Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-213/2023 05.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1967-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax şəhəri, Şıxlınski küçəsi, ev 23 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 25 fevral 2023-cü il tarixdə saat 15 radələrində Yevlax şəhərində «5-ci plan» adlanan ərazidə ümumi təmiz çəkisi 2,131 qram narkotik vasitə olan heroini X2 15 manat pulun müqabilində alaraq üzərində saxlamış, 25 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən «Babək» marketin yaxınlığında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək həmin tarixdə saat 18:05-dən 18:25-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə aparılmış şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində olan həmin sellofan bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 2,131 qram narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmiş, mobil telefon nömrəsindən istifadə etməmişdir. Polis əməkdaşı olan Rəşad Mamedovun təklifi ilə sonuncunun xalası oğlunun avtomobilini təmir etməyə razılıq vermiş, bunun üçün pulun yarısının əvvəl, digər yarısının isə işin sonunda verilməsinə dair aralarında razılaşma əldə olunmuşdur. 10 (on) gün ərzində qeyd olunan avtomobili təmir etməsinə baxmayaraq, həmin müddət ərzində ona pul verilmədiyi üçün o, təmiri dayandırmış və qeyd olunan səbəbdən Rəşad Mamedovla aralarında narazılıq yaranmışdır. 25 fevral 2023-cü il tarixdə saat 15-16 radələrində Şahid1, Rəşad Mamedov və tanımadığı daha bir nəfər polis əməkdaşı tərəfindən yaşadığı küçədə olarkən saxlanılaraq polis şöbəsinə aparılmış, onun saxlanılmasında Şahid2 iştirak etməmiş və həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində olarkən həm onu polis şöbəsinə gətirən polis əməkdaşları, həm Kərim adlı polis əməkdaşı, həm də adlarını xatırlamadığı polis əməkdaşları onun bədəninə, o cümlədən qabırğalarına zərbələr vurduqları üçün nəfəs almaqda çətinlik çəkmiş, habelə baş nahiyəsində xəsarətlər yaranmış, lakin qeyd olunanlarla bağlı tibb müəssisəsinə müraciət etməmişdir. Şahid1 əlində iki büküm narkotik vasitəni gətirib çəkisi daha az olan bükümdəki narkotik vasitənin ona məxsus olduğunu demiş, o isə buna etiraz etmişdir. Şahid1 həmin narkotik vasitənin ona məxsus olmasını deməsini, narkotik vasitədən istifadə edən şəxs kimi rəsmiləşdiriləcəyini və 48 saat ərzində saxlanıldıqdan sonra azad ediləcəyini demiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Ona qarşı edilən qanunsuzluqlarla bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmiş, habelə bu barədə müdafiəçisinə məlumat verməmişdir. Ona qarşı qeyd olunan qanunsuzluqların edilməsinin Rəşad Mamedovla aralarında olan narazlığına görə baş verdiyini hesab edir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. O, Yevlax şəhəri C.Kərimov küçəsində narkotik vasitənin satıldığını eşidib həmin küçədə hərəkət edən zaman orada olan şəxslərə narkotik vasitə olan heroin almaq istədiyini bildirmiş və həmin şəxslər də bir nəfər kənarda dayanmış Tahir adlı şəxsi göstərərək həmin şəxsin narkotik vasitə təşkil edə biləcəyini demişlər. O, qeyd olunan şəxsə yaxınlaşdıqda həmin şəxs adının Sirac olduğu demiş və hansı məqsədlə gəldiyini soruşmuşdur. O da Sirac adlı şəxsə narkotik vasitə heroin almaq istədiyini bildirmiş, həmin Sirac adlı şəxs ondan 10 manat məbləğində pul alaraq əvəzində bir büküm narkotik vasitə olan heroin vermişdir. Bundan başqa, o, 25 fevral 2023-cü il tarixdə saat təxminən 15 radələrində həmin Sirac adlı şəxsdən narkotik vasitə almaq üçün sonuncunun yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsinə gedib orada sonuncu ilə görüşmüş və 15 manat pulun qarşılığında bir büküm narkotik vasitə olan heroin almışdır. Həmin tarixdə saat təxminən 17 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən «Babək» marketin yaxınlığında olan zaman 2 nəfər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və narkotik vasitədən istifadə etməkdə və narkotik vasitəni üzərində saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə poilis şöbəsinə getmiş, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş bükülü aşkar olunmuşdur. O, həmin bükülünün içərisində narkotik vasitə olan heroinin olduğunu və həmin heroini Yevlax şəhəri, C.Kərimov küçəsində Sirac adlı şəxsdən 15 manat məbləğində pulun qarşılığında aldığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvvəkili vəzifəsində işləyir. 25 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən «Babək» marketin yaxınlığında saxlanılaraq Yevlax RPŞ-yə gətirilmiş və hüquq vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik vasitə olan heroinin olduğunu və həmin heroini 25 fevral 2023-cü il tarixdə saat 15 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində Sirac adlı şəxsdən 15 manat məbləğində pulun qarşılığında aldığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Daha sonra həmin bükülü elektron tərəzi vasitəsilə çəkilən zaman çəksinin 2,16 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 fevral 2023-cü il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Yevlax şəhəri, Şıxlınski küçəsi, ev 23 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 fevral 2023-ci il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Yevlax şəhəri, Şıxlınski küçəsi, ev 23 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması şübhəsi ilə həmin tarixdə saat 17 radələrində Yevlax şəhəri, Nizami prospektində “Babək” marketin yaxınlığında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışın aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 26 fevral 2023-cü il tarixli 17/218 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd sellofana bükülmüş bükülünün içərisində narkotik maddə olan heroinə oxşar kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,131 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 18 aprel 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini Yevlax şəhər sakini X2 Yevlax şəhərində 15 manat pulun müqabilində alması, özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması, hər hansı şəxsə narkotik vasitə satmaması və ya üzərindən aşkar edilmiş heroini satmaq məqsədinin olmaması, yaşadığı ünvanda və ya başqa yerdə qanunsuz olaraq narkotik vasitə saxlamaması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 19 aprel 2023-cü il tarixli 17/338 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “01 ədəd sellofan bükümdə və 01 ədəd 1 manatlıq pul əskinası bükümündə heroinlər. X5” sözləri yazılmış 01 (bir) ədəd MEM-ə məxsus kağız paketin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə və 01 (bir) ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümün içərisində olan heroinlər ilə üzərində “01 ədəd sellofan bükümdə heroin. Təqsirləndirilən şəxs oğ.” sözləri yazılmış 01 (bir) ədəd MEM-ə məxsus kağız paketin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli 1004 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 06 aprel 2023-cü il tarixli PHŞ-2112/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 25 fevral 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 25 fevral 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə heroini Sirac Zabitovdan pulun müqabilində aldığını və üzərində saxladığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 25 fevral 2023-cü il tarixdə saat 15-16 radələrində Şahid1, Rəşad Mamedov və tanımadığı daha bir nəfər polis əməkdaşı tərəfindən yaşadığı küçədə olarkən saxlanılaraq polis şöbəsinə aparılan zaman üzərində narkotik vasitə heroinin olmadığını və həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən bilavasitə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmamışdan əvvəl onun üzərinə yerləşdirildiyini, onun saxlanılmasında Şahid2 iştirak etmədiyini, polis şöbəsində olarkən həm onu polis şöbəsinə gətirən polis əməkdaşları, həm Kərim adlı polis əməkdaşı, həm də adlarını xatırlamadığı polis əməkdaşlarının onun bədəninə, o cümlədən qabırğalarına zərbələr vurduqları üçün nəfəs almaqda çətinlik çəkdiyini, habelə baş nahiyəsində xəsarətlərin yarandığını, lakin qeyd olunanlarla bağlı tibb müəssisəsinə müraciət etmədiyini, Şahid1 əlində iki büküm narkotik vasitəni gətirib çəkisi daha az olan bükümdəki narkotik vasitənin ona məxsus olduğunu dediyini, buna etiraz etdiyini, Şahid1 həmin narkotik vasitənin ona məxsus olmasını deməsini, narkotik vasitədən istifadə edən şəxs kimi rəsmiləşdiriləcəyini və 48 saat ərzində saxlanıldıqdan sonra azad ediləcəyini deməsindən sonra sonuncunun bu təklifi ilə razılaşdığını və qeyd olunan narkotik vasitənin özünə məxsus olması barədə yalan ifadə verdiyini, ona qarşı edilən qanunsuzluqların Rəşad Mamedovla aralarında olan narazlığına görə baş verdiyi hesab etdiyini, həmin qanunsuzluqlarla bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Eyni zamanda ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət, o cümlədən döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə 25 fevral 2023cü il tarixdə saat 17:15 radələrində gətirilmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eyni zamanda qeyd etmək zəruridir ki, məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 ədəd bükümdə külli miqdarda, yəni 2,131 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin bir bükümdə aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 2,131 qram çəkidə narkotik vasitə heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Şıxlınski küçəsi, ev 23 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həmin tarixdə həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında həbsə alınmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun həbsə alındığı 14 iyul 2023cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və onun 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müəyyən olunub cəzaçəkmə müddətinə daxil edilərək ona təyin olunan cəzadan çıxılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 2,031 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müəyyən olunub cəzaçəkmə müddətinə daxil edilərək ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 14 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 2,031 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-213/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-213/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver