Məhkəmə qərarları › İş №1(091)-212/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-212/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-212/2022 10.10.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X10 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1998-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda оlmaqla, ünvan 2ndə Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, həmçinin psixotrop maddə olan metamfetamini əldə edib, saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 2,815 qram külli miqdarda narkotik vasitə olan heroini və 0,036 qram miqdarında psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, 07 may 2022-ci il tarixdə, saat 07:55 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə, Yevlax şəhəri, Ş.Qurbanov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə üzərində həmin gün sааt 08:45-dən 09:15-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki qara rəngli gödəkçənin sağ yan cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 2,815 qrаm miqdarında narkotik vasitə olan heroin və bir ədəd gümüşü-ağ rəngli bükümdə olan 0,036 qram miqdarında psixotrop maddə-metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələr onun olmamışdır. O, narkotik vasitələrdən istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. O, evdə yatan zaman polis əməkdaşları evə daxil olmuş və onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində narkotik vasitənin ona məxsus olmasını boynuna almağı demişlər. O, deyiləni qəbul etməsə, evdən kimi isə gətirəcəklərini bildirmişlər. O, polislərin dediyini qəbul etməmiş, lakin onu saxlama yerində döyərək zorla boynuna qoymuşlar. İİ Qarabağ döyüşlərində iştirak etdiyi üçün barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Polislər evə girərək evdə olan az çəkidə narkotik vasitəni aşkar etmişlər. Həmçinin, özünün istifadə etməsi üçün yaşadığı evdə az çəkidə olmaqla, narkotik vasitə olmuşdur. Aşkar olunan narkotik vasitələrdən əlavə olaraq polislər digər narkotik vasitələri onların yanına əlavə etmişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. O, narkotik vasitə olan heroindən istifadə etmişdir. Evdə yatağın altında bir çet narkotik vasitə olan heroin olmuş, lakin metamfetamin olmamışdır. Polislər onu polis şöbəsində olarkən 2 nəfər polis əməkdaşı “Sobranie” markalı siqaret qutusunda külli miqdarda narkotik vasitə gətirmiş və ona məxsus olduğunu, qəbul etməsə dayısını polis şöbəsinə gətirəcəklərini bildirmişlər. O, polis şöbəsində 2 gün saxlanılmışdır. O, narkotik istifadəçi olmuş, satışla məşğul olmasını isə döyərək boynuna qoymuşlar. Arzu adlı İran İslam Respublikasının vətərdaşından narkotik vasitə almış, lakin heç kimə satmamışdır. Həmçinin, o həmin qadınla “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Onun üzərinə baxış keçirilən zaman videoçəkilişdən istifadə edilmişdir. Üzərinə baxış keçirilən zaman müdafiəçi də iştirak etmişdir. Döyülməklə bağlı o, heç kimə şikayət etməmişdir. İbtidai istintaq zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir aya yaxındır ki, valideyinləri ilə yola getmədiyi üçün müvəqqəti olaraq ünvan 4 ünvanında dayısı Müşviqin evində qalır. Ağıl və şüur zəifliyindən əziyyət çəkmir, psixi xəstəliyi yoxdur. Hər hansı bir ruhi-əsəb dispanserində və narkoloji kabinetdə qeydiyyatı yoxdur. O, 27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci il tarixədək 44 gün müddətində baş vermiş İİ Qarabağ müharibəsində gedən döyüşlərdə iştirak etmişdir. Zəngilan və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı iki medalı vardır. Həmçinin, o, qazidir. Müharibə zamanı sol qolundan və baş nahiyəsindən qəlpə yarası almışdır. Buna görə onun veteranlıq vəsiqəsi vardır. Lakin o, heç bir orqanını itirməmiş və əlilliyi yoxdur. O, 07 may 2022-ci il tarixdə, saat 07:55-də yaşadığı evin yerləşdiyi Yevlax şəhəri, Şıxəli Qurbanov küçəsi ilə şəhər istiqamətində gedən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Yevlax RPŞ-da onun seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 RPŞ-a dəvət edilmiş və onun müdafiəçisi təyin edilmişdir. Yevlax RPŞ-da vəkili Zaur Bərxudarovun iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən, yəni əynindəki qara rəngli gödəkçənin sağ yan cibindəki “Sobrania” markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitə-heroin və bir ədəd gümüşü-ağ rəngli kağız (siqaret kağızı) bükümdə olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin sellofan bükümdə olan narkotik vasitə-heroin bükülü olduğu sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 3,09 qram miqdarında olması və digər kağız bükümdə olan psixotrop maddə - metamfetamin bükülü olduğu kağızla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,31 qram olması müəyyən olunmuşdur. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə - heroin və psixotrop maddə-metamfetamin onun özünə məxsusdur. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-heroini və psixotrop maddə-metamfetamini 04 may 2022-ci il tarixdə Bakı şəhər Nəsimi rayonu X5 yaxınlığında olan binanın yanındakı yerdə olan daşın altından götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə 07 may 2022-ci il tarixdə Yevlax RPŞ-nın əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq, onun ünvan 1-da yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax RPŞ-nın rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barədə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax RPŞ-nın 07 may 2022-ci il tarixli əmri ilə onun, Yevlax RPŞ-nın PPXB-nin polis nəfəri Şahid2 və Yevlax RPŞ-nın TB-nin təhqiqatçısı X12 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və həmin gün polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri, Ş.Qurbanov küçəsinə getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Ş.Qurbanov küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar Ş.Qurbanov küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmış və ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax RPŞ-ya məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmiş, lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, ona görə də üzərinə baxışın həmin yerdə keçirilməməsini xahiş etmişdir. Onlar Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq onu Yevlax RPŞ-nın inzibati binasına gətirib, baş X18a təhvil vermişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X3 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil X20 RPŞ-ya dəvət edilmişdir. Mehman Əsədov onun tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Mehman Əsədov xidməti iş otağında onun, Şahid2 və vəkil Mehman Əsədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmiş və aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nın KTQ-nin baş inspektoru Şahid3 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmiş, X25 Muradova hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansı bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonar Təqsirləndirilən şəxs əynindəki qara rəngli jiletin sol yan cibindən bir ədəd üzərinə “Sobranie” yazılmış siqaret qutusunun içərisində, ağ rəngli sellofana bükülmüş bükümü və 1 ədəd sarı rəngli siqaret kağızına bükülmüş büküm, qara rəngli jiletin sağ yan cibindən LG və Redmi markalı mobil telefon, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd pul qabını təqdim etmişdir. Bundan sonra Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmiş və götürülməmişdir. X25 Muradovdan həmin bükülüdə nə olmasını soruşduqda, sonuncu ağ rəngli sellofana bükülmüş bükümün içərisində olan maddənin narkotik maddə olan heroin, sarı rəngli siqaret kağızına bükülmüş bükümün içərisində metamfetamin olduğunu, onları xx.xx.2022ci il tarixdə Bakı şəhərində Əcəmi metrosunun yaxınlığında özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən satın aldığını, həmin şəxslə görüşmədiyini, ancaq onun göndərdiyi ünvanlardan həmin maddələri gedib götürdüyünü və öz istifadəsi üçün üzərində saxladığını, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan zaman Yevlax RPŞ-nın əməkdaşlarının onu saxladığını və Yevlax RPŞ-ya gətirdiklərini, özünün narkotik vasitə istifadəçisi olduğunu, həmin maddələri özü istifadə etmək üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını bildirmişdir. Mehman Əsədov 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisinə baxdıqda açıq qəhvəyi rəngli, narkotik maddə olan heroinə bənzər kütlə olduğunu, 1 ədəd sarı rəngli siqaret kağızına bükülmüş bükülünün içərisinə baxdıqda qəhvəyi rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu aşkar etmişdir. Həmin kütlələr X18 tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və narkotik vasitə heroinin bükümlə birlikdə çəkisinin 3,09 qram olduğu, psixotrop maddə metamfetaminin bükümlə birlikdə çəkisinin isə 0,31 qram olduğu müəyyən edilmişdir. Mehman Əsədov həmin kütlələri bükülü olduğu bükümlə birlikdə bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmış və zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Mehman Əsədov zərfdə qablaşdırdığı maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olubolmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs, onun vəkili X7, Şahid2 və o həmin zərfin üzərinə imza çəkmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Mehman Əsədov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuş, o, protokolun doğruluğunu imza ilə təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini haradan əldə etdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barədə polis şöbəsinə daxil olmuş əməliyyat məlumatında narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumat olmuş və əməliyyat-qeydiyyat işi açılmışdır. Təqsirləndirilən şəxs Şıxəli Qurbanov küçəsində saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə istintaqında elan olunaraq tədqiq edilmiş iş üzrə Şahid3 ibtidai istintaq zamanı bildirmişdir ki, Yevlax RPŞ-nın kriminalistik tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. X11 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparacağını, onun kamera vasitəsi ilə videoçəkiliş aparmasını demişdir. O, istifadəsində olan “Panasonic” markalı rəqəmsal video kamera vasitəsi ilə videoçəkiliş aparmağa başlamışdır. Mehman Əsədov xidməti iş otağında Şahid1, Şahid2 və vəkil Zaur Bərxudarovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Mehman Əsədov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Mehman Əsədov tərəfindən Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli jiletin sol yan cibindən bir ədəd üzərinə “Sobranie” yazılmış siqaret qutusunun içərisində, ağ rəngli sellofana bükülmüş bükümü və 1 ədəd sarı rəngli siqaret kağızına bükülmüş bükümü, qara rəngli jiletin sağ yan cibindən LG və Redmi markalı mobil telefon, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd pul qabını çıxarıb təqdim etmişdir. Bundan sonra Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Mehman Əsədov Təqsirləndirilən şəxs həmin bükülüdə nə olmasını soruşduqda sonuncu ağ rəngli sellofana bükülmüş bükümün içərisində olan maddənin narkotik maddə olan heroin, sarı rəngli siqaret kağızına bükülmüş bükümün içərisində metamfetamin olduğunu, onları xx.xx.2022-ci il tarixdə Bakı şəhərində Əcəmi metrosunun yaxınlığında özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən satın aldığını, həmin şəxslə görüşmədiyini, ancaq onun göndərdiyi ünvanlardan həmin maddələri gedib götürdüyünü və öz istifadəsi üçün üzərində saxladığını, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri, Ş.Qurbanov küçəsində olan zaman Yevlax RPŞ-nın əməkdaşlarının onu saxladığını və Yevlax RPŞ-ya gətirdiklərini, özünün narkotik vasitə istifadəçisi olduğunu, həmin maddələri özü istifadə etmək üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını bildirmişdir. Mehman Əsədov 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisinə baxdıqda açıq qəhvəyi rəngli, narkotik maddə olan heroinə bənzər kütlə olduğunu, 1 ədəd sarı rəngli siqaret kağızına bükülmüş bükülünün içərisinə baxdıqda qəhvəyi rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu aşkar etmişdir. Həmin kütlələr X18 tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və narkotik vasitə heroinin bükümlə birlikdə çəkisinin 3,09 qram olduğu, psixotrop maddə metamfetaminin bükümlə birlikdə çəkisinin isə 0,31 qram olduğu müəyyən edilmişdir. Mehman Əsədov həmin kütlələri bükülü olduğu bükümlə birlikdə bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmış və zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Mehman Əsədov zərfdə qablaşdırdığı maddənin narkotik vasitə-heroin və psixotrop maddə metamfetamin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs, onun vəkili X7, o və Şahid1 həmin zərfin üzərinə imza çəkmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Mehman Əsədov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imza ilə təsdiq etmişdir. Qeyd olunan sübutlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 07 may 2022-ci il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə məlumat daxil olmuş və o, həmin tarixdə, saat 07:55-də Yevlax şəhəri, Ş.Qurbanov küçəsində saxlanılaraq Yevlax RPŞ-ya gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 07 may 2022-ci il tarixli əməliyyat - axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında qərardan və şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə, saat 07:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 07 may 2022-ci il tarixli şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin istintaq hərəkətində Yevlax RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Yevlax RPŞ-nın PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli jiletin sol yan cibindən bir ədəd üzərinə “Sobranie” yazılmış siqaret qutusunun içərisində, ağ rəngli sellofana bükülmüş bükümü və 1 ədəd sarı rəngli siqaret kağızına bükülmüş bükümü, qara rəngli jiletin sağ yan cibindən “LG” və “Mi” markalı mobil telefon, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd pul qabını çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs həmin bükülüdə nə olması soruşulduqda o, ağ rəngli sellofana bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin, sarı rəngli siqaret kağızına bükülmüş bükümün içərisində metamfetamin olduğunu, onları xx.xx.2022ci il tarixdə Bakı şəhərində Əcəmi metrosunun yaxınlığında özünü İran vətəndaşı kimi təqdim edən Arzu adlı qadından satın aldığını, həmin şəxslə görüşmədiyini, ancaq onun göndərdiyi ünvanlardan həmin maddələri gedib götürdüyünü və öz istifadəsi üçün üzərində saxladığını, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Ş.Qurbanov küçəsində olan zaman Yevlax RPŞ-nın əməkdaşlarının onu saxladığını və Yevlax RPŞ-ya gətirdiklərini, özünün narkotik vasitə istifadəçisi olduğunu, həmin maddələri özü istifadə etmək üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra həmin bir ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisinə baxıldıqda açıq qəhvəyi rəngli, narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik maddə olan heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və narkotik vasitə heroinin bükümlə birlikdə çəkisinin 3,09 qram olduğu müəyyən edilmişdir. Digər bir ədəd sarı rəngli siqaret kağızına bükülmüş bükülünün içərisinə baxdıqda qəhvəyi rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,31 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlələr bükülü olduğu bükümlərlə birlikdə bir ədəd zərfə qoyulmuş, zərfin açıq yerini yapışdırılmış, üzərində qeydiyyat aparılmış və zərfə bir neçə ədəd “zərflər üçün № 85” möhürü vurularaq götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs Yevlax RPŞ-ya gətirilərkən və RPŞ-da olarkən ona qarşı hər hansı bir formada təzyiq olub-olmadığını soruşanda o, heç bir təzyiqin olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında 10 may 2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş 01 ədəd zərfdə qablaşdırılmış 0,050 qramı ekspertiza tədqiqatına sərf edilmiş 2,815 qramdan qalmış 2,765 qram miqdarında narkotik vasitə heroin və 0,010 qramı ekspertiza tədqiqatına sərf edilmiş 0,036 qramdan qalmış 0,026 qram miqdarında psixotrop maddə metamfetamin “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X22 X19 №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən, maddi sübut hesab edilmiş və saxlanılması üçün Yevlax RPŞ-nın maddi sübutların saxlanılması otağına verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Mingəçevir şəhər X6 rayon narkoloji kabinetindən daxil olmuş 17 may 2022-ci il tarixli 750 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon narkoloji kabinetində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Mingəçevir şəhər X2 rayon psixonevroloji kabinetinin 17 may 2022-ci il tarixli 980 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakcell MMC-nin 19 may 2022-ci il tarixli BKC/LGL-7244/22 saylı məktubu ilə daxil olmuş CD diskə 25 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə

1. “X9”

2. “SMS Tarixçəsi”

3. “SMS Tarixçəsi”

4. “Zənglərin Detallaşması”

5. “X4” adlı 5 fayl aşkar edilmişdir. 1-ci qovluğa baxış keçirilmiş və baxış zamanı ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən olunmuşdur. 2-ci və digər qovluqlara baxış keçirilmiş və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Şəki regional bölməsinin 07 may 2022-ci il tarixli 17/390 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki: - bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,815 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,036 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1) Heroinin təmiz çəkisi 2.815 qr., tədqiqata sərf edildi 0,050 qr., qalıq - 2.765 qr. 2) Metamfetaminin təmiz çəkisi 0,036 qr, tədqiqata sərf edildi 0,010 qr, qalıq 0,026 qr. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 13 iyul 2022-ci il tarixli 984 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 08 may 2022-ci il tarixi qərarından görünür ki, CM-in 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barədə dörd ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, əvvəli 07 may 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli 3379 və 3380 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ilə birlikdə yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli 3381 nömrəli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən ünvanda qeydiyyatdadır. Təqsirləndirilən şəxs yaşadığı müddətdə qonşularla yaxşı münasibətlər qurmağa çalışmış, küçənin və ətraf məhəllənin sakinləri ilə ünsiyyətdə olmuş, birgə yaşayış qaydalarına ümumən riayət etməyə çalışmış, qonşu sakinlərin xeyir-şər məclislərində iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı müddətdə küçə və məhəllədə yaxşı qonşu kimi səciyyələndirilmişdir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2713 nömrəli sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, eyni tarixli 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs barədə olan fəxri fərmanın surətindən görünür ki, o, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə hərbi hissə komandiri tərəfindən Fəxri fərmanla təltif edilmişdir. Onun barəsində yaşadığı müddətdə Yevlax şəhər 1 saylı inzibati ərazi dairə üzrə nümayəndəliyinə yazılı və yaxud şifahi müraciətlər daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş və CM-in 70-ci maddəsi tətbiq edilərək həmin cəza altı ay şərti sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən, məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə olan metafetamini satmaq niyyətilə deyil, öz istifadəsi üçün əldə etməsi barədə gətirdikləri dəlillərə tənqidi yanaşan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş mobil telefona baxış keçirilməsi və götürmə aparılması haqqında 09 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Mi” markalı mobil telefona baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin mobil telefonun içərisində ***-***-**- ** saylı mobil nömrə vardır. Mobil telefonun “Whatsapp” ani mesailaşma sisteminə baxılmış və baxış zamanı müəyyən edilmişdir ki, Whatsapp-da “Arzu ira” adı ilə qeydiyyat edilmiş +98 939 *** **** saylı mobil nömrə ilə arasında çoxlu sayda mesajlaşmalar vardır. Həmin mesajlara baxış zamanı müəyyən edilmişdir ki, 04 may 2022-ci il tarixdə narkotik vasitənin və psixotrop maddənin alqı-satqısı ilə bağlı danışıqlar olmuş, yəni Təqsirləndirilən şəxs Arzu adlı İran islam Respublikasının vətəndaşından narkotik vasitə və psixotrop maddə almışdır. Mesajlardan görünür ki, Arzu adlı qadın narkotik vasitəni Bakı şəhərində “Rahat” marketin yaxlnlığında daşların altına qoyaraq həmin yerin fotoşəklini və konumunu Təqsirləndirilən şəxs göndərmişdir. Bu zaman Təqsirləndirilən şəxs tərəfindən səsli mesaj göndərilərək orada nə qədər olması soruşulmuş, Arzu adlı qadın “Ceyhun, ona demişdim on dənə elə 100 manatı ona görə vermuşuq, 8 ədəd eliyib, 5 dənə torpaq eliyib, 3 dənə daş qoyub" məzmunlu səsli mesaj göndərmiş, bu zaman Təqsirləndirilən şəxs tərəfindən Arzu adlı qadına “bu gün sənə çox baha başa oturacaq, mən sənə dedim ki, aparıram camahata verəm onu” məzmunlu səsli mesaj göndərilmişdir. Həmçinin, Təqsirləndirilən şəxsla Arzu adlı qadın arasında 05 may 2022-ci il tarixdə, 06 may 2022-ci il tarixlərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mesajlaşmalar olmuşdur. Telefonun digər bölmələrinə baxılmış, lakin iş üçün əhəmiyyət kəsb edən başqa bir hal müəyyən edilməmişdir. Mobil telefonlara baxış keçirilən zaman protokola əlavə edilməsi üçün mobil telefonların fotoşəkilləri çəkilmiş və Təqsirləndirilən şəxs ilə Arzu adlı qadın arasında “Whatsapp” tətbiqində olan səsli mesajlaşmalar protokola əlavə edilməsi üçün videoyazı vasitəsi ilə qeydə alınaraq götürülmüşdür. Bundan əlavə, Yevlax RPŞ-nın İstintaq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elşən Abdullayev tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq, ümumi təmiz çəkisi 1645 qram külli miqdarda narkotik vasitə olan marixuananı, ümumi təmiz çəkisi 73,146 qram külli miqdarda narkotik vasitə olan tiryəki və ümumi təmiz çəkisi 64,535 qram külli miqdarda psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 00:15 radələrində Təqsirləndirilən şəxs Yevlax şəhəri, H.Əliyev prospektində Yevlax RPŞ-nın əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Yevlax RPŞ-ya gətirilmiş, orada həmin gün, saat 00:50-dən saat 02:10-dək olan müddətdə videoçəkiliş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən onun əlindəki bir ədəd göy rəngli üzərinə “Samuray” sözləri yazılmış sellofan torbanın içərisində qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindəki beş ədəd şəffaf sellofan torbada, ayrıayrılıqda təmiz çəkiləri 300 qram, 385 qram, 325 qram, 345 qram və 290 qram olmaqla, ümumi təmiz çəkisi 1645 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 73,146 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan tiryək və bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 64,535 qram kustar üsulla hazırlanmış külli miqdarda psixortop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Törətdiyi həmin cinayət əməlinə görə Təqsirləndirilən şəxs Yevlax RPŞ-nın TB-nin təhqiqatçısı, polis kapitanı X13 tərəfindən 21 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi istintaq materialları ilə kifayət qədər sübuta yetirildiyindən o, Yevlax RPŞ-nın İB-nin müstəntiqi, polis baş leytenantı Ayxan Cəlilov tərəfindən 22 avqust 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə Yevlax Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barədə dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs səs yazısı və sonrakı davranışı məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Ondan aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə olan metafetamini satmaq niyyətilə deyil, öz istifadəsi üçün əldə etməsi barədə gətirdiyi dəlillər özünü müdafiə xarakteri daşıyır. Ona görə də məhkəmə kollegiyası bu dəlilləri qəbul etmir. Qeyd olunanlarla yanaşı, Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında polis əməkdaşlarının ona qarşı etdikləri qanunsuz hərəkətlərlə bağlı ifadəsində göstərdiyi dəlillərə gəlincə, məhkəmə kollegiyası bunlarla da razılaşa bilmir. Məhkəmə kollegiyası ona görə bu qənatə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı vaxtdan məhkəmədə sərbəst ifadə verənədək polislər tərəfindən döyülməsi və ya hər hansı bir təsirə, təzyiqə məruz qalması, habelə hər hansı polis özbaşınalığı barədə heç bir söz deməmiş, nə özü nə də müdafiəçisi vasitəsilə məhkəməyədək icraatı aparan orqan və ya hər hansı bir dövlət qurumu qarşısında bununla bağlı məsələ qaldırmamış, hər hansı narazılıq ifadə edən müraciət etməmişdir. Əksinə, o, şübhəli şəxs kimi saxlanılıb üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən müdafiəçisi X3 “Səndən aşkar edilmiş bu şeylər nədir, bunlar sənə məxsusdur, yoxsa polis əməkdaşları tərəfindən üzərinə qoyulub? Dəqiq özün almısan? Bəlkə sənin deyil? sualına Təqsirləndirilən şəxs bildirmişdir ki, xeyir, xeyir, özüm almışam, öz istifadəm üçün. Müdafiəçinin polis şöbəsinə gətiriləndən indiyədək polis tərəfindən hər hansı təzyiqə, təsirə, işgəncəyə məruz qalmısan, kimsə səni döyüb, vurub? sualına cavab olaraq isə bildirmişdir ki, xeyir. Müdafiəçinin təkrar olaraq verdiyi, aşkar edilmiş narkotik vasitələr sənə məxsusdur, üzərinə qoyulmayıb ki? sualına cavab olaraq yenə də bildirmişdir ki, xeyir, mənimdir, özümə məxsusdur. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində ona qarşı heç bir zor və təzyiqin tətbiq edilmədiyini bildirmiş, onda heç bir xəsarətlər olmamış, polis əməkdaşlarından şikayət etməmiş, ekspertiza müayinəsindən keçmək istəməmiş və dediyi xüsusatları imzası ilə təsdiq etmişdir. Belə olan halda onun polis tərəfindən döyülməsinin hansı zərurətdən irəli gəlməsi ağlabatan görünmür. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bu barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, o cümlədən ekspert rəyləri və biri digərini tamamlayan başqa dəlillər vasitəsi ilə tam sübuta yetirilmişdir və ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının tədqiq etdiyi sübutlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Ümumilikdə, tədqiq edilmiş sübutlar ittihamın təsdiq edilməsi üçün yetərlidir. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Onun özünü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməsi barədə özünün və müdafiəçisinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ona ədalətli cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 2,815 qram külli miqdarda narkotik vasitə olan heroini və 0,036 qram miqdarında psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamaqla CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan ağır cinayət əməlini törətmiş şəxsdir. Bu əməlinə görə o, həmin maddənin sanksiyasına uyğun olaraq beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Təqsirləndirilən şəxs özünü narkotik vasitələrin külli miqdarda satışında təqsirli bilməsə də, tədqiq edilmiş sübutlardan görünür ki, o, cəmiyyət üçün xüsusi təhlükə doğuran narkotik vasitələrin satışını xüsusi fəallıqla həyata keçirən bir şəxsdir. Təqsirləndirilən şəxs İİ Qarabağ döyüşlərində iştirak etməsi və yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməyən məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ona beş il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs beş il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.4.3-cü maddəsinin sanksiyasına uyğun olaraq beş il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Ona görə də təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu əsasa görə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 sentyabr 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə ona təyin olunacaq cəza müddətinə daxil edilməli və onun cəzasına hesablanmaqla çıxılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsin xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən, cinayət işi üzrə maddi sübut olub, Yevlax RPŞ-da saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış 0,050 qramı ekspertiza tədqiqatına sərf edilmiş 2.815 qramdan qalmış 2.765 qram miqdarında narkotik vasitə heroin və 0,010 qramı ekspertiza tədqiqatına sərf edilmiş 0,036 qramdan qalmış 0,026 qram miqdarında psixotrop maddə metamfetamin “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X22 X19 №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən məhv edilməli, həmçinin “Mi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə yüz iki manat on iki qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ:

Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Yevlax RPŞ-da saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış 0,050 qramı ekspertiza tədqiqatına sərf edilmiş 2.815 qramdan qalmış 2.765 qram miqdarında narkotik vasitə heroin və 0,010 qramı ekspertiza tədqiqatına sərf edilmiş 0,036 qramdan qalmış 0,026 qram miqdarında psixotrop maddə metamfetamin “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X22 X19 №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən məhv edilsin, həmçinin “Mi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə yüz iki manat on iki qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar