Məhkəmə qərarları › İş №1(091)-219/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-219/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-219/2022 20.10.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1982-ci ildə Zaqatala rayonu Lahıc kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Zaqatala rayonu Lahıc kəndində yerləşən meşə ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığmaqla satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 6325 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmayan marixuana, habelə yuxarıda qeyd edilən yerdə yabanı halda bitmiş həmin narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını toplayıb sonradan qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,26 qram, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə etmiş, həmin narkotik vasitələrdən 5,26 qram çəkidə olan hissəsini iki ədəd kibrit qutusunda üzərində, qalanını isə yaşadığı Zaqatala rayonu Lahıc kəndində yerləşən fərdi yaşayış evində satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, 23 iyun 2022-ci il tarixdə, saat 1430 radələrində yaşadığı həmin kənddə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin gün saat 1547 radələrində Zaqatala rayon Polis Şöbəsində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindəki iki ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq, yəni ümumi çəkiləri 5,26 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022ci il tarixli, 5(033)-41/2022 nömrəli qərarı əsasında yaşadığı Zaqatala rayonu Lahıc kəndindəki evinə baxış keçirilərkən evin yataq otağında çarpayının altında 01 ədəd torbanın içərisində külli miqdarda, yəni təmiz çəkisi 6325 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Zaqatala rayonu Lahıc kəndində küçələrindən keçən qaz borusunun üstündə oturan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun adını öyrəndikdən sonra kənddə traktorist işləyən Hafiz adlı şəxsin olub-olmamasını soruşmuş, elə bir şəxsin olmadığını bildirdikdən sonra polis əməkdaşları çıxıb getmişlər. Bundan sonra yaşadığı evə gedərək anasına polis əməkdaşlarını əvvəllər də olduğu kimi onu tutmaq istədiklərini bildirmişdir. Sonra evdən çıxaraq həmin polis əməkdaşının arxasınca getmək istəmiş, lakin polislər artıq getdiklərinə görə yenidən qayıdıb qaz borusunun üstündə oturmuşdur. Həmin vaxt Hyundai markalı avtomaşın onun yanında saxlayaraq Fərid, İlkin və adını bilmədiyi digər polis əməkdaşları ona təzyiq edərək avtomaşına otuzdurmuş, avtomaşında onun qoluna qandal vurmuşlar. Polis Şöbəsində polislər onun cibinə iki ədəd kibrit qutusu qoymuş, polis şöbəsində həmin kibrit qutusunda olan narkotik vasitəni boynuna alması üçün ona təzyiq göstərmişlər. Həmin vaxt polislərdən su istəmiş, polislərin ona verdiyi coca-colanı içdikdən sonra hansı ifadə verməsini və hansı sənədlərə imza etməsindən xəbəri olmamışdır. Evində aşkar olunmuş narkotik vasitə də polis əməkdaşları tərəfindən onun evinə qoyulmuşdur. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadasində Təqsirləndirilən şəxs göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Zaqatala rayonu Lahıc kəndi ərazisində olan meşəlik sahədə gəzərkən meşə ərazisində gördüyü yabanı halda yetişmiş çətənə bitkilərinin yarpaqlarını qoparıb sellofan torbaya yığaraq evə gətirmiş, həmin çətənə bitkilərini qurudaraq bir hissəsini kibrit qutularına yığıb üzərində özünə lazım olduqda istifadə etməsi üçün gəzdirmişdir. Qalan narkotik vasitəni isə yaşadığı evdə yatdığı çarpayın altında gizlətmişdir. 23 iyun 2022-ci il tarixdə saat 1440 radələrində yaşadığı evin qarşısında olan zaman bir neçə polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Zaqatala rayon Polis Şöbəsinə dəvət etmiş, polis şöbəsində şübhəli şəxs kimi tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən iki ədəd kibrit qutusunu çıxardaraq təqdim etmiş və içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim edilən iki ədəd kibrit qutuları hər biri ayrılıqda elektron tərəzi ilə çəkilərək birinin 5.4 və digərinin isə 4.9 qram çəkidə olduğu müəyyən edilmişdir. Kibrit qutuları çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Yaşadığı mənzildə yatdığı çarpayının altında da narkotik tərkibli maddənin olduğunu bildirdiyinə görə Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ilə müdafiəçinin iştiraki ilə yaşadığı Zaqatala rayonu Lahıc kəndindəki evinə baxış keçirilərkən evdə olan çarpayının altında saxladığı bir ədəd üzərində şahmat bəzəyi olan torbanın içərisindən çəkisi 6535 qram olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zaqatala rayon X1 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Zaqatala rayonu, Lahıc kəndində yaşayan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və yaşadığı evdə narkotik vasitə saxlamaqda və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında saat 1430 radələrində əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Zaqatala rayonu Lahıc kəndində saxlayaraq Zaqatala rayon Polis Şöbəsinə gətirmiş və rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərində dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs şalvarının sağ cibindən iki ədəd kibrit qutusunu çıxardıb təhvil verərək, kibrit qutusunun içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan marixuananı öz istifadəsi üçün üzərində daşıdığını bildirmiş, həmin iki ədəd kibrit qutuları hər biri ayrılıqda elektron tərəzidə çəkilərək birinin 5.4 və digərinin isə 4.9 qram çəkidə olduğu müəyyən edildikdən sonra zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə çarpayının altında narkotik vasitə olduğunu bildirdikdən sonra həmin gün saat 1745-də Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu, Lahıc kəndındəki mənzilinə müdafiəçisinin iştirakı ilə baxış keçirilən zaman mənzildə çarpayının altında işərisində 6536 qram çəkidə marixuana olan bir ədəd üzərində şahmat bəzəyi olan torba aşkar olunmuşdur. Torba qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Zaqatala rayon X2 Tədqiqatlar Qrupunun baş inspektoru işləyən Şahid2, Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 oğlu və X4 polis nəfəri işləyən Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24 iyun 2022-ci il tarixli 17/519 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd.....» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri-2.90 qram və 2.36 qram, ümumi çəkiləri - 5.26 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata tədim olunmuş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı qonaq otağında çarpayının altından aşkar edilmiş.....» sözləri, adlar və imzalar yazılmış sintetik torbanın içərisindəki, təmiz çəkisi - 6325,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 avqust 2022-ci il tarixli 1094 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 iyun 2022-ci il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən çəkiləri 5,4 qram və 4,9 qram olan kibrit qutusunda narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman yataq otağndakı çarpayının altında üzərində şahmat bəzəyi olan torbanın içərisində çəkisi 6 kq 535 qram olan narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, Zaqatala rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Qax rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən cəzasından 01 ay 16 gün vaxtından əvvəl azad edilmiş, Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67-ci maddəsinə əsasən 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, CM-in 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Odur ki, CM-in 18.2.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra yenidən qəsdən ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Lahıc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayonu Lahıc kəndində yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X7 alınmış 01 iyul 2022-ci il tarixli 856 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 23 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1510-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 25 iyun 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşlarının narkotik vasitəni onun üzərinə və evinə polis əməkdaşları tərəfindən qoyulmasına dair ifadəsinə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını, həmçinin yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmiş, yenə də videoçəkilişlə yaşadığı evə baxış keçirilən zaman da heç bir təsir olmadan aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunduğunu bildirsə də bu barədə heç bir orqana, həmçinin həmin dövrdə hansısa xəsarət alması barədə hər-hansı tibb müəssisəsinə müraciət etməmişdir. Bundan başqa məhkəmə tərkibi Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona Coca-cola içkisi verdikdən sonra üzərinə şəxsi axtarış və evinə baxış keçirilən zaman nə dediklərini bilməməsinə dair ifadəsini də inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükəli residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 20 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Zaqatala rayon Polis Şöbəsində saxlanılan 02 (iki) ədəd kibrit qutusunda təmiz çəkiləri 5.22 qram qurudulmuş marixuana və bir ədəd sintetik torbanın içərisində təmiz çəkisi 6324.95 qram qurudulmamış marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas iclasında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar