Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-215/2023 29.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X14, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: - Şəki Regional Vəkil Bürosunun vəkili X11, zərər çəkmiş şəxslər: – X9, X4 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxsin nümayəndəsi: X5 iştirakları ilə, xx.xx.1994-cü ildə Ağdaş rayonu Orta Qəsil kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən orta təhsilli, Ağdaş rayonu Orta Qəsil kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X8 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 177.2.1, 177.2.2, 177.2.3, 181.2.2 və 181.2.5-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs barələrində icraat ayrılmış başqa şəxslər olan tanışları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə 18 yanvar 2022-ci il tarixdə gecə saat 05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosessi, döngə 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən «Fərid» ərzaq mağazasının qapısının qıfılını sındırma yolu ilə mağazaya qanunsuz daxil olaraq həmin mağazadan 350 manat nəğd pul və bir ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən 570 manat dəyərində 150 qutu nazik Kent 4 siqaretləri, bir ədədinin qiyməti 3 manat 10 qəpik təşkil edən 186 manat dəyərində 60 qutu nazik LD siqaretləri, bir ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən 410 manat dəyərində 100 qutu nazik Sobranie siqaretləri, bir ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən 533 manat dəyərində 130 qutu qalın Sobranie siqaretləri, bir kiloqramının qiyməti 12 manat 50 qəpik təşkil edən 75 manat dəyərində 6 kq Manqalüstü sosiskası, bir kiloqramının qiyməti 12 manat təşkil edən 36 manat dəyərində 3 kq Ovçular kolbasası, bir ədədinin qiyməti 2 manat təşkil edən 18 manat dəyərində 9 ədəd 0,5 litr həcmli şüşə qabda Xırdalan pivəsi, bir ədədinin qiyməti 1 manat 50 qəpik təşkil edən 9 manat dəyərində 6 ədəd Snikers şokalatı, bir ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən 6 manat 60 qəpik dəyərində 3 ədəd kapron qabda hər biri 1 litr həcmində Milla süd məhsulu, bir ədədinin qiyməti 1 manat təşkil edən 6 manat dəyərində 6 ədəd hər biri 0,5 litr həcmində Bizon enerji içkisi, bir ədədinin qiyməti 70 qəpik dəyərində 59 manat 50 qəpik dəyərində 85 ədəd Orbit saqqızları olmaqla cəmi 1909 manat 10 qəpik dəyərində əşyaları gizli yolla talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 2259 manat 10 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən barələrində icraat ayrılmış başqa şəxslər olan tanışları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Ağdaş rayonu Qarağan-Sədi kəndində yaşayan X1 məxsus fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləsinə qanunsuz daxil olaraq oradan 1 baş 2 yaşlı, diri çəkisi 270 kq olan 1350 manat dəyərində öküzünü gizli yolla talamaqla zərəçəkmiş şəxs X1 1350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən istintaqla dəqiq müəyyən edilməyən silah qismində istifadə etdiyi kəsici alətlə (bıçaqla) özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri Nizami küçəsində yerləşən "xxxx" mağazasına basqın edib üzərində olan silah qismində istifadə etdiyi istintaqla dəqiq müəyyən edilməyən kəsici alətlə (bıçaqla) kassanın yanında olan satıcı, hücuma məruz qalmış şəxs X6 həyatı və sağlamlığı üçün zorakılıq tətbiq edəcəyi ilə hədələyərək həmin Oba marketin kassasında olan 500 manat nağd pulu ələ keçirməklə quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 177.2.1, 177.2.2, 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə törətdiyi əməllərdən peşiman olduğunu bildirmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17 yanvar 2022-ci il tarixdə tanışları X7 və X12 ilə oğurluq etmək barədə razılaşmış, bu məqsədlə Sərxanın idarə etdiyi Saipa Tiba markalı 99-562 dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsi bilinməməsi üçün o, Pərvin və Sərxan 18 yanvar 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mal bazarının yaxınlığından “Opel” markalı avtomaşının üzərində olan **-PH-*** dövlət qeydiyyat nişanını oğurlayıb Sərxanın idarə etdiyi Saipa Tiba markalı avtomobilə bağlamışlar. Bundan sonra saat 05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi döngə 4 ünvanında yerləşən “Fərid” marketin qarşısına gələrək orada avtomobildə olan dəmir parçası ilə mağazanın qapısının kilidini sındırmış və Pərvinlə birlikdə mağazanın kassasında olan təxminən 350 manat pul, təxminən 300-400 manatlıq siqaret və təxminən 7-8 ədəd təxminən 80 manat dəyərində kolbasanı oğurlamışlar. Kimsə gələrsə onlara xəbər etməsi üçün Sərxan avtomobildə dayanıb çölə baxmış, oğurladıqları əşyaları avtomobilin yük yerinə yığaraq oradan dərhal uzaqlaşmışlar. O, Sərxan və Pərviz oğurladıqları əşyaları və pulları öz aralarında bölüşdürmüş, sonra Ağdaş rayonuna gəlmişdir. xx.xx.2022-ci il tarixdə axşam radələrində tanışları Pərvin və Ümidlə birlikdə olarkən Pərvin onlara bir yer bildiyini, oradan mal oğurlamaq mümkün olduğunu bildirdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 01 radələrində birlikdə piyada Qəsil kəndindən Qarağan-Sədi kəndinə gedərək o, çöldə gözləmiş, Ümid və Pərvin isə oradakı evlərdən birinin həyətinin içərisində olan tövləyə girib bir baş iribuynuzlu öküzü çıxartmışlar. Həmin öküzü piyada Şirvan kanalının beli ilə Göyçay Ağdaş sərhədinə aparıb geriyə Pərvingilə qayıtmışlar. X23 adlı tanışına zəng edib oraya dəvət etmiş, Ehtinad həmin öküzü istədiyi üçün öküzü sonuncuya 750 manata satmışlar. Ehtinadın verdiyi pul da Pərvində qalmış, Pərvin həmin pulu türmədə yaxşı qardaşlara yardım üçün göndərəcəyini bildirmişdir. Bir neçə gün sonra Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları onların oğurluq etməklərini müəyyən edərək barələrində tədbir görmüş, ilkin olaraq Ağdaş rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilsə də bir neçə gün sonra vəkilinin vəsatəti ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. 2022-ci ilin iyun ayında Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin işçiləri onun 2022-ci ilin yanvar ayı ərzində tanışları ilə birlikdə törətdiyi oğurluq hadisəsi ilə bağlı tutmuş, aparıldıqdan sonra törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. Həmin vaxt barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Binəqədi rayon Məhkəməsinə təqdimat verilsə də, ancaq məhkəmə tərəfindən təmin edilməmişdir. Həmin vaxtdan sonra təxminən bir ay Bakı şəhərində qalsa da, daimi yaşayış yeri Ağdaş rayonu olduğundan yaşadığı Ağdaş rayon Orta Qəsil kəndinə gəlmişdir. 22 avqust 2022-ci il tarixdə həmkəndlisi Şahid3 ilə kəndlərində qabaqlaşarkən sonuncu ona Göyçay şəhərində tək yaşayan Əli adlı dostu ilə görüşüb orada qalacağını bildirmiş, İsmayıla onun da Göyçaya getmək istədiyini söylədikdə İsmayıl ona etiraz etməmiş və onlar bir yerdə Göyçay şəhərinə getmişlər. Göyçay rayon Mərkəzi Xəstəxanasının qarşısında Əli adlı oğlan onları qarşılayıb öz evlərinə aparmış, həmin vaxt onun üzərində pul olmuşdur. Yeyibiçmək alıb Əlinin yaşadığı evdə kiçik məclis təşkil etmiş, həmin gün onlar İsmayılla birlikdə Əlinin evində gecələmişlər. 23 avqust 2022-ci il tarixdə səhər saatlarında oyandıqdan sonra pulu qalmadığı üçün oğurluq etmək qərarına gəlmiş, Əligilə gedəndə küçədə xəstəxana ilə üzbəüz yerdə "xxxx" mağazasını görmüşdür. Əliyə yalandan döyüşçü yoldaşları ilə görüşüb qayıdacağını bildirdikdən sonra evdən çıxıb "xxxx" mağazasını ətrafında bir qədər gəzmiş, yaxınlıqda adamlar çox olduğuna görə adamların azalmasını gözləmişdir. Bir qədər şəhərdə gəzib tanımadığı bir yerdə aptekdən üzünü gizlətmək üçün bir ədəd qara rəngli tibbi maska almış, yenidən xəstəxananın yanına qayıtmışdır. Saat 15dən sonra "xxxx" mağazasının qarşısında adamlar qismən azaldığı üçün mağazaya yaxınlaşaraq içəridə bir nəfər qadın işçinin olduğunu, başqa heç kimin olmadığını görüb qara rəngli tibbi maskanı ağzına taxıb içəriyə daxil olmuşdur. İçəridə, qapıdan qarşıda həmin qadın elə kassanın yanında dayanmış, qapının yanında olan ödəmə terminalının yanında dayanıb heç kimin şübhələnməməsi üçün guya terminala pul yüklədiyini nümayiş etdirərək mağazanın kassasına göz gəzdirib orada gözləmişdir. Yanında dayanan satıcı qadın kassanı açdıqdan sonra cibində saxladığı bıçağı çıxararaq qarşısında tutub kassaya yaxınlaşmış və həmin bıçağı qadına nümayiş etdirib qadına hədə qorxu gələrək tez kassada olan 100 manatlıqları götürüb çevrilərək oradan qaçmışdır. Oradan qaçaraq xəstəxananın sağ tərəfindəki poliklinikanın sağ tərəfi ilə gedən ara yolla uzaqlaşıb şəhərin bilmədiyi tərəfinə getmiş, tibbi maskanı çıxarıb cibinə qoyduqdan sonra şəhərin mərkəzi tərəfində bir qədər gəzərək oğurladığı pulları sayıb və 500 (beş yüz) manat pul oğurladığını görmüşdür. Saat 17 radələrində yenidən taksi ilə xəstəxana tərəfə qayıdaraq oradan Əligilə getmiş, Əli ilə İsmayıla yalandan döyüş yoldaşları ilə görüşdüyünü, çay içdiklərini, lakin ac olduğunu bildirmişdir. İsmayıl ona gec olduğunu, Ağdaş rayonuna evə qayıtmaqlarını bildirmiş, yemək yeyənə qədər İsmayıl Mingəçevirə gedəcəyini bildirərək taksi arxasınca getmişdir. İsmayıla onun da Mingəçevirə getməli olduğunu bildirmiş, bir qədər sonra İsmayıl qayıtdıqda Əli ilə sağollaşıb taksi ilə Mingəçevirə getmişlər. Mingəçevir şəhərinə gəlib çatdıqda İsmayıldan ayrılanda sonuncuya telefonu söndürəcəyini, onu axtarmamasını bildirmiş, İsmayıl səbəbini soruşduqda Göyçay rayon Mərkəzi Xəstəxanasının qarşısında yerləşən "xxxx" mağazasına daxil olaraq mağazanın kassasında olan 500 (beş yüz) manat pulu götürüb qaçdığını bildirmişdir. Göyçay RPŞ-nin əməkdaşlarının onu axtaracaqlarını düşünüb bir gün Mingəçevir şəhərində, daha sonra Bakı şəhərinə gedib orada qalmışdır. Mingəçevir şəhərində olan zaman bıçağı və tibbi maskanı Mingəçevir şəhərində tanımadığı yerdə zibilliyə atmış, həmin vaxtdan bir müddət sonra xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində avtomobil təmiri sexində fəhlə işləyən zaman Göyçay RPŞ-nin əməkdaşları oraya gələrək onu Göyçay rayon polis şöbəsinə gətirmişlər. Kassada dayanan həmin qıza əlindəki bıçaqla xəsarət yetirmək kimi məqsədi və niyyəti olmamış, buna görə də özünü CM-in 181.2.5-ci maddəsi ilə deyil, CM-nin 181.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 0730 radələrində yaşadığı Ağdaş rayonu Qarağan-Sədi kənindəki evin tövləsinə girərkən orada olan təxminən 270-280 kq diri çəkisi olan öküzünün yerində olmadığını görmüş, günorta saatlarına kimi iri buynuzlu malqarasını axtarsa da tapa bilmədiyinə görə öküzünün oğurlandığını başa düşmüşdür. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində kəndlərinin başında yerləşən kafedə oturan zaman VAZ 2106 markalı avtomobilin qoşqusunda onun öküzünü apardıqlarını görüb həmin avtomobili saxlatmış, Ehtinad adlı həmin avtomobilin sahibi öküzü aldığını bildirmişdir. Bundan sonra RPŞ-nə gələrək ərizə yazmış, öküzü ona geri qaytarılaraq ona vurulan ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 18 yanvar 2022-ci il tarixdə saat 0710-da özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 4 ünvanında yerləşən «Fərid» marketi açmaq istəyən zaman marketdə oğurluq hadisəsi baş verdiyini aşkar etmiş, bu səbəbdən DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları ona məxsus «Fərid» marketə gələrək kamera görüntülərinə baxan zaman iki nəfər naməlum şəxsin marketə giriş qapısının qıfılını sındırmaq yolu ilə içəri daxil olaraq oradan 350 manat nağd pul və 150 qutu nazik Kent 4 siqareti, 60 qutu nazil LD siqareti, 100 qutu nazik Sobranie siqareti, 130 qutu qalın Sobranie siqareti, 6 kq Manqalüstü sosika, 3 kq Ovçular kolbasası, 9 ədəd 0,5 litr şüşə qabda Xırdalan pivəsi, 6 ədəd Snikers şokaladı, 3 ədəd kapron qabda hər biri 1 litr həcmində Milla süd məhsulu, 6 ədəd hər biri 0,5 litr həcmində Bizon enerji içkisi və 85 ədəd Orbit saqqızları olmaqla təxminən 1800 manat dəyərində müxtəlif əşyalarının oğurlandığını görmüşdür. Həmin şəxslər oğurladıqları əşyaları **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli «Saipa» markalı avtomobilə yükləyib, qeyd olunan avtomobillə marketdən uzaqlaşaraq getmişlər. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş "xxxx" MMC-nin Göyçay şəhəri, Nizami küçəsində yerləşən mağazasında satıcı işləyən X9 ifadəsində göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə saat 16 radələrində mağazada kassanın arxasında olarkən tanımadığı bir nəfər şəxs mağazaya daxil olub bir qədər mağazanın içərisində dayandıqdan sonra kassanın yanında yerləşən ödəmə terminalının qarşısına gələrək orada dayanmış, həmin vaxt həmin adama fikir verməyərək ödəmə terminalı vasitəsilə nəsə ödədiyini hesab etmişdir. Kassanın qarşısında olan müştərinin ona verdiyi pulu kassanı açıb qoyarkən həmin terminalın qarşısında olan şəxs bıçaq çıxarıb ona doğru gəlmiş və bıçağı qabağında saxlamaqla qorxudaraq kassadakı 100 manatlıq əksinasların saxlanıldığı bölmədən 5 ədəd 100 manatlıq əskinasları götürdükdən sonra mağazadan qaçıb çıxaraq oradan uzaqlaşmışdır. Həmin vaxt o həmin şəxsə “sən kimsən neynirsən?” deyərək səsləmiş, lakin sonuncu onun sözlərinə məhəl qoymadan qaçmışdır. Həmin vaxt qaçan şəxsin arxasınca çıxanda həmin şəxsin yolu keçib poliklinikanın sağ tərəfi ilə ara küçələrə tərəf qaçmasını görmüşdür. Həmin şəxsin ağzında göy rəngli tibbi maska olduğundan sonuncunun sifətini yaxşı görə bilməmiş, sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri Nizami küçəsində yerləşən Göyçay rayon Mərkəzi Xəstəxanası ilə üzbəüz olan "xxxx" mağazasına bir nəfər naməlum şəxsin daxil olaraq əlindəki bıçaqla kassada işləyən qadına hədə-qorxu gələrək kassadan 500 manat pulu oğurlayıb qaçması barədə rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxsin Ağdaş rayon Orta Qəsil kənd sakini Təqsirləndirilən şəxs olmasını müəyyən etmiş, bir neçə dəfə Təqsirləndirilən şəxs yaşadığı ünvana getsə də, sonuncu evində olmamış və Bakı şəhərinə getməsini öyrənmişdir. Həmçinin, ona daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs hadisə baş verən günü tanışı Ağdaş rayon sakini Şahid3 və həmin tanışı ilə Göyçay rayonuna qonaq gəldiyi digər tanışı Əli Məmmədovu dindirilmələri üçün ayrı-ayrı tarixlərdə rayon polis şöbəsinə gətirib təqdim etmişdir. Daha sonra daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2022-ci il tarixdə günorta saatlarında Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili X13 ilə birlikdə Bakı şəhərinə gedərək Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexində olmasını müəyyən etdikdən sonra dindirilməsi üçün Göyçay rayon polis şöbəsinə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 avqust 2022-ci il tarixdə Göyçay şəhərinə tanışı Əlinin evinə qonaq gələrkən həmkəndlisi Təqsirləndirilən şəxs Məhəmmədiyyə oğlu ilə rastlaşmış və söhbət zamanı Cahangir də onunla birlikdə getmək istədiyini demişdir. Cahangirlə razılaşaraq sonuncu ilə birlikdə Göyçay şəhərinə getmiş və Göyçay rayon Mərkəzi Xəstəxanasının qarşısında tanışı Əli onları qarşılayaraq evinə aparmışdır. Həmin gün onlar Cahangirlə birlikdə Əlinin evində qalmış, səhəri gün yəni 23 avqust 2022-ci il tarixdə günorta saatlarında yuxudan oyanarkən Cahangirin evdə olmadığını görmüş, Əli ona Cahangirin başqa dostları ilə görüşmək üçün getdiyini bildirmişdir. Saat 17 radələrində Cahangir evə gələrək dostları ilə görüşdüyünü bildirmiş, daha sonra ac olduğunu bildirərək yemək yeyənə qədər onun taksi tapmağını xahiş etmişdir. Cahangirlə birlikdə taksi ilə ailə üzvlərinin olduğu Mingəçevir şəhərinə getmiş, Mingəçevir şəhərində Cahangir ona, telefonunu söndürəcəyini və nömrəsinin işləməyəcəyini demişdir. O, da bunun səbəbini soruşduqda Cahangir ona Göyçay rayon Mərkəzi Xəstəxanasının qarşısında yerləşən "xxxx" mağazasına daxil olaraq mağazanın kassasında olan 500 (beş yüz) manat pulu götürüb, qaçdığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 avqust 2022-ci il tarixdə Ağdaş rayonundan olan tanışı İsmayıl ona zəng edərək evinə qonaq gəlmək istədiyini bildirmiş, sonuncuya heç bir etiraz etməmişdir. İsmayılı Göyçay rayon Mərkəzi Xəstəxanasının qarşısında qarşılamış, həmin vaxt İsmayılın yanında Cahangir adlı tanışı da olmuşdur. Həmin gün İsmayılla Cahangir onun evində qalmış, 23 avqust 2022-ci il tarixdə saat 10 radələrində Cahangir yuxudan oyanıb, dostları ilə görüşəcəyini deyərək evdən çıxıb getmişdir. Saat 17 radələrində Cahangir evə gələrək dostları ilə görüşüb borc pul aldığını bildirmiş, bundan sonra İsmayıl Cahangirə artıq getməli olduqlarını demişdir. Cahangir də ac olduğunu, yemək yeyənə qədər İsmayılın taksi tapmağını xahiş etmişdir. İsmayıl da Cahangirlə razılaşdıqdan sonra küçəyə çıxıb taksi ilə onun evinin qarşısına gəlmiş, bundan sonra Cahangir də evdən çıxaraq İsmayılla birlikdə getmişlər. Həmin gün axşam İsmayıl ona zəng edib, Cahangirin Göyçay rayon Mərkəzi Xəstəxanasının qarşısında yerləşən "xxxx" mağazasına daxil olaraq mağazanın kassasında olan 500 (beş yüz) manat pulu götürüb, qaçdığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, X12 onun qaynı olmaqla «X25» markalı **-PR- *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-dən aylıq 375 (üç yüz yetmiş beş) manat ödəmək şərti ilə lizinq yolu ilə alaraq həmin avtomobillə taksi kimi fəaliyyət göstərmişdir. 17 yanvar 2022-ci il tarixdə səhər saatlarında Sərxan şəxsi işləri ilə əlaqədar avtomobil lazım olduğunu ondan xahiş etdiyinə görə idarə etdiyi «X25» markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün Sərxana vermişdir. Axşam saatlarında Sərxanla telefonla əlaqə saxlayaraq avtomobili gətirməsini bildirsə də sonuncu işlərinin yekunlaşmadığını və səhər saatlarında avtomobili ona verəcəyini bildirmişdir. Ertəsi gün Sərxan avtomobili saz vəziyyətdə ona, gətirib təhvil vermişdir. 16 iyun 2022-ci il tarixdə Sərxan polis əməkdaşları tərəfindən tutulan zaman Sərxanın 18 yanvar 2022-ci il tarixdə gecə saatlarında ona məxsus avtomobili idarə edib dostları Cahangir və Pərvin adlı şəxslərlə birlikdə Binəqədi rayonu ərazisində yerləşən marketdən oğurluq etdikləri ona məlum olmuşdur. Həmin vaxt Sərxan idarə etdiyi «X25» markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və avtomobilin nömrəsi kameralara düşməsin deyə digər avtomobilin üzərindən **-PH-*** dövlət qeydiyyat nişanlarını oğurlayaraq idarə etdiyi avtomobilin dövlət nömrə nişanlarının üzərinə bağlamışlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, təxminən 2023-cü il yanvar ayının sonlarında Qəsil kənd sakini əvvəlcədən tanıdığı Pərvin adlı şəxs ona zəng edərək türməyə kömək yığdıqlarını və onun da köməklik etməsini bildirmiş, Pərvinə sonuncuya köməklik edə bilməyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 1030 radələrində Pərvin ona zəng edərək kəsməyə aparmaq üçün mal olduğunu bildirmiş, o da apara biləcəyini demişdir. Pərvini götürmək üçün sonuncunun yaşadığı Qəsil kəndinə getmiş, həmin vaxt orda Pərvin, Cahangir və Ümid adlı şəxslərdə olmuşdur. Onlar birlikdə Ağdaş Göyçay yolunun Şirvan kanalı kəsişən hissəsinə gedib orada “Ağdaş” yazılan yerdə dəmirə bir baş öküzün bağlandığını görmüş, Pərvin ona guya kiməsə pul yüklədiklərini, həmin malı pulun əvəzində verildiyini bildirmişdir. Sonunculardan malı neçəyə kəsimə verəcəklərini soruşmuş, Pərvin isə 770 manata kəsimə verəcəklərini bildirmişdir. Pərvinə həmin qiymətə malı ona vermələrini demiş, daha sonra Pərvingilə 770 manat pul verərək malı sonuncudan almışdır. Daha sonra malı satmaq üçün aparan zaman, Qulbəndə kəndindən keçərkən telefonuna zəng gələrək bir nəfər şəxs ona malı oğurlandığını, həmin malın oğurlanmış mala oxşadığını və mala baxmaq istədiyini bildirmişdir. Avtomobili saxladıqdan sonra sonradan adının Pərviz olduğunu bildiyi şəxs onun yanına gəlib avtomaşınının qoşqusundakı mala baxaraq həmin malın özünə məxsus olduğunu ona bildirmiş, o da sonuncuya məxsus öküzü sahibinə geri qaytarmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 04 aprel 2022-cü il tarixli 9/1829 nömrəli rəyinə əsasən – Respublikada yerləşən ticarət məntəqələrində, mal-heyvan satışı bazarlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqda qərarda göstərilən 1 baş 2 yaşlı diri çəkisi 270 kq olan öküzün orta bazar qiyməti nəzəri qaydada təxminən 1350 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 06 iyun 2023-cü il tarixli 9/4238 nömrəli rəyinə əsasən - bir ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən 150 qutu nazik Kent 4 siqaretləri -570 manat; bir ədədinin qiyməti 3 manat 10 qəpik təşkil edən 60 qutu nazik LD siqaretlər - 186 manat; bir ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən 130 qutu qalın Sobranie siqaretləri -533 manat; bir ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən 100 qutu nazik Sobranie siqaretləri -410 manat; bir kiloqramının qiyməti 12 manat 50 qəpik təşkil edən 6 kq Manqalüstü sosiskası - 75 manat; bir koloqramının qiyməti 12 manat təşkil edən 3 kq Ovçular kolbasası - 36 manat; bir ədədinin qiyməti 2 manat təşkil edən 9 ədəd 0,5 litr həcmli şüşə qabda Xırdalan pivəsi - 18 manat; bir ədədinin qiyməti 1 manat 50 qəpik təşkil edən 6 ədəd Snikers şokalatı - 9 manat; bir ədədnin qiyməti 2 manat 20 qəpik təşkil edən 3 ədəd kapron qabda hər biri 1 litr həcmində Milla süd məhsulu - 6 manat 60 qəpik; bir ədədnin qiyməti 1 manat təşkil edən 6 ədəd hər biri 0,5 litr həcmində Bizon enerji içkisi - 6 manat; bir ədədnin qiyməti 70 qəpik dəyərində 85 ədəd Orbit saqqızları - 59 manat 50 qəpik; Ekspertiza tədqiqatına təyini haqqında qərarda göstərilən malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1909,10 manat müəyyən edilir. İş materallarında olan və məhkəmə iclasında tədqiq edilmiş stasionar məhkəmə psixiatrik espertizasının xx.xx.2023-cü il tarixli 29 saylı rəyinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs Məhəmmədiyyə oğlu qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olduğundan o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan əmələ görə CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli videogörüntünün olduğu CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, üzərində qara rəngli qısa qol köynək, böz rəngli şalvar, üz nahiyyəsində göy rəngli tibbi maska və başında kepka papaq olan şəxs mağazanın giriş qapısından içəridə olan e-manat ödəmə terminalının qarşısında dayanaraq sol əli ilə ödəmə terminalında guya ödəniş etmək görüntüsü yaratması, eləcə də həmin şəxsin özündən sol tərəfdə yerləşən kassaya nəzər salması, həmçinin tez tez giriş qapısından çölə baxması aydın şəkildə görünür. Həmin şəxs bir neçə saniyə sonra kassanın açılmasını görüb sol əlindəki bıçaqla kassada işləyən xanıma yaxınlaşıb əlindəki bıçağı həmin xanıma açıq şəkildə nümayiş etdirib qorxudaraq kassadan kağız pul əskinasları götürüb qaçması aydın şəkildə görünür. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, o, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 349.2.2 və 349.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 ay şərti sınaq müddəti ilə 03 il müddətə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qulbəndə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Orta Qəsil kəndində yaşamaqla, himayəsində xx.xx.2017-ci ildə doğulmuş Röyal Məmmədov və xx.xx.2019-cu ildə doğulmuş Səadət Məmmədova adlı iki azyaşlı uşaqları vardır. 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və yaralanmış, eləcədə barəsində nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X24 “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X21 alınmış xx.xx.2022-ci il tarixli 351 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı mülayim dərəcə ifadə olunmuş davranış pozuntuları” diaqnozu ilə ruhi qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1440-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 11 fevral 2022-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 01 mart 2022-ci il tarixli qərarla barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək 05 may 2022-ci il tarixli qərarla 08 iyul 2022-ci il tarixə kimi uzadılmışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Məhəməddiyə oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1900-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 iyun 2022-ci il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1930-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Göyçay rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li Qərarın 23-cü bədinə əsasən CM-nin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə araşdrıması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs əlində olan bıçağı Xəyalə Ələsgərovaya istiqamətləndirib tutduğu andan sonuncunun həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmək hədəsi mövcud olmuş və həmin basqın hərəkətləri zamanı ani anda kassada olan 500 manat dəyərində pulu götürüb talamaqla oradan uzaqlaşmışdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsi, zərərçəkimiş şəxslə barışması və dəymiş zərəri ödəməsi, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, himayəsində iki azyaşlı uşağının olması, anlaqlılığı istisan etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi, Vətən Müharibəsində iştirak etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmalarına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Məhkəmə belə qənaətə gələrkən Təqsirləndirilən şəxs təkrarən eyni xarakterli cinayət törətməsini, onun ictimai təhlükəliliyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin onun islah olunmasına yetərli olmayacağını hesab edir. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə CM-in 181.2.2 və 181.2.5-ci maddələrinə münasibətdə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsinə gəldikdə isə məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallarınn məcmusu, o cümlədən onun zərərçəkmiş şəxslə barışmasını və dəymiş zərəri aradan qaldırmaqla sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, 44 günlük Vətən müharibəsində iştirak edərək göstərdiyi şücaətlərə görə təltif edilməsi, həmçinin törətdiyi cinayətləri də döyüş əməliyatları zamanı aldığı kəllə-beyin travması nəticəsində yaranmış anlaqlılığı istisan etməyən psixi pozuntulu şəxs kimi törətməsi və nəhayət himayəsində iki azyaşlı uşağının olması onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edilir və CM-nin 62-ci maddəsinə uyğun olaraq müstəsna hal hesab edilərək təqsirləndirilən şəxsı CM-in 181.2.2 və 181.2.5-ci maddələri ilə CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəzanı təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olması onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin CM-nin 8-ci maddəsində nəzərdə tutulan ədalət prinsipinə əsasən onların şəxsiyyətinə uyğun olmamaqla yanaşı, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan şəxsin islah edilməsinə xidmət etmir. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxslərə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq təqsirləndirilən şəxsə onunn təqslirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasından az həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Odur ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın çəkilməsi müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 03 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs kimi həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Mülki iddiaya gəldikdə məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iddiaçı "xxxx" MMC ona 530 manat maddi ziyan dəydiyini göstərsə də sonradan ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349 və 351-353-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcələsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixə kimi şübhəli və təqsirləndiriləm şəxs kimi həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir baş öküzün zərərçəkmiş şəxsə qaytarılması və iki ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Mülki iddiaçı "xxxx" MMC 530 manat maddi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasına dair mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-215/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-215/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver