Məhkəmə qərarları › İş №1(091)-202/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-202/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-202/2022 27.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Balakən rayonu Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissəsə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə saat 07 radələrində Meşəşambul kənd sakini Zərərçəkmiş şəxs onun yaşadığı evin giriş hissəsindəki paltaryuyan maşının yanından arvadı Şahid1 məxsus 01 ədəd alt paltarını (tuman) götürməsini görüb Zərərçəkmiş şəxs arxasınca yaşadığı Qullar kəndinin Acılıqbinə yaşayış məntəqəsi ərazisindəki otlaq sahəsinə gedərək orada aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs sifət və baş nahiyələrindən əlləri və ayaqları ilə yumruq və təpik zərbələri vurmaqla sonuncuya qəsdən baş beyin silkələnməsi ilə müşayiət olunan sağ almacıq-gicgah birləşməsinin aralanması, hər iki göz qapağında qançırlar, hər iki gözün konyuktivasında qansızma, hər iki göz altında qançırlar, burun qanaxması ilə müşayiət olunan sağ maksillər sinusun (əng sümüyü) bayır, ön-aşağı divarının qapalı sınıqları, sol maksillər sinusun (əng sümüyü) bayır divarının minimal yerini dəyişən sınığı, sol orbitanın yuxarı divarında minimal yerini dəyişmiş sınığı, sağ orbitanın aşağı divarında sınıq, üst çənənin şişkinliyi-çənə sümüyünün minimal yerini dəyişən çəp sınığı ilə nəticələnən, birlikdə və ayrı-ayrılıqda Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri, həmçinin alın nahiyyəsində şişkinlik-əzilmə, hər iki beyin yarım kürələrinin frontal payının bazal hissəsində qanama (qansızma) sahələri verən alın sümüyünün qapalı yerdəyişən sınığı, təpə sümüyünün qapalı yerdəyişməyən sınığı ilə nəticələnən Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan ağır xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019cu ilin may-iyun ayından etibarən arvadı Ayselə məxsus alt paltarı mütəmadi olaraq evlərinin həyətindəki paltar asan simdən və ya evin girişindəki hamam otağında olan paltaryuyan maşının yanından yoxa çıxmağa başlamışdır. Onlar ilk vaxtlarda alt paltarını axtarsalar da tapa bilməmişlər. Həmçinin, alt paltarının hara və necə yoxa çıxmasını anlaya bilməmişlər. Bir müddət keçməsinə baxmayaraq bu hal davam etmişdir. Vaxtaşırı olaraq arvadı Ayselə məxsus alt paltarı naməlum şəkildə yoxa çıxmışdır. Bəzi vaxtlarda isə həmin alt paltarlarını yaşadıqları evin həyətinin müxtəlif yerlərindən aşkar etmişlər. Lakin paltarın həmin yerdə necə olmasını başa düşə bilməmişlər. Həmçinin, utandığı üçün bu məsələ ilə bağlı şikayət də edə bilməmişdir. Çünki konkret olaraq da paltarın itməsi və ya kiminsə tərəfindən götürülməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. 03 aprel 2022ci il tarixdə səhər təxminən saat 05 radələrində yuxudan oyanıb iribuynuzlu heyvanları kənd ərazisindəki örüş sahəsinə apardıqdan sonra yaşadığı evin qarşısındakı küçəyə çıxmışdır. Küçədəki ağacın altında Mahamanın və ya başqa birinin yaşadığı evin həyətinə girib-girməyəcəyini gözləməyə başlamışdır. Bir müddət gözlədikdən sonra təxminən saat 07 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə tərəf gəldiyini görmüşdür. Bu zaman isə onun gördüyü qədəri ilə Mahama onun yaşadığı evin giriş hissəsinə daxil olmuş, lakin evin giriş hissəsinə daxil olmasını tam görə bilməmişdir. Çünki küçədən evin giriş hissəsi tam görünməmişdir. O, tez yaşadığı evin həyətinə gəldikdə Mahamanın həyətdə olmadığını lakin otun üzərində şeh olduğu üçün ayaq izlərinin olduğunu görmüşdür. O, tez yaşadığı evə daxil olub arvadı Ayselə giriş hissədə olan paltaryuyan maşınının yanındakı alt paltarının yerində olub-olmamasına baxmasını istəmişdir. Aysel paltaryuyan maşının ətrafına baxaraq özünə məxsus olan 01 ədəd qırmızı rəngli alt paltarının (tuman) olmadığını və həmin yerdə olan paltarın da dağınıq vəziyyətdə olduğunu bildirmişdir. Bu zaman o, bir daha arvadı Ayselə məxsus alt paltarının Mahama tərəfindən götürülməsinə əmin olmuşdur. Buna görə də o, tez Mahamanın arxasınca qaçmağa başlamışdır. Lakin Mahamanın arxasınca piyada çata bilməyəciyini düşündüyü üçün yaşadığı evə qayıtmış və atına minərək Mahamanın arxasınca sürmüşdür. O, Mahamanı otlaq sahəsinə doğru taxta körpünü keçdiyi zaman saxlayaraq özü də atdan yerə düşmüşdür. O, Mahamaya yaxınlaşıb onu tutduğunu, arvadı Ayselin alt paltarını hansı səbəbə götürməsini, əgər götürmüşdürsə də geri qaytarmasını bildirmişdir. Bu zaman Mahama paltarın özündə olmadığını sonradan isə həmin paltarı atdığını bildirmişdir. O, da hara atıbsa gəlib göstərməsini demişdir. Bu zaman Mahama əynindəki şalvarın arxa cibindən qırmızı rəngli alt paltarını (tumanı) çıxardıb ona vermişdir. O, bu zaman Mahamaya kəndin mərkəzinə aparıb camaatın içərisində etdiyi əməli deyərək biabır edəcəyini və atasına tapşıracağını bildirmişdir. Mahama isə ona “mən beləyəm yenə də edəcəyəm” demişdir. Mahama ona bunu dedikdə o, artıq özünü saxlaya bilməmiş və Mahamanın sifət nahiyyəsindən yumuruqla bir dəfə vurmuşdur. Zərbə nəticəsində Mahama yerə yıxılmış, həmçinin xatırladığı qədəri ilə burnundan da qan açılmışdır. Daha sonra da yerdə Mahamanın baş nahiyyəsindən təpik və yumuruqla zərbələr vurmuşdur. Bir az sonra isə Mahamaya yerdən qalxmasını və atasına təhvil verəcəyini bildirmişdir. Mahama yerdən qalxmış, o da atına minmişdir. O, at ilə Mahama isə piyada olaraq kənd mərkəzinə doğru getmişlər. Kənd mərkəzində Mahamanın atası Ramazan, kənd sakinləri olan Şahid3, Qəhrəman adlı şəxs və hazırda xatırlamadığı bir neçə şəxs olmuşdur. Həmin vaxt o, Mahamanı atası tərəfə itəliyərək atına minmiş və oradan uzaqlaşaraq yaşadığı evə qayıtmışdır. Evdə də arvadı Ayselə Mahamanın cibindən alt paltarının olduğunu həmin alt paltarını götürərək Mahamanı döydüyünü bildirmişdir. Özünü ona görə qismən təqsirli bilir ki, zərərçəkmiş şəxsə elə də ağır bədən xəsarəti yetirməmişdir. Lakin hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Himayəsində üç azyaşlı uşağının olması nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 aprel 2022-ci il tarixdə səhər saat 07 radələrində həmişə olduğu kimi Ramazanın yaşadığı evin həyətindən keçərək kənd camaatına məxsus heyvanları otarmaq üçün örüş sahəsinə getmişdir. Atası Ramazan isə ondan bir müddət sonra gələcəkdir. Yəni həmin zaman atası kənd mərkəzinə geriyə qalan kənd camaatına məxsus heyvanları örüş sahəsinə gətirmək üçün dayanmışdır. O, örüş sahəsinə getmək üçün Ramazanın yaşadığı evin həyətindən keçən zaman həyətindəki paltaryuyan maşının kənarındakı paltara baxmış, həmin paltarın içərisində onun bildiyi qədəri ilə Ramazanın arvadı Ayselə məxsus qırmızı rəngli alt paltarının olduğunu görmüş və həmin alt geyimini şalvarının cibinə qoyaraq örüş sahəsinə doğru getmişdir. O, örüş sahəsinə çatan zaman Ramazan özünə məxsus atı sürərək onun arxasınca gəlmişdir. Daha sonra Ramazan onu saxlamış və arvadı Ayselə məxsus alt paltarını hansı səbəbə götürdüyünü soruşmuş, o da qorxduğu üçün ilk öncə alt paltarını götürmədiyini demişdir. Daha sonra Ramazan həmin alt paltarının onun cibində olduğunu bilmiş, bu zaman Ramazan atdan düşüb onun üstünə gələrək yumuruğu ilə alnına bir dəfə zərbə vurmuşdur. Həmin zərbə nəticəsində o, yerə yıxılmışdır. Ramazan isə onun baş nahiyəsinə yumuruq və təpiklə vurmağa davam etmişdir. Ramazanın onu vurması ilə onda yaranan ağrılara görə qışqırmağa başlamışdır. Artıq onun baş və sifət nahiyəsində qan gəlməyə başladığı üçün Ramazan ona vurmağı dayandırmış və ona yerdən qalx deyərək ayağa qaldırmışdır. Ramazan özü həmin yerə gəlmiş at ilə, onu isə atın yanında piyada olaraq kəndin mərkəzinə gətirmiş, kənd mərkəzində atası Ramazan onları görüb tez onun yanına gələrək nə olmasını soruşmuş və onu hansı səbəbə döyməsini deyərək Ramazanın üstünə getmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun belindən bir dəfə təpiklə vuraraq oradan çıxıb getmişdir. Bundan sonra o, huşunu itirmiş və ayıldıqa Balakən Rayon Mərkəzi Xəstəxanasında olduğunu görmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxs onun müalicə xərclərini qarşılamışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, təxminən iki-üç ildir ki, həmin paltar simindən və paltaryuyan maşının ətrafından ona məxsus alt paltarları naməlum şəkildə yoxa çıxmışdır. Onlar ilk vaxtlarda alt paltarını axtarsalar da tapa bilməmişlər. Həmçinin alt paltarının hara və necə yoxa çıxmasını anlaya bilməmişdirlər. Bir müddət keçməsinə baxmayaraq bu hal davam etmişdir. Bəzi vaxtlarda isə həmin alt paltarlarını yaşadıqları evin həyətinin müxtəlif yerlərindən aşkar etmişlər. Lakin paltarın həmin yerdə necə olmasını başa düşə bilməmişdirlər. Həmçinin də utandıqları üçün bu məsələ ilə bağlı şikayət də edə bilməmişdirlər. Çünki konkret olaraq da paltarın itməsi və ya kiminsə tərəfindən götürülməsi ilə bağlı heç bir məlumatları olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 07 radələrində əri Ramazan onu yuxudan oyadaraq paltaryuyan maşının yanında alt paltarının olub-olmamasına baxmağını demişdir. O, yuxudan oyanıb dərhal paltaryuyan maşının olduğu yerə getmişdir. Həmin vaxt yuxudan tam ayılmadığına görə əvvəlcə oradan hər hansı bir paltarın oğurlanıb oğurlanmadığını, anlamamışdır. Lakin diqqətlə bir daha baxdıqda özünə məxsus 1 ədəd qırmızı rəngli (alt paltarı) tumanın olmadığını görmüş və Ramazana bu barədə demişdir. Həmçinin Ramazan da Mahamanın az öncə həyətlərindən çıxdığını ola bilsin ki, alt paltarının Mahama tərəfindən götürüldüyünü deyərək ata minib Mahamanın arxasınca getmişdir.Təxminən 15-20 dəqiqə sonra isə Ramazan əlində ona məxsus 01 ədəd qırmızı rəngli alt paltarını (tuman) gətirib gəlmişdir. Həmçinin Mahamanı döyərək əlindən götürdüyünü bildirmişdir. Bir müddət sonra isə polis əməkdaşları yaşadıqları ünvana gələrək Ramazanı polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 03 aprel 2022-ci il tarixdə səhər təxminən saat 07 radələrində kəndin mərkəzində ayrı-ayrı şəxslərə məxsus iribuynuzlu heyvanları bir yerə yığaraq otarmaq üçün örüş sahəsinə aparmağa hazırlaşmışdır. Oğlu Mahama da ondan bir neçə dəqiqə əvvəl bir neçə heyvanı sürüb otlaq sahəsinə getmək üçün Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən keçmişdir. Bir müddət sonra isə təxminən saat 07 radələrində o, Qullar kəndinin mərkəzində Şahid3la birlikdə dayanıb söhbət etdiyi zaman Ramazanın özünə məxsus atın üzərində oğlu Mahamanın isə piyada olaraq onun yaxınına gəldiklərini görmüşdür. Ona yaxınlaşdıqlarında isə Mahamanın baş və sifət nahiyyəsinin qan içərisində olduğunu görmüşdür. Həmin vaxt o, oğlu Mahamanın bu vəziyyətdə olduğunu görüb Ramazandan nə olmasını soruşmuşdur. Ramazan da Mahamanı az döydüyünü deyib atdan yerə düşmüşdür. Daha sonra da ona “oğlundan soruş hansı səbəbə döyülüb” demişdir. O da Ramazana oğlu Mahamanın “artıq döyüldüyünü gəlib ondan soruşacağını deyib” ona yaxınlaşmışdır. Bu zaman Ramazan Mahamanın bel hissəsindən ayaqla yavaşca vurub ona tərəf itəliyərək atına minmiş və oradan uzaqlaşaraq getmişdir. Bundan sonra isə o, təcili tibbi yardıma, sonrada polisə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra həmin yerə gəlmiş təcili tibbi yardım həkimlərinin köməyi ilə oğlu Mahamanı xəstəxanaya aparmışlar və oğlu Mahamaya ilkin tibbi yardım göstərilmişdir. Sonradan isə Ramazanın deməsi ilə ona məlum olmuş ki, oğlu Mahama Ramazanın arvadı Ayselə məxsus alt paltarını yaşadığı evdən paltaryuyan maşının yanından götürmüş, bunu da Ramazan bilərək oğlu Mahamanın arxasınca Acılıqbinə yaşayış məntəqəsi ərazisindəki örüş sahəsinə gedərək oğlunu döymüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 03 aprel 2022-ci il tarixdə həmişə olduğu kimi səhər saatlarında özünə məxsus heyvanları örüşə aparılması üçün küçəyə çıxarmışdır. Bir müddət kənd mərkəzində dayandıqdan sonra təxminən saat 07 radələrində küçədə səs küy olduğunu eşitmiş, həmin vaxt yaxınlaşdıqda isə Təqsirləndirilən şəxs at üzərində Zərərçəkmiş şəxs isə piyada olaraq yol ilə gəldiklərini görmüşdür. Həmin vaxt yaxılaşdıqda Mahamanın sifət nahiyyəsinin qan olduğunu, əynində olan paltarın isə toz-torpaq içərisində olduğunu görmüşdür. O, Ramazana yaxınlaşıb nə olmasını soruşduqda “sənlik deyil” deyərək yoluna davam etmişdir. Həmçinin Mahamanın atası Ramazan da həmin yerdə olduğundan oğlu Mahamadan nə olmasını soruşmuş, lakin nə danışdıqlarını eşitməmişdir. Ramazan da ona “sən qarışma sənlik deyil” dediyi üçün oradan uzaqlaşaraq yaşadığı ünvana getmişdir. Sonradan isə eşitdiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdən arvadına məxsus alt paltarını oğurladığı üçün döymüşdür. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, onun da Şahid3 ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə Balakən Rayon Polis Şöbəsinə yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında əvvəldən tanıdığı Təqsirləndirilən şəxs tərəfindən yumruq və təpiklə döyülərək xəsarət almışdır. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş edir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli, “Hadisə yerinə baxış” istintaq hərəkətinin protokolundan görünür ki, hadisə yeri Balakən rayonu Qullar kəndinin Aclıqbinə yaşayış məntəqəsində yerləşən çöllük örüş sahəsidir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur (cild 01, iş vər. 56-62). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 13 aprel 2022-ci il tarixli 76 saylı rəyindən görünür ki, vət. Qoçiyevdə müəyyən edilmiş xəsarətlər - alın nahiyəsində şişkinlik, alın sümüyündə qapalı yerdəyişən, təpə sümüyündə qapalı yerdəyişməyən sınıqları. Sağ və sol göz ətrafı sümüyünün qapalı sınığı, sağ üst çənə sümüyünün qapalı sınığı, beyin silkələnməsi, burun qanaxması, hər iki göz qapağında qançırlar, hər iki gözün konyuktivasında qansızma və hər iki göz altında qançırlar. Əllədikdə belində ağrı, çənədə şişkinlik bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci ildə əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər (cild 01, iş vər. 31-33). Cinayət işinin materiallarında olan əlavə məhkəmə tibbi ekspertizasının 12 may 2022ci il tarixli 01-Ə saylı rəyindən görünür ki, vət. Qoçiyevdə müəyyən edilmiş xəsarətlər a) alın nahiyəsində şişkinlik-əzilmə, hər iki beyin yarımkürələrinin frontal payının bazal hissəsində qanama (qansızma) sahələri verən alın sümüyünün qapalı yerdəyişən sınığı. b) Təpə sümüyünün qapalı yerdəyişməyən sınığı. c) Baş beyin silkələnməsi ilə müşaiyət olunan sağ, almacıq-gicgah birləşməsinin aralanması, hər iki göz qapağında qançırlar, hər iki gözün konyuktivasına qansızma, hər iki göz altında qançırlar, burun qanaxması ilə müşaiyət olunan sağ maksillar sinusun (əng sümüyü) bayır, ön-aşağı divarının qapalı sınıqları, sol maksillar sinusun (əng sümüyü) bayır divarının minimal yerini dəyişən sınığı, sol orbitanın yuxarı divarında minimal yerini dəyişmiş sınığı, sağ orbitanın aşağı divarında sınıq, üst çənənin şişkinliyi-çənə sümüyünün minimal yerini dəyişən çap sınığı. Yuxarıda qeyd edilmiş xasarətlər - bərk küt əşyanın (aşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci ildə əmələ gələ bilərdilər, dǝrǝcələrinə görə, a) və b) bəndində göstərilənlər birlikdə və ayrı-ayrılıqda onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya c) bəndində göstərilənlər birlikdə və ayrı-ayrılıqda sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər (cild 01, iş vər. 213-215). Cinayət işinin materiallarında olan kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 23 iyun 2022-ci il tarixli, 403/137 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Psixoloji ekspertiza üzrə Təqsirləndirilən şəxs özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs yaddaş pozuntusu ilə bağlı hər hansı problem yoxdur (cild 01, iş vər. 218-220). Cinayət işinin materiallarında olan kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 30 iyun 2022-ci il tarixli, 419/143 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməldən əvvəl, həmin əməl törədilərkən və hazırki ekspertiza zamanı YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTUSU və NİTQ QÜSURU İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirmişdir və keçirir. Zərərçəkmiş şəxs YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTUSU VƏ NİTQ QÜSURU İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq tasnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, ona qarşı törədilmiş qanunazidd əməlin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməli düzgün qavrayaraq həmin hadisə barəsində düzgün ifadə verə bilər (cild 01, iş vər. 216-217). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 126.2.4, 221.3 və 29,120.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 234- 246). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs məlum səbəbdən aralarında yaranmış mübahisə ilə bağlı Zərərçəkmiş şəxs yumruq və təpiklə çoxsaylı sayda zərbə endirərək sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya və az ağır zərərvurmaya aid (işdə olan məhkəmə-tibbi ekspertizasının rəylərinə əsasən) olan bədən xəsarətləri yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, o cümlədən ekspertizanın rəyləri və işdə olan biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə ağır bədən xəsarəti yetirməməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, şəxs öz məsuliyyətini yüngülləşdirmək üçün bu formada ifadə verir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizanın rəyləri (əsas və əlavə) bunu deməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə məhz ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə ağır bədən xəsarəti yetirməməsi ilə bağlı qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul edir və əsaslı saymır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış, xasiyyatnamə və nikah haqında, həmçinin doğum haqqında şəhadtnamələrin surətindən görünür ki, Göylərov X2 rayon Balakən rayonu Qullar kəndində yaşayır, evlidir, himayəsində 2017, 2019 və 2022-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər. 145-151). Cinayət işinin materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 29). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin müalicə xərclərinin qarşılanmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilən halları, həmçinin cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMnin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların mövcudluğunu, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin eyni ərazidə yaşamaqla əvvəllər aralarında hər hansı ədavətin və düşmənçiliyin olmamasını, təqsirləndirilən şəxsin hadisədən sonrakı hərəkətlərini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(cild 01, iş vər. 73- 74). Cinayət işinin materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(019)-27/22 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 140-143). Cinayət işinin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(107)-38/22 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 175-179). Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edildiyindən, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olmaqla Balakən Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd qırmızı rəngli alt paltarı (tuman) hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Şahid1 qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Balakən Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd qırmızı rəngli alt paltarı (tuman) hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Şahid1 qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar