Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-222/2023 30.11.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Müdafiəçi iştirakı ilə xx xxxxxx 1974-cü ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yevlax rayonu, Аşağı Qarxun kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 2844,49 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuananı və 235,183 qram külli miqdarda narkotik vasitə olan heroini əldə edərək yaşadığı Yevlax rayonunun Aşağı Qarxun kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında yerləşən dolabın içərisində saxlamış, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 22 mart 2023-cü il tarixdə, saat 00:15 dəqiqədən saat 00:41 dəqiqəyədək olan müddət ərzində Aşağı Qarxun kəndində yerləşən həmin evə video çəkilişlə keçirilmiş baxış zamanı yataq otağındakı dolabın iç hissəsində Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd sellofan torbanın içərisində olan iki ədəd sellofan torbada və 05 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1640,0 qram, 1160,0 qram, 1,40 qram, 1,08 qram, 0,65 qram, 2,07 qram və 2,09 qram olmaqla, ümumi çəkiləri 2807,29 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, 01 ədəd şəffaf rəngli sellofan torbada təmiz çəkisi 235,183 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd üzərində cüzi miqdarda heroin hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüş və həmin gün Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə gətirilərək, saat 02:40 dəqiqədən 02:53 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax RPŞ-da keçirilmiş şəxsi axtarış nəticəsində üzərində olan gödəkcənin alt hissəsindən 37,20 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, mart ayının 21-də, bayram vaxtı ailəsilə axşam yeməyi yedikdən sonra, sonuncular qayınatasıgilə qonaq getmişlər. Qayınatasının səhhətində problemlər olmuşdur. Ailəsi getmiş və o, daha sonra gələcəyini bildirmişdir. Ailəsi getdikdən 10 dəqiqə sonra həyətin qapısı döyülmüş və üç nəfər içəri girmişdir. Mülki formada olsalar da, polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin daşınmasında şübhəli olduğunu bildirərək, evdə axtarış aparacaqlarını demişlər. O, buna etiraz etməmiş, “nümayəndə, bələdiyyə işçisi və ya hansısa başqa şəxsin iştirakı ilə aparın” demiş, amma razı olmamışlar və qollarına qandal vuraraq onu evə salmışlar. Həmin polis əməkdaşlarından biri axtarış aparan zaman həyat yoldaşının paltarlarını yerə tökəndə, bu barədə polisə irad bildirmiş, hətta söyüş də söymüşdür. Buna görə onu vurmuşlar və o, təxminən 10 dəqiqə özündə olmamışdır. Daha sonra əlləri qandallı vəziyyətdə onu maşına mindirirərək kəndin başına aparmışlar. Yarım saata yaxın həmin yerdə dayanmış, sonra kiminləsə danışmışlar. Bir müddət keçdikdən sonra qara rəngli Mercedes markalı avtomobildə bir nəfər gəlmişdir. Həmin maşınlar dal-qabaq şəkildə yenidən onun yaşadığı evə gəlmiş, onu maşında saxlayıb özləri içəri daxil olmuşlar. Onu şərləmək üçün narkotik vasitələri evə qoymuş, saat 11 radələrində yoldaşı və oğlu gələn zaman polislər yoldaşına narkotik vasitəni göstərərək onların evindən tapıldığını bildirmişlər. Bunu dedikdən sonra ailəsini çölə çıxardaraq onu evə salmış və narkotik vasitənin ona aid olduğunu demişlər. O, bununla razılaşmamış, narkotik vasitə istifadə etdiyini bildirsə də, hazırda təqdim etdikləri narkotik vasitənin ona aid olmadığını, üzünü belə görmədiyini demişdir. Mart ayının 4-dən bəri, oğlunun ad günündə övladına söz verərək narkotikdən istifadə etməyə tövbə etmişdir. Daha sonra polislər onu ailəsi ilə hədələmiş, əgər narkotik vasitəni boynuna götürməsə, ailəsini də şöbəyə aparacaqlarını demişlər. Kənd yeri olduğu üçün belə şeyi götürə bilməmiş, polislərlə razılaşmışdır. Narkotik vasitənin üzərində əl izinin də olmadığını bildirmiş, hətta əlavə olaraq onda elektron tərəzinin olmasını da şərləmişlər. Lakin balıq tərəzisindən başqa tərəzisi olmamışdır. Bütün Yevlax əhalisi də bilir ki, o, balıq satıcısıdır. Ekspertiza zamanı qanından da narkotik vasitənin istifadəsiylə bağlı heç nə aşkar olunmamışdır. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun evində narkotik vasitə olmamışdır, əvvələr ancaq narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Evdə aşkar olunun narkotik vasitələr onun iştirakı ilə aşkar olunmamış, o, artıq içəri girdikdən sonra stolun üzərinə qoymuşlar. Bu barədə heç kimə şikayət etməmişdir. Ailəsi getdikdən 10-15 dəqiqə sonra polis əməkdaşları gəlmişlər. Oxuyub-yaza bilmir, müstəntiqə verdiyi ifadəni oxumamışdır. Evi xeyli müddət axtarmışlar. Şəxsi axtarış keçirmişlər, telefonunu götürmüşlər. Evdən kəndin başına aparılan zaman telefonu üzərində olmuş, amma zəng gəlməmişdir. Təxminən gecə saat on iki, birin yarısı aralığında o, narkotik vasitəni boynuna almış və onu polis şöbəsinə aparmışlar. Evə baxış keçirilməsinə razılıq vermək barədə ərizə yazmamışdır. Narkotik vasitənin ona aid olmadığını bildirdiyinə görə, 10 dəfədən çox videoçəkiliş aparmışlar. İstintaq zamanı imza çəkdiyi heç bir sənəd ona oxunmamışdır. Onu ekspertizaya aparmışlar, qandan analiz vermiş və orada narkotik vasitədən istifadə etdiyini demişdir. Evdə axtarış aparılandan sonra orada heç bir sənədləşmə olmamış, baxışın nəticələrinə dair protokola polis şöbəsində imza çəkmişdir. Ekspertizada olan zaman onunla söhbət aparılmamışdır. Əvvələr şəxsi istifadəsi üçün 1-2 dənə narkotik əkmişdir. İstintaq zamanı verdiyi ifadə ona aid deyil. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı evdən və üzərindən aşkar olunmuş narkotik vasitə marixuananı özü istifadə etmək və satmaq məqsədi ilə 2022-ci ilin aprel ayında Ağdaş rayonu ərazisində yerləşən meşədə əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərindən yığıb qurudaraq yaşadığı evdə saxlamış, narkotik vasitə olan heroini isə təxminən bir ay əvvəl Yevlax şəhərində tanımadığı şəxsdən 1100 manata alıb öz istifadəsi üçün saxlamışdır. O, qurudulmuş marixuanadan bir neçə dəfə tanımadığı şəxslərə satmışdır. 22 mart 2023-cü il tarixdə, saat 01:10 radələrində yaşadığı evin həyətində olarkən küçədə kiminsə çağırdığını eşidib küçəyə çıxmış və o, küçəyə çıxan zaman darvazanın qarşısında bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirdirmişlər. Polis əməkdaşları onun barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək, yaşadığı evə baxış keçirilməsi zərurətinin olduğunu bildirmişlər. O da yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirərək, bu barədə ərizə yazmışdır. Həmin vaxt bir nəfər polis əməkdaşı da videokamera vasitəsi ilə çəkiliş aparmışdır. Bundan sonra o, polis əməkdaşlarını yaşadığı evin yataq otağına aparmış və dolabın içərisində gizlətdiyi sellofan torbada olan qurudulmuş marixuananı, heroini və narkotik vasitənin kütləsini ölçmək üçün istifadə etdiyi elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin torbanın içərisinə baxış keçirərkən sellofan torbanın içərisindəki narkotik vasitələr və elektron tərəzi aşkar olunmuşdur. Polis əməkdaşları onun iştirakı ilə həmin qurudulmuş marixuananı sellofan torba ilə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 2890 qram, narkotik vasitə olan heroin isə selofan torba ilə birlikdə 245 qram olmuşdur. Polis əməkdaşları həmin qurudulmuş marixuananı, heroini və elektron tərəzini bir ədəd polietilen kisəyə qoyaraq qablaşdırıb, kisənin üzəri zərflər üçün 7(2) möhürü ilə möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu Yevlax RPŞya aparmışlar. Polis şöbəsində təhqiqatçı CM-in 234.4.3-cü maddəsi ilə şübhəli olduğunu deyərək, vəkillərin siyahısını ona təqdim etmiş, o, vəkillərin siyahısından vəkil Hüseyn Abbasovun onun hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı vəkil Hüseyn Abbasovu polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı ona hüqüq və vəzifələrini izah etdikdən sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirmişdir. Həmin vaxt bir nəfər polis əməkdaşı da videokamera vasitəsi ilə çəkiliş aparmışdır. Təhqiqatçı ona üzərindəki əşyaları təqdim etməyi bildirmiş, həmin vaxt o, əynində olan gödəkcənin alt hissəsində olan sellofan torbanı təqdim edərək sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin marixuananı satmaq üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları həmin sellofan torbanın içərisindəki kütləyə baxaraq narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyini bildirmişlər. Daha sonra təhqiqatçı həmin kütləni sellofan torba ilə birlikdə elektron tərəzidə çəkmiş və çəkisi 50 qram olmuşdur. Həmin kütlə sellofan torba ilə birlikdə qablaşdırılaraq zərfə qoyulub möhürlənərək ekspertizaya təqdim etmək üçün götürülmüş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılarla birlikdə, o da protokolu imzalamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü madəsində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, Vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitələrin qeyri-qanuni dövriyyəsilə məşğul olması barədə özünə əməliyyat məlumatı daxil olmuş, daha sonra əməliyyat qrupu yaradılmışdır. Təxminən 21-22 mart tarixində əməliyyat tədbiri keçirilərək Təqsirləndirilən şəxs evinə baxış keçirmişlər və baxış zamanı evdən narkotik vasitə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə polis şöbəsinə getmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman da narkotik vasitə aşkar edilmişdir. Şahid1 daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, həmin zaman əməliyyat müvvəkili vəzifəsində çalışmışdır. Əməliyyat məlumatı ona daxil olan zaman Gəncə şəhərində olmuşdur. Hadisədən uzun müddət keçdiyi üçün əməliyyat məlumatının daxil olma vaxtını və saatını xatırlamır. Əməliyyat məlumatı daxil olan zaman Təqsirləndirilən şəxs şəxsiyyət ilə bağlı məlumatlar onlara məlum olmuşdur. Əməliyyat-qeydiyyat işi açılmamışdır. Onlara daxil olan məlumata əsasən, Təqsirləndirilən şəxs narkotik maddələri satmaq ehtimalı olmuşdur, ona görə də əməliyyat tədbiri təxirəsalınmaz keçirilmişdir. Küçədə olan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin qeyri-qanuni dövriyyəsilə məşğul olması barədə şübhəli olduğu üçün evinə baxış keçirilməli olduğunu bildirmişlər. Baxış keçirilən zaman evdə Təqsirləndirilən şəxs başqa digər şəxslər olmamış, 3 nəfər olmuşlar. Təqsirləndirilən şəxs üzərindən qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin narkotik vasitə sarı rəngli sellofan torbada olmuş, hadisədən uzun müddət keçdiyi üçün çəkisini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs aşkar olunan maddələrin narkotik vasitə olduğunu bildirmiş, həmçinin evə baxış keçirilən zaman elektron tərəzi aşkar olunmuşdur. Evdə həm qurudulmuş marixuana, həm də narkotik vasitə olan heroin aşkar olunmuş, təqsirləndirilən şəxs özü təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs heç nəyə etiraz etməmişdir. Baxış keçirilən zaman evdə polis əməkdaşları və Təqsirləndirilən şəxs başqa şəxs olmamışdır. Baxışın nə qədər davam etməsini xatırlamır. Narkotik vasitəni Təqsirləndirilən şəxs özü onlara təqdim etmiş, təqsirləndirilən şəxsə qarşı qeyri-qanuni hərəkət olmamışdır. Evə vizual baxış keçirilmiş və Təqsirləndirilən şəxs ailə üzvlərinə məxsus paltarları yerə tökməmişlər. Əvvəl də onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 da ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid2 daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı zorakılıq olmamış və o, saxlanılan zaman heç nəyə etiraz etməmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin özünə aid olduğunu etiraf etmişdir. Əməliyyat məlumatından nə qədər vaxt sonra tədbir keçirildiyini xatırlamır. Təqsirləndirilən şəxs evinin qarşısında gözləmiş, daha sonra çölə çıxan zaman ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Aşkar olunan narkotik vasitələri Təqsirləndirilən şəxs özü təqdim etmişdir. Narkotik vasitələr aşkar olunduqdan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kiməsə satması barədə başqa əməliyyat tədbirində iştirak etməmişlər. Evə vizual baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs ailə üzvlərinə məxsus paltarları yerə tökməmişlər. Bundan əlavə, cinayət işi üzrə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş Kərim Əzimov ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını özünə daxil olmuş əməliyyat məlumatı əsasında müəyyən etmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması ilə bağlı onda əməliyyat məlumatı olmuş, lakin əməliyyat tədbiri keçirməmişlər. Təqsirləndirilən şəxslə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-qeydiyyat işi açılmamışdır. Cinayət iş üzrə müstəntiqə yazdığı raportdakı məlumatları özünə daxil olmuş əməliyyat məlumatı əsasında vermişdir. Məhkəmə kollegiyası şahidlər Şahid2 və Şahid1 ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, şahidlər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nın əməliyyat müvəkkili Şahid1 21 mart 2023-cü il tarixli raportu ilə. Həmin raportdan görünür ki, Şahid1 DİN-nin BNMİ-nin QBRŞ-nın rəisinə müraciət edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi və yaşadığı evdə saxlaması barədə ona əməliyyat məlumatının daxil oduğunu bildirmiş və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulan əməliyyat-axtarış tədbirlərinin həyat keçirilməsini xahiş etmişdir (İ cild, i/v 04). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 21 mart 2023-cü il tarixli qərarla. Bu qərardan müəyyən olunur ki, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlərin görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən üzərində saxladığı narkotik vasitəni qısa müddətdə realizə edəcəyi, gizlədəcəyi və ya məhv edləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulan qaydada əməliyyat-axtarış tədbiri keçirilmişdir (İ cild, i/v 5-6). Baxış keçirilməsi və götürmə haqqında 22 mart 2023-cü il tarixli protokolla. Həmin protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı dolabın alt gözünün şüşə qapısını açıb, içərisindən bir ədəd sellofan torbanı götürüb təqdim edərək, həmin torbadakı kütlələrin narkotik vasitə qurudulmuş marixuana və heroin olduğunu bildirmişdir. Baxış zamanı həmin sellofan torbada olan digər iki ədəd sarımtıl rəngli sellofan torbalarda və həmin torbaların birində olan beş ədəd kağız bükümlərdə yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, eləcə də həmin bükümlər olan torbadakı bir ədəd şəffaf rəngli sellofan torbada qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə, digər içərisində qurudulmuş marixuanaya bənzər kütlənin olduğu sellofan torbada elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə, ümumi çəkisi 345 qram olduğu müəyyən olunmuşdur. İçərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan sellofan torbanın elektron tərəzidə qablaşdırma ilə birlikdə, ümumi çəkisinin iki kiloqram səkkiz yüz doxsan qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş elektron tərəzinin işlək olduğu müəyyən edildikdən sonra həmin tərəzi və bir ədəd sellofan torbadakı heroinə bənzər kütlə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu sellofan torbaya qoyularaq həmin torba bir ədəd ağ rəngli poleitilen kisəyə qoyulub kisənin ağzı ağ iplə tikilib bağlanmışdır. Davam etdirilən baxış zamanı digər qanunsuz əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar olunan həmin sellofan torbadakı kütlələrin narkotik vasitə heroin və qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı ötən ilin aprel ayında Ağdaş rayonu ərazisində yerləşən meşəlikdə əkib becərdiyi on beş ədəd narktotik tərkibli çətənə bitkilərindən yığıb əldə etdiyini, həmin narkotik vasitədən 1-2 dəfə 100 qramını 500 manata satdığını, heroini isə təxminən bir ay əvvəl 1100 manata Yevlax şəhəri ərazisində tanımadığı şəxsdən özünün istifadəsi üçün alıb saxladığını, ona qarşı heç bir qanunsuz hərəkətlər olunmadığını və heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir (İ cild, i/v 12-13). Şübhəli şəxsin tutulması haqqında 22 mart 2023-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən xx.xx.2023-cü il tarixdə, saat 02:30-da şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i/v 26). Şəxsi axtarış keçirilməsi və götürmə haqqında 22 mart 2023-cü il tarixli protokolla. Həmin protokoldan və protokola əlavə edilmiş diskdən müəyyən olunur ki, 22 mart 2023-cü il tarixdə, saat 02:40-dan saat 02:53-ə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Videoçəkilişi polis əməkdaşı aparmışdır. Təhqiqatçı ona üzərindəki əşyaları təqdim etməyi təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxarıb otaqdakı masanın üzərinə qoyaraq təqdim etmiş, əynində olan gödəkcənin alt hissəsində olan sellofan torbanı təqdim edərək sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin marixuananı satmaq üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları həmin sellofan torbanın içərisindəki kütləyə baxaraq narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyini bildirmişlər. Daha sonra təhqiqatçı həmin kütləni sellofan torba ilə birlikdə elektron tərəzidə çəkmiş və çəkisi 50 qram olmuşdur. Həmin kütlə sellofan torba ilə birlikdə qablaşdırılaraq zərfə qoyulub möhürlənərək ekspertizaya təqdim etmək üçün götürülmüş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılarla birlikdə o, da protokolu imzalamışdır. Şəxsi axtarış zamanı onun üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır, ancaq şalvarının sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan mobil telefon və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunun bir ədəd sellofan torbada olan kütlə narkotik vasitə qurudulmuş marixuanadır, yaşadığı evdən aşkar olunan narkotik vasitədən götürüb 500 manata satmaq məqsədilə üzərində saxlamışdır. Həmin narkotik vasitə qurudulmuş marixuananı ötən il aprel ayında Ağdaş rayonu ərazisində yerləşən meşəlikdə əkib becərdiyi on beş ədəd narkotik tərkibli çətənə bitkilərindən yığıb əldə etmişdir. Həmin narkotik vasitədən 1-2 dəfə 100 qramını 500 manata satmış, heroini isə təxminən bir ay əvvəl 1100 manata Yevlax şəhəri ərazisində tanımadığı şəxsdən özünün istifadəsi üçün alıb saxlamışdır. Ona qarşı heç bir qanunsuz hərəkətlər olunmamış və heç kimdən şikayət və tələbi yoxdur (İ cild, i/v 35-37). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/272 nömrəli rəyi ilə. Həmin rəylə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş iki ədəd sarımtıl rəngli sellofan torbalarda və beş ədəd kağız bükümlərdə, 1640,0 qram, 1160,0 qram, 1,40 qram, 1,08 qram, 0,65 qram, 2,07 qram və 2,09 qram ümumi çəkiləri 2807,29 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Bir ədəd şəffaf rəngli sellofan torbada, təmiz çəkisi 235,183 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəsikləri cüzi miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlə müqayisəli tədqiqatını (eynilik) aparmaq ümkün olmadı. Tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfin içərisindəki bir ədəd sarımtıl rəngli sellofan torbada, təmiz çəkisi 37,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanaların ümumi çəkiləri 2844,49 qramdır. Tədqiqata sərf edildi 0,80 qram, (hər ob. 0,10 qram) qalıq 2843,69 qram. Heroinin təmiz çəkisi 235,183 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 235,083 qram (İ cild, i/v 46- 47). Narkoloji ekspertizanın 28 aprel 2023-cü il tarixli 739 nömrəli rəyi ilə. Bu rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (İ cild, i/v 129). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd sellofan torbanın içərisində olan iki ədəd sellofan torbada və 05 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1640,0 qram, 1160,0 qram, 1,40 qram, 1,08 qram, 0,65 qram, 2,07 qram və 2,09 qram və şəxsi axtarış nəticəsində üzərində olan gödəkcənin alt hissəsindən 37,20 qram olmaqla ümumi çəkiləri 2844,49 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd şəffaf rəngli sellofan torbada təmiz çəkisi 235,183 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd üzərində cüzi miqdarda heroin hissəcikləri olan elektron tərəzinin aşkar edilərək götürülməsində təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 234.4.3-cü maddəsilə tövsif edilməsinə imkan verir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı ümumi çəkisi 2844,49 qram olan külli miqdarda kustar üsulla hazırlanmış qurudulmuş marixuana, təmiz çəkisi 235,183 qram külli miqdarda kustar üsulla hazırlanmış heroinin özünə məxsus olmaması barədə dəlillərini əsaslı hesab etmir. Çünki, təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər işdə olan digər sübutlar, özünün qismən etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol, habelə maddi sübutlar və digər istintaq sənədləri ilə təkzib edilir. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polislərin onu döymələri barədə məsələni araşdıran məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin bu barədə irəli sürdüyü dəlillərin də heç bir əsası yoxdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verənə qədər heç bir zaman nə özü, nə də müdafiəçisi tərəfindən hər hansı bir qanunsuz rəftara, təzyiqə məruz qalması və ya hər hansı bir polis əməkdaşı tərəfindən döyülməsi barədə hər hansı bir orqana və ya şəxsə hər hansı bir şikayət və ya narazılıq ifadə edən müraciət etməmişdir. Əksinə, 22 mart 2023-cü ildə videoçəkilişlə davam edən evə baxış keçirilməsi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, “yaşadığı evdən aşkar olunan narkotik vasitədən götürüb 500 manata satmaq məqsədilə üzərində saxlamışdır. Həmin narkotik vasitə qurudulmuş marixuananı ötən il aprel ayında Ağdaş rayonu ərazisində yerləşən meşəlikdə əkib becərdiyi on beş ədəd narktotik tərkibli çətənə bitkilərindən yığıb əldə etmişdir, həmin narkotik vasitədən 1-2 dəfə 100 qramını 500 manata satmışdır, heroini isə təxminən bir ay əvvəl 1100 manata Yevlax şəhəri ərazisində tanımadığı şəxsdən özünün istifadəsi üçün alıb saxlamışdır. Ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Heç kimdən şikayət və tələbi yoxdur.” Bundan əlavə, istinad olunan videogörüntülərə baxılarkən Təqsirləndirilən şəxs özünü sərbəst aparmaması, üzərində hər hansı xəsarət əlamətlərinin olması, habelə videoçəkilişin özündə hər hansı kəsilmə və çəkilişin dayanıb yenidən başlaması və ya ardıcıllığının pozulması əlamətləri müşahidə edilməmişdir. Ancaq buna baxmayaraq, məsələnin əhəmiyyətini nəzərə alan məhkəmə kollegiyası onun həbs edildikdən sonra X6 yerləşdirilərkən tibbi müayinədən keçirilməsinə dair tibbi sənədləri (X1 01 avqust 2023-cü il tarixli 3-16-17/33/2-3389/2023 nömrəli məktubu və ona əlavə edilən tibbi sənədlər) əldə edib müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə X2 yerləşdirilərkən tibbi müayinədən keçirilmiş, lakin onun üzərində həbs olunmazdan əvvəl alınmış zədələr, bədən xəsarətləri, dəri səthində çapıqlar və zədələr aşkar edilməmişdir. Obyektiv müayinə zamanı şikayətinin olmamasını bildirmişdir (İİ cild, i\v 41-49 ). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası bu səbəbdən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsinin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiasını heç bir dəlillə möhkəmləndirə bilməməsini və həmin vaxt ona zorakılığın tətbiq olunmasına dair əsaslı şübhə yaradan halların müəyyən edilməməsini nəzərə alaraq bu barədə dəlilləri əsassız hesab edir, ondan aşkar edilmiş narkotik vasitəni polislər tərəfindən üzərinə qoyulması xüsusatı isə heç bir sübutla təsdiq olunmur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. “Məhkəmə hökmü haqqında” qərarının 33-cü bəndində isə qeyd olunmuşdur ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir və məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib, məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol və digər sübutlarla təsdiqini tapmışdır. Həmin vaxt onun təzyiq və təsir altında özünü CM-in 234.4.3-cü maddəsilə təqsirli bilməsinə dəlalət edən hər hansı bir halın olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək onlarla razılaşmaya bilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fətullayev Azərbaycana qarşı iş üzrə 07 aprel 2022-ci il tarixli qərarının 83-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə həmçinin xatırladır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsilə bağlı prinspi əks etdirən oturuşmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir. Məhkəmələr irəli sürülən hər bir arqumentə müfəssəl cavab vermək məcburiyyətində olmasa da, qərardan aydın olmalıdır ki, işin əsas məsələlərinə baxılıb və işin nəticəsi üçün həlledici olan arqumentlərə spesifik və açıq cavab verilib (Kərimov və digərləri Azərbaycana qarşı, № 24219/16). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəmə qərarlarının əsaslandırılmaması ilə bağlı məsələ adətən yerli məhkəmələr ərizəçinin qaldırdığı spesifik, müvafiq və vacib məqama məhəl qoymadıqda meydana çıxır (Neçiporuk və Yonkalo Ukraynaya qarşı № 42310/04, § 280, 21 aprel 2011-ci il). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 16-cı bəndində deyilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən, əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyataxtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Cinayət işindən görünür ki, (İ cild, i/v 50) əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə dair 21 mart 2023-cü il tarixli qərar BNMİ-nin Qərb Regional şöbə rəsinin 22 mart 2023-cü il tarixli 3-13-7-2/2-646/2023/2023 nömrəli məktubu ilə Yevlax Rayon Məhkəməsinə göndərilmiş, lakin həmin məhkəmənin qeyd olunan qərarın qanuniliyini yoxlanılmasına dair qərar cinayət işinin materiallarına əlavə edilməmişdir. Buna görə də məhkəmə kollegiyası məsələni araşdırmış və Yevlax Rayon Məhkəməsinə sorğu vermiş və Yevlax Rayon Məhkəməsinin 24 mart 2023-cü il tarixli 5(039)-59/2023 nömrəli qərarı 21 sentyabr 2023-cü il tarixli 1-2084/2023 nömrəli məktubla Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin qərardan müəyyən edilmişdir ki, əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə dair 21 mart 2023-cü il tarixli qərarın qanuniliyi məhkəmə tərəfindən yoxlanılmamışdır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd olunan ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə dair 21 mart 2023-cü il tarixli qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılmaması onun CM-in 234.4.3-cü maddəsilə təqsirli olmasını şübhə altına ala bilməz. Digər sübutlar ona israr olunan cinayət əməlini törətməsini təsdiq edir. Ona görə də düzgün olaraq onun əməli CM-in 234.4.3-cü maddəsilə tövsif edilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 29 mart 2023-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (İ cild, iş vər. 74). Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yevlax RİH başçısının Yuxarı Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6 mart 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonunun Aşağı Qarxun kəndində ailə üzvləri, arvadı X9, oğulları X4 və X5 ilə birlikdə yaşayır (İ cild, iş vər. 80). Həmin nümayəndəlik tərəfindən təqsirləndirilən şəxs barədə xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü normal aparmış, haqqında hüquq mühafizə orqanlarından və sakinlərdən nümayəndəliyə heç bir ərizə, şikayət daxil olmamışdır (İ cild, iş vər. 81). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində xx.xx.2007 və xx.xx.2010-cu il təvvəlüdlü olmaqla iki övladı var (İ cild, iş vər. 82-85). Həmçinin, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yevlax Rayon Məhkəmsinin 23 mart 2023-cü il tarixli 4(039)-33/2023 nömrəli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barədə əvvəli 22 mart 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədibiri seçilmişdir (İ cild, iş vər. 72-73). Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsi və himayəsində bir azyaşlı övladının olması cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. İş üzrə CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 58.3-cü maddəsi). Ədalət və humanizm prinspindən çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü (Satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsdir. Bu əməl kifayət qədər ictimai təhlükəli əməldir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri təhdidə çevrilərək fiziki mənada ayrı-ayrı şəxslərin, ümumilikdə isə cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbə vurur, cəmiyyətə və bəşəriyyətə qarşı ciddi təhlükə yaradır. Cinsindən asılı olmayaraq narkotik vasitələrdən istifadə edən insanları birinci növbədə ailəsi, sonra isə cəmiyyət üçün lazımsız varlığa çevirir. Məhz buna görə də X3 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri bilinmişdir. Azərbaycan Respublikası da qeyd olunan konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu kimi cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini kifayət qədər əsaslı və ədalətlidir. CM-in 234.4.3-cü maddəsində bu əməlin törədilməsinə görə, beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməyən, habelə ondan 2844,49 qram narkotik vasitə olan qurudulmuş marixuana və 235,183 qram heroinin aşkar edilməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs 7 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi CMin ədalət və humanizm prinsplərinə uyğundur. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.4.3-cü maddəsinin sanksiyasına uyğun olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində proflaktik qeydiyyata alınmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Yevlax RPŞ-da saxlanılan və tədqiqatdan sonra qalıq qalmış 2843,69 qram narkotik vasitə olan qurudulmuş marixuana, 235,083 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilməli, iş üzrə 103 manat 65 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 22 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində proflaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Yevlax RPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış 2843,69 qram narkotik vasitə olan qurudulmuş marixuana, 235,083 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilsin və 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 103 manat 65 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-222/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-222/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver