9-10) Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:00-dan saat 15:15-dək olan müddət ərzində Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video görüntülərinin özündə əks etdirən DVD diskə və onun üzərindən aşkar edilən sellofan torbaya baxış keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs səmimi olaraq narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin narkotik vasitəni özü istifadə etmək üçün çətənə kollarının yarpaqlarını qurudaraq əldə etdiyini bir daha etiraf etmişdir. Bundan sonra həmin sellofan torbada olan qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 13-15). Şəxsi axtarış aparılması haqqında 16 yanvar 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 16:30-dan saat 16:45-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən hər hansı bir narkotik maddə və digər qanunsuz əşya aşkar edilməmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını bildirmişdir (cild 1, iş vərəqə 31-39). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması və götürmə haqqında 21 fevral 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş qurudulmuş marixuananı Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Şərur” restoranının yaxınlığından keçən şor su kanalının sol sahilindəki ərazidə yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarından toplayıb qurutmaqla əldə etdiyi və gizlətdiyi yeri göstərmişdir. Onun göstərdiyi ərazidən çətənə bitkisinin qalıqlarına bənzər iki ədəd kök aşkar olunaraq torpaq nümunəsi ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 151-160). Məhkəmə-bioloji ekspertizasının 17 yanvar 2025-ci il tarixli 17/45 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Samux r-nu Ziyadlı kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə ...” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd qara rənli sellofan bağlamanın içərisindəki 01 (bir) ədəd sintetik kisədə, təmiz çəkisi 2305,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra qurudulmuş marixuananın qalıq çəkisi 2304,80 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 34 manat 55 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqə 45-48). Məhkəmə-bioloji ekspertizasının 28 mart 2025-ci il tarixli 17/233 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “250400007 nömrəli cinayət işi üzrə “Kür çayının sağ sahilinin Yevlax şəhərinin ərazisindən keçən hissəsində yerləşən yaşıllıq ərazidən götürülmüş 02 (iki) ədəd kök və torpaq nümunəsi” yazısı olan 01 (bir) ədəd kağız bağlamanın içərisindəki 01 (bir) ədəd sellofana bükülmüş 02 (iki) ədəd bitki hissələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Təqdim olunmuş 02 (iki) ədəd çətənə (kannabis) bitkisinin hissələri yalnız kök və gövdədən ibarət olduğundan (üzərlərində yarpaq və çiçək olmadığından) onların təqdim olumuş qurudulmuş marixuana ilə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmamışdır. Təqdim olunmuş 02 (iki) ədəd çətənə (kannabis) bitkisinin hissələrinin köklərində olan torpaq hissəcikləri ilə 01 (bir) ədəd sellofan torbada olan torpaq nümunəsi qrup (rənginə) və cinsi (mexaniki tərkibi, karbonatlığı, mineral tərkibi və humusu) əlamətlərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 34 manat 55 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqə 166-169). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 fevral 2025-ci il tarixli 226 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobionoidlərdən istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 145). “Samux Rayon Mərkəzi Xəstəxanası” X5 daxil olan 24 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Samux rayonu Ziyadlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs həmin xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Həmin xəstəxananın narkoloji kabinetində “epizodik nəşə çəkmə” diaqnozu ilə dispanser qeydiyyatındadır (cild 1, iş vərəqə 165). İş üzrə əməliyyat tapşırığına verilmiş 07 fevral 2025-ci il tarixli cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2305 (iki min üç yüz beş) qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana onun özünə məxsusdur. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş 2305 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyəti olmamışdır. O, narkotik vasitə istifadəçisidir. Onun üzərindən aşkar edilərək götürülmüş 2305 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuanadan başqa bir yerdə qanunsuz olaraq narkotik vasitə saxlamadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananı 2024-cü ilin noyabr ayının ortalarında Bakı-Qazax avtomagistral yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Şərur” restoranının yaxınlığından axan şor su kanalının yaxınlığındakı yaşıllıqda yabanı halda bitən 2 ədəd çətənə bitkisinin yarpaqlarından toplayıb qurutmaqla əldə etmişdir (cild 1, iş vərəqə 108). Maddi sübut qismində tanınma haqıında 18 yanvar 2025-ci il tarixli və 02 aprel 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2304,80 qram təşkil edən qurudulmuş marixuana, o cümlədən Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Şərur” restoranının yaxınlığından keçən şor su kanalının sol sahilindəki ərazidən götürülmüş 02 (iki) ədəd çətənə (kannabis) bitkisinin hissələri və torpaq nümunəsi maddi sübut qismində tanınaraq Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına saxlanca verilmişdir (cild 1, iş vərəqə 99-100, 188-189, 253). Təqsirləndirilən şəxs adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmiş, lakin həbs olunmamışdan əvvəl aldığı “hər iki sait qarının ön divarında çoxsaylı köhnə kəsilmiş çapıq toxuma” xəsarətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin xəsarətləri 15 il əvvəl özü-özünə xəsarət yetirərkən aldığını bildimişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından, eləcə müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs: - Samux Rayon Məhkəməsinin 10 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Nizami rayon məhkəməsinin 28 iyul 2005-ci il tarixli qərarı ilə cəzadan 4 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş; - Ağstafa Rayon Məhkəməsinin 19 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 aprel 2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 avqust 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 185.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 iyun 2009-cu ildə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə və Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli amnistiya qərarına əsasən cəzası 1/2 qədər azaldılmış, 06 yanvar 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş; - Yevlax Rayon Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; - Tovuz Rayon Məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2 və 185.2.4 maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; - Ağdaş Rayon Məhkəməsinin 21 fevral 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 4 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə görə 132-ci maddənin ləğvi ilə əlaqədar Qaradağ rayon Məhkəməsinin 18 sentyabr 2012-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təyin edilmiş cəzadan azad edilməklə çəkilməmiş qalan 3 il 5 ay 25 gün müdətinə azadlıqdan məhrumetmə cəzasının 2 ay hissəsindən azad olunmuş, 11 yanvar 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş; - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 8 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 7 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin 28 noyabr 2024-cü il tarixli qərarı ilə cəzadan 1 ay 2 gün vaxtından əvvəl şərti azad edilmiş, 29 dekabr 2024cü il tarixdə cəzası bitmişdir (cild 1, iş vərəqə 105-106, 111-134, 135-140, 219-222); Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ödənilsə də Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli hökmü ilə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bununla belə, həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü ilə yaranmış məhkumluq residivin müəyyən olunması zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdə cəzadan vaxtından əvvəl şərti azad edildikdən sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2016cı il tarixli hökmü ilə yaranmış məhkumluğunun ödənilməsi üçün üçün zəruri olan altı il müddət keçmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında göstərilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli qərarında isə göstərilmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan 50000 qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi ifadə verməsini onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yevlax Rayon Məhkəməsinin 18 yanvar 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəq 25-26, 86-90). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Yevlax rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2304,80 qram təşkil edən qurudulmuş marixuana, 2 ədəd çətənə (kannabis) bitkisinin hissəsi və torpaq nümunəsi məhv edilməlidir. Əməliyyat-axtarış tədbirinin keçirilməsinin, əşyaya baxış keçirilməsinin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 69 manat 10 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 16 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Yevlax rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2304,80 qram təşkil edən qurudulmuş marixuana, iki ədəd çətənə (kannabis) bitkisinin hissəsi və torpaq nümunəsi məhv edilsin; Əməliyyat-axtarış tədbirinin keçirilməsinin, əşyaya baxış keçirilməsinin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar