Məhkəmə qərarları › İş №1(091)-189/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-189/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-189/2024 10.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1980-ci ildə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən, yəni təmiz çəkisi 4,680 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir ədəd şəffaf rəngli sellofan bükümdə qablaşdırmaqla üzərində daşıyaraq saxlamış, 19 fevral 2024-cü il tarixdə saat 16 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində faktiki sahibliyində olan etibarnamə ilə idarə etdiyi Opel Astra markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Göyçay şəhəri Natəvan küçəsində saxlanılaraq rayon Polis Şöbəsinə gətirilmiş, 19 fevral 2024-cü il tarixdə saat saat 1652-də RPŞ-nin Növbətçi Hissəsində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,680 qram həmin kustar üsulla hazırlanmış narkotik vasitə heroin heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 fevral 2024-cü il tarixdə saat 16 radələrində o yemək yemək üçün çay evindən çıxıb yolun əks tərəfində yerləşən Tuqay mebel evinin qarşısında saxladığı özünə məxsus “Opel Astra” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilini işə salıb evinə getmək istəyərkən sonradan Göyçay rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildiyi mülki geyimdə 5-6 nəfər şəxs ona yaxınlaşıb başına nə isə keçirib əlini də arxadan qandal vurub öz avtomobilinə arxa oturacağa əyləşdirmiş, daha sonra başını arxa oturacağın arasına salmışlar. Həmin vaxt yalnız Şükür adlı polis əməkdaşını tanımış, sağ tərəfində oturan polislərdən biri cibinə nə isə qoyduğunu hiss etmişdir. Göyçay rayon Polis Şöbəsinə gətirildikdən sonra onu hansısa mərtəbəyə qaldırıb orada hansısa otağa salmış, otaqda başına keçirdikləri əşyanı çıxardıqda orada olan Rəşid, Azad və Şükür adlı polisləri tanımışdır. Azad və Rəşid adlı polislər ona üzərindən çıxacaq narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsə yaşadığı evə də qoyaraq ailə üzvləri ilə təhdid etmiş, ancaq buna razı olmamışdır. Bir qədər sonra onu birinci mərtəbəyə düşürüb orada müdafiəçi X4 ilə təmin olunduqdan sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus olan 1 ədəd “Xiaomi” markal mobil telefon və “Orbit” saqqızı, sol yan cibindən 54 manat pul əskinazı, bir ədəd “Azərişıq” kartı, özünə məxsus olan “Opel Astra” markalı avtomobilin açarını, əynində olan gödəkçənin sol yan cibindən üzərində “Quisser” və “LT 3 yazısı olan dərman həbləri, qara rəngli qulaqcıq, 1 ədəd üzərində “Meçta” yazısı olan karamel, “Azərsu” kartı, sağ yan cibindən isə üzərində “Balzam” yazısı olan burun mazı və bir ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sellofan büküm elektron tərəzidə çəkilən zaman çəkisi 4,92 qram olmuş, sellofan büküm və dərman həbləri ayrı-ayrı iki ədəd zərflərə qablaşdırılaraq götürülmüşdür. Daha sonra əynində olan gödəkçənin iç cibində olan bir ədəd pul kisəsini və salfetka çıxarılaraq masanın üzərinə qoyulmuş, pul kisəsində olan 2 ədəd “Beynəlxalq bank” kartı və ona məxsus “Xiaomi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərinə keçirilən şəxsi axtarış başa çatdıqdan sonra ona məxsus olan və saxlanılarkən idarə etdiyi “Opel Astra” markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobildən narkotik vasitə və ya qanunla qadağan olunmuş heçnə aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş sellofan bükümün içərisində olan maddənin nədən ibarət olmasını bilməmiş, həmin büküm ona məxsus olmamaqla mülki geyimli polis əməkdaşları onu saxladıb idarə etdiyi avtomobildə onu polis şöbəsinə gətirən zaman polislərdən biri onun cibinə qoymuşdur. 2023-cü ildə Göyçay polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi Rəşid və müavin işləyən Azad adlı polis əməkdaşı ilə bir neçə ay əvvəl Məhərrəmlik günündə azyaşlı uşağını məscidə salmaq üstündə aralarında mübahisə yaranmış, həmin vaxtdan sonra da Rəşid adlı polis onunla ədavət aparmışdır. Həmin vaxt Rəşid onun hörmətsizlik etdiyini və onun bu hərəkətinin cavabsız qalmayacağını bildirmiş, 2023-cü ilin oktyabr ayında 4-5 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq barəsində şikayət olduğunu bildirərərk onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apararaq orada onu səkkiz gün sorğu-sual edib buraxmışlar. Ona görə də Rəşid adlı polisin qəsdən onun cibinə narkotik qoydurub onu tutdurmasını düşünmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin rəisi işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la birlikdə saat 16 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı avtomobili ilə Göyçay şəhəri Natəvan küçəsində hərəkət etməsini görüb sonuncunu saxlatmış, Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs qaçmaması və üzərində, avtomobilində olan narkotik vasitəni atacağından ehtiyyat etdiyikləri üçün baş əməliyyat müvəkkili Şahid3 özü sonuncunun avtomobilinə sükan arxasına əyləşmiş, Təqsirləndirilən şəxs isə öz avtomobilində qarşı oturacaqda əyləşməklə avtomobili rayon polis şöbəsinin inzibati binasının həyətinə sürmüşlər. O da Şahid2la birlikdə Fiat Doblo markalı xidməti avtomobillə polis şöbəsinə gəlmiş, polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs avtomobilinin qapılarını avtomobilin pultu ilə bağladıqdan sonra avtomobilin pultunu və açarını da özündə saxlamışdır. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olmaqla çəkisi 4,92 qram olan bir ədəd sellofan büküm aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs saxlayan zaman qoluna qandal vurmamış, başına heç nə keçirməmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zorakılıq etməmiş, Təqsirləndirilən şəxs saxladıqdan sonra Şahid3 sonuncunun avtomobilində sükan arxasında, sonuncu özü isə qarşı oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs ancaq Növbətçi Hissənin qarşısında saxlanılmış, polis şöbəsinin heç bir mərtəbəsinə qaldırılmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 və Şahid3, X1 baş inspektor kriminalisti işləyən Şahid6 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Göyçay rayon X6 Hissəsinin məsul növbətçisi işləyən Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, RPŞ rəhbərliyinin tərtib etdiyi qrafika əsasən o xx.xx.2024-cü il tarixdə saat 09:00-dan xx.xx.2024-cü il saat 09:00-dək növbədə olmuş, 19 fevral 2024-cü il tarixdə saat 16 radələrində RPŞ-nin inzibati binasında Növbətçi Hissədə olan zaman mobil rabitə vasitəsilə bir nəfər şəxsin üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə daşımaqda şübhə olduğu üçün polis şöbəsinə gətirildiyini və həmin şəxsin avtomobilini inzibati binanın duracağına salmaq istədiklərini bildirdikdən sonra RPŞ-nin inzibati binasının arxa tərəfindən duracağa giriş qapısını açmışdır. Həmin vaxt baş əməliyyat müvəkkili Şahid3 sonradan adını bildiyi Təqsirləndirilən şəxs məxsus Opel Astra markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək duracağa salmış, həmin vaxt avtomobildə qarşı oturacaqda Təqsirləndirilən şəxs özü əyləşmişdir. Həmin avtomobilin arxasınca isə Fiat Doblo markalı xidməti avtomobillə Şahid1 və Şahid2 da içəri daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs öz avtomobilinin qapılarını bağladıqdan sonra polislər sonuncunu Növbətçi Hissənin qarşısına aparmışlar. Həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs saxlanılması barədə şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra müvafiq sənədləşmə aparılması üçün o növbədə olan təhqiqatçı Şahid4 xidməti otağına zəng edib bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs üzərinə video-çəkiliş aparılacağı üçün KTQ-nun baş inspektor kriminalisti Şahid6 xidməti otağına zəng edərək çəkiliş aparması üçün 1-ci mərtəbəyə düşməsini bildirmiş, bir neçə dəqiqə ərzində müdafiəçi Mətanət Həsənova gəldikdən sonra sonuncunun barəsində müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs qolunda qandal və ya başına nəsə keçilməsini görməmiş, Təqsirləndirilən şəxs normal qaydada avtomobilindən düşərək avtomobilinin qapılarını pultla bağlayıb açarı da öz cibinə qoymuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra heç kim sonuncunu binanın hansısa mərtəbəsinə qaldırmamış və ya heç bir təzyiqə məruz qoymamışdır. Həmin günü sonuncunun üzərinə və avtomobilinə baxış bitdikdən sonra yalnız bircə dəfə izahat verməsi üçün xidməti otağı 3-cü mərtəbədə yerləşən təhqiqatçı Pərvin müəllimin otağına qaldırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin rəisi işləyən Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Göyçay rayon sakini kimi tanımaqla sonuncu ilə arasında əvvəllər heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. 19 fevral 2024-cü il tarixdə CAB-nin əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında həmin şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, üzərində və idarə etdiyi Opel Astra markalı 77 DG nömrəli avtomobil ilə daşıması məlum olmuş, bu barədə məlumat daxil olduqdan sonra əməliyyat müvəkkili tərəfindən raportla şöbə rəhbərliyinə müraciət edilmişdir. Tədbirdə iştirak edəcək əməkdaşlara təlimatlandırma keçirilərək əməliyyat axtarış tədbirlərinin keçirilməsinə başlanmış, həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs məxsus Opel Astra markalı ** DG *** nömrəli avtomobili Göyçay şəhəri Natəvan küçəsində saxladıb özlərini təqdim edib üzərində və avtomobildə narkotik vasitə daşıması və narkotik vasitənin satışı ilə məşğul olmaqda şübhəli olduğu deyib həmin şəxsi rayon polis şöbəsinə dəvət edib avtomobil ilə birlikdə rayon polis şöbəsinin İnzibati binasının həyətində olan duracağa gətirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilini tədbirdə iştirak edən CAB-ın baş əməliyyat müvəkkili Şahid3 idarə etmiş, Təqsirləndirilən şəxs özü isə avtomobilində qarşı oturacaqda əyləşmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs avtomobilinin qapılarını pultla bağladıqdan sonra sonuncunu Növbətçi Hissənin qarşısına aparmışlar. Orada təhqiqatçı Şahid4 tərəfindən müdafiəçi Mətanət Həsənova ilə təmin edilərək şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmiş və video-çəkiliş vasitəsilə ilk öncə üzərinə şəxsi axtarış, daha sonra isə avtomobilinə baxış keçirilmişdir. Həmin vaxt avtomobilindən narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı narkotik vasitə aşkar edilməsə də, üzərinə şəxsi axtarış zamanı 1 ədəd sellofan bükümdə çəkisi 4,92 qram qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirlikdikdən sonra ancaq Növbətçi Hissənin qarşısında saxlanılmış, polis şöbəsinin hansısa mərtəbəsinə qaldırılmamışdır. Təqsirləndirilən şəxs onun və ya rəis müavini Azad Məmmədov tərəfindən heç bir təzyiqə məruz qalmamış, sonuncu cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün yalan danışmışdır. 2023-cü ilin Məhərrəmlik ayında Göyçay rayonu ərazisində fəaliyyət göstərən Əbülfəz Abbas məscidində Təqsirləndirilən şəxsla aralarında heç bir münaqişə olmamış, bu barədə sonuncuya Ruslan Məmmədov və Tahir Axundov vasitəsilə heç bir xəbər göndərmişdir. Eyni zamanda sonuncudan pul verməsi barədə heç bir tələbi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-ci il tarixli 17/684 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “V.R.Məmmədovun üzərindən aşkar edilərək götürülmüş kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 2,491 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxildir. (İ siyahı) İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2024-cü il tarixli 587 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs heroindən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 fevral 2024-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə çəkisi 4,92 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Göyçay rayon Mərkəzi Xəstəxanası” X8 alınmış xx.xx.2024cü il tarixli 18-1-40/2-427/2024 nömrəli arayışdan görünür ki, Göyçay şəhəri, Ş.İ.Xətai küçəsi ev 10-da qeydiyyatda olan xx.xx.1980-ci ildə doğulmuş Təqsirləndirilən şəxs həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 01-929 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri Ş.İ.Xətai küçəsi ev 10 ünvanında qeydiyyatda olmaqla yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Himayəsində xx.xx.2019-cu ildə doğulmuş Əbəlfəzağa Zeynalov, xx.xx.2016-cı ildə doğulmuş Ruqiyyəxanım Zeynallı və xx.xx.2010cu ildə doğulmuş Zenalabdin Zeynallı adlı üç azyaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş 19 fevral 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1045-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin bir bükümdə olması, əvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, narkotik vasitələrin satışını təsdiq edəcək hər hansı mobil telefon danışığının və SMS yazışmalarının aşkar olunmaması kimi hallar onun üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmaması və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını təsdiq etməsə də polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuzluq və zorakılıq hallarına yol verilməmiş, həmin vaxt ona qarşı hansısa bir qanunsuzluq edilməsinə dair heç bir müraciət etməmiş, bundan başqa polis əməkdaşlarının narkotik vasitəni onun cibinə qoymalarına dair hansısa dəlil təqdim edə bilməmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ifadəsini işin hallarına uyğun gəlmədiyinə görə obyektiv və səmimi ifadələr kimi qəbul etmir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olması və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 134,10 AZN (yüz otuz dörd manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 134,10 AZN (yüz otuz dörd manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay rayon Polis Şöbəsində saxlanılan 4,630 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar