Məhkəmə qərarları › İş №1(091)-212/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-212/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-212/2023 05.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri 1 saylı Musiqi Məktəbində qarmon müəllimi işləmiş, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 17,634 qram külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamış, 13 mart 2023-cü il tarixdə saat 1730 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri Nizami küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 1815-dən 1850dək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax Rayon Polis Şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxladığı 17,634 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 mart 2023-cü il tarixdə Bakı şəhərindən yaşadığı Yevlax şəhərinə gəlmiş, səhəri gün Yevlax şəhərində piyada hərəkət edərkən polis əməkdaşları avtomaşınla onu izləyərək avtomaşına qoyub Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Orada narkotik vasitə olan “kakosu” cibinə qoyaraq boynuna almasını bildirmiş, o da təzyiqlər nəticəsində məcbur qalaraq həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 09 mart 2023-cü il tarixdə saat 17- 18 radələrində tanıdığı və narkotik vasitələrin satışı məşğul olduğunu bildiyi Yevlax şəhəri Cahangir Kərimov küçəsində yaşayan “DİDİ” ləqəbli X6 120 manat pul verərək sonuncudan iki qram miqdarında narkotik vasitə olan heroin almış, həmin heroinin bir hissəsini 11 mart 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşından narkotik vasitə alanadək istifadə etmiş və İran İslam Respublikasının vətəndaşı olan “Baba” ləqəbli, adını Vəli bildiyi şəxsdən narkotik vasitə aldıqdan sonra Ömərdən aldığı, narkotikin qalan hissəsini həmin narkotik vasitə olan heroinin üzərinə qoyaraq bir yerə qatmışdır. Ömərdən 09 mart 2023-cü il tarixdə narkotik vasitə olan heroin aldıqdan sonra “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Baba” ləqəbli Vəli adlı şəxslə Bakı şəhərində görüşməyə razılaşaraq həmin gün axşam saatlarında Bakı şəhərinə getmiş, həmin şəxsin İran nömrəsi olan mobil nömrəsini aldıqdan sonuncu ilə “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. 11 mart 2023-cü il tarixdə səhər saatlarında həmin şəxslə görüşərək həmin şəxsi ona nisyə narkotik vasitə olan heroin verməsini, həmin heroini satıb pulunu verəcəyini bildirmişdir. Həmin gün saat 23 radələrində həmin “Baba” ləqəbli şəxs ona Bakı şəhəri Nərimanov rayonunun ərazisində narkotik vasitə olan heroini qoyduğu yerin konumunu göndərdikdən sonra həmin yerə gedərək oradan narkotik vasitə olan heroini götürmüşdür. Həmin “Baba” ləqəbli şəxslə heroinin bir qramını 12 manata danışmış və həmin şəxs ona 264 manat dəyərində olan 22 qram miqdarında narkotik vasitə olan heroin vermişdir. Heroini götürdükdən sonra Bakı şəhərindən çıxaraq Yevlax rayonuna gəlmiş, narkotik vasitəni evə aparmışdır. Artıq kifayət qədər narkotik vasitə olan heroini olduğu üçün gün ərzində 3-4 dəfə həmin vasitənin üzərindən götürərək təkbaşına istifadə etmişdir. 13 mart 2023-cü il tarixdə saat 1730-da narkotik vasitə heroini üzərində götürüb Yevlax şəhəri Nizami küçəsində piyada hərəkətdə olarkən Yevlax rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə rayon polis şöbəsinə dəvət etmiş, rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində çəkisi 18,47 qram olan narkotik vasitə heroin aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsində əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 13 mart 2023-cü il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə saat 17 radələrində Yevlax şəhəri Nizami prospektində olan Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində şübhəli şəxsi qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu və çəkisi 18,47 qram olan bir ədəd sellofan büküm aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünü dörd gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri C.Kərimov küçəsində “Didi” ləqəbli Ömər adlı şəxsdən 120 manata aldığını, həmin narkotik vasitənin bir qismini istifadə edib, qalan hissəsini üstündə gəzdirməklə həmin gün axşam saatlarında Bakı şəhərinə getdiyini, orada tanımadığı İran vətəndaşı ilə əlaqə saxlayaraq sonuncunun yol kənarına zibil qabının altına qoyduğu 22 qram heroini götürdüyünü, həmin narkotikin bir qismini istifadə etdiyini, qalan hissəsini isə satmaq məqsədilə üzərində saxlayaraq xx.xx.2023-cü il tarixdə Yevlax şəhərinə qayıtdığını, xx.xx.2023-cü il tarixdə saat 1730-da Yevlax şəhəri Nizami küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-nə gətirildiyini, həmin narkotik vasitəni satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X8 patrul Xidmət Bölüyündə polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2023-cü il tarixli 17/248 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd bükülüdə olan heroinə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 17,634 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 mart 2023-cü il tarixli 524 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 mart 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibindən çəkisi 18,43 qram olmaqla içərisində narkotik vasitə olan heroinə oxşar kütlənin olduğu bir ədəd sellofan bükülü aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 177.2.4, 187.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə (ümumi) cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilib CM-in 221.3 maddəsi CMin 128-ci maddəsinə tövsif edilərək 06 ay azadlıqdan məhrum etmə təyin edilmiş, CM-in 177.2.2, 177.2.3, 177.2.4, 187.2 və 128-ci maddələrinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, Yevlax rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Şəki Apellyasiya məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli hökm ləğv edilərək iş yeni məhkəmə baxışına qaytarılmış, xx.xx.2019-cu il tarixdə Yevlax rayon məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsinə əsasən 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. CM-in 18.1-ci maddəsinə əsasən məhkumluğu götürüldüyünə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunmur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin 27 mart 2023-cü il tarixli 254 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildən “Kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu. Asıllıq sindromu” diqanozu üzrə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Yevlax rayon Mərkəzi Xəstəxanası” X10-nin 01 may 2023-cü il tarixli PHŞ-2752/23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon X2-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 181 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 13 mart 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1730-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin miqdarı, yəni həmin narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, özünün də məhkəməyədək icraat zamanı narkotik vasitəni satış məqsədi ilə aldığını bildirməsi, onun aşkar olunan narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmaması və polis əməkdaşlarının həmin narkotik vasitələri onun üzərinə qoymalarına dair ifadəsini müəsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı sərbəst şəkildə narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını qeyd etməklə ona qarşı heç bir təsir-təzyiq olmadığını bildirmiş, həmçinin sonradan ona hər-hansı təsir və təzyiq olması barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora nə də ki, məhkəmə nəzarətini həyatə keçirən məhkəməyə müraciət etməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir-təzyiqə məruz qalmasını bildirsə də məhkumun tibbi kitabçasının surətində onun istintaq təcridxanasına daxil olarkən bədən səthində hansısa xəsarət aşkar edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 13 mart 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 13 mart 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 17,534 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar