Məhkəmə qərarları › İş №1(091)-210/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-210/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-210/2024 30.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən, yəni təmiz çəkisi 2,412 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, 01 ədəd sellofan bükümdə qablaşdırıb üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Göyçay şəhəri Nizami küçəsində olarkən və üzərində həmin külli miqdarda narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin gün saat 21:50-də RPŞ-nin Növbətçi Hissəsində onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdəki külli miqdar təşkil edən təmiz çəkisi 2,412 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərinə narkotik vasitə qoyulmuşdur. Əslində isə onun üzərində narkotik vasitə olmamışdır. Onun anası xadiməçi işləyirmiş. O, hər gün saat 5-6 radələrində anasını işdən aparırmış. Anasını işdən aparandan sonra gəlib salonun qarşısında dayanmışdır. Salonun qarşısından polis əməkdaşları onu polis şöbəsinə aparmış və pilləkənlərdə üzərinə narkotik vasitə qoyulmuşdur. Onu polis şöbəsində 2 gün döysələr də, o, heç nəyi boynuna almamışdır. Birinci dəfə üzərinə 20 qram – 10 qram heroin və 10 qram metamfetamini üzərinə qoymaq istəmişrdirlər. Buna görə onu CM-in 234.4.3-cü maddəsi ilə ittiham etmək istəmişdirlər. Gün yarımdan sonra ona polis əməkdaşları evindən də narkotik vasitə çıxaracaqlarını demişdir. Bunu CAB-ın rəisi Rəşid müəllimin işçiləri Əhmədgil demişdir. O, tək valideyni olan anasına görə və çox təzyiqlərə məruz qaldığından polislərin dediyi ilə razılaşmaq məcburiyyətində qalmışdır. O, saat 5-6 radələrində saxlanılmışdır. İttiham aktında yazılanların heç biri həqiqətə uyğun olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Həmin vaxt da polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulmuşdur. İbtida araşdırma zamanı ifadəsini oxumamışdır. Çünki onu tanış etməmişdirlər. İbtidai istintaq zamanı müdafiəçisinə heç nə deyə bilməmişdir. Videoçəkiliş zamanı müdafiəçi ona zorakılıq olub-olmaması ilə bağlı soruşanda isə o, polis əməkdaşlarının onu salondan tutub gətirmələri, pilləkəndə cibinə narkotik vasitə qoyulması barədə məlumat vermişdir. Narkotik vasitə istifadə edir, lakin hadisə günü üzərində narkotik vasitə olmamışdır. Onu 4 nəfər polis tutmuş, üzərinə narkotik vasitə qoymuş və 1 gün yarım döyüldükdən sonra narkotik vasitəni onun olmasını yalandan etiraf etmişdir. Heç bir orqana ona olunan qanunsuzluqlarla bağlı məlumat verməmişdir. Onu 4 dəfə çəkilişə çıxarmışlar. Polis şöbəsinin pilləkənlərində cibinə narkotik vasitə qoyulmuşdur. Onu 4 nəfər polis əməkdaşı saxlamışdır. Narkotik vasitəni arxa sağ cibinə qoymuşdurlar. Polis şöbəsində Azad müəllimin otağında ona qanunsuzluqlar olmuşdur. Azad müəllim rəisin İ müavini vəzifəsində işləyir. Heç bir orqana ona olunan qanunsuzluqlarla bağlı şikayət verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş və Göyçay rayon sakini Təqsirləndirilən şəxs tanıyır. Belə ki, həmin şəxsin son zamanlar narkotik vasitə istifadəçisi olması və üzərində narkotik vasitə daşıması barədə ona bir neçə dəfə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü saat 21 radələrində o, CAB-nin digər əməkdaşı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirləri keçirməyə başlamışlar. Bir qədər sonra saat 21:20-də onlar Təqsirləndirilən şəxs Göyçay şəhəri Nizami küçəsində görüb sonuncuya yaxınlaşaraq üzərində narkotik vasitə daşımasında şübhəli olduğu üçün onu rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən razılaşmış və birlikdə Göyçay rayon polis şöbəsinə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və saat 21:50-də onun üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa, təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs da şalvarının sağ yan cibində olan sellofan bükümdəki “kakos” kimi tanıdığı narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra aşkar olunmuş içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, sellofan bükümdə olan maddənin çəkisi sellofanla birlikdə 2,63 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin vaxt üzərində də polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmiş, ancaq əlavə olaraq narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilmiş sellofan büküm 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olması, üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat aparatına məlumatlar daxil olmuş, ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamnaı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Göyçay RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti vəzifəsində işləyir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə rayon polis şöbəsinə dəvət etdikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman tanımışdır. O, həmin tarixdə saat 21 radələrində rayon polis şöbəsinin növbətçi hissəsində olan zaman CAB-ın əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 növbətçi hissənin qarşısına həmin vaxt adını öyrəndiyi Göyçay rayon sakini Təqsirləndirilən şəxs gətirərək həmin şəxsin üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video-çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt videoçəkilişi o, aparmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet olub-olmamasını soruşulmuş və əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs şalvarının sağ yan cibində olan sellofan bükümdəki “kakos” kimi tanıdığı narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra aşkar olunmuş içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, sellofan bükümdə olan maddənin çəkisi sellofanla birlikdə 2,63 qram olmuşdur. Həmin vaxt üzərində də polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmiş, ancaq əlavə olaraq narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilmiş sellofan büküm 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış hər kəsin gözü qarşısında video-çəkiliş vasitəsilə keçirilmiş, videoçəkiliş zamanı sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: 20 oktyabr 2023-cü il tarixli “raport”-dan görünür ki, Göyçay şəhəri Ə.Səmədli küçəsi ev 45-də pasport qeydiyyatında olmaqla yaşayan, xx xxxxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitəçilərin alüdəçisidir, eləcə də mütamadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə və saxlamaqda şübhəli olmasına dair Göyçay RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). 20 oktyabr 2023-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 5-6). 20 oktyabr 2023-cü il tarixli “raport”-dan görünür ki, “Əməliyyat –axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar əsasında həmin tarixdə saat 21:20-də Təqsirləndirilən şəxs Göyçay şəhəri, Nizami küçəsində saxlanılmışdır (cild 01, iş vər.9). 20 oktyabr 2023-cü il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər.16). 20 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş foto cədvəl və videogörüntünü əks etdirmiş CD diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə olub-olmaması, vardırsa təqdim etməsi soruşulmuş, Təqsirləndirilən şəxs üzərindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Bundan sonra da həmin büküm elektron tərəzidə çəkilərək 1 ədəd zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 23-27). 21 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin 17/761 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi –2,412 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir (cild 01, iş vər.34- 36). 23 oktyabr 2023-cü il tarixli, 4(046)-104/2023 nömrəli Göyçay Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində müddəti dörd ay həddində olmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 69-72). 07 noyabr 2023-cü il tarixli, 4(046)-114/2023 nömrəli Göyçay Rayon Məhkəməsinin qəararından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin məhkəmənin 23 oktyabr 2023-cü il tarixli qərarı ilə dörd ay müddətinə seçilmiş “həbs” növündə qətimkan tədbiri eyni müddətə “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 01, iş vər.83-87). 25 dekabr 2023-cü il tarixli “raport”-dan görünür ki, verilmiş əməliyyat tapşırığı ilə əlaqədar müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və istifadəçisi olması, habelə onun narkotik vasitənin satışı ilə məşğul olmadığı müəyyən edilməsinə baxmayaraq, onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini haradan əldə etməsi istiqamətində müsbət nəticə əldə edilməmişdir (cild 01, iş vər. 97). 23 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası “”Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 18-1-40/2-90/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdən “Narkomaniya” diaqnozu ilə narkoloq həkimdə qeydiyyatdadır, lakin psixiatr həkimdə qeydiyyatda yoxdur (cild 01, iş vər. 100). 20 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 141 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər.103). 14 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 il 11 ay 14 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 105-106). 13 dekabr 2021-ci il tarixli Göyçay Rayon Məhkəməsinin 7(046)-51/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli,1(032)-199/2021 nömrəli hökmü ilə ona təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) ilindən Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən azad edilmişdir (cild 01, iş vər.107-109). 18 fevral 2024-cü il tarixli “X2”-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs “X2”ndə psixoloji dəstək kursu alır (cild 01, iş vər. 113). 21 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdən “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər.123-124). 12 mart 2024-cü il tarixli Göyçay Rayon İcra Bşçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, barəsində Göyçay şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər.137-138). 27 mart 2024-cü il tarixli “raport”-dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini haradan əldə etməsi ilə əlaqədar əməliyyat axtarıştədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə olunmamış, habelə onun narkotik vasitələrin istifadəçisi olması və narkotik vasitə nin satışı ilə məşğul olmadığı müəyyən olunmuşdur (cild 01, iş vər.148). 20 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.3-cü maddəsinin tərkibi olmadığından cinayət təqibinin rədd edilməsi, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin mənbəyini müəyyən etmək məqsədi ilə araşdırma aparılması üçün cinayət işindən material ayrılması qərara alınmışdır (cild 01, iş vər. 179- 191). xx.xx.2024-cü il tarixli, “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Göyçay RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin “X8”-ından görünür ki, Təqsirləndirilən şəxs alın sol nahiyəsində və alt çənə nahiyyəsində köhnə çapıq toxuma aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli Göyçay Rayon İcra və Provasiya şöbəsinin məktubundan görünür ki, Müzəffərov Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(032)-199/2021 saylı hökmü ilə ona təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) ilindən Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr –Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarın 5-ci bəndinə əsasən cəzadan azad edilmiş, 11 (on bir) ay 14 (on dörd) gününü isə cəza çəkərək bitirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 2,412 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Göyçay şəhəri Nizami küçəsində olarkən və üzərində həmin külli miqdarda narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd büküm aşkar edilmiş, həmin bükümün içərisində isə təmiz çəkisi 2,412 qram təşkil edən, yəni külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, salonun qarşısından polis əməkdaşları onu polis şöbəsinə apardığını və pilləkənlərdə üzərinə narkotik vasitə qoyulduğunu, onu polis şöbəsində 2 gün döysələr də, o, heç nəyi boynuna almadığını, birinci dəfə üzərinə 20 qram – 10 qram heroin və 10 qram metamfetamini üzərinə qoymaq istədiklərini, buna görə onu CM-in 234.4.3-cü maddəsi ilə ittiham etmək istədiklərini, gün yarımdan sonra ona polis əməkdaşları evindən də narkotik vasitə çıxaracaqlarını demələrini, o, tək valideyni olan anasına görə və çox təzyiqlərə məruz qaldığından polislərin dediyi ilə razılaşmaq məcburiyyətində qaldığın bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonraki dövrdə tutularkən üzərində narkotik vasitənin olmadığını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına və ya tibb müəssisəsinə müraciət etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, irəli sürülmüş ittihamı bu və ya digər hissədə mübahisələndirməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək satış məqsədi olmadan 2,412 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal/hallar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Əksinə əməliyyat tapşırığı ilə bağlı xx.xx.2024-cü il tarixli raportdan görünür ki, onun narkotik vasitələrin satışı ilə məşğul olmaması əməliyyat yolu ilə müəyyən edilmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımış və üzərində şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,412 qram təşkil edən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa, o, uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal/hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini (nisbətən az olmasını) nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə təqsirləndirilən şəxsin 04 (dörd) ay müddətinə həbs və ev dustaqlığında saxlanıldığı vaxt cəzasına hesablanmaqla çıxılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmənin başlanğıcı həbsə alındığı tarixdən, yəni 30 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Göyçay rayon Polis şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,362 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdən, 20 fevral 2023-cü il tarixə qədər həbsdə və ev dustaqlığında saxlandığı 04 (dörd) ay müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Göyçay rayon Polis şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,362 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Tural Əfəndizadə Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar