Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-207/2023 14.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1975-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağdaş Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Ağdaş Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 10,679 qram külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamış, 19 mart 2023-cü il tarixdə saat 15:30 radələrində Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun Qaraoğlan kəndinin ərazisində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 16:10-dan 16:50-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Yevlax Rayon Polis Şöbəsində aparılmış şəxsi axtarış nəticəsində əynindəki gödəkcənin sol yan cibindən bir ədəd sellofan bükümdə olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı 10,679 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 mart 2023-cü il tarixdə saat saat 11:30 radələrində polis əməkdaşları tərəfindən tutulan zaman üzərində 0,5 qram narkotik vasitə heroin olmuş, daha ağır maddə ilə ittiham olunması üçün polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin üzərinə əlavələr edilmiş, nəticədə heroinin çəkisi 10 qramdan çox olmuşdur. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək onu döymüşlər. Polis əməkdaşları onu döydükləri üçün, habelə üzərinə əlavələr olunmaqla çəkisi 10 qramdan çox olan narkotik vasitənin ona məxsus olmadığını deyəcəyi təqdirdə rezin dəyənəklə barəsində nalayiq hərəkətlər edəcəkləri ilə hədələdikləri üçün qeyd olunan narkotik vasitənin özünə məxsus olmasını demək məcburiyyətində qalmışdır. Polis şöbəsində olan zaman ona qarşı edilmiş qeyd olunan qanunsuz hərəkətlərlə bağlı həm ilkin olaraq dəvət edilmiş müdafiəçi Zaur Bərxudarova, həm sonradan dəvət olunmuş müdafiəçi Sevda Bəkirovaya, habelə Yevlax rayon prokurorluğuna məlumat vermişdir. Həmçinin penitensiar müəssisəyə daxil olarkən müayinə olunmuş, həmin vaxt ayaq nahiyəsində xəsarətlər olsa da bu barədə penitensiar müəssisənin əməkdaşlarına heç nə deməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroindən istifadə etsə də narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 19 mart 2023-cü il tarixdə Yevlax şəhərində “Planlar” adlanan küçədə olan zaman torpağın üzərində kiçik sellofan bükülünün olduğunu görmüş və götürərək içərisinə baxdıqda orada narkotik vasitə olan heroin olduğunu görmüş və özü istifadə etmək məqsədilə həmin heroini əynindəki gödəkcənin sol yan cibinə qoymuşdur. O, daha sonra Ağdaş şəhərinə getmək üçün Yevlax rayonunun Qaraoğlan kəndinin girişində yerləşən dayanacağa getmiş və orada dayanaraq avtomobil gözləyən zaman 19 mart 2023-cü il tarixdə saat 15:30 radələrində polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyib onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinə gəlmiş, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində olan narkotik vasitə olan heroin və 01 ədəd tibbi şpris aşkar edilmişdir. Daha sonra narkotik vasitə olan heroin elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 11,18 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsi, saxlaması və narkotik vasitənin satışı ilə məşğul olması barədə Yevlax RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə Yevlax rayonunun Qaraoğlan kəndinə gedən yolun giriş hissəsində yerləşən dayanacaqda Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü və bir ədəd şprisi təqdim edərək şəffaf rəngli sellofan bükülünün içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 19 mart 2023-cü il tarixdə səhər saatlarında Yevlax şəhərində “Planlar” adlanan küçədən tapdığını, əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün həmin kütləni özü istifadə etmək üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını, bir ədəd şprisi isə narkotik vasitədən istifadə edən zaman istifadə etdiyini bildrimişdir. Bundan sonra həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 11,18 qram olması müəyyən edilmiş, həm narkotik vasitə, həm də bir ədəd şpris müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 mart 2023-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 19 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 mart 2023-cü il raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitənin satışı ilə məşğul olması şübhəsi ilə Yevlax rayonunun Qaraoğan kəndinin giriş hissəsində yerləşən dayanacaqda saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 19 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu bir ədəd şəffaf rəngli sellofan bükülü və bir ədəd şpris aşkar edilib götürülmüşdür. Şəxsi axtarışın aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 20 mart 2023-cü il tarixli 17/271 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Ağdaş rayon sakini Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinə bənzər kütlə və 01 ədəd şpris” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 10,679 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd 1 ml-lik şprisin içərisində olan cüzi miqdarda maddə hissəcikləri heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 mart 2023-cü il tarixli 914 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 12 may 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 mart 2023-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin onun özünə məxsusdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş və üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitə olan heroini satmaq məqsədi ilə üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 30 mart 2023-cü il tarixli PHŞ-6-22/2-423/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində ”Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 10 may 2023-cü il tarixli PHŞ-6-22/2-681/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində ruhi-əsəb və nevroloji xəstəliklərlə bağlı qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və onun əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı material ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 19 mart 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 19 mart 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən tutulan zaman üzərində 0,5 qram narkotik vasitə heroinin olduğunu, daha ağır maddə ilə ittiham olunması üçün polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin üzərinə əlavələrin edildiyini, nəticədə heroinin çəkisinin 10 qramdan çox olduğunu, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsirtəzyiqlərə, işgəncəyə məruz qaldığını, polis əməkdaşlarının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək onu döydüyünü, polis əməkdaşları onu döydükləri üçün, habelə üzərinə əlavələr olunmaqla çəkisi 10 qramdan artıq olan narkotik vasitənin ona məxsus olmadığını deyəcəyi təqdirdə rezin dəyənəklə barəsində nalayiq hərəkətlər edəcəkləri ilə hədələdikləri üçün qeyd olunan narkotik vasitənin özünə məxsus olmasını barədə yalan ifadə verdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət, o cümlədən döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət, o cümlədən döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Eləcə də Təqsirləndirilən şəxs ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax rayon prokurorluğundan daxil olmuş 31 iyul 2023-cü il tarixli 208X-23 nömrəli məktubdan da görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı prokurorluqda hər hansı araşdırma aparılmamışdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarılşdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə 19 mart 2023-cü il tarixdə saat 15:30 radələrində gətirilmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan 051 ***-**-** mobil telefon nömrəsinin anten əhatə dairəsinə dair məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi 19 mart 2023cü il tarixdə saat 16 radələrində, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt Yevlax rayonunun ərazisində olmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin göstərilən məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş və saxlamışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 ədəd kağız bükümdə külli miqdarda, yəni 10,679 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin bir bükümdə olması, başqa növ narkotik vasitənin və ya psixotrop maddənin, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 10,679 qram çəkidə narkotik vasitə heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, şəxsə məxsus mobil telefon nömrəsinə daxil olan və həmin mobil telefon nömrəsindən çıxan zənglərə və SMS mətnlərinə dair məlumatlar götürülmüş, lakin iş üçün hər hansı əhəmiyyətli hal müəyyən olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Qeyd olunmalıdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan əldə etməsi şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Ağdaş Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il və 02 may 2023-cü il tarixli hökmlərinin və Şəki Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, Ağdaş Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Şəki Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Bundan başqa, o, Ağdaş Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən həmin cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 19 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 21 mart 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 19 mart 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19 mart 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin CM-in 66.5-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 10,629 qram narkotik vasitə heroin və bir ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 10,629 qram narkotik vasitə heroin və bir ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-207/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-207/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver