Məhkəmə qərarları › İş №1(091)-222/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-222/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-222/2025 23.10.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1973-cü ildə Göyçay rayonunun Bığır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Göyçay rayonunun Bığır kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 mart 2025-ci il tarixdə saat 15 radələrində Göyçay rayonunun Bığır kəndində qohumu Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun ona məxsus evin çəpərinin yaxınlığında ağac əkməsi səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədən nahiyəsinə qəsdən zərbələr vuraraq və onunla yerdə dava edərək sonuncuya qarnın aşağı şöbəsinin sağ iç hissəsində yumşaq toxumaların deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ əlin ovuc səthində dərinin epidermis qatının kəsilmiş yarası, sol dirsək oynağı nahiyəsində və sol baldırın yuxarı 1/3-nin arxa səthində dərinin epidermis qatının sıyrılmış yaraları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən və gövdənin ön səthində döş qəfəsinin sağ yuxarı iç hissəsində döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən posttravmatik pnevmotoraks ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etsə də ifadə verməkdən imtina etmiş, qeyd olunan səbəbdən onun həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasının əmisinin oğludur və sonuncu ilə birlikə Göyçay rayonunun Bığır kəndində qonşuluqda yaşayırlar. Onların yaşadığı evin yerləşdiyi torpaq sahələri onun babası və babasının qardaşı olan Sirac Salmanovla uşaqları arasında bölünmüş və həmin vaxtdan onlar öz həyətyanı sahələrində ev tikərək yaşamışlar. Zərərçəkmiş şəxs da öz payına düşən torpaq sahəsində ev tikmiş, sonuncu ilə aralarında uzun illərdir torpaqla bağlı mübahisə olmuş və sonuncu beş qardaş olduqları üçün özlərinə az torpaq sahəsi düşdüyündən onun evinin yerləşdiyi 50 sot torpaq sahəsinin də özlərinin olmasını istəmişdir. Zərərçəkmiş şəxs evinin qapısına gedən yol onun evinin həyət çəpərinin yanından keçmiş, sonuncu mütəmadi olaraq onun evinin çəpərinə peyin tökərək həmin çəpərin özünə məxsus olduğunu bildirmiş, həmçinin bir neçə dəfə avtomobillə keçərkən çəpəri əzmiş, bundan başqa bir neçə gün əvvəl sonuncu ağacları gətirərək onun evinin yerləşdiyi torpaq sahəsinin çəpərinə əkmişdir. 22 mart 2025-ci il tarixdə saat 14 radələrində bayramlaşmaq üçün yaşadığı evdən çıxıb qonşuluqda yaşayan Zərərçəkmiş şəxs qardaşı Şahid3 yaşadığı evə getmiş, təxminən bir saat sonra oradan yaşadığı evə qayıdarkən bağda işləyən zaman üzərində daşıdığı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs onun evinin çəpərinə əkdiyi ağacları kök hissədən çıxarıb evinin qapısının qarşısına qoymuş və yaşadığı evə qayıtmışdır. Təxminən 15 dəqiqə sonra saat 15 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı evin qarşısından keçdiyini görüb evib qarşısına çıxmış və həmin vaxt bağda işlətdiyi, mütəmadi olaraq üzərində olan mətbəx bıçağı şalvarının bel hissəsində olmuşdur. O, Zərərçəkmiş şəxs onun evinin çəpərinə ağac əkməsinin və çəpərinə avtomobillə toxunmasının səbəbini soruşmuş, sonuncu onun yaşadığı evin torpaq sahəsinin özünə məxsus olduğunu deyib onu təhqir etmiş, o isə onların yaşadığı evlərin torpaq sahələrinin böyükləri tərəfindən bölündüyünü, hamıya torpaq sahəsi düşdüyünü, həmin yaşadığı evin yerləşdiyi torpaq sahəsinin ona məxsus olduğunu və onu təhqir etməməsini Zərərçəkmiş şəxs demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona tərəf hərəkət edib əli ilə onun sifətinə sillə zərbəsi vurmuş, onlar bir-birilərinin yaxasından tutub mübahisə edərkən Zərərçəkmiş şəxs iki əli ilə onun boğaz nahiyəsindən yapışmış və yenidən onu təhqir etmişdir. Bu zaman onun fiziki cəhətdən Zərərçəkmiş şəxs gücü çatmadığından özünü müdafiə etmək üçün bağda istifadə etdiyinə görə üzərində olan mətbəx bıçağını bel nahiyəsindən çıxarıb sağ əli ilə sonuncunun sinə və qarın nahiyələrinə zərbələr vurmuş, bu zaman sonuncu əli ilə bıçağı tutduğu üçün bıçaq sonuncunun sağ əlinin içəri hissəsini kəsmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs kənarlaşmağa çalışmış, lakin sonuncu onu tutub kənarlaşmasına imkan verməmişdir. Nəticədə onlar bir-birilərini dartmağa başlamışlar, daha sonra Zərərçəkmiş şəxs onu itələyib yerə yerə yıxmış, bu zaman sonuncu onun üzərinə yıxılmış və həmin vaxt onun əlində olan bıçaq yerə dəyərək əyilmişdir. Daha sonra səsə yaşadığı evdən bacısı Şahid1 oraya gələrək onları bir-birindən kənarlaşdırıb onu yaşadığı evə gətirmiş, Zərərçəkmiş şəxs isə kim tərəfindən oradan aparıldığını görməmişdir. O, evdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək hadisə barədə məlumat vermiş və Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı özü ilə yaşadığı evə gətirib istintaq orqanına təqdim etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır, hadisədən sonra zərərçəkmiş şəxslə barışmışdır, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisinin nəvəsidir, sonuncu ilə aralarında hər hansı ədavət və düşmənçilik olmamış, sonuncu ilə Göyçay rayonunun Bığır kəndində qonşuluqda yaşamışlar və onun yaşadığı evə gedən yol Təqsirləndirilən şəxs yaşadığı evinin yanından keçmişdir. 22 mart 2025-ci il tarixdə günorta saatlarında özünə məxsus olan iri baş heyvanı götürüb evinə qayıdan zaman Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında onu görüb torpağında ağac əkməsinin və torpağına peyin tökməsinin səbəbini soruşmuş, o isə qohum olduqlarını, yaşca böyük olduğunu və hər xırda məsələyə görə söz-söhbət yaratmamasını demişdir. Bu zaman Təqsirləndirilən şəxs yenidən dediklərini təkrar etmiş, sonuncu onunla kobud fomada danışdığı üçün sonuncuya yaşda böyük olduğunu, onunla bu formada danışmamasını demiş və ərk edərək sonuncunun sifətinə bir sillə zərbəsi vurub iki əli ilə boğaz nahiyəsindən yapışmışdır. Bu zaman Təqsirləndirilən şəxs bel nahiyəsində olan bıçağı götürüb əvvəlcə onun sinə nahiyəsinə, daha sonra isə qarın nahiyəsinə bıçaqla zərbələr vurmuş, sonuncu onun qarın nahiyəsinə bıçaqla zərbə vuran zaman o, bıçağı tutmağa çalışsa da buna nail ola bilməmiş və həmin vaxt onun sağ əlinin ovuc hissəsi kəsilmişdir. Təqsirləndirilən şəxs ona bıçaqla zərbələr vurub ondan kənarlaşmağa çalışarkən o, yenidən sonuncunu tutub itələyib yerə yıxmış, sonuncunun əlində olan bıçaq yerə dəyərək əyilmiş və sonuncu əlində olan bıçağı kənara tullamışdır. Təqsirləndirilən şəxs ona bıçaqla zərbələr vurduğu üçün o, sonuncuya zərbə endirmək məqsədilə sonuncunun üzərinə çıxmış və yerdə bir qədər sağa-sola tərəf hərəkət etmişlər. Bu zaman onun ayağı və dirsəyi yerdə olan daşlara dəyib sıyrılmış və təxminən 1 dəqiqə sonra Təqsirləndirilən şəxs bacısı Şahid1 oraya gəlib onları bir-birindən kənarlaşdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, o da yaşadığı evə gedən zaman qardaşı Şahid3 səsləyib sonuncuya bu barədə məlumat vermiş və sonuncu ona məxsus “Lada Priora” markalı avtomobillə onu xəstəxanaya aparmışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verməsi təklif olunmuş Şahid1 Təqsirləndirilən şəxs onun qardaşı olduğunu deyib ifadə vermək istəmədiyini bildirərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş, qeyd olunan səbəbdən onun həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasının əmisinin oğludur və o və qardaşı Şaiq Zərərçəkmiş şəxs Salmanovla qonşuluqda yaşamışlar. 22 mart 2025-ci il tarixdə saat təxminən 15 radələrində yaşadığı Göyçay rayonunun Bığır kəndində yerləşən evdə olan zaman evin həyətindən səs-küy gəldiyini eşidib evin həyətinə çıxmış və bu zaman Zərərçəkmiş şəxs evin həyətində qardaşı Təqsirləndirilən şəxs üzərində olduğunu görmüşdür. Daha sonra o, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs yaxınlaşıb nə baş verdiyini soruşmuş və sonuncunun deməsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurması və bu səbəbdən də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yerə yıxıb yerdə zərbə vurması ona məlum olmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs bir-birindən kənarlaşdırmış və yerdə olan ucu əyilmiş bıçağı da götürüb qardaşı Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evə daxil olmuşlar. Bundan sonra o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmasının səbəbini soruşmuş, Təqsirləndirilən şəxs deməsinə əsasən ağaclara görə mübahisənin baş verməsi, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqir edərək zərbə vurması, daha sonra Təqsirləndirilən şəxs özünü Zərərçəkmiş şəxs müdafiə etmək üçün bağda işlətdiyi bıçağı götürüb sonuncuya zərbə vurması, lakin sonra peşman olub getmək istəyən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yapışıb yerə yıxması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Srac oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı, Təqsirləndirilən şəxs isə onun əmisinin nəvəsidir. Təqsirləndirilən şəxs onunla Göyçay rayonunun Bığır kəndində qonşuluqda yaşamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 22 mart 2025-ci il tarixdə saat təxminən 15 radələrində Göyçay rayonunun Bığır kəndində yerləşən evində olan zaman qardaşı Zərərçəkmiş şəxs evinin qarşısından onu səslədiyini eşitmiş, evdən çıxıb nə baş verdiyini soruşarkən sonuncunun bədənindən qanın axdığını görmüş və sonuncuya yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs deməsinə əsasən sonuncu ilə Təqsirləndirilən şəxs mübahisə etmələri və bu zaman Təqsirləndirilən şəxs bağda işlətdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs zərbə vurması ona məlum olmuşdur. Bundan sonra o, qardaşı Zərərçəkmiş şəxs “Lada Priora” markalı avtomobillə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparmış və orada sonuncuya tibbi yardım göstərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə onun atasının əmisinin oğludur və qardaşı Təqsirləndirilən şəxs onunla və bacısı Şahid1 ilə birlikdə Göyçay rayonunun Bığır kəndində Zərərçəkmiş şəxsla qonşuluqda yaşamışlar. 22 mart 2025-ci il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında işdə olan zaman bacısı Şahid1 ona zəng edərək qardaşı Təqsirləndirilən şəxs bağda işlətdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bıçaqla zərbə vurduğunu və sonuncunun xəstəxanaya aparıldığını demişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 22 mart 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək qonşusu Zərərçəkmiş şəxs bıçaq zərbəsi vurması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 22 mart 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən Zərərçəkmiş şəxs “döş qəfəsinin sağ yarasının daxilə keçən kəsilmiş-deşilmiş yarası və qasıq nahiyəsinin kəsilmiş-deşilmiş yarası (bıçaqlanıb) xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs tərəfindən Göyçay Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 22 mart 2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs onun atası Zərərçəkmiş şəxs bıçaqla zərbə vuraraq xəsarət yetirməsi barədə məlumat verərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 22 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs məxsus olan və Göyçay rayonunun Bığır kəndində yerləşən fərdi yaşayış evinin qarşısıdır. Baxış keçirilən zaman əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamış və fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 22 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd bıçaq qara rəngli və açılıb-qatlanmayan olmaqla tiyə və dəstək hissələrdən ibarətdir. Bıçağın dəstəyi qara rəngli sərt plastikdən, tiyəsi isə boz rəngli metaldan olmaqla, tiyəsinin bir tərəfi küt, digər tərəfi kəsici, ucu isə deşici xassəyə malikdir. Daha sonra bir ədəd bıçaq müvafiq qaydada qablaşdırılmış və fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 22 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd pijama açıq göy rəngli, 01 ədəd mayka boz rəngli və 01 ədəd uzunqol köynək damalı, boz-göy rənglidir və köynək və mayka cırılmış vəziyyətdədir. Daha sonra həmin paltarlar müvafiq qaydada qablaşdırılmış və fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 mart 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 mart 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 28 aprel 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisə zamanı birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmaması, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükənin yaranmaması, qorxu və narahatçılıq hissinə səbəb olmaması, ictimai qaydanın kobud şəkildə pozulmaması və oraya kənar şəxslərin toplaşmaması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 mart 2025-ci il tarixli 117 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onda “gövdənin ön səthində döş qəfəsinin sağ yuxarı iç hissəsində döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən posttravmatik pnevmotoraks” diaqnozu ilə, 22 mart 2025-ci il tarixdə iti uclu deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmiş və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, habelə “qarının aşağı şöbəsinin sağ iç hissəsində yumşaq toxumaların deşilmiş-kəsilmiş yarası” diaqnozu ilə, 22 mart 2025-ci il tarixdə iti uclu deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmiş və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, həmçinin “sağ əlin ovuc səthində dərinin epidermis qatının kəsilmiş yarası” diaqnozu ilə, 22 mart 2025-ci il tarixdə iti uclu deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmiş və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilməyən, eləcə də “sol dirsək oynağı nahiyəsində və sol baldırın yuxarı 1/3-nin arxa səthində dərinin epidermis qatının sıyrılmış yaraları” diaqnozu ilə, 22 mart 2025-ci il tarixdə mübahisə zamanı çınqıllı, daşlı və s. sahə üzərinə yıxıldıqdan sonra küt-bərk əşyanın (əşyaların) təsirindən əmələ gəlmələri inkar edilməyən və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ballistik və trasoloji ekspertizasının 27 may 2025-ci il tarixli 3/559 və 3/562 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq-zavod üsuli ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim eidlmiş uzunqol köynəyin, maykanın və alt şalvarının səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin uzunqol köynəyin, maykanın və alt şalvarının səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş uzunqol köynəyin, maykanın və alt şalvarının material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını təyin etmək mümkün olmadığından onların səthində olan zədələrin yaranma mexanizmini müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş uzunqol köynəyin, maykanın və alt şalvarının səthində olan zədələrlə məhkəmə-tibb ekspertizasının rəyində qeyd edilən Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlərlə yerləşmə sahəsinə görə nisbi uyğunluq təşkil edir. Təqdim edilmiş geyim əşyalarının səthində olan zədələrin müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə də yaranması istisna edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 27 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 29,120.1, 126.2.2, 126.2.3, 126.2.4, 130.1, 221.3 və 228.5-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb olunmaqla yenidən ittiham elan etmək haqqında 27 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş notariat qaydasında təsdiq edilmiş 30 may 2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X6 ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 126.1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 24 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 27 mart 2025-ci il tarixli qərarından görünür ki, əvvəli 24 mart 2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 24 mart 2025-ci il tarixdən hesablanmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 05 may 2025-ci il tarixli 18-1-40/2-518/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada həkim-narkoloqun qeydiyyatında yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 05 may 2025-ci il tarixli 18-1-40/2-518/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada həkim-psixiatrın qeydiyyatında yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 27 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd mayka və 01 ədəd alt şalvarı həmin tarixdə maddi sübut hesab edilmiş və saxlanılması üçün Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd mayka və 01 ədəd alt şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd uzunqol köynək, 01 ədəd mayka və 01 ədəd alt şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar