Məhkəmə qərarları › İş №1(091)-210/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-210/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-210/2021 12.11.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 29 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli qərarı ilə 1 ay 23 gün müddətə vaxtından əvvəl şərti azadlığa buraxılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Mingəçevir şəhəri, V.Abdullayev küçəsi, bina 6, mənzil 29 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədilə 3 ədəd sellofan bükümlərdə, ümumi çəkisi 11,702 qram külli miqdar çəkidə narkotik vasitə olan heroini əldə edərək üstündə saxlamış, 01 iyun 2021-ci il tarixdə, saat 06:30-da narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax rayonu, Havarlı kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün, saat 07:20-də müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində sağ ayağının corabında həmin qəsdən satış məqsədilə əldə edib saxladığı külli miqdarda 3 bükümdə 0,358 qram, 4,146 qram və 7,198 qram olmaqla, ümumi çəkisi 11,702 qram narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 01 iyun 2021-ci il tarixdə maşınla gəldiyi zaman onu yolda saxlamışlar. Sonra onu saxladıqları yerə qara rəngli 06 markalı maşın gəlmiş və həmin maşından mülki geyimdə bir neçə şəxs düşüb ona yaxınlaşmış və onu döyə-döyə öz maşınlarına mindirmişlər. Döyəndən sonra onu polis şöbəsinə aparmışlar. Orada da onu döyərək pis vəziyyətə salmışlar. Ona təsir və təzyiq göstərdiklərinə görə onların dedikləri ilə razı olmuşdur. Üzərinə baxışı da onu döyəndən sonra keçirmişlər. Polis əməkdaşları corabına narkotik vasitə qoymuş, çəkiliş zamanı da etiraz etməməyini tapşırmışlar. Təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ibtidai istintaq zamanı təsir və təzyiqə, işgəncəyə məruz qalması barədə heç kimə heç nə deməmiş, hüquq mühafizə orqanlarına yazılı müraciət etməmiş, ibtidai istintaq orqanının qanunsuz əməlləri ilə bağlı bildirmək üçün məhkəmə istintaqını gözləmiş, şikayət etməyinin bir faydası olmayacağını düşünmüşdür. İbtidai istintaq orqanının əməllərinin qurama olduğunu, iş materiallarında qeyd olunanların oyun olduğunu, heç nədən xəbərinin olmadığını bildirmişdir. O, narkotik vasitənin istifadəçisi olmuş, ancaq son vaxtlar bədəninə spiral qoydurduğu üçün il yarımdır ki, narkotik vasitədən istifadə etmir. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında, cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, videoçəkiliş, ekspert rəyi ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 01.06.2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün, saat 06:30 radələrində Təqsirləndirilən şəxs Yevlax rayonunun Havarlı kəndinin girişində tərəflərindən saxlanılaraq, Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində üzərinə vəkilin iştirakı və çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı üzərindən 3 büküm heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni Bakı şəhərindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şahid2 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs səmimi etiraf edərək narkotik vasitənin özünə məxsus olduğunu, tanımadığı şəxsə 400 manat pul göndərdiyini, narkotik vasitəni həmin şəxsin qoyduğu yerdən götürdüyünü və narkotik vasitəni satacağını bildirmişdir. Təqsirləndirilən şəxs heç bir zorakılıq olmamış, ona heç bir təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni özü təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bunlardan əlavə, cinayət işinin materiallarında olan 01 iyun 2021-ci il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması və istehlakı ilə məşğul olması barədə məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan 01 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 01 iyun 2021-ci il tarixli şəxsi axtarış və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və axtarış zamanı onun sağ ayağındakı corabında saxladığı 3 bükümdə narkotik vasitə olan heroin aşkar edilmiş, elektron tərəzi vasitəsilə çəkilmiş və həmin heroinə bənzər maddənin bükümlə birlikdə çəkisinin 15,70 qram olduğu müəyyən edilmişdir. Həmin bükülüdə olan narkotik maddə heroinə bənzər kütlə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə məşğul olmasını, təqdim etdiyi narkotik maddəni isə gələcəkdə satacağını, narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən pulu göndərməklə yerdən götürmə yolu ilə əldə etdiyini bildirmişdir. Eyni zamanda, həmin video görüntüdən müəyyən olunur ki, müdafiəçisinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs Yevlax RPŞ-ya gətirilərkən və Yevlax RPŞ-da olarkən heç bir təsirə və təzyiqə məruz qalmadığını bildirir. Cinayət işinin materiallarında olan 01 iyun 2021-ci il tarixli 17/391 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 3 ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,358, 4,146 və 7,198 qram, ümumi çəkisi 11,702 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 11.08.2021-ci il tarixli 1256 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi komissarlığın göndərişinə əsasən 26.05.2010-cu il tarixdə Mingəçevir Psixo-Nevroloji Dispanserində müayinədə olmuş və həkim-məsləhət komissiyası tərəfindən “Anamnezində nevrotik reaksiya” təyin edilmişdir. Cinayət işinin materiallarında olan 24 avqust 2021-ci il tarixli 496 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə baxmayaraq, o, hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərinə qiymət vermək, öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs oğlunun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 11.08.2021-ci il tarixli 808 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01.10.2018-ci il tarixdən Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durur. Cinayət işinin materiallarında olan 31 avqust 2021-ci il tarixli 1020 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə əvvəli 01 iyun 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 29 avqust 2018-ci il tarixli hökmünün surətindən və tələbnamədən görünür ki, Qurbanov X3 Şəhər Məhkəməsinin 29.08.2018-ci il tarixli hökmünə əsasən, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi 19 aprel 2018-ci il tarixdən hesablanmış, Şəki Rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli qərarı ilə 1 ay 23 gün müddətə vaxtından əvvəl şərti azadlığa buraxılmış, 19.10.2019-cu ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan 11.06.2021-ci il tarixli 394 nömrəli arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qurbanov X3 şəhəri, V.Abdullayev küçəsi, ev 6, mənzil 29-da ailə üzvləri ilə yaşamışdır. Ailəsi arvadı X4 və 29.11.2014-cü il təvəllüdlü oğlu X1 ibarətdir. Cinayət işinin materiallarında olan 11.06.2021-ci il tarixli 26 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1990-cı ildən 12 saylı Mənzil İstismar Sahəsinin ərazisində yerləşən Mingəçevir şəhəri, V.Abdullayev küçəsi, ev 6, mənzil 29-da yaşamış, yaşadığı müddətdə ondan MİS-ə heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, 01 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması və istehlakı ilə məşğul olması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olmuş və dərhal əməliyyat qrupu yaradılaraq, həmin tarixdə qəbul edilən qərarla Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs saxlanılaraq Yevlax RPŞ-ya gətirilmiş, polis şöbəsində müdafiəçinin də iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və axtarış zamanı onun sağ ayağındakı corabında saxladığı 3 bükümdə narkotik vasitə olan heroin aşkar edilmiş, elektron tərəzi vasitəsilə çəkilmiş və həmin heroinə bənzər maddənin bükümlə birlikdə çəkisinin 15,70 qram olduğu müəyyən edilmişdir. Həmin bükülüdə olan narkotik maddə heroinə bənzər kütlə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məsəlləsinin (bundan sonra CPM) 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında CMP-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları mötəbər və qanuni hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin məhkəmə kollegiyasının iclasında “polislərin onu döyə-döyə öz maşınlarına mindirməsi, döyəndən sonra onu polis şöbəsinə aparmaları, orada da onu döyərək pis vəziyyətə salmaları, ona təsir və təzyiq göstərdiklərinə görə onların dedikləri ilə razı olması, üzərinə baxışın da onu döyəndən sonra keçirməsi, polis əməkdaşlarının corabına narkotik vasitə qoyması, çəkiliş zamanı da etiraz etməməsini tapşırmaları” barədə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Belə ki, o, üzərinə videoçəkilişlə baxış keçirilən zaman müdafiəçisinin polislər tərəfindən tutulub polis şöbəsinə gətirilənədək polislər tərəfindən hər hansı təsirə, təzyiqə məruz qalması və ya döyülməsi barədə suallarına cavab olaraq bildirmişdir ki, heç bir təsirə məruz qalmamışdır. Bundan əlavə, 01 iyun 2021-ci ildə şübhəli, 02 iyun 2021-ci ildə isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində (i.v 52-53, 59-61) bildirmişdir ki, CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir, narkotik vasitə olan heroin qəbul edir. 31.05.2021-ci il tarixdə istifadə etdiyi ***-***-**-** saylı nömrəsində olan «Whatsapp» proqramında tanımadığı nömrənin giriş şəklində marixuana şəkili olduğunu görüb həmin nömrəyə zəng etmiş, telefonu açan şəxs İran vətəndaşı olduğunu, söhbət zamanı onda narkotik vasitə olan heroin olduğunu 20 qram narkotik vasitə olan heroini 400 manata satdığını bildirmişdir. O, həmin narkotik vasitəni almaq qərarına gəlmiş, ona görə onun telefonuna özünü İranlı kimi təqdim edən şəxs plastik kart nömrəsi göndərmiş və həmin nömrəyə 400 manat yükləyərsə, narkotik vasitəni Bakı şəhərinə gedib götürəcəyi yeri ona deyəcəyini demişdir. O, idarə etdiyi «Opel Astra» markalı avtomobili ilə təkcə Bakı şəhərinə getmiş, Abşeron rayonu Xırdalan qəsəbəsində həmin plastik karta 400 manat yükləmiş, sonra həmin nömrə ilə əlaqə saxlamış, həmin şəxs ona Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşən «AAAF» park adlanan ərazidə, binanın qarşısındakı ağacın dibindən narkotik vasitə olan heroini götürməsin demişdir. O, həmin parka getmiş orada olan şam ağacının dibindən 3 bükümdə narkotik vasitə olan heroini götürərək avtomaşınına minmiş, bükümün birindən bir hissəsini istifadə etmiş, qalan hissəsin siqaret qutusuna qoymuş, siqaret qutusun isə ayağına geydiyi corabın içərisinə qoyaraq Mingəçevir şəhərinə qayıtmaq üçün yola çıxmışdır. O, heroinin bir hissəsin satmaq, qalan hissəsin isə özü istifadə etmək qərarına gəlmişdir. 01.06.2021-ci il tarixdə, saat 06 radələrində Yevlax rayonu Havarlı kəndinin girişinə çatmış, yuxuladığına görə avtomaşını idarə edə bilməmişdir. Ona görə avtomaşını yolun kənarın verib saxlamış və yolun sağ kənarına adlayaraq üzü Xaldan kəndi istiqamətində yolun sağ kənarı ilə getməyə başlamışdır. Bir qədər sonra oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirib, çorabında siqaret qutusunda saxladığı üç büküm heroini və cibindən isə elektron tərəzini aşkar edərək götürmüşlər. Sorğu-sual zamanı o, bükümlərdəkilərin narkotik vasitə olan heroin olduğunu, gələcəkdə bir hissəsini özü istifadə edəcəyini qalan hissəsini isə satacağını etiraf etmişdir. Polis əməkdaşları həmin kütlələri elektron tərəzidə çəkmiş, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o, da protokolla tanış olub onu imzalamışdır. Əməlindən səmimi peşmandır. Digər tərəfdən, Təqsirləndirilən şəxs 02 iyun 2020-ci il tarixdə Yevlax Rayon Məhkəməsi barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən məhkəmə iclasında bildirmişdir ki, (i. v. 67-68) əməlimdən səmimi peşmanam, himayəmdə bir azyaşlı uşağım var, istintaqdan və məhkəmədən qaçıb gizlənməyəcəyəm. Ona görə də təqdimatın təmin edilməməsini xahiş edirəm. Bütün bunlar məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs qeyd olunan dəlillərinin heç bir əsası yoxdur. Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə əldə olunmuş və bükümlərə bölüşdürülməklə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və tərəzini üzərində saxlaması işə əlavə olunmuş sübutlarla da təsdiq olunur. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üstüstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Ümumilikdə, sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin məhkəmə istintaqı zamanı qeyd etdiklərini məhkəmə kollegiyası əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, onların məhkəmə istintaqı zamanı bildirdikləri müdafiə xarakterli əsaslandırmalardır və bunlar təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Onun bu əməldə təqsirsiz olması barədə özünün və müdafiəçisinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 59-cu maddəsinə əsasən, cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı övladının olmasıdır. Təqsirləndirilən şəxsin əməlində residivin olması CM-in 61.1.1-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal kimi qəbul edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 29.08.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli qərarı ilə çəkilməmiş qalan 1 ay 23 gün müddətə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunsa da, CM-in 18 və 83-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməli törətmişdir. Cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (mad. 18.1). Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur (mad. 83.3.3). Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasını 19.10.2019-cu il tarixdə çəkib qurtarmış, lakin iki il keçməmiş hazırki cinayət əməlini törətmişdir. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs təyin olunan cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir (CM-in 56.1.3-cü mad.). Ona görə də Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 01.06.2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cinayət işinin materiallarında olan narkoloji ekspertizanın rəyində əks olunanlar, yəni təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi əsas götürülərək Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durması nəzərə alınmalı, işi üzrə maddi sübut olub Yevlax RPŞda saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalan, ümumi çəkisi 11,552 qram narkotik vasitə olan heroin, bir ədəd «Sonstant» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 69,10 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib altı il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olub Yevlax RPŞ-da saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş ekspertiza tədqiqindən sonra qalan ümumi çəkisi 11,552 qram narkotik vasitə olan heroin, bir ədəd «Sonstant» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69 manat 10 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar