Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-192/2021 16.11.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X4, xx xxxxxxx 1984-cü ildə İsmayıllı rayonunun Mücühəftəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonunun Mücühəftəran kəndində qeydiyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə etmiş, 2021-ci ilin aprel ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə İsmayıllı rayonunun Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X7 X2 rayonu Qalınçaq meşəbəyliyinin 9 saylı meşə dolayının 66-cı kvartalında 6 metr enində 8 metr uzunluğunda olan 48 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyib əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində, habelə həmin yerə özü ilə gətirdiyi 24 ədəd sellofan dibçəklərdə çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək torpaq üzərində 450 ədəd və sellofan dibçəklərdə 24 ədəd, ümumilikdə külli miqdar təşkil edən 474 (dörd yüz yetmiş dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 5 santimetrdən 13 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 4 may 2021-ci il tarixdə, saat 20 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, onun əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 124,85 qram təşkil edən ümumilikdə 474 (dörd yüz yetmiş dörd) ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmidir ki, İsmayıllı rayonu Qalınçaq kəndinin ərazisində cığırla gedrəkən yabanı halda bitmiş çətənə bitkisini görüb özü istifadə etməsi üçün həmin bitkidən toxumlar götürmüşdür. 24 ədəd şitil onun tərəfindən əkilmiş, qalan 450 ədəd şitil sahədə özbaşına bitmişdir. Ona görə də özünü 24 ədəd çətənə bitkisinin şitilini əkməkdə təqsirli bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 25 aprel 2021-ci il tarixdə və ya 26 aprel 2021-ci il tarixdə meşə sahəsində ot əkdiyi sahəlikdə olarkən orada bir qədər kənardan axan su kanalının yanına getmiş, həmin yerdə, meşənin kolluq olan hissəsində kolların əzilmiş halda və meşəliyə doğru uzanan kiçik cığır olmasını görmüşdür. Cığırla tikanların və kolların arasından keçməklə gedib təxminən eni 6 metr və uzunluğu 8 metr olan boşluq bir əraziyə çıxmışdır. Həmin yerdə kənarda topa şəklində çoxlu sayda yeni inkişaf etmiş çətənə bitkisinin şitillərinin olmasını görmüşdür. Meşənin dərin yerində sərbəst gediş-gəliş olmayan meşəlik sahənin 8x6 metr ölçülərdə olan hissəsini kol-kosdan təmizləyib, torpağı yumuşaldaraq orada təxminən 250 ədəd kiçik çalalar düzəldərək kənarda bitmiş həmin çətənə bitkisinin şitillərini 1,2 və ya 3 ədəd olmaqla çalalarda əkmiş, daha sonra isə yaxınlıqdakı quyudan su vermiş və daha sonra çıxıb evinə qayıtmışdır. Digər yabanı şəkildə bitmiş çətənə bitkilərini də əkmək üçün kəndə qayıdaraq 24 ədəd sellofan bağlama götürüb həmin yerə gəlmişdir. Çətənə bitkisinin şitillərinin bir hissəsini də həmin sellofana tökdüyü torpaqda əkmiş və sulamışdır. Bir dəfə də əkdiyim çətənə şitillərinə gedib baxıb nəzarət etmişdir. Üzərindən təxminən 10 gün keçdikdən sonra, yəni 04 may 2021-ci il tarixdə saat 20 radələrində Qalınçaq kəndində yerləşən əkin-biçin etdiyim meşə sahəsində iş görən zaman həmin narkotik tərkibli bitkilər əkdiyim yerə gedib baxmaq və bitkilərə qulluq etmək qərarına gəlmişdir. Bitkilərin inkişaf edib-etməməsini bilməkdən ötrü gedib həmin yerə baxaraq inkişaf etdiklərini görmüşdür. Həmin vaxtı bitkilərin diblərini yumuşaldaraq, orada yerləşən təxminən 4 metr dərinlikdə olan bir su quyusundan su çıxardıb həmin bitkilərə verəcəkmiş. Orada bitkilərə qulluq göstərən vaxtı polis əməkdaşları gəlmişlər. Polis əməkdaşlarını görərək qaçmamış və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Polis əməkdaşları ondan sorğu-sual edərək həmin yerə olan bitkilərin kimə məxsus olması, nə olması soruşulduqda o, polis əməkdaşlarına həqiqəti etiraf edərək həmin yerdə inkişaf etmiş bitki şitillərinin narkotik tərkibli bitkilər olmasını, həmin bitkilərə qulluq etdiyini, bitkiləri orada əkməzdən əvvəl yerlərini yumuşaltdığını və kiçik çalalar düzəldərək əkdiyini, gələcəkdə isə öz istifadə etməyindən ötrü yığıb qurudacağını demişdir. Daha sonra polis əməkdaşlarının və mütəxəssin iştirakı ilə həmin sahəyə baxış keçirilmiş, bitkilər torpaqdan bir-bir çıxardılaraq sayılmış və torpaqdan təxminən 450 ədəd və ağ rəngli plasmas qabda kiçik sellofan torbalarda əkilmiş 24 ədəd olmaqla ümumi sayı 474 ədəd olmuş, 01 ədəd şəffaf rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin hadisə həmin yerdə 1 ədəd bel və bitkilərə su vermək üçün istifadə etdiyi 1 ədəd ağ rəngli vedrə də qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılaraq və fotoşəkillər çəkilərək protokol tərtib olunmuş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, o, polis əməkdaşları və mütəxəssis həmin protokolun doğruluğunu imzaları ilə təstiq etmişlər. Bundan sonra polis əməkdaşları ona İsmayıllı RPŞ-nə getməyi təklif etmişlər, o, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutularaq dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmiş, bu barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o, vəkil və polis əməkdaşları həmin protokolun düzgünlüyünü imzaları ilə təstiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadsində göstərmişdir ki, İsmayıllı rayonunun Mücühəftəran kənd sakini Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Qalınçaq kəndinin meşə sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumatlar əsasında yaradlımış əməliyyat qrupu və dəvət edilmiş aqronommütəxəssislə birlikdə 04 may 2021-ci il tarixdə bu barədə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib becərdiyi ehtimal olunan İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisindəki meşəlik ərazinin torpaq sahəsinə getmişlər. Həmin gün saat 20 radələrində İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində ətrafı kolluq və ağaclıqla əhatələnmiş yerə baxdıqda orada Təqsirləndirilən şəxs çətənə bitkilərinə qulluq etdiyini görmüşlər. Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və onu narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında təsdiq edilmiş əməliyyat-axtarış tədbiri qərarı ilə tanış edib həmin əraziyə baxış keçiriləcəyini bildirmişlər. Baxış zamanı həmin ərazidə 6 metr enində 8 metr uzunluğundakı ərazidə torpaqda bitmiş və sellofan dibçəklərdə çətənə bitkilərinə bənzər bitki şitilləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin yerdə inkişaf etmiş bitki şitillərinin narkotik tərkibli bitkilər olmasını, həmin bitkilərə qulluq etdiyini, bitkiləri orada əkməzdən əvvəl yerlərini yumşaltdığını və kiçik çalalar düzəldərək əkdiyini, gələcəkdə isə öz istifadə etməsindən ötrü yığıb qurudacağını bildirmişdir. Bundan sonra baxış zamanı bitkilər torpaqdan bir-bir çıxardılaraq sayılmış və torpaqdan təxminən 450 ədəd və ağ rəngli plasmas qabda kiçik sellofan torbalarda əkilmiş 24 ədəd olmaqla ümumi sayı 474 ədəd olmuşdur. Baxış zamanı iştirak edən aqronom həmin bitki şitillərinin narkotik tərkibli çətənə bitkilərinin şitillərinə oxşadığını, bitki şitillərinə qulluq göstərildiyini, dibləri alaq otlarından təmizləndiyini bildirmişdir. Bundan sonra narkotik vasitəyə bənzər bitki şitilləri və sellofan dibçəklər 01 ədəd şəffaf rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Həmçinin həmin yerdə 1 ədəd bel və 1 ədəd ağ rəngli vedrə aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 5 may 2021-ci il tarixli 17/323 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “....Təqsirləndirilən şəxs......meşə sahəsində əkib-becərdiyi.....bitki şitilləri....” sözləri yazılmış sellofan torbanın içərisindəki 450 (dörd yüz əlli) ədəd və sellofan qablardakı torpağa əkilmiş vəziyyətdə 24 (iyirmi dörd) ədəd, ümumilikdə 474 (dörd yüz yetmiş dörd) ədəd hündürlükləri 5 sm-dən 13 sm-dək, ümumi təmiz çəkiləri-124,85 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqdim edilmiş çətənə bitkisinin şitilləri inkişaflarının ilkin fazasında olduqları üçün onların bir-biri ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Aqronom mütəxəssis Rəşid Zülfüqarlının 4 may 2021-ci il tarixli rəyinə əsasən 474 (dörd yüz yetmiş dörd) ədəd çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 25 may 2021-ci il tarixli 581 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Nakomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 04 may 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2200-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 04 may 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 20 may 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dusatqlığı qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Qalınçaq kənd kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Mücühəftəran kəndində yaşamaqla himayəsində 28.08.2009-cu ildə anadan olmuş Nuray Məcidova, 27.07.2010-cu ildə anadan olmuş Əsmər Məcidova, 19.11.2013-cü ildə anadan olmuş Tuncay Məcidli və 25.02.2019-cu ildə anadan olmuş Ayaz Məcidli adlı dörd azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Məhkəmə həmçinin Elvim Məcidlinin 450 ədəd çətənə şitilinin onun tərəfindən əkilməməsinə dair ifadəsinə də tənqidi yanaşaraq həmin ifadəni məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə məhkəmə bioloji ekspertizasının rəyi, aqronom mütəxəssisin rəyi, özünün məhkəməyədək icraat zamanı etirafedici ifadəsi və işdə olan digər sənədlər əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş ev duqstaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı 04 may 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olan İsmayıllı rayon Polis Şöbəsində saxlanılan 1 ədəd kağız paketdə təmiz çəkisi 124,85 qram təşkil edən 474 ədəd çətənə bitkisinin şitilləri və 1 ədəd sellofan bağlamada 24 ədəd içərisində torpaq olan sellofan dibçəklər, 1 ədəd bel və 1 ədəd ağ rəngli plastmas vedrə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 04 may 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – İsmayıllı rayon Polis Şöbəsində saxlanılan 1 ədəd kağız paketdə təmiz çəkisi 124,85 qram təşkil edən 474 ədəd çətənə bitkisinin şitilləri və 1 ədəd sellofan bağlamada 24 ədəd içərisində torpaq olan sellofan dibçəklər, 1 ədəd bel və 1 ədəd ağ rəngli plastmas vedrə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-192/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-192/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver