Məhkəmə qərarları › İş №1(091)-222/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-222/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-222/2024 09.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X7, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X13, zərərçəkmiş şəxsin hüquqi varisi: X5 iştirakları ilə, xx.xx.2000-ci ildə Zaqatala rayonu Talabinələr kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Zaqatala rayon Üçüncü Tala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “ZAZ-968M” markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə 14 oktyabr 2023-cü il tarixdə saat 0945 radələrində Zaqatala rayonu Muğanlı kəndindən Zaqatala şəhərinə gedən avtomobil yolunun Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisindən keçən asfaltbeton örtüklü quru yolla Zaqatala şəhəri istiqamətində saatda 90 km sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunları etməmiş, onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 Müslum oğlunun idarə etdiyi “VAZ «21063 minik» markalı, «**-BG-***» dövlət qeydiyyat nişanlı avtomobili ötmək istəyərkən qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi **-BC-*** dövlət nömrə nişanlı VAZ 21013 minik markalı avtomobilin gəldiyini görüb ötmək istədiyi Vaz 21063 markalı avtomobil ilə təhlükəsiz ara məsafəsini təmin etməyərək idarə etdiyi avtomobili öz hərəkət zolağına qaytarmış, bu zaman Vaz 21063 markalı avtomobillə toqquşacağını görüb idarə etdiyi avtomobili yolun sağ tərəfinə istiqamətləndirəndə sağ zolaqda idarə etdiyi «ZAZ-968M» markalı markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi sürücüsü Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21063 markalı avtomobilin arxa sağ hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində Vaz 21063 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi **-BC-*** dövlət nömrə nişanlı VAZ 21013 minik markalı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21063 minik ”markalı, “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağında oturmuş qoca vəziyyətdə sərnişin X1 diz oynağı nahiyəsində 5 (beş) ədəd, sol diz oynağı nahiyəsində 3 (üç) ədəd, sol baldırında 3 (üç) ədəd sıyrılmış yaralar, sağ gicgah ənsə nahiyəsində şişkinlik hematoma, sağ gicgah-təpə-ənsə sümüyünün kəllə əsasına keçən basılmış sınığı, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəli olan yumşaq beyin qişası altına və yan mədəciklərə qansızma ilə nəticələnən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olan, qoca vəziyyətdə sürücü Nümayəndə hər iki gicgah sümüklərinin oynaq daxili sınıqları, baş beyin silkələnməsi, solda 3-4-cü, sağda 5-6-7-8-9-cu qabırğaların qapalı qəlpəli yerini dəyişən sınıqları, hər iki tərəfdə ağ ciyərin əzilməsi, hemotoraks, sol asetabulumun arxa çıxığı və sınığı, sol diz qapağının qapalı qəlpəli yerini dəyişən sınığı ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan, Nümayəndə idarə etdiyi avtomobilin sağ arxa oturacağında oturmuş qoca vəziyyətdə sərnişin Zərərçəkmiş şəxs2 sağ göz ətrafında şişkinlik, hematoma, baş beyin silkələnməsi, alt çənədə əzilmiş-cırılmış yara, sol asetabulumun (sirkə kasasının) sınıqları və sol bud sümüyünün travmatik çıxığı ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan, Nümayəndə idarə etdiyi avtomobilin sol arxa oturacağında oturmuş sərnişin xx.xx.2017-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs3 sol dirsək və mil sümükləri diafizlərinin birgə rast gəlinən sınıqları və sol qamış sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya səbəb olan, VAZ 21013 minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hemopnevmotoraks ilə müşayiət olunan solda İİ-İİİ-İV-V-Vİ- Vİİ, sağda İİİ- İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, sol bazu sümüyünün yuxarı ucunun qapalı qəlpəli yerdəyişən sınığı, sol bud-çanaq oynağının travmatık çıxığı, sol sirkə kasasının qapalı qəlpəli yerdəyişən sınığı, sağ qamış sümüyünün aşağı ucunun qapalı yerdəyişən sınığı, sağ aşıq sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan, habelə Zərərçəkmiş şəxs4 məxsus VAZ 21013 minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3293 (üç min iki yüz doxsan üç) manat, Zərərçəkmiş şəxs1 Müslum oğluna məxsus “VAZ «21063 minik» markalı, «**-BG-***» dövlət qeydiyyat nişanlı avtomobilə 4693 (dörd min altı yüz doxsan üç) məbləğində maddi ziyan vurmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 oktyabr 2023-cü il tarixdə saat 0945 radələrində özünə məxsus olan ZAZ-968 M markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Üçüncü Tala kəndindən sağ qabaq oturacaqda əyləşmiş əmisi oğlu Şahid, sağ arxa oturacaqda əyləşmiş Emin adlı həmkəndlisi ilə birlikdə Muğanlı-Zaqatala avtomobil yolu ilə Zaqatala şəhəri istiqamətində asfalt yolun Aşağı Tala kəndindən keçən hissəsində 80 km/saat sürətlə hərəkətdə olarkən ondan qarşıda tanımadığı qara rəngli, nömrəsini bilmədiyi BMV markalı avtomaşın, həmin avtomaşından qabaqda Vaz 2106 markalı maşın getmiş, BMV markalı maşın ondan qabaqda gedən Vaz 2106 markalı avtomaşını ötüb getmişdir. İdarə etdiyi avtomobilin sola dönmə işığını yandırıb əks yola çıxıb Vaz 2106 markalı avtomobili ötən zaman Vaz 2106 markalı avtomaşının böyür hissəsinə çatanda həmin avtomaşının sürücüsü onu ötməyə imkan verməyərək sürəti artırmış, həmin vaxt qarşıdan Vaz 21011 markalı avtomobilin gəldiyini görüb Vaz 2106 markalı maşının arxasına öz hərəkət yoluna keçən vaxt anidən Vaz 2106 markalı avtomobilin sürücüsü tormoz etmişdir. Avtomaşının tormoz işıqları yanmış, o da tormoz edib öz hərəkət yoluna keçəndə Vaz 2106 markalı avtomobillə aralarında təxminən 4-5 metr məsafə olmuşdir. Tormoz etsə də toqquşacağını görüb həmin anda idarə etdiyi avtomobili yolun sağ tərəfinə çəkəndə idarə etidiyi avtomobilin sol qabaq hissəsi Vaz 2106 markalı avtomobilin sağ arxa tərəfindən toqquşmuş, Vaz 2106 markalı avtomobil yolun sol tərəfinə çıxaraq qarşıdan gələn Vaz 21011 markalı avtomobillə toqquşmuşdur. İdarə etdiyi avtomobilin qabaq tərəfi yolun kənarında olan beton dirəyə dəyib yerində çevrilərək yolun sağ tərəfində üzü Muğanlı kəndi istiqamətində dayanmışdır. Vaz 2106 markalı avtomobili ötəndə həmin avtomobil bir az yolun sol tərəfinə doğru hərəkətdə olmuş, tez avtomobildən düşüb toqquşan avtomobillərdə yaralanan şəxsləri maşından çıxartmaqda və xəstəxanaya yola salmaqda həmin şəxslərə yardım etmişdir. Hadisə yerinə gələn şəxslər təcili tibbi yardım maşını çağırmış, Vaz 2106 markalı atvomobildə sağ qabaq oturacaqda oturmuş qadın aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sonra hadisə yerinə gələn şəxslərlə birlikdə digər yaralılara yardım etmiş və həmin şəxsləri təcili tibbi yardım maşını ildə xəstəxanaya yola salmışdır. Hadisə zamanı spirtli içki qəbul etməmiş, lakin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus Vaz 21063 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı Gülnazla birlikdə yaşadığı Muğanlı kəndindən Zaqatala şəhərinə gedərkən bacısı qızı Yeganə və Yeganənin nəvəsi Fuad da onlarla birlikdə olmuş, Yeganə sağ qabaq oturacaqda, arvadı Gülnaz arxa sağ tərəf oturacaqda, Yeganənin nəvəsi Fuad isə sol arxa oturacaqda oturmuşdur. Saat 10 radələrində 50-60 km/saat sürətlə hərəkətdə olarkən yan güzgüdən arxadan qırmızı rəngli zaporojets markalı tanımadığı avtomobilin yüksək sürətlə gəldiyini görmüş, həmin avtomobili onun idarə etdiyi avtomobili ötmək istəyəndə əks istiqamətdən avtomobil gəldiyini görüb ötməni başa çatdıra bilməyib öz hərəkət yoluna qayıdanda qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa tərəfindən vurmuşdur. Bu zaman idarə etdiyi avtomobil öz hərəkət yolundan əks yola çıxaraq qarışdan gələn Vaz 21011 avtomobillə toqquşmuşdur. Hadisə yerinə gələn şəxslər onları maşından çıxartmış və təcili yardım maşını ilə xəstəxanaya aparmışlar. Zaporojets markalı avtomobil onu ötmək istədiyini görəndə həmin avtomobilin ötüb keçməsi üçün ayağını qazdan götürmüş, lakin qarşıdan avtomobil gəldiyinə görə ötə bilməyib öz yoluna qayıdanda qabaq tərəfi ilə onun idarə etdiyi avtomobilin arxasından vurmuşdur. Zaporojets markalı avtomobil onu ötməyə başlayandan onun maşınını vuranadək təxminən 100 metr məsafə qət etmişlər. Hadisə nəticəsində bacısı qızı Yeganə aldığı xəsarətlərdən həyatını itirmiş, digər şəxslər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 0940 radələrində etibarnamə əsasında özünə məxsus olan Vaz 21013 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı kəndi istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən asfalt yolun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qarşı tərəfdən tanımadığı Vaz 2106 markalı avtomobilin, arxadan isə qırmızı rəngli tanımadığı Zaporojets markalı avtomobil gəldiyini görmüş, təxminən 100 metr məsafədən Zaporojets markalı avtomobil Vaz 2106 markalı avtomobili ötmək üçün onun hərəkət yoluna çıxdıqdan sonra onun gəldiyni görüb öz hərəkət yoluna Vaz 2106 markalı avtomobilin arxasına keçmək istəmişdir. Bu zaman ZAZ markalıə avtomaşın Vaz 2106 markalı avtomobilin arxasından vurmuş, Vaz 2106 markalı avtomobil gəldiyi kimi də onun hərəkət yoluna çıxmışdır. Dərhal avtomobili sağa çəksə də tormoz etməyə imkanı olmamış, Vaz 2106 markalı avtomobilin qabaq hissəsi onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində sağ çiynindən, sol çanağından, sinəsindən, sağ ayağının topuq hissəsindən sınıq xəsarətləri almış, Vaz 2106 markalı avtomobildə qabaq oturacaqda oturan tanımadığı qadının öldüyünü bilmişdir. Zaporojets markalı avtomobil onu ötməyə başlayıb öz yoluna qayıtdığı andan toqquşmayadək təxminən 50-60 metr məsafə qət etmişdir. Sürücülük vəsiqəsi olduğunu, hadisə zamanı spirtli içki qəbul etmədiyini, hadisə nəticəsində ona müalicəsi ilə əlaqədar xərclədiyi pulun və avtomobilinə dəymiş maddi ziyanın neçə manat olduğunu dəqiq bilmədiyni, hadisə yerinə gələn təcili tibbi yarım maşını ilə xəstəxanaya aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə əri Bayrama məxsus Vaz 21063 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı kəndindən Zaqatala şəhərinə gedərkən baldızı qızı Yeganə sağ qabaq oturacaqda, o sağ tərəf arxa oturacaqda, Yeganənin nəvəsi Fuad isə sol arxa oturacaqda oturmuş, Asfalt yolun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində o, telefonla danışmışdır. Həmin anda qəflətən güclü taqqıltı səsi və maşınların toqquşması səsi eşitmiş, bundan sonra heç nə bilməmişdir. Hadisə yerinə gələn təcili tibbi yardım avtomaşını ilə Zaqatala diaqnostika mərkəzinə, səhəri günü isə Bakı şəhərinə Medikal hospitala aparmışlar. Hadisədən altı gün keçəndən sonra Yeganənin hadisə yerində öldüyünü, əri Bayramın və Fuadın isə ağır xəsarət aldığını bilmişdir. Hadisədən sonra bilmişdir ki, onlar öz yolunda gedərkən arxadan gələn Zaporojets markalı avtomobil Bayramın idarə etdiyi maşının arxasından vurub öz yolundan əks yola çaxartmış və qarşı tərəfdən gələn avtomobillə toqquşmuşdur. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2023-cü il tarixdə nənəsi Yeganə ilə birlikdə qohumları Bayramın idarə etdiyi Vaz 2106 markalı avtomaşıla Muğanlı kəndindən Zaqatala şəhərinə gedərkən avtomaşını Bayram idarə etmiş, nənəsi Yeganə sağ qabaq oturacaqda oturmuş, o, Bayramın arxa tərəfində arxa oturacaqda, Gülnaz isə arxa oturacaqda nənəsi Yeganənin arxasında oturmuşdur. Həmin vaxt pəncərədən arxaya baxarkən qırmızı rəngli «zaparotjes» markalı avtomaşın arxdan onların olduğu avtomaşını arxadan vurmuş, bu zaman onların olduqları avtomaşını qarşıdan gələn Vaz 011 markalı avtomaşınla toqquşub dayanmışdır. Hadisə nəticəsində sağ ayağından və sol qolundan xəsarət almış, sağ ayağı və sol qolu sınmış, sol gözü də harasa dəyərək xəsarət almışdır. Sonradan nənəsi Yeganənin hadisə nəticəsində aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Zaparojets markalı avtomaşın onları ötmək üçün sol tərəf böyrünə keçmiş, sonra qabaqdan avtomaşın gəldiyini görüb geri qayıdanda bərk gəldiyinə görə avtomaşını yığışdıra bilməyərək Bayramın idarə etdiyi avtomaşının arxa hissəsi ilə toqquşmuşdur. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, mərhum X6 anası olmaqla Zaqatala rayonu Muğanlı kəndində yaşamış, 14 oktyabr 2023-cü il tarixdə saat 0930 radələrində dayısı oğlu Pərviz Heydərov ona zəng edib anasının dayısı Bayramgilin qəza etdiyini və xəstəxanaya gəlməsini demişdir. Zaqatala rayonunda yerləşən Diaqnostika mərkəzinə getmiş, orada oğlu Fuad rentgen otağında olmuşdur. Sonradan hadisə nəticəsində oğlu Fuadun sağ ayağından, sol qolundan xəsarət alaraq sındığını, sol gözü hadisə baş verəndə harasa dəyib gözündən də xəsarət aldığını bilmiş, sonra isə anası Yeganənin aldığı xəsarətlərdən hadisə yerində öldüyünü bilmişdir. Sonradan tanımadığı Zaporojets markalı avtomaşının Bayramın idarə etdiyi avtomobili ötmək istəyəndə qarşıdan Vaz 21011 markalı avtomaşın gəldiyinə görə ötməni başa çatdıra bilməyərək Bayramın idarə etdiyi Vaz 2106 markalı maşının arxasına keçəndə saxlaya bilməyib Bayramın avtomaşınının arxa hissəsindən vurub Bayramın idarə etdiyi Vaz 2106 markalı avtomaşın yolundan çıxıb qarşıdan gələn Vaz 21011 markalı maşınla toqquşduğunu və həmin hadisənin baş verdiyini, hadisə zamanı anası Yeganə aldığı xəsarətlərdən hadisə yerində öldüyünü bilmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Niyazi oğlu ifadəsində göstərmişdir ki, 14 oktyabr 2023-cü il tarixdə saat 0945 radələrində əmisi oğlu Aqillə birlikdə yaşadığı kənddən Aqilin idarə eitdiyi ZAZ-968 M markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı-Zaqatala avtomobil yolu ilə Zaqatala şəhəri istiqamətində Asfalt yolun Aşağı Tala kəndindən keçən hissəsində 80 km\saat sürətlə hərəkətdə olarkən həmin vaxt onlardan qabaqda qara rəngli nömrəsini bilmədiyi BMV markalı avtomaşın, həmin avtomaşından qabaqda isə tanımadığı və nömrəsini bilmədiyi Vaz 2106 markalı avtomaşın getmişdir. BMV markalı avtomaşın qabaqda gedən Vaz 2106 markalı maşını ötüb getmiş, həmin avtomaşının arxasınca Aqil sola dönmə işığını yandırıb əks yola çıxıb Vaz 2106 markalı avtomobili ötən zaman Vaz 2106 markalı avtomaşının böyrünə çatanda Vaz 2106 markalı maşının sürücüsü ötməyə imkan verməyərək sürəti artırmış, həmin vaxt Aqil qarşıdan Vaz 21011 markalı avtomobilin gəldiyini görüb Vaz 2106 markalı maşının arxasına öz hərəkət yoluna keçmişdir. Bu zaman Aqil öz hərəkət yoluna keçəndə anidən Vaz 2106 markalı avtomobilin sürücüsü tormoz edərək tormoz işıqları yanmış, Aqil də tormoz etmiş, Vaz 2106 markalı avtomobil ilə aralarında təxminən 4-5 metr məsafə olmuşdur. Aqil tormoz edib toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobili yolun sağ tərəfinə idarə etidiyi avtomobilin sol qabaq hissəsi Vaz 2106 markalı avtomobilin sağ arxa tərəfindən toqquşmuş, Vaz 2106 markalı avtomobil yolun sol tərəfinə çıxaraq qarşıdan gələn Vaz 21011 markalı avtomobillə toqquşmuşdur. Aqilin idarə etdiyi avtomobilin qabaq tərəfi yolun kənarında olan kiçik beton dirəyə dəyib yerində çevrilərək yolun sağ tərəfində üzü Muğanlı kəndi istiqamətində dayanmış, avtomaşından düşüb toqquşan avtomobillərdə yaralanan şəxsləri avtomaşından çıxartmaqda və xəstəxanaya yola salmaqda həmin şəxslərə yardım etmişlər. Hadisə yerinə gələn şəxslər təcili yardım avtomaşını çağırmış, Vaz 2106 markalı atvomobildə sağ qabaq oturacaqda oturmuş tanımadığı qadın aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sonra hadisə yerinə gələn şəxslərlə birlikdə digər yaralırara yardım etmiş və şəxsləri təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya yola salmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 13 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: sağ diz oynağı nahiyəsində 5 (beş) ədəd, sol diz oynağı nahiyəsində 3 (üç) ədəd, sol baldırında 3 (üç) ədəd sıyrılmış yaralar, sağ gicgah ənsə nahiyəsində şişkinlik hematoma, sağ gicgah-təpəənsə sümüyünün kəllə əsasına keçən basılmış sınığı, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızma. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti meyitin məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvəl əmələ gəlməyə uyğun olub, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi Ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. X2 ölümünə səbəb almış olduğu sağ gicgah-təpə-ənsə sümüyünün kəllə əsasına keçən sınıqları nəticəsində yumşaq beyin qişası altına və yan mədəciklərə qansızma olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 416 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarət sol dirsək və mil sümükləri diafizlərinin birgə rast gəlinən sınıqları və sol qamış sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə yadım üçün Zaqatala RMX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 14.10. 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zarər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 461 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər hemopnevmotoraks ilə müşayiət olunan solda İİ-İİİ-İV-V-Vİ-Vİİ, sağda İİİ- İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları. sol bazu sümüyünün yuxarı ucunun qapalı. qəlpəli yerdəyişən sınığı, sol bud-çanaq oynağının travmatık çıxığı, sol sirkə kasasının qapalı. qəlpəli yerdəyişən sınığı, sağ qamış sümüyünün aşağı ucunun qapalı yerdəyişən sınığı, sağ aşıq sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə yadım üçün Zaqatala RMX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 14,10. 2023cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 101 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər hər iki gicgah sümüklərinin oynaq daxili sınıqları, baş beyin silkələnməsi, solda 3-4-cü, sağda 5-6-7-8-9cu qabırğaların qapalı qəlpəli yerini dəyişən sınıqları, hər iki tərəfdə ağ ciyərin əzilməsi, hemotoraks, sol asetabulumun arxa çıxığı və sınığı, sol diz qapağının qapalı qəlpəli yerini dəyişən sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə yardım üçün Zaqatala RMX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 14.10. 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 198 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər sağ göz ətrafında şişkinlik, hematoma, baş beyin silkələnməsi, alt çənədə əzilmiş-cırılmış yara, sol asetabulumun (sirkə kasasının) sınıqları və sol bud sümüyünün travmatik çıxığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə yardım üçün Zaqatala RMX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 may 2024-cü il tarixli, 8/1005 nömrəli rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən ZAZ-968M markalı 55VE336 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs ZAZ-968M markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış protokoldan və həmin protokola əlavə edilmiş sxemdən müəyyən olunmuşdur ki, yolnəqliyyat hadisəsi Zaqatala-Muğanlı avtomobil yolunun Zaqatala rayonu Aşağı Tala kəndindən keçən hissəsində baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli, 397 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Baş X18 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-6/2-41/2024 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu Üçüncü Tala kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi alması aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Üçüncü Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli ayışdan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon Üçüncü Tala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Qətimkan tədbirinin seçilməsinə dair 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə Məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzalar təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışaraq sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Qeyd olunan cəzanı yüngülləşdirən halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı həbsə alındığı andan hesablanmalıdır. Bu qənaətə gələrkən məhkəmə tərkibi iş üzrə bir nəfər şəxsin ölməsi ilə yanaşı, üçü ağır, biri az ağır olmaqla dörd nəfərin bədən xəsarətləri alması kimi nəticələrə səbəb olan halları nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunaraq məhz ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsini onun islah olunması üçün daha məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 256 AZN (iki yüz əlli altı manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 09 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 256 AZN (iki yüz əlli altı manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxs X9 isə hökmün surətini aldığı) vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar