Məhkəmə qərarları › İş №1(091)-211/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-211/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-211/2022 15.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1990-cı ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 5da qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2022ci ilin aprel ayının axırlarında yaşadığı Yevlax şəhəri, Q.B.Zakir küçəsi, 96 saylı evin həyətində dibçəklərdə həmin toxumları qanunsuz olaraq əkib, daha sonra həmin dibçəklərdə cücərtdiyi narkotik tərkibli çətənə bitkilərinin şitillərini 2022-ci ilin may ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda ünvan 1 ünvanda yerləşən nəzarət etdiyi həyətyanı sahəsində torpaq üzərində əkib külli miqdarda ümumi çəkiləri 61,34 qram olan 32 (otuz iki) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ümumi çəkiləri 3,75 qram olan 13 (on üç) ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitillərini yetişdirərək qəsdən kultivasiya etmiş, 24 may 2022-ci il tarixdə saat 1310-dan 1340-dək olan müddət ərzində Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aqronomun iştirakı və video çəkilişlə ünvan 1 ünvanda yerləşən həyətyanı sahəyə keçirilmiş təxirəsalınmaz baxış nəticəsində Təqsirləndirilən şəxs həmin həyətyanı sahədə torpaq üzərində qəsdən kultivasiya etdiyi külli miqdarda ümumi çəkiləri 61,34 qram olan 32 (otuz iki) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ümumi çəkiləri 3,75 qram olan 13 (on üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin fevral ayında yaşadığı Yevlax şəhəri Q.B.Zakir küçəsinin yuxarı hissəsində içərisində marixuana toxumları olan sellofan torba tapmış, marixuanadan istifadə etdiyinə görə həmin toxumları özündə saxlamışdır. Təxminən 2022ci ilin aprel ayının sonları, may ayının əvvəllərində yaşadığı evin yaxınlığında yerləşən həyətyanı sahədə həmin tapdığı toxumları əkib yetişdirmək üçün əvvəlcə yaşadığı ünvan 2 ünvanında həyətdə dibçəklərə əkmiş, sonra cücərmiş həmin şitilləri ünvan 3 ünvanında yerləşən onlara məxsus boş həyətyanı torpaq sahəsində əkmişdir. Əkdiyi həmin 45 (qırx beş) ədəd şitillərə aqrotexniki qaydada quluq etmiş, kolların inkişaf etməsi üçün lazım olan kimyəvi və təbii gübrələrdən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Yevlax şəhərində olan zaman həmin gün günorta saatlarında evdə olmadığı vaxt Yevlax rayon polis şöbəsinin əməkdaşlarının çətənə kollarını əkdiyi həmin həyətyanı sahəyə gələrək baxış keçirdiyini və narkotik tərkibli çətənə kollarını aşkar edərək götürdüklərini eşitmiş, axşam saatlarında yaşadığı evə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq əkib becərməkdə şübhəli olduğunu bildirərək polis şöbəsinə getməyi bildirmişlər. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dindirilərkən törətdiyi əməli etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 24 may 2022-ci il tarixdə Yevlax şəhər Q.B.Zakir küçəsi, mənzil 96-da qeydiyyatda olmaqla yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən həyətyanı sahədə narkotik vasitələri əkib becərməsi, kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında saat 13 radələrində yaradılmış əməliyyat qrupuna daxil olan PPXB-nin komandiri Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs əmisi X5, Təqsirləndirilən şəxs anası Şahid4, alim-aqronom Vüqar Mahmudovla birlikdə ünvan 4 ünvanında yerləşən həyətyanı sahəyə baxış keçirilən zaman 45 (qırx beş) ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar edildikdən sonra kökündən çıxarılaraq zərfə yığılıb qablaşdırıldıqdan sonra götürülmüşdür. Evdə olan şəxslər çətənə bitkilərini həmin vaxt evdə olmayan Təqsirləndirilən şəxs tərəfindən əkildiyini bildirmişlər. Sonradan Təqsirləndirilən şəxs saxlanılaraq rayon Polis Şöbəsinə gətirildikdən sonra törətdiyi əməli etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X7 Patrul Xidmət Bölüyünün komandiri işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğlu olmaqla sonuncu ilə birlikdə ünvan 5 ünvanında yerləşən evdə yaşamış, yaşadıqları evlə üzbəüz onların ailəsinə məxsus olan ünvan 6 ünvanında yerləşən mərhum qardaşı X2 adına olan həyətyanı sahə olmuşdur. Təxminən 2022-ci ilin aprel ayının sonları, may ayının əvvəllərində qardaşı oğlu Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində dibçəklərdə nə isə əkdiyini görmüş və Elşəndən bunun nə olduğunu soruşduqda sonuncu ona əkdiyinin gül toxumları olduğunu söyləmişdir. Elşən hər gün dibçəklərdə olan toxumlara qulluq etmiş, bundan bir müddət sonra Elşən həmin dibçəkdəkiləri nəzarət etdiyi Q.B.Zakir küçəsi mənzil 97 ünvanında yerləşən həyətyanı sahəyə apararaq həmin həyətyanı sahədə hazırladığı yerə, torpağa əkəcəyini bildirmişdir. 24 may 2022-ci il tarixdə qardaşı arvadı Şahid4 ilə evdə olarkən polis əməkdaşları yaşadıqları ünvana gələrək onların ailəsinə məxsus olan və nəzarət etdikləri ünvan 7 ünvanında yerləşən həyətyanı sahədə nəşə kolları əkilməsi barədə məlumat aldıqlarını və həmin həyətyanı sahəyə onların razılığı və iştirakı ilə baxış keçirəcəklərini bildirmişlər. Qeyd edilən yerdə baxış keçirilməsinə etiraz etməmələrinə dair ərizə təqdim etdikdən sonra mütəxəssis qismində dəvət edilmiş alim-aqronom, polis əməkdaşları və onların iştirakı ilə həyətyanı sahəyə keçirilən baxış zamanı həyətyanı sahədə 45 (qırx beş) ədəd (çətənə) kollarına bənzər bitkilərin əkildiyi müəyyən olunmuşdur. Bitkilər ekspertizaya göndərilməsi üçün zərfə yığılaraq qablaşdırılmışdır. Elşən həmin toxumları özü tək əkib, qulluq edib yetişdirmiş, həmin toxumlara və bitkilərə heç bir qulluq göstərməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 24 may 2022-ci il tarixli 17/432 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, Q.B.Zakir küçəsi, 96 saylı evin həyətindən aşkar edilmiş, uzunluqları 10 sm-dən 25 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri – 61,34 qram olan 32 (otuz iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, uzunluqları 5 sm-dən 9 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri – 3,75 qram olan 13 (on üç) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom mütəxəssis Vüqar Mahmudovun xx.xx.2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə və şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 05 avqust 2022-ci il tarixli 1101 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 24 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs olğunun yaşadığı ünvan 8 ünvanında həyətyanı sahədəki 10x2,5 metr ərazidə hündürlükləri 0,5 sm-dən 25 sm-dək olan 45 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 24 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2130-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 9 ünvanında yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2007-ci il tarixli 1906 nömrəli epikrizdən görünür ki, 1990—cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2007ci il tarixdə sol bel nahiyəsində daimi küt ağrılar, arabir ağrıların kəskinləşməsi, halsızlıq və s. şikayətlərlə klinikaya daxil olmuşdur. Aparılan ümumi müayinələr nəticəsində “Sol ləyən sidik axarı seqmentinin daralması. Soltərəfli hidronefroz 2-ci mərhələ” diaqnozu qoyulmiş, xx.xx.2007-ci il tarixdə endotraxeal anesteziya altında “Soltərəfli uretero-pieloanastomoz” əməliyyatı aparılmışdır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsi, ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və “Sol ləyən sidik axarı seqmentinin daralması. Soltərəfli hidronefroz 2-ci mərhələ” xəstəliyindən əziyyət çəkməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 24 may 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkiləri 60,70 qram olan 32 (otuz iki) ədəd çətənə bitkisi və 13 (on üç) ədəd çətənə (kannabis) bitkisinin şitilləri məhv edilməli, 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 24 may 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkiləri 60,70 qram olan 32 (otuz iki) ədəd çətənə bitkisi və 13 (on üç) ədəd çətənə (kannabis) bitkisinin şitilləri məhv edilsin, 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar