Məhkəmə qərarları › İş №1(091)-220/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-220/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-220/2023 21.11.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs əvvəllər Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 9,698 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin idarənin X3 Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 1940-da Yevlax şəhəri Nizami prospektində yol kənarında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 2040-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda 9,698 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə saat 1915 radələrində bazarlığa getmiş atası və anasına kömək etmək üçün yaşadığı evdən çıxaraq Yevlax şəhərində mağazının qarşısında duran zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşaraq əl-qolunu tutduqdan sonra zorla avtomaşına mindirib Yevlax Rayon Polis Şöbəsinə aparmış, həmin vaxt əynindəki gödəkçəni başına keçirdərək cibinə bükülüdə narkotik vasitə qoymuşlar. Polis Şöbəsində həmin narkotik vasitənin ona məxsus olmadığını bildirdiyinə görə ona qarşı zor tətbiq edərək döyməyə başlamış, daha ailə üzvlərini də məsuliyyətə cəlb edəcəklərini bildirdiklərinə görə məcbur qalıb videoçəkiliş zamanı üzərindən çıxan və polislərin qoyduğu narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 17-18 oktyabr 2022-ci il tarixdə yaşadığı Yevlax şəhərində Qaraçılar məhəlləsi adlanan ərazidə tanımadığı bir nəfərdən özü qəbul etmək üçün 60 manat pul müqabilində bir büküm narkotik vasitə heroin almış, həmin heroini fürsət düşəndə az-az özü qəbul etmək məqsədilə üzərində saxlamışdır. 20 oktyabr 2022-ci il tarixdə saat 1940 radələrində Yevlax şəhəri Nizami prospektində olduğu zaman DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğuna görə onu Yevlax Rayon Polis Şöbəsinə dəvət edib aparmışlar. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı 01 ədəd sellofan bükümdə çəkisi 9 qram olan narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin heroin bükümü qablaşdırıldıqdan sonra götürülmüş, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və zorakılıq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar yaradılmış əməliyyat qrupuna daxil olan Qərb Bölgəsi üzrə Regional Şöbənin əməliyyat müvəkkili Şahid2 Xəqani oğlu ilə birlikdə 20 oktyabr 2022-ci il tarixdə saat 1940 radələrində ünvan 3 ünvanının yaxınlığında olan Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, həmin bükümlər qabaqlaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni saxlanılmamışdan iki gün öncə Yevlax şəhəri ərazisində "Qaraçılar" məhəlləsi adlanan ərazidə tanımadığı şəxsdən 60 manata, aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Xəqani oğlu eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 oktyabr 2022-ci il tarixli 16/1209 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş.....” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,698 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin 1-ci siyahısının 1-ci bəndinə daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 dekabr 2022-ci il tarixli 7702 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji tibbi yoxlama zamanı bir ildir ki, narkotik vasitə heroini inyeksiya yolu ilə istifadə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş komisyon ambulator məhkəmə-psixitatrik ekspertizasının 26 dekabr 2022-ci il tarixli 3458 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisəni törədən zaman “Şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda “Şəxsiyyətin emosional-davamsız tip pozuntusu” aşkar edilir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 oktyabr 2022-ci il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə 9 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 173 nömrəli məktubdan görünür ki, Yevlax rayon Məhkəməsinin 1(039)-180/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs hökmdə göstərilən cəzasını çəkməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 418 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Rzayev Şahin Şahid oğlu ünvan 4 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2016-cı ildə doğulmuş Uğur Rzazadə, xx.xx.2011-ci ildə doğulmuş Mələk Rzazadə və xx.xx.2012-ci ildə doğulmuş Zəhra Rzazadə adlı üç azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş 20 oktyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2030-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə bir bükümdə olmaqla əvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, narkotik vasitələrin satışını təsdiq edəcək hər hansı mobil telefon danışığının və SMS yazışmalarının aşkar olunmaması kimi hallar, həmçinin əvvəllər də narkotik vasitənin qanunsuz saxlanılmasına görə məhkum oluması və opiodlərin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi onun üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. Məhkəmə Şahid Razyevin aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmaması və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Şahid Razyev müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, həmin vaxt ona qarşı hansısa bir qanunsuzluq edilməsinə dair heç bir müraciət etməmiş, bundan başqa barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında da bu barədə heç nə bildirməmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu döydüklərini bildirsə də onun istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilməsinə dair kitabın surətindən də onun bədən səthində hansısa xəsarətlərin olmadığı müəyyən olunmuşdur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini işin hallarına uyğun gəldiyinə görə daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, təqsirləndirilən şəxs Şahin Rzayev azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 oktyabr 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesab edilərək ona təyin edələcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 30,40 AZN (otuz manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesab edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin, üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 30,40 AZN (otuz manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 9,598 qram heroin, məhv edilsin, bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar