Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-217/2022 28.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçu) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1965-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Yevlax şəhəri Nizami prospekti ev 53, mənzil 11-də qeydiyyatda olmaqla Yevlax şəhəri a Q.Quliyev küçəsi ev 7 , mənzil 32-də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 03 ədəd sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qram, 0,956 qram və 1,522 qram olmaqla ümumi təmiz çəkisi 3,073 qram külli miqdarda olan narkotik vasitə-heroini əldə edib üzərində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-nin BNMİ-nin X6 Şöbəsinin tərəfindən 30 may 2022-ci il tarixdə saat 17:30 radələrində Yevlax şəhəri H.Əliyev prospektində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 03 ədəd sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qram, 0,956 qram və 1,522 qram olmaqla ümumi təmiz çəkisi 3,073 qram külli miqdarında narkotik vasitə olan heroin və üzərində heroin hissəcikləri olan 1 ədəd «Manlloro» markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 may 2022-ci il tarixdə saat 17 radələrində Yevlax şəhərində Avtovağzalın yaxınlığında üzdən tanıdığı şəxslə görüşərək sonuncudan 50 manata 3 bükümdə 3 qram narkotik vasitə olan heroin almış, həmin şəxsin elektron tərəzisi də onda qalmışdır. Narkotik vasitəni alıb yaşadığı evə gedərkən təxminən 30 dəqiqə sonra Yevlax şəhəri H.Əliyev prospektində polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onu Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Yevlax rayon Polis Polis şöbəsinə getdikdən sonra orada şübhəli şəxs qismində dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 3 ədəd sellofan bükümləri, 1 ədəd elektron tərəzini, sol yan cibindən isə özünə məxsus mobil telefonu, sağ arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sol arxa cibindən isə 1 ədəd alışqanı və 1 paçka siqaret qutusunu çıxardaraq təqdim etmişdir. Həmin bükülüdə olan heroin elektron tərəzidə çəkildikdən sonra və üzərində aşkar edilmiş elektron tərəzi qablaşdırılaraq götürülmüş, narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsində əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 30 may 2022-ci il tarixdə Yevlax şəhəri Nizami prospekti ev 53, mənzil 11də qeydiyyatda olmaqla, Yevlax şəhəri Q.Quliyev küçəsi ev7 mənzil 32-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 1730 radələrində Yevlax şəhəri H.Əliyev prospektində Rövşənin yolun kənarı ilə getdiyini görüb sonuncuya yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Yevlax rayon Polis Şöbəsinə gəlmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən üç ədəd sellofana bükülmüş bükülüləri və bir ədəd elektron tərəzini, sol yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu, sağ arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və sol arxa cibindən 1 ədəd alışqanı və 1 paçka «Classik» markalı siqaret qutusunu çıxardıb təqdim edərək bükülülərin içərisində narkotik vasitə olan heroin olduğunu, heroini həmin gün saat 17 radələrində Yevlax şəhər Avtovağzalının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 50 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən bükülülərdəki narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırlaraq götürülmüşdür. Həmçinin bir ədəd elektron tərəzi də ağ rəngli zərfə qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsində polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 may 2022-ci il tarixli 16/629 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, 03 (üç) ədəd şəffaf sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qram, 0,956 qram, 1,522 qram, ümumi təmiz çəkisi 3,073 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd qırmızı rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və müqaisəli tədqiqatını aparmaq mümkün deyil. Təhqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 avqust 2022 -ci il tarixli 1233 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsi keçirilməsinə dair 30 may 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üç ayrı-ayrı bükümlərdə ümumi çəkisi 3,18 qram olan heroinə bənzər kütlə və bir ədəd Manlloro markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 95, 220-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuş, Yevlax rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasından 10 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmədiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2022—ci il tarixli 274106/2 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən CM-in 234.1 və 234.2-ci maddələri ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasının 10 ay 02 gün hissəsindən 09 ay 12 gününü çəkmiş, 20 günü isə çəkilməmiş olaraq qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X2 rayon Psixonevroloji Kabinet tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1146 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə edilmiş 30 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1830-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Yevlax rayon Məhkəməsinin 1 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin miqdarı, ayrı-ayrı olmaqla üç bükümdə olması, əvvəllər də narkotik vasitələrin qanunsuz satışına görə məhkum olunması, aşkar olunan tərəzi və işdə olan digər sənədlər əsas verir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 30 may 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkum cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona CM-in 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Odur ki, Təqsirləndirilən şəxs şərti olaraq vaxtından 10 ay 02 gün əvvəl azad olunduğu müddət başa çatmadan yenidən ağır cinayət törətdiyinə görə ona təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Yevlax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 06 il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 02 gün müddəti hazırki hökmlə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 32,40 AZN (otuz iki manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 10 ay 02 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 06 (altı) il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 02 günü hazırki hökmlə ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 30 may 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 32,40 AZN (otuz iki manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 2,923 qram narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-217/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-217/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver