Məhkəmə qərarları › İş №1(091)-203/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-203/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-203/2023 30.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X11, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi: X5 iştirakları ilə, xx.xx.1990-cı ildə Balakən rayonu Talalar kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə saat 18 radələrində «Yоl hərəkəti hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununun 33-cü mаddəsinin 4-cü hissəsinin tələblərini pоzaraq idarəetmə hüququ olmadan idarə etdiyi VAZ 2121 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Balakən rayonu Talalar kəndində yerləşən evin həyətyanı sahəsində giriş qapısından həyətdə yerləşən fərdi yaşayış evinin qarşısına 5-10 km/saat sürətlə hərəkət etdirdiyi zaman yaşayış evinin qarşısındakı pilləkənə çatmağa 1-1,5 metr məsafə qalmış avtomobili saxlamaq üçün qaz pedalından ayağını götürərək əyləc pedalını basmaq istədikdə ehtiyatsızlıqdan yenidən qaz pedalını basaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, yol hərəkəti zamanı onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamasını təmin etməli olduğu halda bunları etməyərək pilləkənin üzərində əyləşmiş anası X6 idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə Məlahət Qarayevaya ehtiyatsızlıqdan sağ baldırın ön səthlərində yaralar-qançır, sol baldırın arxa 1/3-də dizaltı nahiyədə böyük ölçülü yara, sağ baldırın qamış və incik sümüklərinin yuxarı 1/3-nin yerdəyişən qəlpəli tam sınıqları-intramedulyar ostosintez əməliyyatından sonrakı vəziyyət, sol baldırın yuxarı və orta 1/3-də baldır sümüklərinin yerdəyişən açıq sınıqları xəsarətləri ilə nəticələnən dərəcələrinə görə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, daha sonra həmin xəsarətlərdən sağ baldırın qamış və incik sümüklərinin yuxarı 1/3-nin yerdəyişən qəlpəli tam sınıqları və sol baldırın yuxarı və orta 1/3-də baldır sümüklərinin yerdəyişən açıq sınıqları nəticəsində inkişaf etmiş ağciyər arteriyasının trombemboliyası nəticəsində ehtiyatsızlıqdan 17 mart 2023-cü il tarixdə saat 1400-da Respublika Kliniki Xəstəxanasında zərərçəkmiş şəxs X3 ölümünə səbəb olan yolnəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.1-3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 mart 2023-cü il tarixdə səhər saatlarında idarə etdiyi VAZ 2121 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Balakən rayonu Talalar kəndindəki evdən çıxıb Balakən şəhəri mərkəzi bazarın yaxınlığında işlətdiyi kafeyə getmiş, saat 17 radələrində iş yerindən çıxıb idarə etdiyi avtomobillə yaşadığı evə qayıtmışdır. Səhəri gün iş yerinə aparmaq üçün yaşadığı evin həyətində olan doğranmış odunlardan bir qədər avtomobilin yük yerinə yığdıqdan sonra avtomobili həyətdəki su kranının yanına sürüb orada avtomobilin içərisini təmizləmiş və səhəri gün iş yerinə aparmaq üçün 03 ədəd 05 litrlik plastik qablara su doldurub avtomobilin yük yerinə qoymuşdur. Həmin işləri görən zaman anası X9 yaşadıqları evin qarşısındakı pilləkənin üçüncü pilləsində oturub ayaqlarını aşağı sallayaraq onunla söhbət etmiş, işlərini bitirdikdən sonra avtomobili sürüb evin qarşısında saxlamaq üçün sükan arxasına əyləşmişdir. Avtomobili hərəkətə gətirib asta sürətlə sürərək evin qarşısına tərəf getmiş, əvvəlcə avtomobili bir qədər arxada saxladıqdan sonra bir qədər də irəli sürüb saxlamaq üçün avtomobili sürüb evin qarşısına, yəni anası Məlahətin oturduğu pilləkənin yanına çatmağa təxminən 1-1,5 metr məsafə qalanda əyləc pedalına basıb avtomobili saxlamaq istəyərkən yanlışlıqla qaz pedalına basmış, nəticədə avtomobil irəli gedərək nəticədə anası Məlahətin hər iki ayaqları avtomobilin ön bamperi ilə pilləkənin arasında qalmışdır. Həmin vaxt anası Məlahət ağrıdan qışqırmağa başlamış, dərhal avtomobili geriyə sürüb saxladıqdan sonra avtomobildən yerə düşüb anasının yanına qaçmışdır. Həmin vaxt anası Məlahət hər iki ayaqlarından ciddi xəsarət aldığına görə qışqırıb yardım istəmiş, qışqırıq səslərinə qardaşının arvadı Gülnarə evdən çölə çıxmışdır. Həmin vaxt atası Akif Qarayev at arabası ilə yaşadıqları evin həyətinə daxil olmuş, atası Akif və qardaşının arvadı Gülnarə vəziyyəti görüb cəld onların yanına qaçmışlar. Avtomobillə anasını vurub xəsarət yetirdiyini atasıgilə demiş və dərhal taksi fəaliyyəti ilə məşğul olan Adil adlı qonşularına zəng edərək idarə etdiyi avtomobillə təcili onların həyətə gəlməsini xahiş etmişdir. Adil gəldikdən sonra atasıgilin köməyi ilə anası Məlahəti Adilin avtomobilinə qoyub gəlinləri Gülnarə ilə birlikdə Balakən rayon Xəstəxanasına aparmışdır. Xəstəxanaya gedən zaman yolda Adil ona anası Məlahətin hansı şəraitdə xəsarət alması barədə sual vermiş, o da anasının ayaqlarının üzərindən at arabasının təkərinin keçdiyini bildirmişdir. Xəstəxanaya çatanda həkimlər dərhal yardım göstərib anasını müayinə otağına aparmış, Adil isə onları düşürdükdən sonra oradan getmişdir. Xəstəxanada həkim müayinəsindən sonra anasının hər iki ayaq sümüklərinin dizdən aşağı nahiyədən sınması onlara məlum olmuşdur. Xəstəxanada da həkimlər ona anası Məlahətin hansı şəraitdə xəsarət alması barədə sual verəndə polisə məlumat veriləcəyini düşünmüş və həbs olunmaqdan qorxduğu üçün anasının ayaqlarının üzərindən at arabasının təkərinin keçdiyini bildirmişdir. Anası Məlahət bir gün Balakən rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra anasını oradan götürüb müalicəsini davam etdirmək məqsədi ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparmış, orada həkimlər anasının ayaqlarını əməliyyat edərək bir ayağına mil yerləşdirmiş, 15 gün ərzində anasının müalicəsi həmin xəstəxanada davam etmişdir. Aparılmış müalicələrə baxmayaraq anası X9 17 mart 2023-cü il tarixdə saat 14 radələrində Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında onun yanında vəfat etmişdir. Buna görə o, həmin gün anasının nəşini Bakı şəhərindən yaşadıqları Balakən rayonu Talalar kəndinə gətirmiş və səhəri gün, yəni 18 mart 2023-cü il tarixdə anasını Talalar kənd qəbiristanlığında dəfn etmişlər. Şahid1 uzaq qohumu olmaqla hadisə vaxtı orada olmamış, Nurlan hərbi xidmət dövründə yaranmış şizofreniya xəstəliyi ilə əlaqədar müalicə almışdır. Həmin xəstəliyi ilə əlaqədar Nurlan 18 mart 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng edərək onun anasını avtomaşınla vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, dəymiş ziyanı ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, 01 mart 2023-cü il tarixdə səhər saatlarında qızı Aygün onun adına olan VAZ 2121 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları evdən çıxıb işə getmiş, o da həmin tarixdə günorta saatlarında özünə məxsus at arabası ilə yaşadıqları evdən çıxıb işləməyə getmişdir. Saat 18 radələrində işlərini bitirdikdən sonra yaşadığı evə qayıtmış və həyətin darvazasını açıb at arabası ilə birlikdə həyətə daxil olanda evin pilləkənlərinin qarşısından qışqırıq səslərinin gəldiyini eşitmişdir. Həmin yerə çatanda arvadı X3 pilləkənlərin üzərində oturmuş vəziyyətdə hər iki ayağından xəsarət aldığını və qışqırdığını, qızı Aygünün və gəlini Gülnarənin isə təlaş içində arvadı Məlahətə yardım etdiklərini görmüşdür. Həmin vaxt qızı Aygün idarə etdiyi avtomobili yaşadıqları evin qarşısında saxlamaq istəyən zaman yanlışlıqla qaz pedalına basdığını və nəticədə pilləkənin üzərində oturan anası Məlahəti vurub xəsarət yetirdiyini bildirmişdir. Aygün dərhal taksi fəaliyyəti ilə məşğul olan Adil adlı qonşularına zəng edərək idarə etdiyi avtomobillə təcili onların həyətinə gəlməsini xahiş etmiş, sonuncu gəldikdən sonra birlikdə arvadını Adilin avtomaşını ilə Balakən Mərkəzi rayon Xəstəxanasına aparmışlar. Qızı Aygün ona qonşuları Adil və xəstəxanadakı həkimlər Məlahətin hansı şəraitdə xəsarət alması barədə sual verəndə həbs edilməkdən qorxduğu üçün Məlahətin ayaqlarının üzərindən at arabasının təkərinin keçdiyini bildirdiyini demişdir. Arvadı Məlahət bir gün Balakən rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra, qızı Aygün arvadı Məlahəti oradan götürüb müalicəsini davam etdirmək məqsədi ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparmış, orada arvadı Məlahət ayaqlarından əməliyyat olunmuş və 15 gün ərzində həmin xəstəxanada müalicəsi davam etdirilmişdir. Lakin, buna baxmayaraq arvadı X9 17 mart 2023-cü il tarixdə günorta saatlarında müalicə aldığı Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında vəfat etmişdir. Qızı Aygün həmin gün gecə saatlarında mərhumə arvadı Məlahətin nəşini Bakı şəhərindən yaşadıqları Balakən rayonu Talalar kəndinə gətirmiş və səhəri gün, yəni 18 mart 2023-cü il tarixdə mərhumə arvadı Məlahəti Talalar kənd qəbiristanlığında dəfn etmişlər. Şahid1 onun uzaq qohumu olmaqla hadisə vaxtı orada olmamışdır. Ola bilər ki, Nurlan 18 mart 2023-cü il tarixdə DİN-nin “102” xidməti-zəng mərkəzinə zəng edən zaman keçirdiyi şizofreniya xəstəliyi ilə əlaqədar hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs olan qızı ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 01 mart 2023-cü il tarixdə baldızı Təqsirləndirilən şəxs səhər saatlarında qayınatasının adına olan Vaz 2121 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadıqları evdən çıxıb işə getmiş, saat 1730 radələrində yaşadıqları evə qayıtmışdır. Saat 18 radələrində evin pəncərəsindən bayıra baxanda Aygünün həyətdə avtomobilin içərisini təmizlədiyini, X8nın isə evin qarşısında olan pilləkəndə oturub Aygünlə söhbət etdiyini görmüşdür. Həmin vaxt evin içərisində təmizlik işləri görən zaman qəflətən həyətdən qışqırıq səsləri gəldiyini eşidib evdən bayıra çıxarkən qayınanası X3 hər iki ayaqlarından xəsarət aldığını, Aygünün isə həyəcanlı vəziyyətdə orada olduğunu görmüşdür. Bu zaman qayınatası Akif Qarayev həyətin darvazasından içəri daxil olub onların yanına qaçmış, həmin vaxt Aygün idarə etdiyi avtomobili yaşadıqları evin qarşısında saxlamaq istəyən zaman yanlışlıqla qaz pedalına basdığını və nəticədə pilləkənin üzərində oturan anası Məlahəti vurub xəsarət yetirdiyini bildirmişdir. Aygün dərhal taksi fəaliyyəti ilə məşğul olan Adil adlı qonşularına zəng edərək təcili onların həyətinə gəlməsini xahiş etmiş, Adil gəldikdən sonra qayınatası Akif, baldızı Aygünlə birlikdə qayınanası Məlahəti Adilin avtomobili ilə Balakən rayon Xəstəxanasına aparmışlar. Xəstəxanaya gedən zaman qonşuları Adil yolda baldızı Aygünə anası Məlahətin hansı şəraitdə xəsarət alması barədə sual vermiş, Aygün də anası Məlahətin ayaqlarının üzərindən at arabasının təkərinin keçdiyini bildirmişdir. Onlar xəstəxanaya çatanda həkimlər dərhal yardım göstərib X8nı müayinə otağına aparmışlar. Sürücü Adil isə onları orada düşürdükdən sonra çıxıb getmişdir. Xəstəxanada həkim müayinəsindən sonra X8nın hər iki ayaq sümüklərinin dizdən aşağı nahiyədən sınması onlara məlum olmuşdur. X8 bir gün Balakən rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra baldızı Aygün anasını oradan götürüb müalicəsini davam etdirmək məqsədi ilə Bakı şəhərində yerləşən Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparmış, orada həkimlər qayınanasının ayaqlarını əməliyyat etmişlər. Qayınanasının müalicəsi 15 gün ərzində həmin xəstəxanada davam etdirilməsinə baxmayaraq qayınanası X9 17 mart 2023-cü il tarixdə günorta saatlarında müalicə aldığı Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında vəfat etmişdir. Baldızı Aygün həmin gün gecə saatlarında X8nın nəşini yaşadıqları Balakən rayonu Talalar kəndinə gətirmiş və səhəri gün, yəni 18 mart 2023-cü il tarixdə mərhumə X8nı yaşadıqları Talalar kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 18 mart 2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi avtomobillə Balakən şəhəri ərazisindən tanımadığı bir sərnişini götürüb Balakən rayonu Talalar kəndinə aparan zaman həmin kəndin ərazisində küçədə xeyli insanların toplaşdığını gördüyünə görə həmin sərnişindən insanların nə üçün toplaşmalarını soruşmuş, həmin sərnişin də cavabında qohumu Akifin arvadı Məlahətin vəfat etdiyini bildirmişdir. Bundan sonra o, həmin sərnişini Talalar kəndi ərazisində yerləşən “Pərişan” döngəsi adlanan yerdə avtomobildən düşürüb yas yerinə getmişdir. Yas yerində qohumlarından 01 mart 2023-cü il tarixdə atasının əmisi oğlu Akifin qızı Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində idarə etdiyi VAZ 2121 markalı avtomobillə anası Məlahət Qarayevanı vuraraq xəsarət yetirdiyini, bundan sonra Aygün anası Məlahəti müalicə etdirmək üçün əvvəlcə Balakən rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən xəstəxanaların birinə apardığını, 17 mart 2023-cü il tarixdə isə Məlahət Qarayevanın Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat etdiyini, 18 mart 2023-cü il tarixdə isə Məlahət Qarayevanın cənazəsi Bakı şəhərindən Balakən rayonu Talalar kəndinə gətirilərək həmin kəndin qəbiristanlığında dəfn olunduğunu eşitmişdir. 18 mart 2023-cü il tarixdə gecə saatlarında əsəbi halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng edərək qohumu Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə idarə etdiyi NİVA markalı avtomobillə anası X6 yaşadıqları evin həyətində vurduğunu və bunun nəticəsində Məlahət Qarayevanın vəfat etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 mart 2023-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdə olan zaman onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs həyəcanlı halda ona zəng edərək idarə etdiyi avtomobillə təcili yaşadığı evin həyətinə getməsini xahiş etmiş, evdən çıxıb idarə etdiyi avtomobillə Akifin yaşadığı evin həyətinə gedərkən orada Akif qızı Aygün və gəlini Gülnarə ilə birlikdə arvadı Məlahəti qucaqlarında gətirib onun idarə etdiyi avtomobilə qoymuşlar. Akifin qızı Aygünlə gəlini Gülnarə avtomobilə əyləşdikdən sonra birlikdə Balakən rayon Mərkəzi Xəstəxanasına getmişlər. Yolda gələn zaman Məlahətin hansı şəraitdə xəsarət alması barədə qızı Aygünə sual vermiş, Aygün də ağlayaraq at arabasının təkərinin anasının ayaqlarının üzərindən keçdiyini bildirmişdir. Aygüngili Balakən rayon Mərkəzi Xəstəxanasına düşürdükdən sonra oradan şəxsi işlərinin dalınca getmişdir. 18 mart 2023cü il tarixdə Məlahətin Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat etdiyi ona məlum olmuşdur. Sonradan o, qonşulardan eşitmişdir ki, Aygün 01 mart 2023-cü il tarixdə yaşadıqları evin həyətində idarə etdiyi avtomobillə anası Məlahəti vuraraq xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 11 may 2023-cü il tarixli 05 nömrəli rəyindən görünür ki, X2 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: sağ baldırın ön səthlərində yaralarqançır, sol baldırın arxa 1/3-də dizaltı nahiyədə böyük ölçülü yara, sağ baldırın qamış və incik sümüklərinin yuxarı 1/3-nin yerdəyişən qəlpəli tam sınıqları-intramedulyar ostosintez əməliyyatından sonrakı vəziyyət, sol baldırın yuxarı və orta 1/3-də baldır sümüklərinin yerdəyişən açıq sınıqları. X1 yuxarıda qeyd edilmiş xəsarətlər həyati olub, bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01 mart 2023-cü ildə hərəkətdə olan avtomobilin qabarıq hissələrinin vurması təsirindən əmələ gələ bilərdilər, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. X2 ölümünə səbəb – avtoqəza nəticəsində almış olduğu sağ baldırın qamış və incik sümüklərinin yuxarı 1/3-nin yerdəyişən qəlpəli tam sınıqları və sol baldırın yuxarı və orta 1/3-də baldır sümüklərinin yerdəyişən açıq sınıqları nəticəsində inkişaf etmiş ağciyər arteriyasının trombemboliyası olmuşdur. X2 Respublika Kliniki Xəstəxanasında adına doldurulmuş 827(015231) saylı xəstəlik tarixində qeyd edilmişdir ki, onun ölümü 17 mart 2023-cü il tarixdə saat 14:00-da olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 512/KEŞ saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Balakən rayon Xəstəxanası PHŞ-də Məlahət Qarayevanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2023-cü il tarixdə saat 1903-də “Hər iki baldırın dəqiqləşdirilməmiş hissəsinin sınığı” diaqnozu ilə xəstəxananın cərrahiyyə şöbəsinə daxil olmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “Daxili fiksasiya aparılmadan orta sümüyün sınığının qapalı reduksiyası. Yara tikilməsi (böyük)” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonra müalicələr davam etdirilmiş və xx.xx.2023-cü il tarixdə müalicənin davamı üçün Respublika Kliniki Xəstəxanasına göndərilmişdir. Respublika Kliniki Xəstəxanasına göndərilmişdir. Respublika Kliniki Xəstəxanasında Məlahət Qarayevanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2023-cü il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ baldır sümüklərinin 1/3-nin qəlpəli sınığı. Sol baldır sümüklərinin yuxarı 1/3-nin açıq qəlpəli sınığı” diaqnozu təyin edilmiş və müalicə tədbirlərinin aparılmasına başlanılmışdır. xx.xx.2023-cü il taroxdə xəstənin üzərində “İntramedulyar osteosintez” cərrahiyyə əməliyyatı icra edilmiş və təyinat üzrə müalicələr davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə saat 1335-də xəstənin qəflətən vəziyyəti pisləşmiş, təcili reanimatoloq dəvət olunmuş və xəstəyə reanimasion tibbi tədbirlər göstərilmiş, lakin buna baxmayaraq saat 1400-da bioloji ölüm baş vermişdir. Məlahət Qarayevaya aparılmış müayinələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Məlahət Qarayevaya aparılmış müalicələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Məlahət Qarayevaya göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. Məlahət Qarayevanın meyiti müayinə olunmuş və onun ölümünə səbəb “Avtoqəza nəticəsində almış olduğu sağ baldırın qamış və incik sümüklərinin yuxarə 1/3-nin yerdəyişən qəlpəli sınıqları və sol baldırın yuxarı və orta 1/3-də baldır sümüklərinin yerdəyişən açıq sınıqları nəticəsində inkişaf etmiş ağciyər arteriyasının trombemboliyasının” olduğu müəyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Məlahət Qarayevanın avtoqəza nəticəsində almış olduğu travma ilə əlaqədar ağciyər arteriyasının trombemboliyası baş vermişdir ki, bu da aparılmış müvafiq ixtisaslı tibbi yardımlara tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11 may 2023-cü il tarixli 8/1056 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ 2121 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış 06 aprel 2023-cü il tarixli 016-3-13-16-6/2-130/2023 saylı məktubdan görünür ki, X13 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Balakən rayonu Talalar kəndində qeydiyyatda olan xx xxxxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Balakən rayon İcra Hakimiyyəti Talalar kənd inzibati ərazi dairəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Balakən rayonu Talalar kəndində yaşamaqla himayəsində xx.xx.2009-cu il təvəllüdlü Aytac Qarayeva və xx.xx.2008-ci il təvəllüdlü Aysu Qarayeva adında iki azyaşlı uşaqları vardır, yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Qətimkan tədbirinin seçilməsi haqqında 31 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsini məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 263.1-3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ölmüş zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığına görə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilməsi, himayəsində iki azyaşlı uşağının olması, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışaraq ondan heç bir şikayət və tələblərinin olmamasını, ölmüş zərərçəkmiş şəxsin onun yaxın qohumu olan anası olması, zərərçəkmiş şəxs olan anasına bütün zəruri tibbi yardımları göstərməsi və özünün də qadın olması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmаlıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun daimi yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan VAZ 2121 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X7 qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar