Məhkəmə qərarları › İş №1(091)-21/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-21/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-21/2022 05.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: Şahid4 Söhrab oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X12, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxxxx 1981-ci ildə Şəki şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şəki şəhəri Bağbanlar küçəsi ev 59V, mənzil 23-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının əvvəllərində Şəki rayonu Oxud kəndi ərazisindəki meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş, 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığıb əldə edərək yaşadığı evdə gizlətməklə saxladığı 1103 (bir min bir yüz üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2021-ci ilin may ayının ortalarında Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisindəki dağlıq sahədə torpağa qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş külli miqdar hesab edilən, yəni 1103 (bir min bir yüz üç) ədəd hündürlükləri 100 sm-dən 440 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 213 kq 270,000 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib, suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. 25 avqust 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs iştirakı ilə Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisindəki dağlıq sahəyə saat 1330-dan saat 1740-dək olan müddət ərzində keçirilmiş baxış zamanı həmin ərazidən qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, külli miqdar hesab edilən, yəni 1103 (bir min bir yüz üç) ədəd hündürlükləri 100 sm-dən 440 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 213 kq 270,000 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, anası Şəki bazarında işləməklə anasının yanına gedib sonuncudan bir manat aldıqdan sonra həmin pula spirt alıb içmiş, hadisə baş verən gün də içkili vəziyyətdə olmuşdur. Həmin vaxt tanımadığı iki nəfər ona yaxınlaşaraq ona araq almağı təklif etmiş, razılaşıb sonuncularla getmişdir. İçkili vəziyyətdə olduğuna görə həmin şəxslərlə Balakən rayonuna necə getməsini xatırlamamış, yolun kənarında dayanmışlar. Həmin iki nəfər şəxs ona orada gözləməsini və ona araq alıb gələcəklərini demişlər. Həmin şəxsləri gözləyən zaman orada yatıb qalmış, ayılan zaman polis oraya gəlib oradakı narkotik tərkibli bitkilərin onun tərəfindən əkildiyini demişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının əvvəllərində Şəki rayonu Oxud kəndinin yaxınlığındakı dağlıq sahədən yabanı halda bitmiş iki ədəd narkotik tərkibli bitkilərin üzərindəki toxumları yığıb yaşadığı Şəki şəhərindəki evə apararaq orada saxlamışdır. Təxminən 2021-ci ilin may ayının ortalarında Balakən rayonuna gələrək rayonun Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisində dağ massivində özünə narkotik əkmək üçün münbit torpaq olan ərazi axtarmış, dağlıq ərazidəki kolluq sahənin narkotik bitkilərini əkməsi üçün əlverişli olduğunu düşünərək həmin ərazini yaxınlıqdakı sahədən tapdığı dəmir alətlə təmizləməyə başlamışdır. Ərazini təmizlədikdən sonra özü ilə gətirdiyi narkotik tərkibli bitkinin toxumlarını çala düzəldərək yerə salmış, daha sonra isə su verərək oradan uzaqlaşıb əsas yola çıxaraq yol maşını ilə Şəki şəhərinə geri qayıtmışdır. Bundan sonra 2021-ci ilin iyun ayının əvvəllərində və daha sonra təxminən 5-6 dəfə həmin yerə gələrək bitkilərə qulluq etmişdir. Belə ki, bitkilərin ətraflarını təmizləyib yaxınlıqdakı çaydan axan suyu gətirərək suvarmışdır. Əsasən həmin əraziyə gündüz vaxtlarında gəlsə də, ətrafda olan şəxslərin onu görməməsi üçün gecəni orada qalaraq bitkilərə gecə qulluq etmişdir. 22 avqust 2021-ci il tarixdə həmin bitkilərin artıq yetişmə ərəfəsində olduqlarına görə Balakən rayonuna gələrək bitkilərin yetişmiş hissələrini yığaraq yaşadığı Şəki şəhərinə aparmaq istəmiş, Qazbinə yaşayış məntəqəsində bitkiləri əkdiyi sahənin yaxınlığındakı ərazidə yolun kənarında maşından düşərək, piyada halda həmin bitkiləri əkdiyi yerə getmişdir. Əkdiyi narkotik bitkilərinin yanında yataraq bitkilərə qulluq etmək üçün özü ilə yatmaq üçün vasitələr, Şəki şəhərindən çay, qənd, çörək və başqa zəruri olan qida məhsulları alıb götürərək narkotik tərkibli bitkiləri əkdiyi yerə getmişdir. Özü ilə gətirdiyi isti ədyalı ağacın altına salaraq yağış yağsa batmaması üçün üstünü polietilen ilə örtmüş, özü ilə gətirdiyi çaydandan çay qoyaraq çay içmiş və narkotik bitkiləri sulamaq üçün uzanaraq gecəni gözləmişdir. Həmin gecə yaxınlıqda yerləşən çaydan su gətirərək əkdiyi narkotik bitkiləri suvarmağa başlamış, əkdiyi narkotik tərkibli bitkilərdən qurudub özü istifadə etməsi üçün bir qismini çıxararaq kolluğun üzərinə sərmişdir. Təxminən 3 gün sonra, yəni 25.08.2021-ci il tarixdə polis əməkdaşları həmin yerə gələrək onu narkotik bitkiləri əkdiyi sahənin içərisində saxlamış, polislərə etdiyi əməli səmimi etiraf edərək həmin yerdə olan narkotik tərkibli bitkiləri əkdiyini etiraf etmişdir. Bundan sonra onun, dəvət edilmiş mütəxəssis-aqronomun və digər polis əməkdaşlarının iştirakları ilə sahəyə baxış keçirilən zaman narkotik 1103 (bir min bir yüz üç) ədəd tərkibli bitkilər kökündən çıxarılaraq sintetik kisələrə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin X3 baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 25 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsində dağ dibində qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkib becərməklə məşğul olması barədə daxil olmuş məlumat əsasında CAB-nin əməliyyat müvəkkili Şahid3, NMQ-nun əməliyyat müvəkkili Şahid4 və PPXB-nin polis nəfəri Arif Ağcayevdən ibarət tərkibdə yaradılmış istintaq qrupu və mütəxəssis qismində dəvət edilmiş aqronom Şahid5la birlikdə Qazbinə yaşayış məntəqəsinə getmişlər. Qazbinə yaşayış məntəqəsinə çatıb yoldan bir qədər dağ istiqamətinə hərəkət etdikdə dağın dibindəki kolluq ərazidə Təqsirləndirilən şəxs özünə yatmaq üçün yer düzəltdiyini, həmin yerin yanında ərzaq və bəzi məişət əşyaları olduğunu, həmçinin ətrafda çoxlu sayda bitmiş və qurudulması üçün kolluğun üzərinə sərilmiş halda narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarının olduğunu aşkar etmişlər. Həmin şəxsə özlərini təqdim edərək Balakən rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, həmin şəxs də özünü təqdim edərək Şəki şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs səmimi etiraf edərək aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkilərin toxumlarını təxminən 03 ay əvvəl özü ilə Şəki şəhərindən gətirib həmin ərazidə şəxsi istifadəsi üçün əkdiyini, həmin bitkilərə mütəmadi qulluq göstərərək əkib yetişdirdiyini, sonuncu dəfə 03 gün əvvəl həmin bitkiləri sulamaq üçün Balakən rayonuna gəldiyini və kolluğun üzərinə sərilmiş bitkiləri öz istifadəsi üçün kökündən çıxarıb qurutmaq məqsədi ilə kolların üzərinə sərdiyini bildirmişdir. Baxış zamanı mütəxəssis Şahid5 aşkar edilmiş bitkilərə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bundan sonra bitmiş halda olan və kolluğun üzərinə sərilmiş halda olan 1103 ədəd bitki kolları 27 ədəd sintetik kisəyə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3, X3 əməliyyat müvəkkili işləyən Şahid4, Təhqiqat Bölməsinin baş təhqiqatçısı Şahid2 və ifadəsi elan olunaraq tədqiq edilmiş mütəxəssis-aqronom Şahid5 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla sonuncu dəfə 23 avqust 2021-ci il tarixdə işlədiyi Şəki bazarında onun yanında olmuş, halı pisləşdiyinə görə təcili tibbi yardıma zəng vurmuşdur. Təcili tibbi yardım gəlib Kamala yardım göstərdikdən sonra evə getmiş, Kamal isə onunla getməmişdir. Kamalın evə gəlməməsini görüb 102 xidmətinə zəng vurmuş, 4-5 gün sonra Kamalın Balakən rayonunda narkotik tərkibli bitkiləri kultivasiya etməsinə görə tutulmasını eşitmişdir. Kamal heç vaxt evdən kənarda gecələməmiş, Balakən rayonunda qohumları olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X13 eyni məzmunlu ifadə verərək X2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 26 avqust 2021-ci il tarixli 17/630 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 27 (iyirmi yeddi) ədəd sintetik kisələrin içərisində, hündürlükləri 100 sm-dən 440 sm-dək, ümumi təmiz çəkiləri 213 kiloqram 270,00 qram olan 1103 (bir min bir yüz üç) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid5 25 avqust 2021-ci il tarixli rəyinə əsasən 1103 (bir min bir yüz üç) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 04 sentyabr 2021-ci il tarixli 1031 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqoldan sui-istifadə edir. Alkoqoldan və marixuanadan sui-istifadə etmə nəticəsində yaranan xroniki alkoqolizm və narkomaniya xəstəliyindən əzab çəkir. Xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 25 avqust 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1330-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 25 avqust 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli hökmü ilə 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən onun əməlində cinayətin residivi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Şəki şəhər İcra Hakimiyyəti Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Şəki şəhəri Bağbanlar küçəsi 56V saylı ictimai yaşayış binasının 23 saylı mənzilində yaşamaqla himayəsində 15.11.2014-cü ildə doğulmuş Dəniz Hüseynova adlı bir azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinə əlavə edilmiş 25 avqust 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Balakən rayonu Qazbinə kəndində yol kənarından təxminən 60-70 metr dağ istiqamətində yerləşən torpaq sahəsinə baxış keçirilən zaman 1103 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Şəki Rayon Mərkəzi X11 Şəxsindən daxil olmuş 06 yanvar 2022-ci il tarixli 22/1 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23-34.08.2021-ci il tarixlərdə X8 Yardım Stansiyasına çağırış verilməmiş, 03.08.2021-ci il tarixdə saat 0925-də çağırış verilmiş, çağırış əsasında xəstəyə “burun, alın cırılmış yarası” diaqnozu qoyulmuş, tibbi yardım göstərilərək ambulator müalicə yazılmışdır. Şəki Şəhər-rayon Polis Şöbəsindən daxil olmuş 31.03.2022-ci il tarixli 189-90660- 1222 nömrəli məktubdan və ona əlavə edilmiş materiallardan görünür ki, X5 DİN-nin 102 xidmətinə zəng vuraraq 23 avqust 2021-ci il tarixdə 1981-ci il təvəllüdlü oğlu Təqsirləndirilən şəxs yaşadığı ünvandan bazara getməsi adı ilə çıxaraq geri qayıtmaması barədə məlumat vermişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkməməsi, ümumiyyətlə Balakən rayonunda olmamasına və cinayət hadisəsinə heç bir aidiyyətinin olmamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə iş materiallarında olan məhkəməbioloji ekspertizasının rəyi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş CD-disk və işdə olan digər sənədlər əsas verir. Belə ki, Təqsirləndirilən şəxs video-çəkilişlə hadisə yerinə keçirilən baxış zamanı sərbəst şəkildə narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərməklə bərabər, şübhəli və təqsirləndirilən şəxs kimi sərbəst ifadələrində də eyni məzmunlu ifadə vermiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən rayon məhkəməsində də törətdiyi əməli etiraf edərək narkotik tərkibli çətənə bitkilərini əkdiyini göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində üç gün əvvəldən çətənə bitkilərini əkdiyi yerə gəldiyini göstərmiş, anası Şərafət Hüseynova da oğlu Kamalın 23 avqust 2021-ci il tarixdən evə gəlmədiyini göstərmişdir ki, qeyd edilənlər hər iki şəxsin ifadələri ilə üst-üstə düşür. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini işin hallarına uyğun gəldiyinə görə daha səmimi və obyektiv ifadələr kimi qəbul edir. Həmçinin yaxın qohumları olduqlarına görə məhkəmə X9 və X2 ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmasına yönəlmiş ifadələr kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı 25 avqust 2021ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alkoqoldan və marixuanadan sui-istifadə etmə nəticəsində yaranan xroniki alkoqolizm və narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində alkoqolizmdən və narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Balakən rayon Polis Şöbəsində saxlanılan 1103 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 25 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən rayon Polis Şöbəsində saxlanılan 1103 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs alkoqoldan və marixuanadan sui-istifadə etmə nəticəsində yaranan xroniki alkoqolizm və narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində alkoqolizmdən və narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar