Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-20/2023 18.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçu) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1973-cü ildə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq külli miqdar hesab edilən, yəni ümumilikdə təmiz çəkiləri 6,322 qram narkotik vasitə heroini və külli miqdar təşkil etməyən təmiz çəkisi 1,225 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib ayrı-ayrı bükümlərdə qablaşdırmaqla yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında saxlamış, 02 iyun 2022-ci il tarixdə saat 10 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evinə videoçəkiliş vasitəsilə baxış keçirilərkən yataq otağındakı masanın üzərindən 2(iki) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda qablaşdırılmış təmiz çəkiləri 5,596 qram və 0,372 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1(bir) ədəd kağız bükümün içərisindəki 1(bir) ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış təmiz çəkisi 0,042 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1(bir) ədəd 1ml-lik şprisdə həcmi 0,4 ml olan heroin məhlulunun içərisində quru çəkisi 0,056 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd 3ml-lik şprisdə həcmi 2,2 ml olan heroin məhlulunun içərisində quru çəkisi 0,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin otaqdakı qab-qacaq yığılan şkafda açıq halda olan və baxış zamanı 1(bir) ədəd kağız bükümdə qablaşdırılaraq götürülmüş təmiz çəkisi 0,036 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla, ümumilikdə təmiz çəkiləri 6,322 qram həmin narkotik vasitə heroin, eləcə də, yataq otağındakı masanın üzərindən 1(bir) ədəd şəffaf rəngli sellofan bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,225 qram həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onun yaşadığı ünvana gəldikdə hüzr yerində olmuş, orada təxminən təxminən yarım saat oturduqdan sonra evinin yanında kimlərinsə toplandığını dediklərinə görə yaşadığı evə getdikdən orada polis əməkdaşlarının olduğunu görmüşdür. Evindən aşkar olunan narkotik vasitə və psixotrop maddə ona məxsus olmamış, polis əməkdaşlarının qoyduqları həmin narkotik vasitə və psixotrop maddənin özünə məxsus olması ilə qonşuluqda olan hüzr məclisinə gələn şəxslərin yanında biabır olmaması üçün boynuna almışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edlmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvan 2 ünvanındakı evində olarkən Göyçay rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyib yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmişlər. Bundan sonra şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə yaşadığı evə baxış keçirilən zaman fərdi yaşayış evində özünün yataq otağındakı masanın üstündə qoyduğu çəkiləri 5,5 qram və 0,41 qram olan 2 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddə, çəkisi 0,17 qram olan 1 ədəd kağız bükümün içərisindəki 1 ədəd şəffaf sellofan bükümdə bozumtul rəngli maddə, çəkisi 1,43 qram olan 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli maddə, 1 ədəd 1 qramlıq və 1 ədəd 3 qramlıq şprisdə qəhvəyi rəngli maye halında maddə, 2 ədəd istifadə olunmuş boş şüşə flakon, 2 ədəd şpris və özü üçün istifadə etməyə hazırlıq görərkən otağın sağ tərəfində olan şkafın üstünə tökülmüş toz halında bozumtul rəngli maddə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Narkotik vasitələri tutulmazdan təxminən 1 ay əvvəl “İnstaqram” sosial şəbəkə vasitəsi ilə tanış olduğu və özünü ona İbrahim kimi təqdim edən İran İslam Respublikası vətəndaşından almış, İbrahimin ona atdığı hesab nömrəsinə ödəmə terminalı vasitəsilə 400 manat yüklədikdən sonra o həmin narkotik vasitələri Ucar rayon ərazisinə İpək yolunun kənarına reklam lövhəsinin yanından götürmüşdür. Heç kimə narkotik vasitə satmamış və verməmişdir. Tutulmazdan əvvəl iranlı tanışından 20 qram narkotik vasitə heroin alsa da, tutulan günədək istifadə etmiş, ona görə də, evinə baxış zamanı aşkar edilmiş narkotik vasitənin çəkisinin 6,322 qram olmasına inanmayaraq narkotik vasitənin çəkisinin polislər tərəfindən çoxaldılmasından şübhələnmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 02 iyun 2022-ci il tarixdə saat 10 radələrində Göyçay şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına getmiş, sonuncunu yaşadığı evdən çağıraraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin ünvandakı evə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində yataq otağındakı masanın üstündə qoyduğu çəkiləri 5,5 qram və 0,41 qrqam olan 2 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddə, çəkiləri 0,17 qram və 0,10 qram olan 1 ədəd kağız bükümün içərisindəki 1 ədəd şəffaf rəngli bükümdə olan bozumtul rəngli maddə, 1 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli maddə, 1 ədəd 1 qramlıq və 1 ədəd 3 qramlıq şprisdə qəhvəyi rəngli maye halında maddə, 2 ədəd istifadə olunmuş boş şüşə flakon, 2 ədəd şpris və özü üçün istifadə etməyə hazırlıq görərkən otağın sağ tərəfində olan şkafın üstünə tökülmüş toz halında bozumtul rəngli maddə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitələri “İnstaqram” sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı İbrahim adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 və KTQ-nun baş inspektor kriminalisti işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadəçisi olduğuna görə tanışı və qonşusu X3 mobil telefonu ilə Təqsirləndirilən şəxs bir neçə dəfə mesaj yazaraq ondan öz istifadəsi üçün narkotik vasitə almışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı olmaqla dayısının mobil telefonuna “whatsapp” proqramı vasitəsilə narkotik vasitə almaq məzmununda olan mesajlar atmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 iyun 2022-ci il tarixli 17/452 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş maddələr...” sözləri və imzalar yazılmış zərfin içərisindəki: 02 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 5,596 qram və 0,372 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd kağız bükümdə və 01(bir) ədəd kağız bükümün içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,036 qram və 0,042 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 1,225 qram olan maddə kustar üsulla hazırlanmış psixatrop maddə - metamfetamindir. 01 (bir) ədəd 1 ml-lik şprisdə həcmi 0,4 ml və 01(bir) ədəd 3 ml-lik şprisdə həcmi 2,2 ml olan maye kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhluludur. Heroin məhlulunda heroinin quru maddəsinin təmiz çəkisi – 0,056 qram və 0,220 qramdır. 01(bir) ədəd şüşə flakonun içərisində heroin izləri vardır. Digər 01(bir) ədəd şüşə flakonun və şprisin içərisində narkotik və psixatrop maddə izləri yoxdur. Tədqiqata təqdim olunmuş 02(iki) ədəd şəffaf sellofan bükümdə, 01(bir) ədəd kağız bükümdə və 01(bir) ədəd kağız bükümün içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş 01(bir) ədəd şüşə flakonda olan heroin izləri edilmiş, maddələr müxtəlif növ maddələr qrupuna aid olduğundan müqayisəli tədqiqatı aparmaq mümkün olmadı. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Metamfetamin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin siyahısı”na daxildir (İİ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 avqust 2022-ci il tarixli 1204 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan baxış keçirilməsinə dair 02 iyun 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirilən zaman yataq otağındakı masanın üzərindən 2 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar narkotik vasitə, 1 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar ağ rəngli maddə, 1 ədəd kağız bükümdə boz rəngli narkotik vasitə olan heroinə oxşar maddə, 1 ədəd 1 qrmalı və 1 ədəd 3 qramlıq şprisdə qəhvəyi rəngli maye halında maddə, 2 ədəd istifadə olunmuş boş flakon, 2 ədəd boş şpris, otaqda olan servantın üzərində toz halında bozumtul rəngli maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Azercell MMC” dən daxil olmuş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 09 iyul 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus ********** mobil nömrədə narkotik vasitələrin alqı-satqısı ilə bağlı mesajların olması aydın şəkildə görünmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus məxsus “Redmi” markalı mobil telefona baxış keçirilməsinə dair 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “whatsapp” sosial şəbəkəsində narkotik vasitələrin satışı ilə məşğul olmasını əks etdirən mesajlar və səs yazılarının olması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-in 95-ci maddəsi ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı ilə cəzası 05 ilə endirilmiş, xx.xx.2000c- il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1999-cu il tarixli Amnistiya qərarının 1.13-cü bəndinə əsasən cəzadan azad olunmuş, Göyçay rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli “Amnistiya” qərarının 1.1-ci bəndinə əsasən xx.xx.2009-cu ildə cəzadan azad olunmuş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay şəhər İcra Hakimiyyəti Başçısının Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Göyçay RMX” publik hüquqi şəxsdən alınmış 28 iyul 2021-ci il tarixli 2741 saylı məktubda göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Göyçay RMX-da psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 02 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1030-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Göyçay rayon Məhkəməsinin 05 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması və evində aşkar olunan narkotik vasitə və psixotrop maddənin polis əməkdaşları tərəfindən qoyulmasına dair ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs video çəkiliş zamanı müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman aşkar olunan narkotik vasitə və psixotrop maddəyə heç bir etiraz etməməsi, aşkar olunan narkotik vasitə və psixotrop maddəinin miqdarı, ayrı-ayrı bükümlərdə olması, çeşidi, mobil telefonundan onun narkotik vasitənin satışını təsdiq edən SMS-lər və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 02 iyun 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutlduğu 02 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 5,906 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 1,175 qram psixotrop maddə metamfetamin, 01 ədəd şüşə flakonun içərisində 0,2 ml heroin məhlulu, 01 ədəd şprisin içərisində 2,0 ml heroin məhlulu məhv edilsin. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-20/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-20/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver