Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-188/2022 20.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X7.oğlunun iştirakı ilə, xx xxxxxx 1970-cı il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göyçay rayon 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2,283 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək bir ədəd qara rəngli kağız bükümdə qablaşdırmış formada üzərində saxlamış, 05 aprel 2022-ci il tarixdə saat 15 radələrində Göyçay rayonu İ Ərəbcəbirli kəndi ərazisində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 15:40-da polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən həmin bir ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 2,283 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmamışdır. Polis əməkdaşları onu saxlamış və üzərinə narkotik vasitə qoyaraq etirafedici ifadə verməsini istəmişlər. O, əvvəllər dəfələrlə məhkum olunduğuna və həmin vaxtı da narkotik vasitədən istifadə etdiinə görə şəxsi istifadə üçün narkotik vasitə əldə edib saxlamada özünü təqsirli bilərək etirafedici ifadə vermişdir. Lakin o, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. İndi istintaq orqanı tərəfindən heç nədən ağır maddə ilə ittiham olunaraq məhkəməyə göndərilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması barədə heç bir orqana şikayət etməmiş, barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə bu barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, təxminən 10 gün əvvəl Bakı şəhərinə şəxsi işlərini görmək üçün getmiş, orada olan zaman Bakı şəhər, Yasamal rayonu ərazisində yerləşən “Bravo” marketə giriş hissəsində yerdə siqarət kağızına bükülmüş bir ədəd büküm görmüşdür. Həmin bükümü yerdən götürüb içərisinə baxdıqda qəhvəyi rəngli maddə olduğunu görmüşdür. Özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin maddənin narkotik vasitə olduğunu bilmiş və istifadə etmək üçün üzərində saxlamışdır. Həmin maddəni tapdığı gün yaşadığı Göyçay rayon 1-ci Ərəbcəbirli kəndinə qayıtmış, həmin narkotik vasitədən 3-4 dəfə istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşadığı ünvanın yaxınlığında olan zaman Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu qeyd edərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Rayon Polis Şöbəsinin Növbətçi Hissəsində vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd siqaretin qara rəngli kağızına bükülü olan qəhvəyi rəngli maddə aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. O, heç vaxt heç kəsə narkotik maddə satmamışdır. Narkotik vasitəni üzərində saxlamaqda məqsədi özü üçün istifadə etmək olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olması və üzərində saxlaması barədə Göyçay Rayon Polis Şöbəsinin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 05 aprel 2022-ci il tarixdə saat 15 radələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. O, Göyçay rayon 1-ci Ərəbcəbirli kəndində Polad Qəriobovun yaşadığı evin yaxınlığında ona yaxınlaşaraq özünü təqdim edərək ona üzərində narkotik vasitələrin və psixotrop maddə mütamfetaminin istifadəsində və üzərində saxlanılmasında şübhəli olduğunu bildirib, onu rayon polis şöbəsinə dəvət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsində müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kağız büküm aşkar olunmuşdur. Kağız bükümün içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Daha sonra həmin bükümdəki maddə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid1 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olmamışdır. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında bəzi ziddiyyətli məqamlar olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olması və narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə Göyçay Rayon Polis Şöbəsinin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 05 aprel 2022-ci il tarixdə saat 15 radələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirlərinin keçirilməsində digər polis əməkdaşları ilə birlikdə o da, iştirak etmişdir. O, Göyçay rayon 1-ci Ərəbcəbirli kəndində Polad Qəriobovun yaşadığı evin yaxınlığında ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələrin və psixotrop maddə gəzdirməsi və satmasında şübhəli olduğunu bildirib, onu rayon polis şöbəsinə dəvət etmişlər...” İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid1 bildirmişdir ki, ola bilsin ki, ibtidai istintaq zamanı tərtib olunan ifadəsində yanlış yazılmış və o da həmin ifadəni imzalamışdır. Çünki xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışını həyata keçirməsinə dair onlara əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Göyçay Rayon Polis X2 Qrupunun baş inspektoru vəzifəsində işləyir. 05 aprel 2022ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğuna görə Göyçay şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub müdafiəçi Cavidan Hacıyevlə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsinin Növbətçi Hissəsində müdafiəçisi Cavidan Hacıyev və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Həmin vaxt videoçəkilişi o, həyata keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kağız büküm aşkar olunmuşdur. Kağız bükümün içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Daha sonra həmin bükümdəki maddə elektron tərəzidə çəkilmişdir. Qəhvəyi rəngli maddənin sellofan bükümlə birlikdə çəkisi 2,283 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş kağız büküm götürülmüş, bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olması, eləcə də mütəmadi olaraq üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş və elektron tərəzidə çəkilməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntülər CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 23-25). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 06 aprel 2022-ci il tarixli 17/306 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm...” sözləri və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 2.283 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 01, iş vər. 31-34). Cinayət işinin materiallarında olan “Göyçay RMX” X5 alınmış 14 aprel 2022-ci il tarixli 1397 saylı məktubdan görünür ki, Göyçay rayon 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2011-ci ildən “Narkomaniya” diaqnozu ilə Göyçay RMX-da narkoloji kabinetdə qeydiyyatda olsa da, psixatrik kabinetdə qeydiyyatda yoxdur (cild 01, iç vər. 76). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 iyul 2022-ci il tarixli 997 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 121). Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində üzərində narkotik vasitə saxlamasına dair əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən bir bükümdə olmaqla 2,283 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə - heroin üzərindən aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərində elektron tərəzinin aşkar olunmaması, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkomaniya xəstəliyindən əzab çəkməsi, onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 2,283 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən polis əməkdaşları da ayrı-ayrılıqda onlara daxil olan əməliyyat məlumatının məhz təqsirləndirilən şəxsin narkotik vasitə alüdəçisi olması və üzərində saxlaması barədə olduğunu bildirmişdir. Məhkəmə kollegiyası polis əməkdaşlarının məhkəmə istintaqı zamanı verdiyi şahid ifadələrini dinləyib, həmin ifadələri iş üzrə mövcud olan digər sübutlarla, o cümlədən onların ibtidai istintaq zamanı verdikləri ifadələrlə qarşılıqlı şəkildə araşdırıb həmin şəxslərin məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələri əsaslı sayır, həmin ifadələrin mövcud sübutlarla üst-üstə düşdüyünü və bir digərini tamaladığını əsas götürərək təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı qeyd etdiklərini (narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması ilə bağlı ifadəsi) səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üstüstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına həmin ifadələri qoyur. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadəni müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində tək yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir. (cild 01, iş vərəqi 73-75) İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə isə Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir (cild 01, iş vər. 77-78, 87-97). Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, şəxsin əvvəlki hökmlər üzrə məhkumluqları ödənilmiş, yalnız sonuncu hökm üzrə məhkumluğu ödənilməmiş qalmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. CM-in 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Həmin tarixdən iki il keçmədən yenidən qəsdən cinayət əməli törətmişdir. Məhkəmə kollegiyası tərəfindən CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin şəxsdən aşkar olunan narkotik vasitənin növünü və onun çəkisinin çoxluğunu, eyni zamanda əvvəllər də dəfələrlə eyni qəbildən olan cinayət əməlinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına baxmayaraq islah olunmadan yenidən qəsdən cinayət əməli törətməsini və CM-in 65.2-ci maddəsinin tələblərini əsas götürərək sonuncuya təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın yuxarı həddinin yarısından az olmayan həddə təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında protokol”dan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Göyçay Rayon Məhkəməinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəq 19, 68-69). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı şəxsin şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin saxlanc anbarına təhvil verilmiş ümumi təmiz çəkisi 2.283 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin saxlanc anbarına təhvil verilmiş ümumi təmiz çəkisi 2.283 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-188/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-188/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver