Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-208/2021 18.11.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx xxxxxx 1969-cu il tarixdə Qax rayonu Ləkit kəndində dоğulmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qax rayonu Ləkit kəndində qeydiyyatda olmaqla, həbs edilənə kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 iyul 2020-ci il tarixdə saat təxminən 23:40 radələrində Qax rayonu Ləkit kəndində yerləşən çayxananın yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə zamanı sonuncunun onu yumruqla bir-neçə dəfə vurandan sonra əlində olan evdən götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol nahiyəsindən bir dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan tərəfində daxilə nüfuz edən, daxili qanaxma, travmatik hemopnevmtoraks, travmatik şok ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyul 2021-ci il tarixdə saat 20 radələrində Qax rayonu Ləkit kəndində həmkəndlisi Şahid3 işlətdiyi kafedə tək oturub piyvə içmiş, əyləşdiyi stolun yaxınlığındakı stolda isə həmkəndliləri Şaban, Fikrət, Söhrab və kafe sahibi Şahid3 oturub yeyib içmişlər. Bir müddət keçdikdən sonra Şaban və Fikrət onu ələ salmağa başlamış, ona yaşının çox olmasına baxmayaraq hələ də subay olduğunu deyərək onu “mavi” adlandırmışlar. Şaban və Fikrətə “mavi” özlərinin olduğunu demiş, həmin vaxt Şaban ayağa qalxaraq qolundan tutub onu çölə çıxartmışdır. Çöldə sinə nahiyəsindən yumruqla bir dəfə vuraraq onu yerə yıxmış, bundan sonra ayağa qalxaraq, heç bir söz demədən əsəbi halda yaşadığı evə getmişdir. Evə gedib bir siqaret çəksə də əsəbini sakitləşdirə bilməmiş, bundan sonra Şabanla arasında olan məsələni həll etmək üçün həmin kafenin qarşısına getmişdir. Özünü müdafiə etmək üçün evdən mətbəx bıçağı götürmüş, saat 2340 radələrində oraya çatarkən kafenin bağlı olduğunu görmüş, kafenin yaxınlığındakı yolda Vüqar və Fikrətin yolla piyada şəkildə hərəkət etdiyini görüb sonunculara yaxınlaşıb Şabanın harada olduğunu soruşmaq istəyərkən Fikrət ona yaxınlaşıb sifət nahiyəsindən bir-neçə dəfə yumruq atmağa başlamışdır. Bundan sonra daha da əsəbləşib əlində olan evdən götürdüyü mətbəx bıçağı ilə Fikrətin sinə nahiyəsindən 1 (bir) dəfə vurmuşdur. Bu zaman Vüqar heç nə etməyərək kənarda dayanmış, ona Fikrəti vurmamasını demişdir. Bundan sonra oradan uzaqlaşıb evə getmiş, evə getdikdən sonra üzərində olan mətbəx bıçağını evdə olan stolun üstünə qoyduqdan sonra əsəblərini sakitləşdirmək üçün dağa qalxmışdır. Bir qədər sakitləşdikdən sonra evə qayıtmış, evə qayıtdıqdan sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmış, törətmiş olduğu əməlindən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 iyul 2021-ci il tarixdə saat 20 radələrində Qax rayonu Ləkit kəndində həmkəndlisi Şahid3 işlətdiyi kafedə qohumları Şaban, Söhrab və kafeni işlədən Vüqarla oturub yeyib içmiş, oturduqları stolun yaxınlığındakı stolda isə həmkəndlisi Fərmanın oturub piyvə içmişdir. Fərman piyvə içib, özü üçün ucadan danışmış, əmisi oğlu Şaban Fərmana sakit olmasını demişdir. Fərman yenə də ucadan danışmağa davam etmiş, bundan sonra əmisi oğlu Şaban Fərmana yaxınlaşıb sonuncunun qolundan tutaraq çölə çıxartmışdır. Biraz sonra əmisi oğlu Şaban kafeyə geri qayıtmış, bir müddət keçdikdən sonra stoldan durub kafeni tərk etmişlər. Şaban və Söhrab öz evlərinə, kafeni işlədən Vüqarla isə öz evlərinə doğru hərəkət etmiş, Vüqar isə ondan arxada gəlmişdir. Saat 2340 radələrində Fərman qarşıdan gəlmiş, ona yaxınlaşıb Şabanı soruşmuşdur. Fərmana heç kimin olmadığını, evinə getməsini demiş, bundan sonra Fərman əlində olan bıçaqla onun sinə nahiyəsindən bir dəfə vurmuşdur. Onu vurduqdan sonra Fərmanın sifət nahiyəsindən bir-neçə dəfə yumruqla vurmuş, bundan sonra Fərman ondan uzaqlaşaraq çıxıb getmişdir. Daha sonra əmisi oğlu Söhrab və Şaban onun yanına gəlmiş, əmisi oğlu Söhrab ondan nə baş verdiyini soruşduqda sonuncuya Fərmanın onu bıçaqla vurduğunu demişdir. Daha sonra onu Qax rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 iyul 2021-ci il tarixdə, təxminən saat 20 radələrində işlətdiyi Qax rayonu, Ləkit kəndində yerləşən çayxanada həmkəndliləri Fikrət, Söhrab və Şabanla oturub piyvə içmiş, yaxınlıqdakı stolda isə həmkəndlisi Fərmanın tək oturub piyvə içmişdir. Saat 23 radələrində Fərman ona yaxınlaşıb hesabı soruşduqdan sonra, 5 manat borcunu sabah verəcəyini bildirib kafedən çıxıb getmişdir. Karantin rejimi ilə əlaqədar olaraq kafelər saat 24-də bağlandığından, kafeni tez bağlayıb evinə getmiş, saat 2340 radələrində yolda Fikrəti görmüşdür. Fikrət də onunla bir yerdə ondan bir az qabaqda evə doğru getmiş, bu zaman Fərman qarşıdan gələrək Fikrətə yaxınlaşıb mübahisə etmişdir. Fikrətin şillə ilə Fərmanı vurduğunu görmüş, hər ikisinə dava eləməmələrini demişdir. Sonra öz yoluna davam edərək evinə doğru getmiş, evə çatanda Fərmanın Fikrəti bıçaqla vurduğunu eşidib həmin yerə geri qayıdanda Fikrətin maşınla xəstəxanaya aparıldığını görmüşdür. Fərmanla Fikrət dava edən zaman orda olsa da, lakin Fərmanın Fikrəti bıçaqla vurduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 iyul 2021-ci il tarixdə saat 20 radələrində Qax rayonu, Ləkit kəndində həmkəndlisi Şahid3 işlətdiyi kafedə qohumları Fikrət, Söhrab və kafeni işlədən Vüqarla oturub yeyib-içmiş, oturduq stolun yaxınlığındakı stolda isə həmkəndlisi Fərman oturub piyvə içmişdir. Fərman piyvə içib özü üçün ucadan danışdığına görə sonuncuya sakit olmasını demiş, lakin Fərman yenə də ucadan danışmağa davam etmişdir. Bundan sonra ayağa qalxaraq Fərmana yaxınlaşaraq qolundan tutub çölə çıxartmış, sonuncunun sinəsindən əli ilə toxunaraq çıxıb getməsini demişdir. Fərman heç bir söz demədən oradan uzaqlaşmış, o isə kafeyə geri qayıtmışdır. Bir qədər keçdikdən sonra stoldan durub kafeni tərk etmiş, Fikrət və Vüqar ayrı yolla öz evlərinə, əmisi oğlu Söhrabla isə birlikdə öz evlərinə doğru hərəkət etmişdir. Bir az getdikdən sonra Söhrab ona arxa tərəfdən səs gəldiyini dediyinə görə geri qayıtdıqda, Fikrətin yerə yıxıldığını görmüşdür. Söhrab Fikrətdən nə baş verdiyini soruşduqda sonuncu Söhraba Fərman tərəfindən bıçaqla vurduğunu demişdir. Bundan sonra Fikrəti Qax rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 15 iyul 2021-ci il tarixdə, saat 0034-də əmisi oğlu Zərərçəkmiş şəxs bıçaqlanması barədə DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermiş, lakin, Fərman Fikrəti bıçaqla vuran zaman orada olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27 iyul 2021-ci il tarixli 119 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: döş qəfəsinin sol yan tərəfində daxilə nüfuz edən, daxili qanaxma, travmatik hemopnevmtoraks, travmatik şok ilə müşayiət olunan, deşilmişkəsilmiş yarası iti deşici-kəsici əşyanın təsirindən törənmişdir, bıçağın təsirindən törənməsi istisna edilmir, törənmə müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 14.07.2021-ci il tarixinə uyğundur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 390-2021/MTŞK nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd və sol qolunun aşağı hissəsində 2 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın və ya oxşar konstruktiv xüsusiyyətli hər hansı bir alətin (alətlkərin) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının orta hissəsində aşkar olunmuş zədə ilə onun bədən səthində olan döş qəfəsinin sol yan tərəfində daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, yerləşməsinə görə nisbi olaraq, üstüstə düşürlər. Zərərçəkmiş şəxs məxsus köynəyin sol qolunun aşağı hissəsində olan 2 (iki) ədəd deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində öz əksini tapmamışdır. Bu da, yalnız köynəyin zədələnməsi ilə müşayiət oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sol qolunun aşağı hissəsində küt yaranma mexanizminə malik və köynəyin sol qolunun müvafiq nahiyəsinin hər hansı bir əşyaya (predmetə) ilişib cırılması nəticəsində əmələ gəlməyə xarakterik 01 (bir) ədəd məhdud cırılma zədəsi vardır. Bu zədə müxtəlif şəraitdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatriya ekspertizasının 27 iyul 2021-ci il tarixli 410 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax rayon məhkəməsinin 19.11.2009-cu il tarixli hökmünə əsasən CM-in 186.2.2-ci maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Qax rayon məhkəməsinin 05.12.2014-cü il tarixli hökmünə əsasən CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.06.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18-ci maddəsinə əsasən məhkumluq müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 15 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1435-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin 17 iyul 2021-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon İcra Hakimiyyəti Başçısının Ləkit kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Ləkit kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və zərərçəkmiş şəxslə barışması və sonuncunun ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı ağırlaşdıran halın olmadığını və CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan yüngülləşdirən halın mövcud olduğunu nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 60-cı maddəsində nəzərdə tutulan müddəaların nəzərə alınmasını qanuni sayır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı 15 iyul 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs istifadə etdiyi cinayətin aləti olan bir ədəd bıçaq xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 15 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qax rayon Polis Şöbəsində saxlanılan 01 ədəd tünd mavi rəngli uzunqol köynək Zərərçəkmiş şəxs qaytarılsın. Cinayətin aləti olan bir ədəd bıçaq xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-208/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-208/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver