Məhkəmə qərarları › İş №1(091)-197/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-197/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-197/2023 03.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: X6, hakimlər: Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 20,317 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 21 dekabr 2022-ci il tarixdə keçirilmiş birgə əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 1735-də Göyçay rayonu, Bığır kəndi ərazisində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 20,317 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 10,568 qram və 9,749 qram olmaqla əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmamış, 17 dekabr 2022-ci il tarixdə Elyar adlı tanışının yaşadığı Göyçay rayonu Bığır kəndində olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşaraq əvvəl Göyçay rayon Polis Şöbəsinə aparmışlar. Orada üzərinə axtarış aparılarkən ancaq özünə məxsus olan mobil telefon aşkar olunmuş, sonra onu Bakı şəhərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada ona təzyiq edərək narkotik vasitəni boynuna götürməsini bildirmiş, narkotik vasitələrə görə şəxsiyyətinin alçaldılmaması üçün polis əməkdaşlarının ona verdikləri narkotik vasitəni boynuna almışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 17 dekabr 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanının yaxınlığında “Qarabağ yataqxanası’’ yerləşən küçədə təsadüfən yerdə diqqətini çəkən bükülünü götürüb içərisinə baxarkən bükülünün içərisində iki ayrı-ayrı bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu görmüş, istifadə etmək üçün şərait olmadığına görə 3-4 gün həmin bükülünü üzərində saxlamışdır. Şəxsi işi ilə əlaqədar Göyçay şəhərinə getmiş, 21 dekabr 2022-ci il tarixdə saat 1735 radələrində Göyçay rayonu Bığır kəndində yerləşən dostuna məxsus evinin yaxınlığında olduğu zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə baş idarəyə getmişdir. Baş idarədə şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən içində psixotrop maddə metamfetamin olduğu iki ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin bükülü qablaşdırıldıqdan sonra götürülmüş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 21 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan əməliyyat müvəkkili Şahid2 və Göyçay RPŞ-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə saat 1730 radələrində Göyçay rayonu Bığır kəndi ərazisində olan Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etdikdən sonra DİN-in BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə baş idarəyə gəlmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın cibindən içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu iki ədəd sellofan bükümü təqdim edərək təxminən 3-4 gün əvvəl Bakı şəhərində yaşadığı evin yaxınlığında tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bükülülər qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyən Şahid2 və Göyçay rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi və ekspertizasının 22 dekabr 2022-ci il tarixli 6/7124 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində ‘AR DİN “Zərflər üçün N°6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,568 qram və 9,749 qram, ümumi təmiz çəkisi 20,317 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 mart 2023-cü il tarixli 1267 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 21 dekabr 2022-ci il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddənin olduğu iki ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 363 nömrəli məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarına əlavə edilmiş 21 dekabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1735-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə toplanmış hər bir sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymət verərək belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur və aşağıdakı səbəblərə görə verilmiş ittiham üzrə ona bəraət verilməlidir. Belə ki, itiham tərəfinin təqdim edərək istinad etdiyi əsas sübutlar kimi təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə video çəkilişlə baxış keçirilməsinə dair protokol və ona əlavə edilmiş CD-disk göstərilmişdir. Həmin sübuta münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüququları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir (qərarın 2-ci bəndi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə xx.xx.2014-cü il tarixli Qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Bəhs edilən Qərarın 69-cu bəndində göstərilmişdir ki, “Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi”. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Göyçay rayonu Bığır kəndi ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Göyçay Rayon Polis Şöbəsində deyil, oradan təxminən 2 saat 30 dəqiqə - 3 saat vaxt sərf etməklə 180-200 km aralıda olan Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati binasında üzərinə baxış keçirilmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən şəxsin üzərinə dərhal aşkar olunduğu yerdə, o cümlədən təqsirləndirilən şəxsin aşkar olunduğu yerə ən yaxın olan Göyçay Rayon Polis Şöbəsində, eyni zamanda Göyçay rayonundan Bakı şəhəri istiqamətində olan digər (İsmayıllı, Şamaxı, Qobustan, Hacıqabul və s.) rayon Polis Şöbələrində təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməməsinin səbəbini izah edə bilməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı andan Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış keçirilənə kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi baxımından polisin nəzarətində olmuş, ittiham tərəfi isə həmin dövr ərzində ittihamın əsasını təşkil edən narkotik vasitə olan heroinin onun üzərinə qoyulmasına dair müdafiə tərəfinin dəlillərini təkzib edən heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşlarının nəzarəti altında təxminən 3-3,5 saat müddət ərzində qət edilən yolda içərisində narkotik vasitə olan sellofan bükümü üzərində saxlaması məhkəmə üçün inandırıcı görünmür. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmasına şübhə ilə yanaşır. Bundan başqa qeyd edilməlidir ki, təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən əvvəlcə Göyçay Rayon Polis Şöbəsinə aparıldığını, oradan isə Bakı şəhərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını göstərmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən Göyçay Rayon Polis Şöbəsinə 21 dekabr 2022-ci il tarixdə Göyçay rayon Polis Şöbəsinə gətirilən şəxslərin qeydiyyatı kitabından həmin günə aid olan qeydlərin surətinin məhkəməyə göndərilməsi barədə sorğu verilmiş, Göyçay rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs barəsində hər hansı araşdırma aparılmadığı, eyni tarixli digər məktubda isə Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə Göyçay rayon Polis Şöbəsinə gətirilmədiyi üçün gətirilən şəxslərin qeydiyyatı kitabında həmin şəxsin qeydiyyatının aparılmadığı göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gətirilən şəxslərin qeydiyyatı kitabından xx.xx.2022-ci il tarixə aid qeydlərin surətinin verilməsinə dair sorğusuna polis orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılmamasına dair iki dəfə formal cavabla kifayətlənməklə həmin kitabın surətinin məhkəməyə təqdim edilməməsi məhkəmədə Təqsirləndirilən şəxs həqiqətən də polis əməkdaşları tərəfindən əvvəlcə Göyçay rayon Polis Şöbəsinə aparılmasına dair ifadəsini daha inandırıcı hesab edir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı etirafedici ifadələr versə də məhkəmə araşdırması zamanı ibtidai araşdırma zamanı verdiyi ifadələrini təkzib etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın əsası kimi çıxış edən sübutların əldə edilməsi cinayət-prosessual qanunvericiliyin və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə olunmuşdur. Belə olan hallarda və işin halları ilə təsdiq edildiyindən məhkəmə tərkibi təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələrinə daha obyektiv və səmimi ifadə kimi qəbul edir. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Belə olan halda bəhs edilən şübhələr və ziddiyyətlər CPM-nin 145.3-cü maddəsinə əsasən ittiham tərəfinin heç bir sübutu ilə aradan qaldırılmadığına görə Təqsirləndirilən şəxs xeyrinə həll olunmalıdır. CPM-in 42.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törədilməsinə aidiyyəti olmadıqda məhkəmə baxışı nəticəsində ona qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Yuxarıda sadalananlara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalından azad olunmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 110 AZN (yüz on manat) ekspertiza xərci dövlət büdcəsinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 350, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə məhkəmə məsrəfi olan 110 AZN (yüz on manat) ekspertiza xərci dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut olan – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 20,177 qram psixotrop maddə metamfetamin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sərəncamında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar