Məhkəmə qərarları › İş №1(091)-189/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-189/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-189/2021 11.11.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxx 1962-ci il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, işsiz, Şəki şəhəri, M.F.Axundov küçəsi ev 1-də pasport qeydiyyatında olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə Balakən rayonu Katex kəndinin “Beşbulaq” adlanan ərazisinin yaxınlığında çöl sahəsində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin başlıq və yarpaq hissələrini qəsdən, satış məqsədi ilə qanunsuz olaraq toplayaraq əldə etdiyi ümumi təmiz çəkisi 92 kiloqram 405,00 qram olan, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı özü ilə həmin sahəyə apardığı sellofan örtüyün üzərinə sərərək saxlamış, 23 iyun 2021-ci il tarixdə saat 11 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin əraziyə baxış keçirilərkən onun qurutmaq üçün sərdiyi narkotik vasitə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, onun qeyd edilən narkotik vasitədən xəbəri olmamış, Balakən rayonuna işləmək üçün getmişdir. Onu həmin yerə işləmək üçün apardıqlarından, özü ilə azüqə də götürmüşdür. Lakin ora çatdıqda aldadıldığını görmüş, polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, heç bir narkotik vasitə toplamamış, qurutmaq üçün sellofan örtüyün üzərinə sərməmişdir. Odur ki, barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, əvvəllər dəfələrlə məhkum olunmuş, hər hansı psixi xəstəliklər keçirməmişdir. Sonuncu dəfə soyğunçuluq cinayəti törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2020-ci ildə Şəki Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. Azadlığa çıxdıqdan sonra işsizdir. Şəki şəhərində yerləşən bazarda iş olduqda yük daşıyır. O eşitmişdir ki, Balakən rayonunda dağlıq və dağətəyi sahələrdə narkotik tərkibli çətənə bitkiləri bitir. Ona görə də, Balakən rayonu ərazisinə gələrək narkotik tərkibli bitkilərin üzərindən istifadəyə yararlı hissələrini toplayaraq qurudub narkotik vasitə marixuana əldə edərək gələcəkdə satıb gəlir əldə etmək qərarına gəlmişdir. 21.06.2021-ci il tarixdə Şəki şəhərindən Balakən rayonuna dağ yolu ilə gəlmişdir. O, dağlıq ərazidə narkotik bitkiləri tapa bilmədiyinə görə dağdan 22.06.2021-ci il tarixdə hava qaralmamış dağətəyi ərazilərə doğru düşməyə başlamışdır. Asfalt örtüklü yolu keçərək aşağıya doğru hərəkət etdikdə qarğıdalı bitkisi sahəsi ilə meşə sahəsinin sərhəddində bitmiş narkotik tərkibli çətənə bitkilərin çoxlu sayda bitdiyi yeri görərək onları toplayıb qurutmaq qərarına gəlmişdir. Bunun üçün özü ilə Şəki şəhərindən alaraq gətirdiyi sellofan örtüyü qarğıdalı sahəsinin meşə ilə sərhəddinə yaxın yerdə yerə salmış və meşə ilə qarğıdalı sahəsinin sərhəddində bitmiş narkotik tərkibli çətənə bitkilərini kökündən çıxararaq sellofan örtüyü yerə saldığı yerə gətirərək həmin bitkilərin yarpaq və budaqlarını yığaraq sellofan örtüyün üzərinə qurutmaq üçün sərmişdir. Həmin gecəni o, qurutmaq üçün sərdiyi narkotik tərkibli bitkilərin yanında yatmışdır. 23.06.2021-ci il tarixdə saat təxminən 11 radələrində narkotiki qurutmaq üçün sərdiyi yerdə olduğu zaman qəflətən polis əməkdaşları həmin yerə getmişlər. Onun narkotik tərkibli bitkinin hissələrini toplayıb qurutmaq üçün yerə sellofan örtüyün üzərinə sərdiyi görmüşlər. O, etdiyi əməli etiraf etmişdir. Onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı onun qurutmaq üçün yığdığı sellofan örtüyün üzərinə sərdiyi narkotik tərkibli bitki hissələrini 9 ədəd kisələrə doldurmuşlar. Bundan sonra həmin kisələr ayrı-ayrılıqda çəkilmişdir. Həmin kisələr möhürlənərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun yararlı hissələrini qurutmaq üçün yığdığı narkotik ağacları sayılmış və sayının 460 ədəd, ölçüldükdə isə hündürlüklərinin 130 sm-dən 240 sm-dək olduğu müəyyən olunmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom həmin bitkilərə baxaraq onlara aqrotexniki qulluq göstərilmədiyini bildirmişdir. Həmin bitkilər 8 ədəd kisəyə doldurulub möhürlənərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra o, həmin 460 ədəd narkotik tərkibli bitkiləri kökündən çıxardığı yerləri polis əməkdaşlarına göstərmişdir. Bununla da, baxış başa çatmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru olduğundan o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdalarının dəvəti ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə, qanunla dövriyyəsi qadağan olunmuş heç nə aşkar olunmamışdır. Sonradan o, ekspert rəyi ilə tanış olduqda qurutmaq üçün sərdiyi bitki kütləsinin narkotik vasitə qurudulmamış marixuana olduğu, təmiz çəkisinin 92 kiloqram 405,00 qram olduğu ona tam aydın olmuşdur. Əlavə olaraq göstərmişdir ki, yığdığı narkotik vasitəni quruduqdan sonra onu Şəki şəhərinə apararaq müştəri tapılsa satmaq məqsədilə yığmışdır. Onun Balakən rayonu Katex kəndi ərazisində “Beşbulaq” adlanan əraziyə gələrək narkotik təkibli bitkilərin üzərindən istifadəyə yararlı hissələrini toplayarkən orada ondan əlavə kimsə olmamışdır. Onun narkotik tərkibli bitkilərin hissələrini toplayıb qurutmaq üçün sərdiyini ailə üzvləri və ümumiyyətlə kimsə bilməmişdir. O, narkotik vasitə qəbul etmir. Ona polis şöbəsində fiziki zorakılıq və psixoloji zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 23 iyun 2021-ci il tarixdə Şəki şəhər sakini Təqsirləndirilən şəxs Balakən rayonu, Katex kəndinin “Beşbulaq” adlanan ərazisində çöl sahəsində narkotik tərkibli çətənə bitkilərinin hissələrini toplaması və qurutması barədə məlumat almışdır. Bu barədə Balakən Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra digər polis əməkdaşları və dəvət edilmiş mütəxəssis-aqronom ilə birlikdə həmin əraziyə getmişlər. Orada qarğıdalı bitkiləri əkilmiş çöl sahəsi ilə meşə sahəsi arasında olan ərazidə şəffaf sellofan örtüyün üzərinə narkotik vasitə qurudulmamış marixuanaya oxşar bitki kütlələrinin sərildiyi aşkar olunmuşdur. Təxminən 50-55 yaşlı Təqsirləndirilən şəxs əlamətləri olaraq aldığı məlumatda qeyd edilmiş əlamətlərdə bir kişinin də həmin bitki kütləsinin sərildiyi yerin yaxınlığında dayandığını görmüşdür. Həmin şəxsə yaxınlaşıb özünü təqdim edib ondan özünün kim olmasını bildirməsini xahiş etdikdə o, Şəki şəhəri, M.F.Axundov küçəsi, ev 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı videokamera vasitəsilə fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs sellofan örtüyün üzərinə sərilmiş vəziyyətdə olan bitki kütləsini qurudub marixuana əldə edərək satmaq üçün topladığını, həmçinin sellofan örtüyü və ətrafda olan kisələri özü ilə əraziyə gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qurudulması üçün sərilmiş narkotik vasitəyə oxşar bitki kütləsini haradan toplaması barədə Balakən RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov tərəfindən sual verildikdə o, ərtrafda olan yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığdığını bildirmiş və təxminən 2-2,5 metr məsafə kənarda kökündən çıxarılaraq anbara yığılmış çoxlu sayda üzərindən istifadəyə yararlı hissələri yığılmış narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri göstərmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid4 həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmədiyini bildirmişdir. Selofan örtüyün üzərinə qurudulması üçün sərilmiş narkotik vasitə marixuanaya oxşar bitki kütləsi 9 ədəd sintetik kisələrə doldurulmuş və elektron tərəzi vasitəsilə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən yararlı hissələrini yığaraq kənara yığdığı ümumi sayı 460 ədəd olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər 8 ədəd sintetik kisələrə doldurulmuşdur. Ümumilikdə 17 ədəd içərisinə qurudulmamış marixuanaya oxşar bitki kütlələri və 460 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin yığıldığı kisələr sübut əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yabanı halda bitmiş narkotik tərkibli bitkiləri kökündən çıxardığı ərazini göstərmişdir. Baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis şöbəsinə gəldikdən sonra, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşvə dövlət hesabına təyin edilən vəkil Məlahət Emçiyevanın iştirakı ilə onun üzərində videçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya vasitə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İxtisasca bitkiçilik üzrə ali təhsilli alim aqronomdur. 23 iyun 2021-ci il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən dəvət edilərək Balakən rayonu, Katex kəndinin “Beşbulaq” adlanan ərazisində çöl sahəsində narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanaraq qurudulduğu əraziyə baxış keçirilərkən mütəxəssis-aqronom kimi iştirak etmişdir. Baxış başlamazdan əvvəl ona bu barədə hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı videoçəkilişdən də, istifadə edilmişdir. Balakən RPŞ-nin əməkdaşları ilə qeyd edilən əraziyə getmişlər. Orada qarğıdalı bitkiləri əkilmiş çöl sahəsi ilə meşə sahəsi arasında olan ərazidə şəffaf sellofan örtüyün üzərinə narkotik vasitə qurudulmamış marixuanaya oxşar bitki kütlələrinin sərildiyi aşkar olunmuşdur. Təxminən 50-55 yaşlı bir kişinin də həmin bitki kütləsinin olduğu yerin yaxınlığında dayandığını görmüşlər. Həmin şəxsə yaxınlaşdıqda özünü polis əməkdaşlarına Şəki şəhəri, M.F.Axundov küçəsi, ev 1-də yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı videokamera vasitəsilə fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs sellofan örtüyün üzərinə sərilmiş vəziyyətdə olan bitki kütləsini qurudub marixuana əldə edərək satmaq üçün topladığını, həmçinin sellofan örtüyü və ətrafda olan kisələri özü ilə əraziyə gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qurudulması üçün sərilmiş narkotik vasitəyə oxşar bitki kütləsini haradan toplaması barədə polis əməkdaşları tərəfindən sual verildikdə o ərtrafda olan yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığdığını bildirmiş, təxminən 2-2,5 metr məsafədə kökündən çıxarılaraq yığılmış çoxlu sayda üzərindən istifadəyə yararlı hissələri yığılmış narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri göstərmişdir. O həmin bitkilərə baxış keçirmiş, bitki kollarının köklərinin şaxəli olmamasına, mil kökün inkişaf etməsinə, yan köklərinin zəif inkişaf etməsinə əsasən müəyyən etmişdir ki, həmin bitkilərə aqrotexniki qulluq göstərilməmişdir. Bitki kollarının ümumi sayı 460 ədəd, hündürlükləri 230 sm-dən 240 sm-dək olmuşdur. Polis əməkdaşları tərəfindən həmin bitkilər 8 ədəd sintetik kisələrə, sellofan örtüyün üzərinə qurudulması üçün sərilmiş narkotik vasitə marixuanaya oxşar bitki kütlələri 9 ədəd sintetik kisələrə doldurulmuş, 9 ədəd kisələrə doldurulmuş narkotik vasitə qurudulmamış marixuanaya oxşar bitki kütlələri elektron tərəzi vasitəsilə çəkilmişdir. Ümumilikdə 17 ədəd içərisinə qurudulmamış marixuanaya oxşar bitki kütlələri və 460 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin yığıldığı kisələrin üzəri Balakən RPŞ-nin “Arayışlar üçün” 185 nömrəli möhürü ilə möhürlənərək iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yabanı halda bitmiş narkotik tərkibli bitkiləri kökündən çıxardığı ərazini göstərmişdir. Əraziyə baxış zamanı narkotik tərkibli çətənə bitkilərinin kökündən çıxarılaraq götürüldüyü yerlər müəyyən olunmuşdur. Bununla baxış başa çatmışdır. Balakən RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov tərəfindən baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin onun tərəfindən çöl sahəsindən aşkar edilmiş 460 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərə aqrotexniki qulluq göstərilməməsi barədə rəy tərtib olunmuşdur. Baxış başa çatdıqdan sonra Balakən RPŞ-yə qayıtmışlar. Cinayət işinin materiallarında olan 23.06.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Balakən rayonu Katex kəndinin Beşbulaq adlanan ərazisində yerləşən qarğıdalı sahəsi ilə meşəlik sahənin sərhəddində qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə bitkilərinin hissələrini yığaraq qurutması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 4). Cinayət işinin materiallarında olan 23.06.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı saat 11:00-dan 12:30-dək Balakən rayonu, Katex kəndinin “Beşbulaq” adlanan ərazisində baxış keçirilmişdir. Baxış zamanı qarğıdalı sahəsinin ortasından keçən yolun meşə ilə sərhəddində yerdə polietilenin üzərinə sərilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərin hissələri aşkar olunmuşdur. Həmin bitki hissələrinin yanında sintetik kisələr yığılmışdır. Polietilenin üzərinə qurudulması üçün sərilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitkinin hissələri sintetik kisələrə qablaşdırırlaraq möhürlənmiş və sintetik kisələr elektron tərəzidə çəkilmiş və 1-ci kisə 9 kq 565 qr, 2-ci kisə 15 kq 200 qram, 3-cü kisə 8 kq 325 qr, 4-cü kisə 10 kq 600 qr, 5-ci kisə 15 kq 810 qr, 6-cı kisə 11 kq 170 qr, 7-ci kisə 11 kq 960 qram, 8-ci kisə 8 kq 685 qr, 9-cu kisə 11 kq 210 qr gəlmişdir. Həmin 9 kisə narkotik tərkibli çətənə bitkisinə oxşar bitki hissələri maddi sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Həmin yerdən 2-2,5 metr aralıda qalaqlanmış yarpaqları və budaqları yığılmış narkotik tərkibli çətənə bitkisinə oxşar bitki gövdələri aşkar olunmuşdur. Hündürlüyü 130 sm-dən 240 sm-dək olan 460 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki gövdələri sintetik kisələrə qablaşdırılaraq maddi sübut əhəmiyyətinə malik oduğundan götürülmüşdür. Həmin yerin yaxınlığında sellofan torbada çörək və kolbasa aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin çörək və kolbasanın onun olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bitki kollarını qarğıdalı sahəsi ilə meşə sahəsinin sərhəddindən kökündən çıxararaq polietilenin yanına gətirərək yarpaq və gövdələrini yığıb polietilenin üzərinə qurudulması üçün sərdiyini, narkotik tərkibli çətənə bitkisinin gövdəsini isə 2-2,5 metr aralıya atmasını bildirmişdir. Baxış və götürmənin keçirilməsini özündə əks etdirən videoçəkiliş iki ədəd diskə köçürülüb protokola əlavə edilmişdir (cild 01, iş vər. 9-13). Cinayət işinin materiallarına əlavə edilmiş alim-aqronom Şahid4 tərəfindən tərtib olunmuş 23.06.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, həmin tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı Balakən rayonu, Katex kəndinin “Beşbulaq” adlanan ərazisində baxışda iştirak etmiş, baxış zamanı qarğıdalı sahəsinin ortasından keçən yolun meşə ilə sərhəddində yerdə polietilenin üzərinə sərilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərin hissələri, həmçinin həmin yerdən 2-2,5 metr aralıda qalaqlanmış yarpaqları və budaqları yığılmış narkotik tərkibli çətənə bitkisinə oxşar bitki gövdələri aşkar olunmuşdur. Hündürlüyü 130 sm-dən 240 sm-dək olan 460 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki gövdələrinin kök sistemi şaxəli olmadığı, əsasən mil kökü inkişaf etdiyi üçün, yan köklərin zəif inkişaf etdiyinə görə onlara aqrotexniki qulluq göstərilmədiyini müəyyən etmişdir (cild 01, iş vər. 14). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji eskpertizasının 24.06.2021-ci il tarixli 17/464 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 08 (səkkiz) ədəd sintetik kisələrin içərisində, hündürlükləri 130 sm-dən 240m-dək, ümumi təmiz çəkiləri 32 kiloqram 455.00 qram olan olan 460(dörd yüz altmış) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid4 23 iyun 2021-ci il tarixli rəyinə əsasən 460(dörd yüz altmış) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməmişdir. Tədqiqata təqdim olunmuş 09 (doqquz) ədəd sintetik kisələrin içərisində ümumi təmiz çəkiləri-92 kiloqram 405,00 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustara üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. Təqdim olunmuş 460 (dörd yüz altmış) ədəd çətənə bitkiləri və qurudulmamış marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 51-54). Cinayət işinin materiallarında olan 25.06.2021-ci il tarixli “İfadələrin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmişdir. Daha sonra müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 73-78) Cinayət işinin materiallarında olan Şəki Rayon Mərkəzi X3 Şəxsi tərəfindən verilmiş 14.07.2021-ci il tarixli 841 saylı məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 05.08.2010-cu il tarixdən “xroniki alkoqolizm” diaqnozu ilə “Şəki RMX” publik hüquqi şəxsin narkologiya kabinetində qeydiyyatdadır (cild 01,iş vər. 133) Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 iyul 2021-ci il tarixli, 349 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və və həmin əməli törədərkən hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini tam dərk etmək və idarə etmək iqtidarındadır (cild 01, iş vər. 141-142) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 iyul 2021ci il tarixli 840 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən və alkoqoldan sui-istifadə nəticəsində yaranmış narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkir. Narkomaniya və alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 143) Cinayət işinin materiallarında olan 04.08.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 237-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 156-163). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 23.06.2021-ci il tarxdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Balakən rayonu Katex kəndinin Beşbulaq adlanan ərazisində yerləşən qarğıdalı sahəsi ilə meşəlik sahənin sərhəddində qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə bitkilərinin hissələrini yığaraq qurutması və saxlaması barədə məlumat daxil olmuş, həmin əraziyə gedilmiş və orada Təqsirləndirilən şəxs aşkar edilmiş, daha sonra video çəkilişlə Təqsirləndirilən şəxs da iştirakı ilə həmin əraziyə baxış keçirilmiş və həmin ünvanda narkotik vasitələr aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 23.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs da iştirakıilə Balakən rayonu Katex kəndinin Beşbulaq adlanan ərazisində yerləşən qarğıdalı sahəsi ilə meşəlik sahənin sərhəddinə baxış keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən, habelə ifadəsi hadisə yerində yoxlanılarkən törətdiyi cinayət əməlini etiraf etməsinə dair ifadəsi cinayət işinin materialları ilə üst-üstə düşdüyündən və obyektiv həqiqəti əks etdirdiyindən, məhkəmə kollegiyası məhz həmin ifadəni əsaslı sayaraq ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə hesab edir və vurğulayır ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 138-140). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Şəki Ağır Cinayətlər Məhkəməsinin 06.10.2015-ci il tarixli hökmünə əsasən CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 07.03.2018-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzası 05 ilə endirilmiş, Şəki Rayon Məhkəməsinin 29.01.2020-ci il tarixli qərarı ilə 03 ay vaxtından əvvəl şərti azad olunmuş, 29.04.2020-ci il tarixdə isə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 105-108). Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə məhkum olunduğu cinayət əməli az ağır cinayət hesab edildiyindən və CM-nin 83-cü maddəsinə əsasən az ağır cinayətlərə görə məhkumluğun ödənilməsi üçün nəzərdə tutulan müddət iki il olduğundan, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini isə 2021-ci ilin iyun ayında, yəni cəzasının sonu ilə azad olunduqdan iki il müddət keçmədən törətdiyindən, onun əməlində cəzanı ağırlaşdıran hal olan cinayətlərin residivi müəyyən olunur. Həmçinin Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan digər cəzanı ağırlaşdıran hallar müəyyən olunmur. Eyni zamanda Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, əvvəllər də qəsdən cinayət əməli törətməyə görə dəfələrlə məhkum olunmasını və əməllərindən nəticə çıxarmamasını nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddaəlarını əsas götürərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid edildiyindən və şəxsin əməlində cinayətlərin residivi müəyyən edildiyindən, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokollardan və Balakən Rayon Məhkəmənin 25.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 23.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən 23.06.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 34,97-100). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına aid edilməli, ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı 23.06.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan və alkoqolizmdən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir, həmçinin yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Balakən RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 09 ədəd sintetik kisədə Təqsirləndirilən şəxs Balakən rayonu, Katex kəndi ərazisində çöl sahəsindən yabanı halda bitmiş narkotik tərtkibli çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi və baxış zamanı aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 92 kiloqram 405,00 qram çəkidə və məhkəmə-bioloji ekspertizasının rəyindən sonra faktiki çəkisi 92 kiloqram 404,55 qram olan qurudulmamış marixuana, 08 ədəd sintetik kisədə 460 ədəd aqrotexniki qaydada qulluq olunmamış, hündürlükləri 130 sm-dən 240 sm-dək, ümumi çəkisi 32 kiloqram 405,00 qram çəkidə və məhkəmə-bioloji ekspertizasının rəyindən sonra faktiki çəkisi 32 kiloqram 453,90 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 23.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan və alkoqolizmdən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Balakən RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 92 kiloqram 404,55 qram olan qurudulmamış marixuana və 32 kiloqram 453,90 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar