Məhkəmə qərarları › İş №1(091)-216/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-216/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-216/2023 19.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri 1 saylı Musiqi Məktəbində qarmon müəllimi işləmiş, orta-ixtisas təhsilli, Yevlax şəhəri Heydər Əliyev prospekti ev 9, mənzil 14-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan külli miqdarda - 4,951 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib qanunsuz olaraq şəffaf sellofan bükümdə olmaqla üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 1950-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışında şübhəli bilindiyinə görə Yevlax şəhəri, Nizami prospektində yerləşən 5 nömrəli tam orta məktəbin qarşısında Yevlax rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində orada həmin gün saat 2020-dən saat 2100-dək olan müddət ərzində videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümdə - 4,951 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Yevlax şəhərində polis əməkdaşları onu olduğu mağazadan götürərək polis şöbəsinə aparmış, yolda ona polis şöbəsinə nə üçün apardıqlarını şöbədə deyəcəklərini deyərək mobil telefonunu əlindən almışlar. Yevlax rayon Polis Şöbəsində rəis müavini sifariş olduğuna görə onun tutulmalı olduğunu, sonuncudan onu nə ilə tutacaqlarını soruşduqda əli ilə işarə edərək narkotik vasitə ilə tutulacağını bildirmişdir. Narkotik vasitə istifadəçisi olmadığını, belə şeylərdən uzaq olduğunu bildirdikdə əgər ona orada verilən 5-6 qram narkotik vasitəni üzərinə götürməsə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun üzərinə 1 kq narkotik vasitə qoyulacağı ilə hədələmiş, həmin hədələrə görə məcbur qalaraq polislərin ona verdiyi bir bükümdə olan narkotik vasitə olan heroini guya yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı Yevlax şəhəri R.Budaqov küçəsində gəzərkən içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu sellofana bükülünü tapıb maraq kəsb etdiyi üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş, günün ikinci yarısı Yevlax şəhəri Nizami küçəsində yerləşən 5 saylı tam orta məktəbin qarşısında piyada gedərkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, 5,06 qram olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə qablaşdırıldıqdan sonra götürülmüşür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsində əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə saat 20 radələrində Yevlax şəhəri Nizami prospektində olan Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində şübhəli şəxsi qismində tutulduqdan sonra dəvət edilmiş müdfiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu və çəkisi 5,06 qram olan bir ədəd sellofan büküm aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünü xx.xx.2023-cü il tarixində saat 10 radələrində Yevlax şəhərində yaşadığı küçədən yerdən tapdığını, həmin bükümdəki narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını, özünün narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi narkotik vasitəni də özü üçün istifadə edəcəyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Post patrul Xidmət Bölüyündə polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli 17/292 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxsin üzərindən aşkar olunan narkotik maddəsi heroinə oxşar maddə. /imza/ Təqsirləndirilən şəxs..” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-4,951 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 iyun 2023-cü il tarixli 978 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 29 mart 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə olan heroinə oxşar kütlənin olduğu bir ədəd sellofan bükülü aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 274 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri H.Əliyev prospekti ev 9, mənzil 14-də qeydiyyatda olmaqla yaşamış, himayəsində xx.xx.2021-ci ildə doğulmuş Məhəmmədəli Babazadə və xx.xx.2022-ci ildə doğulmuş Mehdi Babazadə adlı iki azyaşlı uşağı vardır. Yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 29 mart 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1950-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə bir bükümdə olmaqla əvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, narkotik vasitələrin satışını təsdiq edəcək hər hansı mobil telefon danışığının və SMS yazışmalarının aşkar olunmaması kimi hallar onun üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmaması və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, həmin vaxt ona qarşı hansısa bir qanunsuzluq edilməsinə dair heç bir müraciət etməmiş, bunrdan başqa barəsində həbs qətimlan tədbiri seçilərkən məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında da bu barədə heç nə bildirməmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini işin hallarına uyğun gəldiyinə görə daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 29 mart 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 4,901 qram narkotik vasitə olan heroin məhv edilsin, iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar