Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-211/2025 12.11.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Yevlax şəhəri Nizami prospekti ev 128-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,265 qram narkotik vasitə olan heroini istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 12:15-də Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri Nizami prospektində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 12:15-dən 12:21-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 2,265 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü səhər saatlarında evdən çıxıb piyada hərəkət edirmiş. Həmin vaxt Yevlax şəhəri Nizami prospektində “Qala” deyilən ərazidə olmuşdur. “Qala” deyilən ərazidə piyada hərəkətdə olan zaman yanında maşın saxlamışdır. Maşından əməliyyatçılar düşüb, onu maşına əyləşdirib polis şöbəsinə gətirmişlər. Həmin vaxt üzərində 2 manat pul olmuşdur. Qanunsuz heç nə olmamışdır. Polis əməkdaşları narkotik vasitə satıb-satmadığını soruşmuşlar. O da onlara narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu döyməyə başlamışlar. Döyüldüyü üçün polis əməkdaşları ilə razılaşmışdır. Heç bir səbəb olmadan ona CM-in 234.1-1-ci maddəsi ilə ittiham vermişlər. Daha sonra məhkəmə qarşısına çıxmışdır. Bundan sonra onu Gəncə 2 X2 göndərmışlər. İş üzrə təqsiri olmamış, saxlanılan zaman təmiz olmuş və üzərində qanunsuz heç nə olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, narkotik vasitədən ara-bir istifadə etmişdir. Əvvəllər məhkum olmamışdır. Narkotik vasitənin marixuana və heroin növündən istifadə etmişdir. Ona olunan qanunsuzluqla bağlı heç yerə şikayət etməmişdir. Savadı olmadığı üçün heç yerə şikayət etməmişdir. Vəkili Zaur olmuşdur. İstintaq vaxtı vəkili ilə konfidensial görüşməmişdir. Vəkili ilə görüşməyi tələb etməmişdir. Çünki savadı yoxdur. Nə edəcəyini və necə edəcəyini bilməmişdir. Vəkili ilə görüşsəymiş yenə heç nə olmayacaqmış. Çünki artıq sənədlərə imza etmişdir. Polis şöbəsində onu 3-cü mərtəbəyə əməliyyatçıların otağına qaldırmışlar. Bundan sonra onu döyməyə başlamışlar. Polis əməkdaşları onu döyərək narkotik vasitəni boynuna almağını bildirmişlər. Onu döyənlər arasında Rəşid və Tofiq olmuşdur. Polis əməkdaşları narkotik vasitəni boynuna alacağını bildirirmişlər. Polis əməkdaşları onu döydükdən sonra “Gilan” tərəfə çəkilişə aparmışlar. Həmin vaxt cibinə narkotik vasitə qoymuşdular. Güya o, yolla gələrkən saxlanılmış və cibindən narkotik vasitə çıxmışdır. Belə bir saxta videoçəkiliş olmuşdur. Videoçəkilişdən əvvəl ona demişlər ki, narkotik vasitəni tapdığını deməlidir. O da onların dediyi kimi ifadə vermişdir. Güya narkotiki haradansa tapmışdır. Tutulduqdan sonra polis şöbəsinə getmişdir. 2 saat polis şöbəsində onu döymüşlər. Sonra sənədləşdirmişlər. Daha sonra “Gilan” tərəfə videoçəkilişə getmişlər. Bundan sonra təhqiqatçının otağına aparmışlar. Polis əməkdaşları bədəninin bütün nahiyyələrinə vurmuşlar. Polis əməkdaşları onu əllə və rezin dəyənəklə döymüşlər. Sabahısı günü Gəncəyə təcridxanaya aparmışlar. Gəncə təcridxanasında həkimə döyülməyi ilə bağlı məlumat verib-vermədiyini dəqiq xatırlamır. Gəncə təcridxanasında həkim onu müayinə etmişdir. Həkim onu soyundurmuş bədəninə baxmışdır. Səhv etmirsə, həkimə döyülməyi barədə məlumat vermişdir. Bədənində qara nahiyyə olub-olmadığını dəqiq xatırlamır. Ancaq gəzə bilməmişdir. Həkimlər gəzə bilmədiyini görmüşlər. Cibindən aşkar olunan narkotik vasitə ona məxsus deyildir. Polis əməkdaşları boğazdan aşağı hər yerinə vurmuşlar. Döyülməyi ilə bağlı müdafiəçiyə heç nə deməmişdir. Həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qarşısına çıxan zaman döyüldüyünü deməmişdir. Çünki hesab etmişdir ki, desə polis əməkdaşları onu təkrar döyəcəklər. Qorxduğu üçün məhkəmədə heç nə deməmişdir. Polisdən qorxduğu üçün hakimə demişdir ki, narkotiki tapmışdır. Döyüldüyünə görə qorxmuşdur. Ona görə də, məhkəmədə polislərin dedikləri kimi ifadə vermişdir. Döyüldüyü üçün dözə bilməmiş və narkotik vasitəni boynuna almışdır. Onu saat 11-ə qalmış saxlamışlar. Onu evindən 20-30 metr qarşıda “Qala” deyilən ərazidə saxlamışlar. Narkotik vasitənin marixuana və heroin növündən istifadə etmişdir. Heroindən az istifadə etmişdir. Heroin ona pis təsir etdiyindən çox istifadə etməmişdir. Tutulmadan əvvəl 3 ay olarmış ki, narkotik vasitədən istifadə etmişdir. X11 İstismar idarəsində işləmişdir. Yanvar ayında işdən çıxmışdır. Polis əməkdaşları ilə düşmənçiliyi və ədavəti olmamışdır. Polis əməkdaşlarının onu niyə saxladıqlarını bilmir. Ayın 26-sı tutulmuş, 27-si Gəncə təcridxanasına getmişdir. Hakim qarşısına ayın 27-si çıxmışdır. Oradan birbaşa Gəncə təcridxanasına getmişdir. Həkim onu müayinə edən zaman döyüldüyünü demişdir. Həkimdə özündə qeyd aparmışdır. Təcridxanada izahat yazmamışdır. Əsgərlik dövründə məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması, daşıması və istifadə etməsi barədə 26 mart 2025-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun xx.xx.1986-cı il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri Nizami prospekti ev 128-də qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. Yevlax rayon polis şöbəsinin 26 mart 2025-ci il tarixli əmri ilə onun, Şahid3 və Şahid2 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmış, o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və o, həmin günü polis əməkdaşları Şahid3 və Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Nizami prospektinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt həmin yerdə olması barədə onun məlumatı olmuşdur. Onlar xx.xx.2025-ci il tarixdə saat 12:15-də Yevlax şəhəri Nizami prospektində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması, narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilməsinə etirazının olmadığını, baxış keçirilərkən müdafiəçinin iştirakına ehtiyacı olmadığını bildirmişdir. Buna görə də o, xx.xx.2025-ci il tarixdə saat 12:15-də Yevlax şəhəri Nizami prospektində Təqsirləndirilən şəxs üzərində baxış keçirməyə başlamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsini təklif etmişdir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əyində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən yoxlama-baxış zamanı üzərindən əlavə olaraq qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərək həmin sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni təxminən 2 gün öncə Yevlax şəhəri Nizami prospektindən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra tərəfindən həmin 01 ədəd şəffaf sellofan bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Həmin narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin 2,36 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin 01(bir) ədəd zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax RPŞ-nə apararaq təhqiqatçıya təhvil vermişdirlər. İlkin olaraq Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs saxlanılması və üzərində baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotik vasitəni təxminən 2 gün öncə yaşadığı küçədən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu zərfin ağzı açılaraq zərfin içərisindəki şəffaf sellofanda bükülümüş bükülüyə baxış keçirilmiş və baxış zamanı həqiqətən də həmin sellofan bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 2,44 qram olması müəyyən edilmişdir. Bundan sonra bir ədəd ağ rəngli zərfin üzərində müvafiq qeydlər aparıldıqdan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə sellofan bükümdə həmin zərfin içərisinə yerləşdirilmiş, möhürlənmiş və qablaşdırılmış kütlənin ekspertizaya göndəriləcəyi bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: 26 mart 2025-ci il tarixli “raport”-dan görünür ki, xx.xx.1986-cı ildə Yevlax rayonunda anadadan olmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). 26 mart 2025-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 6). 26 mart 2025-ci il tarixli “raport”-dan görünür ki, “Əməliyyat –axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar əsasında həmin tarixdə saat 12:15-də Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nizami prospektində saxlanılaraq üstü yoxlanılmış, sağ yan cibindən şəffaf sellofana bükülmüş içərisində heroinə bənzər kütlə aşkar edilərək qablaşdırılmışdır (cild 01, iş vər.9). 26 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və götürmə aparılmasına dair” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nizami prospektində piyada gəzən zaman saxlanılmış, saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən yoxlama-baxış zamanı üzərindən əlavə olaraq qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirərək həmin sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə olmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni təxminən 2 gün öncə Yevlax şəhəri Nizami prospektindən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir (cild 01, iş vər 10-12). 26 mart 2025-ci il tarixli “təqdim olunana əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, video görüntülər olduğu bir ədəd DVD diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən təhqiqata təqdim olunan narkotik vasitə heroinə bənzər kütlənin aşkar olunması, həmin kütlənin elektron tərəzi vasitəsilə çəkilməsi, çəkisinin 2, 36 qram olması və qablaşdırılaraq götürülməsi əksini tapmışdır (cild 01, iş vər. 14-16). 26 mart 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 29-30). 26 mart 2025-ci il tarixli “şəxsi axtarış aparılması barədə” protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli əşya aşkar edilməmişdir (cild 01, iş vər. 34-41). 27 mart 2025-ci il tarixli, 17/262 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinə bənzər maddə.” Yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 2,265 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 2,265 qram, tədqiqata sərf edildi- 0,050 qram. Qalıq- 2,215 qram (cild 01, iş vər. 47-50). 27 mart 2025-ci il tarixli, 4(039)-41/2025 nömrəli Yevlax Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində müddəti üç ay həddində olmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 26 mart 2025-ci il tarixdən hesablanmışdır (cild 01, iş vər. 80-85). 02 aprel 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserinin 397 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdən Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır (cild 01, iş vər. 97). 02 aprel 2025-ci il tarixli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin PHŞ-1191/25 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 99). 04 aprel 2025-ci il tarixli Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-9-1/2-831A/2025 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda arvadı və iki azyaşlı uşaqları ilə yaşayır və Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 01, iş vər.102-103). 11 aprel 2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2007-ci ildə cəza müddətinin qurtarması ilə əlaqədar azad olunmuşdur. (cild 01, iş vər. 114). 12 aprel 2025-cil tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən 26 mart 2025-ci il tarixdə saat 12:15 dəqiqədən saat 12:21 dəqiqəyədək olan müddət ərzində Yevlax şəhəri Nizami prospektində Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, baxış və götürmə aparılmış, həmin istintaq hərəkətində Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 və Yevlax RPŞ-nin Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirak etmiş, Şahid2 tərəfindən “Samsung” markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Həmin yoxlama, baxış və götürmə zamanı Şahid1 Təqsirləndirilən şəxs saxlanılma səbəbini izah edərək üzərində yoxlama və baxış keçiriləcəyini izah edərək yoxlama və baxış prosessinə başlamazdan öncə bir daha müdafiəçiyə ehtiyacının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs müdafiəçiyə ehtiyacının olmadığını bildirmişdir. Bundan sonra Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən yoxlama-baxış zamanı üzərindən əlavə olaraq qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirərək həmin sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə olmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni təxminən 2 gün öncə Yevlax şəhəri Nizami prospektindən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən həmin 01 ədəd şəffaf sellofan bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Həmin narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin 2,36 qram olması müəyyən edilmişdir. Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin 01(bir) ədəd zərfdə qablaşdırılmış və zərfin üzərinə müvafiq qeydlər yazıldıqdan sonra zərfin üzərinə şöbənin 85 nömrəli möhrünü yapışdıraraq möhürləmişdir. İştirakçılar zərfin üzərini imzalayaraq təsdiqləmişdirlər. Qablaşdırma bitdikdən sonra Şahid1 baxışın bitdiyini elan etmişdir. Baxış saat 12:15-dən 12:21-dək aparılmışdır. Digər təqdim edilən disklə baxış keçirilərkən müəyyən edilmişdir ki, Əli Əliyev tərəfindən xidməti iş otağında ilk öncə Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs saxlanılması və üzərində baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotik vasitəni təxminən 2 gün öncə yaşadığı küçədən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı Əli Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu zərfin ağzı açılaraq zərfin içərisindəki şəffaf sellofanda bükülümüş bükülüyə baxış keçirilmiş və baxış zamanı həqiqətən də həmin sellofan bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Əli Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisin 2,44 qram olması müəyyən edilmişdir. Bundan sonra Əli Əliyev tərəfindən bir ədəd ağ rəngli zərfin üzərində müvafiq qeydlər aparıldıqdan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə sellofan bükümdə həmin zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri möhürlənmişdir. İştirakçılar tərəfindən zərfin üzəri imzalanaraq təsdiqlənmişdir. Əli Əliyev qablaşdırılmış kütlənin ekspertizaya göndəriləcəyini bildirmişdir. Bununla da keçirilən “təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə” istintaq hərəkəti yekunlaşmışdır. Həmin istintaq hərəkəti saat 13:10-da başlamış və saat 13:38-də başa çatmışdır (cild 01, iş vər. 115-116). 09 aprel 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər X3 Məcburi narkoloji Tibbi Yoxlamanın 535 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 125). 21 aprel 2025-ci il tarixli əməliyyat tapşırığına cavab raportunda görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,265 qram narkotik vasitə olan heroin onun özünə məxsusdur, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,265 qram narkotik vasitə olan heroini nə zaman, haradan və kimdən əldə etməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də narkotik vasitənin mənbəsini müəyyənləşdirmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 01, iş vər. 132). 03 may 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qəraradan görünür ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün həmin xüsusat üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 149-156). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin “X8”-ından görünür ki, Təqsirləndirilən şəxs sol saitdə iki ədəd və sol qasıqda bir ədəd köhnə çapıq toxuma aşkar olunmuş alın sol nahiyəsində və alt çənə nahiyyəsində köhnə çapıq toxuma aşkar edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının 1-ci Siyahısının 83-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 800 (səkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 2,265 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamış və xx.xx.2025-ci il tarixdə saat 12:15-də Yevlax şəhəri Nizami prospektində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 12:15-dən 12:21-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 2,265 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən döyülməsini və döyülməyə məruz qaldığından polislərin dediyi ilə razılaşmaq məcburiyyətində qaldığın bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonraki dövrdə tutularkən üzərində narkotik vasitənin olmadığını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına və ya tibb müəssisəsinə müraciət etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, irəli sürülmüş ittihamı bu və ya digər hissədə mübahisələndirməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək satış məqsədi olmadan 2,265 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal/hallar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Əksinə əməliyyat tapşırığı ilə bağlı 21 aprel 2025-ci il tarixli raportdan görünür ki, onun narkotik vasitələrin satışı ilə məşğul olmaması əməliyyat yolu ilə müəyyən edilmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımış və Təqsirləndirilən şəxs üstü yoxlanılarkən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,265 qram təşkil edən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa, o, uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini (nisbətən az olmasını) nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 mart 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Yevlax rayon Polis şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,215 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 26 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Yevlax rayon Polis şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,215 qram miqdarında narkotik vasitə-heroin məhv edilsin, 03 (üç) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Günay Aşurova Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-211/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-211/2025
12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver