Məhkəmə qərarları › İş №1(091)-189/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-189/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-189/2025 14.01.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1105,0 (min yüz beş) qram narkotik vasitə olan qurudulmuş marixuananı 2024-cü ilin avqust ayının ortalarında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində çayın sahilindəki yaşıllıq ərazidə yabanı halda bitən 02 (iki) ədəd çətənə bitkisinin yarpaqlarından yığıb qurutmaqla əldə edərək həmin narkotik vasitə qurudulmuş marixuananı Yevlax şəhəri Kür çayı kənarında olan ərazidə gizlədərək saxlamış, xx.xx.2025-ci il tarixdə saat 11:39-da Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamaqda şübhəli bilindiyinə görə Yevlax şəhəri ərazisində “Dəvəçi qəbirstanlığı” yaxınlığında piyada hərəkət edən zaman Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 11:39-dan 11:50-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs sol əlindəki 1 (bir) ədəd tünd boz rəngli gödəkçəyə bükülmüş halda göy rəngli sellofan torbanın içərisində olan 1 (bir) ədəd ağ rəngli sellofan kisənin içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1105,0 (min yüz beş) qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, səhər saat 7 radələrində polis əməkdaşları qanunsuz evinə daxil olaraq onu saxlamışdır. Onu Kərim, Teymur və Şəhliyar adlı polis əməkdaşları saxlamışdır. Onu saxlayıb polis şöbəsinə aparmışlar. Daha sonra ona təzyiq göstərmişlər. Narkotiki göstərərək boynuna almaması təqdirdə onun boynuna 10 kiloqram narkotik vasitə qoyacaqlarını bildirmişlər. Təzyiq altında olduğu üçün narkotik vasitəni boynuna götürmüşdür. Ona kömək edəcəklərini və CM-in 234.1-ci maddəsi ilə ittiham verəcəklərini, 48 saat sonra evə buraxacaqlarını qeyd etmişlər. Lakin dedikləri kimi olmamışdır. Bir sözlə təzyiq altında olduğu üçün polis əməkdaşları ilə razılaşmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, müstəntiqə verdiyi ifadəni oxumamışdır. Çünki oxuması yoxdur. Müstəntiq ifadəni ona oxumamışdır. 5 il bundan əvvəl marixuanadan istifadə etmişdir. Sonradan tərgitmişdir. Qardaşı məhkəmədən bəraət almışdır. Polis əməkdaşlarının niyə evə daxil olduqlarını və onu hansı səbəbə saxladıqlarını bilməmişdir. Narkotik vasitəni üzərinə polis şöbəsində qoymuşlar. Həmin vaxt orada Kərim, Teymur və Şəhliyar adlı polis əməkdaşları olmuşdur. Ona nə deyiblərsə onu etmişdir. Qollarını qandallamışlar. Ona demişdirlər ki, narkotiki boynuna almasa, evinə 10 kiloqram narkotik vasitə qoyacaqlar. Ona fiziki təsir göstərmişlər. Onu səhər 7 radələrində saxlamışlar. Təzyiq altında olduğu üçün vəkilə heç nə deməmişdir. Təzyiq altında olduğu üçün polis əməkdaşları ilə razılaşmışdır. Ona demişdirlər ki, narkotiki boynuna almasa, evinə 10 kiloqram narkotik vasitə qoyacaqlar. Aşkar olunan narkotik ona məxsus olmamışdır. Vəkilin yanında əməliyyatçılar dayanmışdır. Əvvəlcədən demişdirlər ki, vəkilinə nə isə desə onunla başqa formada danışacaqlarmış. O da qorxduğu üçün vəkilə heç nə deməmişdir. Ona demişdirlər ki, vəkilə nə isə desə 8 ildən 12 ilə qədər onu həbsə göndərəcəklər. Onu döyüb işgəncə vermişlər. Polis şöbəsində bir gün qaldıqdan sonra prokurorun yanına aparmışlar. Prokurora narkotikdən istifadə etdiyini demişdir. Məhkəmə qarşısına çıxan zaman narkotikin ona məxsus olduğunu demişdir. Çünki polis əməkdaşlarından qorxmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 22 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanması ilə məşğul olmaqda şübhəli olması barədə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olduğundan Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun şəxsiyyəti, qeydiyyat və yaşayış yeri müəyyən etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin gün polis şöbəsindən çıxaraq Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində “Dəvəçi” qəbirstanlığı yaxınlığına getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində “Dəvəçi” qəbirstanlığı yaxınlığında olması barədə məlumatı olmuşdur. Saat 11:39 radələrində Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində “Dəvəçi” qəbirstanlığı yaxınlığında sol əlindəki tünd boz rəngli gödəkçəyə bükülmüş halda kisə ilə hərəkətdə olan Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. Bundan sonra saat 11:39-dan 11:50-dək onun üzərində yoxlama keçirilmişdir. Yoxlama keçirilərkən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansı qanunla qadağan olunmuş hər hansı əşya, predmetin olub-olmadığı soruşulmuş, olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı əlindəki sol əlindəki göy rəngli torbanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd göy rəngli torbanın içərisində nə olduğu soruşulduqda o, həmin torbanın içərisində narkotik vasitə - qururdulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 2024-cü ilin avqust ayının ortalarında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində çayın sahilində yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından toplayıb həmin ərazidəki yaşıllıqda qurutduğunu, özünün arada narkotik vasitə istifadə etdiyi üçün həmin kütlənin narkotik vasitə olan qururdulmuş marixuana olduğunu bildiyini, həmin narkotikdən bir hissəsini özü istifadə etdikdən sonra qalan hissəsini istifadə etmək üçün həmin göy rəngli içərisinə qoyub həmin ərazidə gizlətdiyini, ailə üzvləri və başqa şəxslərin xəbər tutmaları üçün kütlənin yerini dəyişdirmək üçün Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində “Dəvəçi” qəbirstanlığı yaxınlığında piyada hərəkətdə olarakən Yevlax RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdığını, həmin vaxt narkotik vasitənin üzərində olmasını demişdir. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi narkotik vasitəni də özü üçün istifadə edəcəyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra həmin göy rəngli sellofan torbanın içərisində olan bir ədəd ağ rəngli sellofan kisənin içərisinə baxdıqda içərisində tünd yaşıl rəngli, ovuntu halında, spesifik kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə așkar edildi. Həmin tünd yaşıl rəngli, ovuntu halında, spesifik kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisi 1140 (bir min yüz qırx) qram olmuşdur. Bundan sonra onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı İsmayıl Cəfərzadəyə təhvil vermişlər. 22 yanvar 2025-ci il tarixdə saat 13:05 dəqiqədən saat 13:40 dəqiqəyədək olan müddət ərzində Yevlax rayon polis şöbəsinin inzibati binasında xidməti iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video görüntülərinin özündə əks etdirən DVD diskə və üzərindən aşkar edilən əşyaya baxış keçirilmiş və həmin istintaq hərərkətində qara rəngli sellofan torbaya qablaşdırılan kütləyə yenidən baxış keçirirlərək narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə maddi sübut əhəmiyyət kəsb edildiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənərək götürülmüş və qablaşdırılmış kütlənin narkotik vasitə olan qururdulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahidlər Şahid1, Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: 22 yanvar 2025-ci il tarixli “raport”dan görünür ki, xx.xx.1989-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Yevlax RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 05). 22 yanvar 2025-ci il tarixli “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 07). 22 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanmasına və baxış keçirilməsinə dair” protokoldan və ona əlavə olunmuş DVD diskdən görünür ki, 22 yanvar 2025-ci il tarixdə saat 11:39 dəqiqədən saat 11:50 dəqiqəyədək olan müddət ərzində Yevlax şəhəri C.Mustafayev küçəsində “Dəvəçi” qəbiristanlığının yaxınlığında Təqsirləndirilən şəxs üzəri yoxlanılaraq baxış və götürmə aparılmış, həmin istintaq hərəkətində Təqsirləndirilən şəxs saxlanılma səbəbini izah edərək üzərində yoxlama və baxış keçiriləcəyini izah edilmiş və Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlindəki 1 (bir) ədəd tünd boz rəngli gödəkçəyə bükülmüş halda göy rəngli sellofan torbanın içərisində olan 1 (bir) ədəd ağ rəngli sellofan kisəni polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən yoxlama-baxış zamanı üzərindən qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Şahid2 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd tünd boz rəngli gödəkçəyə bükülmüş halda göy rəngli sellofan torbanın içərisində olan 1 (bir) ədəd ağ rəngli sellofan kisədə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni təxminən 2024-cü il tarixdə Kür çayının Yevlax şəhər ərazisindən keçən hissəsində kolluq ərazidən tapdığını, həmin tapmış olduğu narkotik vasitəni həmin əraziyə yaxın yaşıllıqda gizlətdiyini, oradan hissə-hissə götürərək istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin göy rəngli sellofan torbanın içərisində olan 1 (bir) ədəd ağ rəngli sellofan kisədə olan kütləni elektron tərəzidə çəkmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin ümumilikdə 1,140 qram olmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı bir ədəd zərfin içərisinə yerləşdirmiş zərfin ağzını bağlayaraq qablaşdırmış və zərfin üzərini şöbənin 85 nömrəli möhrü ilə möhürləmişdir. Təqsirləndirilən şəxs digər iştirakçılarla birlikdə zərfin üzərini öz imzası ilə imzalayaraq təsdiqləmişdir. Qablaşdırma bitdikdən sonra Şahid2 baxışın bitdiyini elan etmişdir. Baxış saat 11:39 dəqiqədən saat 11:50 dəqiqəyədək aparılmışdır. (cild 01, iş vər. 10-12). 22 yanvar 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-də təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı tərəfindən xidməti iş otağında ilk öncə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu qablaşdırmanın ağzı açılaraq içərisinə baxış keçirilmiş. Baxış keçirildikdən sonra həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təhqiqatçı tərəfindən bir ədəd vərəqin üzərində müvafiq qeydlər aparıldıqdan sonra həmin vərəq iştirakçılar tərəfindən imzalanmış və qablaşdırılmış sintetik kisənin üzərinə yapışdırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs saxlanılması və üzərində baxış keçirilməsini əks etdirən DVD diskə, baxış keçirilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitəni təxminən 2024-cü ilin yay aylarında Kür çayının Yevlax rayon ərazisindən keçən hissəsindən tapdığını, özü istifadə etmək üçün saxladığını bildirmişdir (cild 01, iş vər. 14-16). 22 yanvar 2025-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur (cild 01, iş vər.27-28). 22 yanvar 2025-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış zamanı hər hansı əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir (cild 01, iş vər. 31-39). 22 yanvar 2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin 17/62 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd göy sellofanda qurudulmuş marixuanaya bənzər kütlə ...” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd qara rənli sellofan bağlamanın içərisindəki 01 (bir) ədəd sintetik torbada, təmiz çəkisi – 1105,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi–1105,0 qr. tədqiqata sərf edildi–0,20 qr.,qalıq– 1104,80 qr (cild 01, iş vər. 47-50). 24 yanvar 2025-ci il tarixli, 4(039)-9/2025-001 nömrəli Yevlax Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində müddəti dörd ay həddində olmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 78-83). xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (cild 01, iş vər. 91-92). 27 yanvar 2025-ci il tarixli “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin PHŞ-444/25 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxsnanın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 93). 31 yanvar 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 147 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitı olan kannobionoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyində əzab çəkir.Hal-hazırda narkotik abstinensiya(narkotik vasitələrin) aclığı əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsi məsləhət görülür (cild 01, iş vər. 99). 14 fevral 2025-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması məqsədi ilə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində çayın sahilindəki əraziyə aparılmış, o, çətənə bitkilərini yığdığı yeri göstərmişdir. Onun göstərdiyi ərazidən çətənə bitkisinin qalıqlarına bənzər 02 (iki) ədəd köklər torpaqla birlikdə nümunə kimi qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 103-105). 14 fevral 2025-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan və fotocədvəldən görünür ki, Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində çayın sahilindəki əraziyə aparılmış, aparılmış istintaq hərəkətləri axşam vaxtı, açıq hava və təbbi işıqlandırma şəraitində saat 17:11-dən 17:34-də qədədr davam etmiş və həmin ərazidən çətənə bitkisinin qalıqlarına bənzər 02 (iki) ədəd köklər torpaqla birlikdə nümunə kimi qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 107-108). 18 mart 2025-ci il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxs adına mobil nömrə olması müəyyən edilməmişdir (cild 01, iş vər. 134). 25 mart 2025-ci il tarixli “diskə baxış keçirilmə haqqında” protokolundan görünür ki, 22 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasına, əşyaya və diskə baxış keçirilməsinə və üzərində şəxsi axtarış aparılmasına dair, habelə təxirəsalınmaz istintaq hərəkətlərinin videogörüntülərini özünə əks etdirən 03 (üç) ədəd DVD disklərə baxış keçirilmiş və DVD disklər cinayət işi materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 135-136). 02 aprel 2025-ci il tarixli Yevlax şəhər 1 nımrəli sahə inzibati ərazi Dairəsi üzrə nümayəndəliyin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır, ailə tərkibi həyat yoldaşı və uşaqlarından ibarətdir, altı azyaşlı uşaqları var və qismən müsbət xarakterizə olunur (cild 01, iş vər. 138-139). 28 mart 2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 17/234 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “250400008 nömrəli cinayət işi üzrə Kür çayının sağ sahilinin Yevlax şəhərinin ərazisindən keçən hissəsində yerləşən yaşılıq ərazıdən götürülmüş 02 (iki) ədəd kök və torpaq nümunəsi yazısı olan 01 (bir) ədəd kağız bağlamanın içərisində 01 (bir) ədəd sellofana bükülmüş 02 (iki) ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir.Təqdim olunmuş 02 (iki) ədəd çətənə (kannabis) bitkisinin hissələri yalnız kök və gövdədən ibarət olduğundan (üzərlərində yarpaq və çiçək olmadığından) onların təqdim olumuş qurudulmuş marixuana ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Təqdim olunmuş 02 (iki) ədəd çətənə (kannabis) bitkisinin hissələrinin köklərində olan torpaq hissəcikləri ilə 01 (bir) ədəd sellofan torbada olan torpaq nümunəsi qrup (rənginə) və cinsi (mexaniki tərkibi, karbonatlığı, mineral tərkibi və humusu) əlamətlərinə görə eynidirlər (cild 01, iş vər. 141- 144). 20 aprel 2025-ci il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1105,0 (bir min yüz beş) qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana onun özünə məxsusdur. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş 1105,0 (bir min yüz beş) qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyəti olmamışdır. O, narkotik vasitə istifadəçisidir. Onun üzərindən aşkar edilərək götürülmüş 1105,0 (bir min yüz beş) qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuanadan başqa bir yerdə qanunsuz olaraq narkotik vasitə saxlamadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1105,0 (bir min yüz beş) qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı 2024-cü ilin avqust ayının ortalarında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində çayın sahilindəki yaxınlığındakı yaşıllıqda yabanı halda bitən 2 ədəd çətənə bitkisinin yarpaqlarından toplayıb qurutmaqla əldə etmişdir (cild 01, iş vər. 152). 22 aprel 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.1, 234.4.3 və 237.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (cild 01, iş vər.154-163). Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsi Təqsirləndirilən şəxs məxsus 90/2025/92 nömrəli “X6”ndan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsində tibbi yoxlamadan keçirilərkən onda sol saiddə öz-özünə kəsilmiş çoxsaylı köhnə çapıq toxuma aşkar olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək olan çəkidə narkotik vasitə olan qurudulmuş marixuana- külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 1105,0 (min yüz beş) qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2025-ci il tarixdə saat 11:39-da Yevlax şəhəri ərazisində “Dəvəçi qəbirstanlığı” yaxınlığında piyada hərəkət edərkən və üzərində həmin külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı daşıyarkən Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 11:39-dan 11:50-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstü yoxlanıldıqdan sonra polis şöbəsinə gətirilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Yevlax şəhəri ərazisində “Dəvəçi qəbirstanlığı” yaxınlığında saxlanılan zaman orada video çəkilişlə Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlanma nəticəsində Təqsirləndirilən şəxs sol əlindəki 1 (bir) ədəd tünd boz rəngli gödəkçəyə bükülmüş halda göy rəngli sellofan torbanın içərisində olan 1 (bir) ədəd ağ rəngli sellofan kisə aşkar edilmiş və həmin 1 (bir) ədəd ağ rəngli sellofan kisənin içərisində isə təmiz çəkisi 1105,0 (min yüz beş) qram təşkil edən, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, yaşadığı evdən polis əməkdaşlarının onu polis şöbəsinə apardığını, polis tərəfindən fiziki təsirə məruz qaldığını, polis əməkdaşları tərəfindən döyülərək işgəncə verildiyini və onlarla razılaşmadığı təqdirdə polis əməkdaşları tərəfindən onun evinə 10 kiloqram narkotik vasitə qoyulacağını, polis əməkdaşlarından qorxduğu və təzyiqlərə məruz qaldığından polislərin dediyi ilə razılaşmaq məcburiyyətində qaldığın bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonraki dövrdə tutularkən üzərində narkotik vasitənin olmadığını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına və ya tibb müəssisəsinə müraciət etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, irəli sürülmüş ittihamı bu və ya digər hissədə mübahisələndirməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək satış məqsədi olmadan 1105,0 (min yüz beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal/hallar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Əksinə əməliyyat tapşırığı ilə bağlı xx.xx.2025-ci il tarixli raportdan görünür ki, onun narkotik vasitələrin satışı ilə məşğul olmaması əməliyyat yolu ilə müəyyən edilmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində çayın sahilindəki yaşıllıq ərazidə yabanı halda bitən 02 (iki) ədəd çətənə bitkisinin yarpaqlarından yığıb qurutmaqla əldə edərək həmin narkotik vasitə qurudulmuş marixuananı Yevlax şəhəri Kür çayı kənarında olan ərazidə gizlədərək saxlamış və Yevlax şəhəri ərazisində “Dəvəçi qəbirstanlığı” yaxınlığında piyada hərəkət edən zaman Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs sol əlindəki 1 (bir) ədəd tünd boz rəngli gödəkçəyə bükülmüş halda göy rəngli sellofan torbanın içərisində olan 1 (bir) ədəd ağ rəngli sellofan kisənin içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1105,0 (min yüz beş) qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan başqa, o, kannabinoiddən sui-istifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində altı az yaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya(narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmasını nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Yevlax rayon Polis şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1104.80 (bir min yüz dörd tam yüzdə səksən) qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, o cümlədən 14 fevral 2025-ci il tarixdə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində çayın sahilindəki ərazidən götürülmüş 02 (iki) ədəd çətənə (kannabis) bitkisinin hissələri və torpaq nümunəsi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasına, əşyalara və diskə baxış keçirilməsinə və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair təxirəsalınmaz istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 03 (üç) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71 (yetmiş bir) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 71 (yetmiş bir) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Yevlax rayon Polis şöbəsinin saxlanc yerində saxlanılan və 01 (bir) ədəd sellofan torbada qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 1104.80 (bir min yüz dörd tam yüzdə səksən) qram miqdarında narkotik vasitə-qurudulmuş marixuananın, o cümlədən 14 fevral 2025-ci il tarixdə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində çayın sahilindəki ərazidən götürülmüş 02 (iki) ədəd çətənə (kannabis) bitkisinin hissələri və torpaq nümunəsi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasına, əşyalara və diskə baxış keçirilməsinə və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair təxirəsalınmaz istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 03 (üç) ədəd DVD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Günay Aşurova Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar