Məhkəmə qərarları › İş №1(091)-209/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-209/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-209/2024 11.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən, yəni ümumi təmiz çəkisi 10,424 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 20 fevral 2024-cü il tarixdə, saat 1310 radələrində Göyçay şəhəri, B.Mirzəyev küçəsində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş, həmin gün saat 1344 dəqiqədə X4 üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 2 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,913 qram və 5,511 qram olmaqla, külli miqdarda, yəni ümumi çəkisi 10,424 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayından “ATF MMC” şirkətində işləməyə başlamış, 2023-cü ilin iyun ayından isə 17 saylı Yol İstismar İdarəsində adı fəhlə kimi qeyd olunmuşdur. Müdriyyət eyni olduğu üçün “ATF MMC” şirkətində 4 il anbardar vəzifəsində çalışmaqla hər gün saat 0800-dan 1800-dək işdə olmuşdur. 20 fevral 2024-cü ildə saat 0800da işdə olmuş, günorta həm nahar, həm də namaz vaxtı olduğuna görə anbarı bağlayıb yemək yeməyə getmişdir. Nahardan sonra namaz qılmağa gedərkən iş yoldaşı ona zavodun qarşısında əməliyyat müvəkkillərinin dayandığını bildirmiş, mobil telefonla Bakı şəhərində olan bir tanışı ilə danışan zaman ətrafa əməliyyat müvəkkilləri nə üçün gəldiklərinə baxmışdır. Namaz qılmaq üçün içəri gedən zaman dörd nəfər əməliyyat müvəkkili ona yaxınlaşaraq gödəkçəni başına keçirin mobil telefonunu əlindən alıb zor tətbiq edərək Hyundai markalı avtomaşına əyləşdirmişlər. Başını aşağı əyərək əməliyyat müvəkkilləri ayağından tutmuş, həmin vaxt polis əməkdaşları onun gödəkçəsinin cibinə nə isə qoyaraq sonra gödəkçənin cibini bağlamışlar. Həmin vaxt əlləri bağlı olduğuna görə müqavimət göstərə bilməmiş, Göyçay rayon Polis Şöbəsinə başı aşağı gödəkçə başına keçirilmiş vəziyyətdə gətirilmişdir. Üçüncü mərtəbədə o, rəis müavininin otağına aparılmış və Cinayət-Axtarış Bölməsinin rəisi və digər polis əməkdaşları oraya gəlmişlər. Göyçay rayonunda yaşadığı 10 il ərzində heç bir qayda pozuntusuna yol vermədiyini və polis şöbəsinə hansı səbəbə görə gətirildiyini soruşmuş, polislər ona ondan qabaq iki nəfər “ibadət əhli” olan şəxsin həbs olunduğunu, “sifarişin” belə olduğunu və onun da həbs olunmalı olduğunu bildirmişlər. Üzərində olanları təqdim etməsini bildirdikdən sonra üzərindəki 10 manat pulu, mobil telefonu, anbarın açarını, qəpik pulları və siqaretini təqdim etmiş, polislər ona digər cibində olanı da masanın üzərinə qoymasını bildirdikdən sonra polislərə üzərində olan bütün əşyaları təqdim etdiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşları ona qarşı nalayiq ifadələr işlədərək əməliyyat müvəkillərindən biri cibindən 2 büküm heroini çıxarıb stolun üzərinə qoymuşdur. Daha sonra həmin narkotik vasitəni boynuna alması üçün polis əməkdaşları bədəninin müxtəlif nahiyələrini vuraraq zor tətbiq etmiş, lakin həmin vaxt bədən səthi üzərində hansısa bir xəsarət qalmamışdır. Sonra polis əməkdaşları atasını şərləməklə hədələmiş, buna görə çəkiliş zamanı həmin narkotik vasitəni tapdığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Göyçay şəhəri Şirvanmest adlanan ərazidə ATF MMC-nin yaxınlığı ilə gedərkən tapdığı iki ədəd bükümün narkotik vasitə olmasından şübhələnərək polis şöbəsinə təqdim etmək üçün üzərində gəzdirmiş, saat 13 radələrində Göyçay şəhəri B.Mirzəyev küçəsində gedərkən Göyçay rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək rayon Polis Şöbəsinə dəvət etmişlər. Göyçay rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində qəhvəyi rəngli kütlənin olduğu iki ədəd sellofan büküm aşkar olunmuş, həmin kütlələr elektron tərəziyə qoyularaq çəkildikdə birinin çəkisi sellofanla birlikdə 5,67 və ikinci bükümün çəkisi isə 5,13 qram olmuş, aşkar olunan bükülülər zərfə qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Həmin narkotik vasitədən heç kimə nə verməmiş və satmamışdır. Həmçinin narkotik vasitədən istifadə etmək məqsədi də olmamışdır. Tapdığı sellofan torbanın içərisində narkotik vasitə olduğunu sonradan bilmiş, həmin kütlələri gələcəkdə polisə təqdim etmək fikrində olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə 28 may küçəsi, dalan 3, ev 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 və Şahid3lə birlikdə saat 13 radələrində Göyçay şəhəri, B.Mirzəyev küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə və istifadə etməkdə şübhəli olmasını izah edib rayon Polis Şöbəsinə dəvət etmişlər. Göyçay RPŞ-də şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən çəkiləri 5,67 və 5,13 qram olmaqla içərisində narkotik vasitə heroinə oxşayan kütlənin olduğu iki ədəd sellofan büküm aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin sonradan narkotik vasitə heroin olduğunu bildiyini, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Şirvanmest adlanan yerdən tapdığını və üzərinə götürüb saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman sonuncuya qarşı heç bir zor və güc tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 20 fevral 2024-cü il tarixdə səhər saat 08-dən 11-ə kimi Təqsirləndirilən şəxs ilə iş yerində birlikdə olmuş, nahar fasiləsindən sonra saat 14 radələrində işə qayıdarkən iş yoldaşlarından Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparıldığını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 20 fevral 2024-cü il tarixdə saat 14 radələrində tanışı Ramizlə mobil telefonla danışan zaman qarşı tərəfdən səs-küy gələrək telefon sönmüş, sonradan həmin vaxt Ramizin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 20 fevral 2024-cü il tarixdə saat 13 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə nahar fasiləsinə çıxmış, daha sonra namaz qılmaq üçün yeməkxanadan çıxmışlar. Namaz qılıb qayıtdıqdan sonra iş yoldaşları ona Ramizin saxlanıldığını bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 20 fevral 2024-cü il tarixdə saat 14 radələrində nahar fasiləsindən qayıdarkən bir az kənarda olan avtomobilindən siqaret götürmək üçün ərazidən çıxarkən Ramizin hansısa vətəndaşlarla əlbəyaxa olduğunu görmüş, aralaşdırmaq üçün kömək etmək məqsədilə həmin şəxslərə yaxınlaşarkən həmin şəxslərin mülki geyimli polis əməkdaşları olduğunu bilib geri çəkilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 20 fevral 2024-cü il tarixdə saat 14 radələrində nahar fasiləsindən sonra iş yoldaşı Təqsirləndirilən şəxs zavoddan çölə çıxdığını görmüş, 2-3 dəqiqə sonra iş yoldaşları Mehdi gəlib Ramizin polis əməkdaşları tərəfindən aparıldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2024-cü il tarixli 3-16-16-2-17/186 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli..Vəkil...” sözləri və imzalar olan zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,913 qram və 5,511 qram, ümumi çəkiləri- 10,424 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2024-cü il tarixli 587 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 fevral 2024-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd sellofan bükümdə çəkiləri müvafiq olaraq 5,67 və 5,123 qram olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Göyçay rayon Mərkəzi Xəstəxanası” X11 alınmış xx.xx.2024-cü il tarixli 18-1-40/2-259/2024 nömrəli arayışdan görünür ki, Göyçay şəhəri, 28 may küçəsi dalan 3 ev 1-də qeydiyyatda olan xx.xx.1997-ci ildə doğulmuş Təqsirləndirilən şəxs psixiatr və narkoloq həkimdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzər nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri 28 may küçəsi dalan 3 ev 1-də qeydiyyatda olmaqla yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 10 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasına dair müraciət üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 20 fevral 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1325-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin iki bükümdə olması, əvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, narkotik vasitələrin satışını təsdiq edəcək hər hansı mobil telefon danışığının və SMS yazışmalarının aşkar olunmaması kimi hallar onun üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmaması və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını təsdiq etməsə də polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuzluq və zorakılıq hallarına yol verilməmiş, həmin vaxt ona qarşı hansısa bir qanunsuzluq edilməsinə dair heç bir müraciət etməmiş, bundan başqa polis əməkdaşlarının narkotik vasitəni onun cibinə qoymalarına dair hansısa dəlil təqdim edə bilməmişdir. Ona görə də məhkəmə ifadəsini işin hallarına uyğun gəlmədiyinə görə obyektiv və səmimi ifadələr kimi qəbul etmir. Şahidlər X1, X5, X12, X14 və X6 ifadələrində gəldikdə isə məhkəmə tərkibi hesab edir ki, qeyd olunan şahidlərin ifadələrində Təqsirləndirilən şəxs işdə olmasını təsdiq etmələri hələ sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamasını təkzib edən fakt kimi qəbul edilə bilməz, eyni zamanda məhkəmə belə bir bir halı da diqqətdən qaçırmır ki, həmin şəxslər Təqsirləndirilən şəxs yaxınları olmaqla məhkəmə istintaqına da onun atasının xahişi ilə gəlib ifadə vermişlər. Ona görə də məhkəmə həmin şəxslərin ifadələrinə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədilə onun xeyrinə verilmiş ifadələr kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 fevral 2024-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay rayon Polis Şöbəsində saxlanılan 10,324 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar