Məhkəmə qərarları › İş №1(091)-204/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-204/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-204/2021 18.11.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X10, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X4, 28 avqust 2003-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 may 2021-ci il tarixdə saat 17:40 radələrində Mingəçevir şəhəri, M.Maqomayev prospekti 75 A ünvanında yerləşən işlədiyi kafeyə müştəri qismində gələn və ondan nisyə qaydada pivə istəyən, xx.xx.2004-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan tanışı Zərərçəkmiş şəxs kafeyə əvvələr yaranmış borcunu qaytarmadığı üçün nisyə pivə verməyəcəyini bildirdikdə, Zərərçəkmiş şəxs əvvəlcə onun, sonradan isə kafedə ona köməklik edən, atasının tanışı Şahid3 ünvanına nalayiq ifadələr və söyüşlər işlətdiyinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, münasibətlərinə aydınlıq gətirmək üçün onu kafenin sağ küncünə dəvət edən Zərərçəkmiş şəxs ilkin olaraq yumruqla onun sifət və sinə nahiyəsinə zərbələr endirdiyi üçün o, əvvəlcə yumruqla və kafedə əlinə keçən stulla aralarındakı mübahisənin və əlbəyaxa davanın təşəbbüskarı olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona qarnının ön divarının qançırı ilə nəticələnən və küt əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmin vaxt ətrafda olan şəxslər, həmçinin Şahid3 onları ayırmasına baxmayaraq, Zərərçəkmiş şəxs yenidən onun üzərinə hücum çəkdiyi zaman, o, aralarında dava-dalaş düşəcəyini qabaqcadan bildiyi üçün mübahisələri başlayan ərəfədə kafenin mətbəxindən götürərək əynindəki şalvarın sol yan cibində qoyub, üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı ilə bir dəfə Zərərçəkmiş şəxs sağ ayağına zərbə vurmaqla, ona sağ budun bayır arxa orta 1/3-nin deşilmiş-kəsilmiş yarasında xarici qanaxma nəticəsində inkişaf edən İİİ dərəcəli post hemorragik şok (arterial təzyiq 48/24 mm.c.s) ilə müşayiət olunan, yetirilən anda insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verməklə göstərmişdir ki, atası Şahid1 və atasının tanışı Şahid3 mövsümlə əlaqədar olaraq Mingəçevir şəhəri M.Maqomayev prospekti 75 A ünvanında yerləşən kafeni şərikli olaraq işlədirlər. O, da asudə vaxtlarında müştərilərə xidmət göstərilməsində onlara köməklik edir. Kafedə çay, pivə, kofe, qutab, şirniyyat, sərinləşdirici içkilər və nəhayət dondurma satmaqla müştərilərə xidmət göstərirlər. Zərərçəkmiş şəxs tanıyır. O, kafeyə müştəri qismində gələrək nağd və nisyə qaydada çay, şirniyyat və sair şeylər sifariş vermişdir. Davaya qədər artıq onun kafeyə 3 manat pul borcu olmuşdur. Hər dəfə gəlib kafedə oturanda ona borcunu verməli olmasını xatırlatdığına baxmayaraq o, borcunu ödəməmişdir. 10 may 2020-ci il tarixdə saat 16 radələrində qohumu Əlizamanla kafedə olan zaman Zərərçəkmiş şəxs tanışı Fəridlə kafeyə gəlmişdir. Onlarla birlikdə «domino» oynamağa başlamışlar. Aradan bir müddət keçmiş Zərərçəkmiş şəxs gedişi olanda ondan əvvəl gediş etmiş şəxsin ünvanına dilə gətirilməsi mümkünsüz olan nalayiq ifadə işlətmiş, Zərərçəkmiş şəxs əvvəl gediş etdiyi üçün həmin ifadələrin onun ünvanına işlədilməsini başa düşərək Elmin Mədanova irad tutduqda aralarında mübahisə yaranmış, həmin vaxt əlbəyaxa olub bir-birlərini vursalar da, yanlarında olan şəxslər onları aralaşdırmışlar. Həmin mübahisə və dava zamanı xəsarət almamışlar. Zərərçəkmiş şəxs həmin vaxt kafeni tərk etmiş, o isə müştərilərə xidmət göstərməyə davam etmişdir. Sonra isə o, gəlib üzr istədiyindən barışmışlar. Həmin faktla bağlı polisə müraciət etməmişlər. 3 gün sonra yəni, 2021-ci il mayın 13-də 11 radələrində Zərərçəkmiş şəxs yenidən kafeyə gələrək nisyə qaydada yəni, 1 manat mübaqibilində qutab yeyib ayran içmiş, pul verməmiş obyekti tərk etməzdən ondan pulu istəsə də, pulu olmadığını və borcunu sonra ödəyəcəyini deyib getmişdir. Həmin gün saat 17:40 radələrində kafenin mətbəxində çay dəmləyən zaman Zərərçəkmiş şəxs mətbəxə daxil olub nisyə qaydada pivə içmək istəməsini açıqlamışdır. Ona kafeyə 4 manat pul borcu olmasını əsas gətirib nisyə qaydada pivə satmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs isə onu söyüb təhqir edərək mətbəxdən çıxmışdır. Onun dava etmək fikrində olmasını hiss edərək özündən fiziki güclü olduğundan özünü müdafiə etmək məqsədi ilə mətbəxdə istifadə etdiyi bıçağı şalvarının sol yan cibinə qoyub bayıra çıxmışdır. Kafenin qarşısında olan sərinləşdirici içkilərlə dolu soyuducunu açıb oraya ayran qoyan zaman Zərərçəkmiş şəxs yenidən yaxınlaşaraq niysə qaydada pivə istədikdə borclu olmasını əsas gətirərək nisyə qaydada ona pivə satmayacağını deyəndə aralarında sözlə mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs onu söyüb təhqir edərək haqq-hesab çəkmək üçün kafenin sağ küncünə çağırmışdır. Orada onunla oturan şəxslər da pivəni nisyə qaydada satmağını məsləhət bilsələr də, yenindən etiraz etmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxsla aralarında mübahisə baş vermişdir. Olanları Şahid3 deyəcəyini bildirdikdə Zərərçəkmiş şəxs hər ikisinin öhdəsindən asanlıqla gələ biləcəyini demişdir. Onun sözlərini Şahid3 çatdıracağını deyəndə Zərərçəkmiş şəxs onun və Şahid3 ünvanına dilə gətirilməsi mümükünsüz olan nalayiq ifadələr işlətdiyindən və onları söyüb təhqir etdiyindən mübahisələri davaya çevrilmiş və əlbəxaya olub dalaşmışlar. Zərərçəkmiş şəxs onun sifət və sinə nahiyəsinə əli ilə zərbə endirmiş, o da, Zərərçəkmiş şəxs əli və stulla vurmuşdur. Sonra isə Şahid3 və Zərərçəkmiş şəxs yanında olan şəxslər onları aralaşdırmışlar. Lakin, Zərərçəkmiş şəxs yenidən üstünə hücum etmək istəyəndə əsəblərinə hakim ola bilməyərək mətbəxdən çıxan zaman götürdüyü açılıb-qatlanan, qara rəngli düyməli bıçağı cibindən çıxarıb bıçaqla onun sağ ayağına bir dəfə zərbə endirmişdir. Həmin vaxt Şahid3 bıçağı əlindən alıb özünü kafenin içərisinə salmış, bıçağı isə orada pəncərinin tininə qoymuşdur. O, da qorxudan bıçağı götürüb mətbəxdəki soyuducunun altında gizlətmişdir. Daha sonra bayıra çıxmış, hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə könüllü olaraq şəhər polis şöbəsinə gələrək törətdiyi cinayət əməlini səmimi şəkildə etiraf etmişdir. Hazırda zərərçəkmişlə barışmışdır, zərərçəkmişin ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən bu halların, o cümlədən yaşının azlığının nəzərə alınmasını və barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs aralarında baş vermiş davadan 2-3 ay əvvəl tanımışdır. Belə ki, o, atası və əmisi ilə birlikdə Mingəçevir şəhəri M.Maqomayev prospekti 75 A ünvanında yerləşən kafeni işlədir. Kafe açılandan oranın müştərisi olduğundan Təqsirləndirilən şəxs tanımışdır. Həmin kafedə oturub, çay, sərinləşdirici içki içmiş və qutab yemişdir. Pulu olanda sifarişlərinin haqqını nağd ödəmiş, olmayanda isə nisyə qaydada sifariş vermişdir. Kafedə bəzən Təqsirləndirilən şəxslə aralarında mübahisələr yaşansa da, həmişə onunla mübahisədən sonra barışmış və bir-birlərindən şikayət etməmişlər. 10 may 2021-ci il tarixdə saat 16 radələrində dostu Fərid və Hüseynin qohumu Əlizamanla birlikdə həmin kafedə «domino» oynayan zaman özündən asılı olmayaraq qeyri iradı olaraq ondan əvvəl gediş edənin ünvanına dilə gətirilməsi mümkünsüz olan nalayiq ifadə işlətmiş, Təqsirləndirilən şəxs həmin ifadəni öz ünvanına qəbul etdiyindən onunla mübahisə edərək əlbəyaxa olub dalaşmışlar. Yanlarında olan şəxslər oları sakitləşdirmişlər. Sonra oynuna davam etmişlər. 13 may 2021-ci il tarixdə saat 16:30 radələrində kafeyə gələrək orada qutab yeyib ayran içmiş, pulu olmadığından Təqsirləndirilən şəxs 1 manat borclu qalmışdır. Təqsirləndirilən şəxs ona ümumilikdə 4 manat pul borcu olmasını dedikdə razılaşıb evə gəlmişdir. Qeyd edilən gün saat 17:30 radələrində dostları Şahid5 və X8 ilə telefon əlaqəsi yaradaraq yerlərini soruşanda onlar Təqsirləndirilən şəxsgilin kafesində olmaqlarını demişlər. Yenidən həmin kafeyə getmiş, onların yanına çatanda artıq çay sifariş verib içdiklərini görmüşdür. Birlikdə kafenin sağ küncündə olan masada əyləşmişlər. Çay içmək istəmədiyindən mətbəxdə olan Təqsirləndirilən şəxs yaxınlaşaraq nisyə qaydada pivə verməsini xahiş etmişdir. O, isə kobud halda əvvəlki borcunu ödəmədiyindən nisyə qaydada pivə verməyəcəyini demişdir. Onunla sözlə mübahisə edib masaya qayıtdıqdan sonra yenidən Təqsirləndirilən şəxs pivə süzən zaman ona yaxınlaraşarq nisyə qaydada pivə verməsini xahiş edib pulunu səhəri gün ödəyəcəyini dedikdə o, yenə kobud şəkildə davranaraq pivəni nisyə qaydada satmayacağını, əmisi Şahid3 orada olduğuna görə heç kimə nisyə qaydada pivə vermək fikri olmadığını bildirdikdə camaat içində onu utandırmamasını məsləhət görmüş, sonra isə onu oturduğu masanın yerləşdiyi sağ küncə çağırmışdır. Orada ondan bir daha nisyə qaydada pivə satmasını xahiş etmiş, dostları da ona səhəri gün pivənin pulunu verəcəyini deyərək nisyə qaydada pivə satmağını xahiş etmişlər. Lakin, o, yenidən əmsinin kafedə olmasını əsas gətirərək pivə satmaqdan imtina və onu camaat içində biabır etməsinə görə onun və əmisinin öhdəsindən asanlıqla gələcəyini bəyan etmiş, bu səbəbdən də aralarında mübahisə yaranmış, mübahisə zamanı bir-birlərini söyüb təhqir edərək əlbəyaxa olmuşlar. Hüseyn Huduyev onu söyüb təhqir etdiyindən birinci olaraq onun sifətinə yumruqla vurmuşdur. Sonra isə Təqsirləndirilən şəxs ona əlləri və ayaqları ilə zərbələr endirmişdir. Onun yumruğunu tutub sifətinə yumruq vurduqla Təqsirləndirilən şəxs onu stulla vurmuşdur. Şahid3lə Şahid5 onları ayırandan sonra Təqsirləndirilən şəxs onu söyüb təhqir etdiyinə görə yenidən üstünə gedib onu vurmaq istəyəndə Təqsirləndirilən şəxs cibindən bıçağı çıxararaq sağ ayağına zərbə endirmişdir. Qeyd edilən vaxt Şahid3 onu aralaşdırıb xidmət zalına aparmışdır. Qan itirməyini görüb kafeni tərk edən zaman orada olan Şahid4 nə baş verməsini soruşduqda heç nə baş vermədiyini deyəndən sonra huşunu itirib yıxılmışdır. O, isə kəmərini açıb ayağını sıxıb qanaxmanı dayandırmış, sonra onu avtomobilinə mindirib xəstəxanaya aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayətinin və tələbinin olmadığını, məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. Zərərçəkmiş şəxs isə əvvələr tanımamışdır. Mingəçevir şəhəri M.Maqomayev prospekti 75 A ünvanında yerləşən kafeni icarəyə götürüb işlədir. Övladı Təqsirləndirilən şəxs asudə vaxtlarında ona müştərilərə xidmət göstərilməsinə köməklik edir. Arada bir dostu Şahid3 da kafeyə gələrək ona köməklik edir. 13 may 2021ci il tarixdə səhhəti ilə əlaqədar olaraq kafeyə gedə bilimədiyinə görə oğlu Təqsirləndirilən şəxs təkbaşına kafeyə getmişdir. Həmin gün dostu Şahid3 də oğluna köməklik etmişdir. Saat 17:50 radələrində Şahid3 zəng edərək oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmaqla bədən xəsarəti yetirməsini demişdir. Taksiyə əlyəşib kafeyə gələndə kafenin meydançasınınnın metlaxının qan içində olmasını və kafedə polis əməkdaşları olmasını görüb Şahid3 nə baş verməsini soruşanda Zərərçəkmiş şəxs kafeyə borclu olmasına baxmayaraq nisyə qaydada pivə istəməsini, oğlu Təqsirləndirilən şəxs isə buna etiraz edəndə onu söyüb təhqir edərək döydüyündən oğlunun onu bıçaqla vurmasını demişdir. Zərərçəkmiş şəxs qohumlarından oraya kiminsə gələ biləcəklərindən ehtiyat edən polis əməkdaşları onu kafedən uzaqlaşdırıb evinə göndərmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, onlara maddi ziyan ödənilmişdir, xəstəxana məsrəfləri çəkilmişdir. Zərərçəkmiş şəxs onun oğlundan şikayətçi deyildir. Məhkəmədən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin şahid Vüsal Məırdanovun iş üzrə zərərçəkmiş şəxs olan oğlu Elmin Mərdovla eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin Mingəçevir filialında mühəndis vəzifəsində işləməklə ailəsini dolandırır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onlarla aralarında qohumluq əlaqəsi və ya ədavət yoxdur. Belə ki, Təqsirləndirilən şəxs atası Şahid1lə birlikdə M.Maqomayev prospektində kafe işlətmələrinə görə tanımışdır. Eyni zamanda Şahid1lə da aralarındakı münasibətlər yaxşıdır. Zərərçəkmiş şəxs isə atası Şahid2 da ərzaq dükanı işlətdiyinə görə tanımışdır. Bəzən Təqsirləndirilən şəxs atası Şahid1lə birlikdə işlətdiyi həmin kafedə oturub çay içmiş, Şahid1 obyektində olmayanda köməklik məqsədi ilə onun oğlu Təqsirləndirilən şəxs üstündə durub işləməsinə nəzarət etmişdir. Çünki, o və ya Şahid1 orada olanda Təqsirləndirilən şəxs işinin öhdəsindən rahat şəkildə gəlmişdir. 13 may 2021-ci il tarixdə saat 17:00 radələrində tanışı Şahid4lə birlikdə həmin kafeyə gəlmiş, Təqsirləndirilən şəxslə salamlaşaraq Şahid1 harada olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs atasının obyektdə olmadığını deyəndən sonra işlərin gedişatı ilə maraqlanmış, müsbət cavab alınandan sonra isə keçib masalardan birində əyləşərək 1 çaynik çay sifariş verib nərd oynamağa başlamışdır. Aradan 15-20 dəqiqə keçmiş Zərərçəkmiş şəxs özündən başqa 2 nəfər şəxslə birlikdə kafeyə daxil olub qarşı tərəfdə olan masalardan birində əyləşmişdir. Onlara əhəmiyyət verməyərək nərd oynamağa davam etmişlər. Saat 17:40 radələrində qəftələn səs-küy eşitdikdə qarşısında əyləşən Şahid4 arxaya baxmağını məsləhət bilmiş, arxaya çevrilib kafenin sağ küncündə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs əlbəyaxa olub dalaşdıqlarını görmüşdür. Tez masadan qalxaraq gedib Zərərçəkmiş şəxsla gələnlərlə birlikdə dalaşanları ayırarkən Təqsirləndirilən şəxs qəflətən əlində olan bıçaqla Zərərçəkmiş şəxs sağ ayağınan zərbə endirmişdir. Dərhal onun əlindən silah qismində istifadə etdiyi bıçağı alaraq Təqsirləndirilən şəxs xidmət zalına aparmışdır. Bıçağı həyacanlı olduğundan pəncərinin qarşısına qoymuşdur. Zərərçəkmiş şəxs sağ ayağından qan axaraq kafedən çıxarkən dostu Şahid4 onunla nə baş verməsi barədə söhbət edərkən o, huşunu itirib yıxılmışdır. Şahid4 isə Təqsirləndirilən şəxs zalda saxladığı vaxt ərzində dərhal yaxında olan tanımadığı şəxslə birgə kəmərini belindən açıb onun ayağını sıxaraq qanaxmasın saxlamış, onu idarə etdiyi «Nissan X TRAİL markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib tibbi yardım alması üçün xəstəxanaya aparmışdır. Daha sonra o, kafeyə daxil olmuşdur. Təqsirləndirilən şəxs nə baş verməsini və hansı səbəbdən Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini soruşanda Zərərçəkmiş şəxs kafeyə borcu olmasını və borcunu ödəməməsinə baxmayaraq həmin gün ondan yenidən nisyə qaydada pivə istəməsini, borclu olmasını əsas gətirərək nisyə qaydada pivə satmaqdan imtina etməsini bildirdikdə isə israr edərək yenidən nisyə qaydada pivə satmasını istədiyini, Zərərçəkmiş şəxs onun da kafedə olmağını xatırladanda isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kafenin sağ küncündə yerləşən, oturduğu masanın yanına apararaq sözlə mübahisə etməsini, onun ünvanına dilə gətirilməsi mümkünsüz olan ifadələr işlədib söyüb təhqir etməsini, bu səbəbdən də aralarında dava baş verməsini və onu da özündən fiziki güclü və canlı olduğuna görə bıçaqla vurmasını etiraf etmişdir. Hadisə yerinə gələn polis əməkdaşları Təqsirləndirilən şəxs şöbəyə aparmışlar. O, isə hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində işirak etmişdir. Həmin vaxt pəncərinin önünə baxanda isə bıçağı tapa bilməmişdir. Bu məqsədlə polis əməkdaşları ilə birlikdə təhlükəsizlik kameralarındakı görüntüləri nəzərdə keçirəndə dava baş verən yerdə olan kameranın işləməməsi müəyyən etmişlər. Kameralara baxanda Təqsirləndirilən şəxs bıçağı pəncərinin qarşısından götürüb mətbəxdəki soyducunun altına qoymasını aşkar etdikdən sonra polis əməkdaşları həmin bıçağı və kamera görüntülərini götürüb bu barədə müvafiq protokol tərtib etmişlər. O, da digər işirakçılar kimi protokolla tanış olub imza etmişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qiyabi olaraq tanıyır. Onlarla aralarında qohumluq əlaqəsi və ya ədavət yoxdur. Belə ki, Təqsirləndirilən şəxs atası ilə M.Maqomayev prospektində kafe işlətmələrinə görə, Zərərçəkmiş şəxs isə atası Şahid2 ərzaq dükanı işlətməsinə görə tanımışdır. Bəzən Təqsirləndirilən şəxs atası Şahid1lə birlikdə işlətdiyi həmin kafedə oturub çay içmişdir. 13 may 2021-ci il tarixdə saat 17:00 radələrində tanışı Şahid3lə birlikdə həmin kafeyə gəlmişlər. Masalardan birində əyləşib 1 çaynik çay sifariş verib nərd oynamağa başlamışlar. Aradan 15-20 dəqiqə vaxt keçmiş Zərərçəkmiş şəxs özündən başqa 2 nəfər şəxslə birlikdə kafeyə daxil olub qarşı tərəfdə olan masalardan birində əyləşmişdir. Onlara əhəmiyyət verməyərək nərd oynamağa davam etmişlər. Saat 17:40 radələrində qəfətələn səs-küy eşitdikdə kafenin sağ küncündə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs əlbəyaxa olub dalaşdıqlarını görüb, Şahid3 xəbər verəndə isə o, tez masadan qalxaraq dalaşanları ayırmışdır. Sonra isə Təqsirləndirilən şəxs orada olan tikilinin xidmət zalına salmışdır. Zərərçəkmiş şəxs sağ ayağından qan axaraq kafedən çıxmasını görüb ona nə baş verməsi barədə sual verəndə heç nə olmadığını deyib yıxılmışdır. Dərhal yaxında olan tanımadığı şəxslə birlikdə kəmərini belindən açıb qan axmaması üçün onun ayağını sıxmışdır. Onu idarə etdiyi «Nissan X TRAİL markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə mindirib sükan arxasına keçmiş, orada olan şəxslərdən də bir nəfər yük yerində onun yanında əyləşməsini xahiş etmişdir. Avtomobilini idarə edib tez bir vaxt ərzində onu Mingəçevir şəhər xəstəxanasına çatdırmışdır. Onu xəstəxananın təcili yardım şöbəsinə təhvil verərək sonra yenidən dava baş verən kafeyə qayıtmışdır. Orada Şahid3 və digər şəxslərdən Zərərçəkmiş şəxs kafeyə ona məlum olmayan məbləğdə borcu olmasını, həmin gün borclu olmasına baxmayaraq Təqsirləndirilən şəxs ona nisyə qaydada pivə satmasın istəməsini, Təqsirləndirilən şəxs etiraz edəndə isə aralarında mübahisə baş verməsini, onların mübahisəsi davaya çevrildiyindən əlbəyaxa olub dalaşmaqlarını, son nəticədə isə Təqsirləndirilən şəxs gücü çatmadığını görüb Zərərçəkmiş şəxs sağ ayağına bıçaqla zərbə endirib ona xəsarət yetirməsini öyrənmişdir. Orada olan zaman polis əməkdaşları təhlükəsimzlik kameralarındakı görüntülərə baxıb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı mətbəxdəki soyuducunun altından aşkar edib götürmüşlər. Sonra isə orada müvafiq protokol tərtib olunmuş, Şahid3 və digər 2 nəfər tanımadığı şəxs baxışda iştirak etdiklərindən protokola imza etmişlər. Oradan avtomobil yuma məntəqəsinə gedərək avtomobilinin qan içində olan yük yerini yudurtmuşdur. Sonradan olanlar barədə məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onlarla aralarında qohumluq əlaqəsi və ya ədavət yoxdur. Zərərçəkmiş şəxs münasibəti olan şəxsdir. Onunla çox vaxt bir yerdə olmuşlar. Təqsirləndirilən şəxs də yaşadığı M.Maqomayev prospektində atası ilə birlikdə kafe işlətdiyindən orada oturan zaman ona xidmət göstərmişdir. Aralarındakı münasibətlər pis olmamışdır. 13 may 2021-ci il tarixdə əvvəlcə Zərərçəkmiş şəxsla zəngləşib həmin kafeyə getmişlər. Onlardan sonra oraya hazırda Rusiya Federasiyasında olan tanışları X8 da gəlmişdir. Masada oturub «domino» oynayan zaman çay sifariş vermişdir. Bir müddət «domino» oynayandan sonra çayın pulunu vermişdir. Zərərçəkmiş şəxs pivə içmək istədiyini dedikdə, ona pivə içməsinin məsələhli olmamasını bildirmişlər. O, isə bunun şəxsi işi olmasını deyib masadan qalxaraq kafedə içkilərin saxlandığı soyuducunun yanında iş görən Təqsirləndirilən şəxs yanına getmişdir. Elvin Qasımovla o, isə oturub «domino» oynamağa davam etmişlər. Həmin vaxt təxminən saat 17:40 radələrində arxa masada da 2 (iki) nəfər oturub çay içib nərd oynamışdır. Onlardan biri Təqsirləndirilən şəxs atasının yaxın dostu olan Şahid3 olmuşdur. Şahid3 çox vaxt Şahid1 olmayanda kafedə Təqsirləndirilən şəxs işlərinə nəzarət etmişdir. Az müddət sonra Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs sözlə mübahisə edərək əyləşdikləri masanın yanına gəlmişlər. Zərərçəkmiş şəxs ondan nisyə qaydada pivə istəyəndə Təqsirləndirilən şəxs onun hələ də kafeyə olan borcunu ödəmədiyni demişdir. Zərərçəkmiş şəxs çox israr edəndə narazılıq yaranmaması üçün onun Zərərçəkmiş şəxs nisyə qaydada pivə verməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs Şahid3 kafedə olmasını əsas gətirib nisyə qaydada pivə sta bilməyəcəyini demişdir. Zərərçəkmiş şəxs yenidən israr edərək pivənin pulunu sonradan ödəyəcəyini deyəndə o, Qarayevin obyektdə olmasını əsas gətirib pivə verməyəcəyini və belə hərəkətinə görə də olanları Şahid3 danışacağını dedikdə Zərərçəkmiş şəxs onun və Şahid3 öhdəsindən asanlıqla gələ biləcəyini demişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmış, əvvəlcə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şahid3 ünvanına dilə gətirilməsi mümkünsüz olan söyüşlər iştədiyindən Təqsirləndirilən şəxs də onun cavabını qaytaranda Zərərçəkmiş şəxs ona əlləri və ayaqları ilə zərbələr endirmişdir. Təqsirləndirilən şəxs isə ona əli və stulla vurmaqla qarışılıqlı vermişdir. Həmin vaxt Renat Qrayevlə köməkli olaraq onları aralaşdırmışlar. Təqsirləndirilən şəxs isə cibindən bıçağı çıxarıb Zərərçəkmiş şəxs sağ ayığına zərbə endirmişdir. Bunu görən Şahid3 onu tutub xidmət zalına aparmışdır. Zərərçəkmiş şəxs isə ayağından qan axa-axa kafeni tərk edərkən orada Renat Qaryevlə nərd oynayan şəxs onun ayağını kəmərlə sıxıb avtomobilinə mindirib xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13.05.2021-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 18:45-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsindən tibb bacısı Lətifova mləumat verərək ünvan 4 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sağ bud nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olduğunu bildirmişdir (cild 01, iş vər. 4). Cinayət işinin materiallarında olan 13 may 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhəri M.Maqomayev prospekti 75 A ünvanında yerləşən kafedir. Həmin tarixdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Şahid1 Hüseyn oğlu tərəfindən sonuncunun işlədiyi kafedə bədən xəsarəti yetirilməsi, təhlükəsizlik kameralarında olan görüntülər nəzərdə keçirilərkən X9 Xuduyevə kafenin qarşısında yaxınlaşaraq onunla sözlə mübahisə etdikdən sonra çağırıb kafenin sağ küncündəki hissəyə aparmasını, dava baş verən hissədə müşahidə kamerası işləmədiyindən olanları izləmək mümkün olmaması, daha sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədən xəsarəti yetirdiyi bıçağı mətbəxdəki soyducunun altına gizlətməsi müəyyən olunmuşdur. Qeyd edilən gün soyducunun altından aşkarlanan həmin açılıbqatlanan olmaqla 18 sm uzunluqda bıçaq, həmçinin müşahidə kamerasından sözlə mübahisənin və Təqsirləndirilən şəxs bıçağı gizlətməsinin videogörüntüləri material üçün əhəmiyyət kəsb etdiyindən DVD formatlı diskə köçürülərək götürülmüşdür. Baxış zamanı müvafiq foto çəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 05-12). Cinayət işinin materiallarında olan 14 may 2021-ci il tarixli “Götürmə haqqında” protokoldan görünür ki, həmn tarixdə Şahid2 könüllü olaraq övladı Zərərçəkmiş şəxs bıçaqla bədən xəsarəti yetirilən zaman əynində olmuş, sağ arxa cibinin aşağı hissəsində kiçik ölçülü yarıq olan 1 ədəd qara rəngli cins şalvar təqdim edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən həmin paltarlar götürülmüşdür. Bu barədə fotoçəkiliş aparılmaqla protokola əlavə edilmişdir (cild 01, iş vər. 49-51). Cinayət işinin materiallarında olan 14 may 2021-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs deşici-kəsici xassəyə malik 1 ədəd 18 sm uzunluqda açılıb-qatlanan bıçaq oxşar 2 ədəd bıçaqların arasına qoyularaq tanınmaya təqdim edildikdə, o, təqdim edilən bıçaqların arasından Zərərçəkmiş şəxs bədən xəsarəti yetirməkdə istifadə etdiyi bıçağı rəngindən və sair əlamətlərindən tanımışdır. Bu barədə fotoçəkiliş aparılmaqla protokola əlavə edilmişdir (cild 01, iş vər. 70-71). Cinayət işinin materiallarında olan 16 may 2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, müdafiəçi və qanuni nümayəndənin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdioyi xüsusatları bir daha hadisə yerində qeyd etmişdir. Bu barədə müvafiq fotoçəkiliş aparılmaqla protokola əlavə olunmuşdur(cild 01, iş vər. 97-101). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 2021-ci il 15 may tarixli 263 nömrəli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilən xəsarətlər - qarının ön divarında qançır, sağ budun bayır-arxa orta 1/3-nin deşilmiş-kəsilmiş yarasında xarici qanaxma nəticəsində inkişaf edən İİİ dərəcəli post hemorragik şok (arterial təzyiq 48/24 mmcs) yetirilmə müddətləri qərarda göstrəilən 13.05.2021-ci il tarixə uyğundur. Sağ budun bayır-arxa orta 1/3-nin deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (alətin) ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Ağırlıq dərəcəsinə görə yetirilərkən həyatı üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. Qarının ön divarında qançır küt əşyanın təsirindən əmələ gəlmişdir. Sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir (cild 01, iş vər. 72). Cinayət işinin materiallarında olan məhkəmə trasoloji ekspretizasının 01 iyun 2021ci il tarixli 17/379 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsülü ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir (cild 01, iş vər. 124-126). Cinayət işinin materiallarında olan Gəncə şəhəri rayonlararası ruhi-əsəb dispanserinin 18 iyun 2021-ci il tarixli 312 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və.s psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və.s psixi xəstəlik keçirmir. Onun törətdiyi cinayət əməli CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət hadisəsini törətdikdən sonra hər hansı formada heç bir psixi pozuntuya düçar olmamışdır Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xararkterini, ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərinə qiymət vermək, hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarında yəni, anlaqlı olmuşdur (cild 01, iş vər. 164-165). Cinayət işinin materiallarında olan əlavə məhkəmə trasoloji ekspretizasının 16 iyul 2021-ci il tarixli 3/1102 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş şalvarın üzərində rəyin tədqiqi hissəində təsvir edilən zədə vardır. Şalvarın səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan alətin təsirindən yaranmağa xarakterik deşilibkəsilmə zədəsidir. Qeyd edilən zədə əlamətlərinə görə təqdim edilmiş bıçağın da təsirindən yaranmağa xarakterikdir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Pataoloji Anatomiya ETT X7 şəxsinin Mingəçevir şöbəsinin 15.05.20201-ci il tarixli 263 saylı ekpert rəyində göstərilmiş bədənə yerləşən xəsarətlər ilə təqdim edilmiş şalvarın səthində olan zədə müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş şalvarın səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni xəsarət və zədə üst-üstə düşür (cild 01, iş vər. 167-170). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üzərində olan soyuq silah hesab edilməyən bıçaqla qəsdən bir dəfə vuraraq ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Mingəçevir şəhəri, Vaqonlar küçəsində fərdi yaşayış evində qeydiyyatsız olaraq yaşayır və yaşadığı müddətdə nümayəndəliyə onun haqqında heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (cild 01, iş vər. 102-104) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 122). Məhkəmə kollegiyası cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini CM-nin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamaqla onunla barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələnməsini, etdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini isə CM-nin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin əvvəldən tanış olmaqla aralarında dostluq münasibətinin olmasını, əvvəllər aralarında hər hansı ədavətin və düşmənçiliyin olmamasını, barışmalarını, hazırda heç bir ədavətlərinin olmamasını əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxs X3 azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, belə mövqe mövcud məhkəmə təcrübəsi ilə də üst-üstə düşür. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 35) Cinayət işinin materiallarında olan Mingəçebir Şəhər Məhkəməsinin 15.05.2021-ci il tarixli, 4(051)-57/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalında həbsdən azad edilmişdir. (cild 01, iş vər. 92-94) Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Mingəçevir şəhər İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi ziyanın, mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-nə təhvil verilmiş 1 (bir) ədəd qara rəngli zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı turist bıçağı və 1 (bir) ədəd qara rəngli üzərində zədə olan cins şalvar dəyəri olmadığından və tələb edilmədiyindən, CPM-nin 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 107,60 AZN (yüz yeddi manat, altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Mingəçevir şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan ləğv edilsin. İş üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-nə təhvil verilmiş 1 (bir) ədəd məişət təyinatlı turist bıçağı və 1 (bir) ədəd qara rəngli üzərində zədə olan cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 107,60 AZN (yüz yeddi manat, altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar