Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-198/2021 12.10.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı – X2, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1983-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlayaraq 2021-ci il aprel ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış еvinin həyətyanı sahəsində 8 ədəd torpaqla doldurulmuş dibçəklərdə 9 ədəd və torpaq üzərində 10 ədəd olmaqla cəmi 19 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib külli miqdarda 19 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 10 iyun 2021-ci il tarixdə, saat 17:15 radələrində Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış еvinin həyətyanı sahəsinə video çəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs 8 ədəd torpaqla doldurulmuş dibçəklərdə kultivasiya etdiyi 9 ədəd və torpaq üzərində kultivasiya etdiyi 10 ədəd olmaqla, ümumilikdə hündürlükləri 14 sm-dən 46 sm-dək, ümumi təmiz çəkiləri 230,72 qram olan külli miqdarda 19 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 237.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bildiyini qeyd etsə də, ifadəsində göstərmişdir ki, təxminən iki-üç ildir ki, ağrıları olduğu üçün arabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təxminən 2021-ci ilin mart ayının axırlarına yaxın Yevlax şəhərində Kür çayı tərəfdə gəzərkən nəşə ağacları görmüş, həmin ağacların narkotik ağacları olduğunu bilərək toxumlarını götürüb əkmək üçün özündə saxlamış, təxminən 2021-ci ilin aprel ayının əvvəllərində həmin toxumları yaşadığı evinin həyətyanı sahəsində əkməyə başlamış, evinin həyətində narkotik tərkibli çətənə kollarını əkib-becərmiş, onlara aqrotexniki qaydada qulluq etmişdir. Həmin narkotik tərkibli çətənə kollarına mütəmadi olaraq qulluq etmişdir. 10 iyun 2021-ci il tarixdə saat təxminən 17:10 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları gələrək evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş, onlara etiraz etməmiş və evin həyətyanı sahəsinə aqronomun iştirakı ilə və videoçəkiliş vasitəsilə baxış-axtarış keçirilmiş, baxış-axtarış zamanı evinin həyətində 19 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. Lakin onun tərəfindən təxminən 12 ədəd çətənə kollarına aqrotexniki qaydada qulluq olunmuşdur. Aşkar olunan digər çətənə kollarının bir qismi onun həyətində yabanı halda bitmiş, bir qismi isə aşkar olunmuş çətənə kollarının budaqları olmuşdur. Hazırda əməlindən peşman olmasını və qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 iyun 2021-ci il tarixdə Yevlax şəhəri, X4 küçəsi, ev 50-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkməsi, yetişdirməsi, kultivasiya etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün Yevlax rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, Yevlax rayon polis şöbəsinin rəhbərliyinin icazəsi alındıqdan sonra saat təxminən 17:15 radələrində polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, X4 küçəsi, 50 ünvanına getmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş, daha sonra videoçəkiliş vasitəsilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədən 19 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə kolları aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Şahid3 iş üzrə digər Şahid2 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 10.06.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan 30.10.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərinin əkilməsi, yetişdirilməsi, kultivasiya edilməsi, onların toplanması və şatışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 02) Cinayət işinin materiallarında olan 10.06.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədilə müvafiq əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 03) Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Yevlax şəhəri, H.Z.Tağıyev küçəsi ev 50 ünvanında polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 12) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 10.06.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə polis əməkdaşlarının, aqranomun və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Yevlax şəhəri, H.Z.Tağıyev küçəsi ev 50 ünvanında baxış keçirilərkən külli miqdarda, cəmi 19 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar olunaraq götürülmüşdür. Video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər.15-18) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10.06.2021-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, H.Z.Tağıyev küçəsi ev 50 ünvanında aşkar edilmiş torpağa əkilmiş 19 ədəd bitkilər ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kollarıdır. (cild 01, iş vər. 34) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ekspertiza mərkəzindən alınmış 11 iyun 2021-ci il tarixli 17/419 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş ümumi təmiz çəkisi 230,72 qram olan 19 ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir.(cild 01, iş vər. 43-45) Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Psixo-Nevroloji dispanserin Yevlax rayon psixonevroloji kabinetindən verilmiş 02 avqust 2021-ci il tarixli 1732 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmır. (cild 01, iş vər. 114) Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Narkoloji dispanserin Yevlax rayon Narkoloji kabinetindən verilmiş 02 avqust 2021-ci il tarixli 1421 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon narloloji kabinetdə qeydiyyatda dayanmır. (cild 01, iş vər. 115) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 09.08.2021-ci il tarixli 925 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 124) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs 19 ədəd deyil, təxminən 12 ədəd narkotik tərkibli bitkiləri əkdiyini və onlara aqrotexniki qaydada qulluq etdiyini bildirsə də, cinayət işinin materiallarında olan mütəxəssis rəyi və məhkəmə bioloji ekspertizasının rəyinin tədqiqindən müəyyən olunur ki, həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar olunan bütün narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Ona görə də, məhkəmə kollegiyası müdafiə tərəfinin göstərdiklərini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmağa hesablanmış özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə (atası, anası, arvadı, 2005 və 2012-ci il təvəllüdlü iki uşağı) ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. (cild 01, iş vər. 116-117) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 oktyabr 2005-ci il tarixli hökmünə əsasən CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2013-cü il tarixli qərarı ilə cəzadan 10 ay 16 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüşdür. (cild 01, iş vər. 88) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, lakin əvvəllər də ağır cinayətin törədilməsinə görə uzun müddət azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq islah olunmadığını və yenidən qəsdən ağır cinayət əməlini törətməsini, beləliklə də şəxsiyyətinin ictimai təhlükəliliyini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Tutma haqqında” 10.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 23-24) Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 12.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10.06.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 79-81) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzanın başlanğıcı 10.06.2021-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 19 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diskin isə cinayət işinin materialarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədiləsində təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 19 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskin cinayət işinin materialarında olması nəzərə alınsın. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-198/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-198/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver