Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-223/2024 09.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İSədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X9, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Hacı-X2 iştirakları ilə, xx xxxxxx 1980-ci ildə İsmayıllı rayonun Balik kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, İsmayıllı rayonu Balik kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edərək özündə saxlamış, 2024-cü ilin mart ayının sonlarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda o, yaşadığı İsmayıllı rayonunun Balik kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində, giriş qapısından sol tərəfdə bir ədəd taxta yeşiyin içərisinə yığdığı 42 ədəd dəmir materialından olan dibçəklərə əkin üçün yararlı torpaq dolduraraq həmin dibçəklərdə tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə külli miqdar təşkil edən 57 (əlli yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini 1 santimetrdən 4 santimetrədək hündürlüklərə çatdırmaqla yetişdirib kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə dibçəklərdə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, təmiz çəkisi 16,67 qram olan, külli miqdar təşkil edən ümumilikdə 57 (əlli yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitillləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadığı İsmayıllı rayon Balik kəndindəki evinin yaxınlığında küçədə olarkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq həyətində narkotik tərkibli çətənə bitkiləri əkib becərilməsində şübhəli olduğuna görə yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş, etiraz etməyərək bununla bağlı İsmayıllı rayon Polis Şöbəsinə razılıq ərizəsi yazmışdır. Yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətyanı sahədə giriş darvazasından içəridə sol tərəfdə 1 (bir) ədəd taxta yeşikdə (tara qabda) ümumilikdə 42 ədəd dibçək olduğu, həmin dibçəklərdə torpaq üzərində köküüstə yaş halda 57 ədəd narkotik tərkibli bitkiyə bənzər şitillər olduğu müəyyən edilmişdir. Mütəxəssis qismində iştirak etmiş Rəşid Zülfüqarlı həmin ştillərə aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, həmin şitillərin özünə məxsus olduğunu, şəxsi istifadə məqsədi ilə özü tək əkib-becərdiyini qeyd etmişdir. Bundan sonra isə 42 ədəd dəmir dibçəklərdə əkilmiş vəziyyətdə aşkar edilmiş olan cəmi 57 ədəd çətənə ştilləri içərisinə yığılmış yeşiklə birlikdə 1 ədəd ağ rəngli kisəyə yerləşdirilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 02 aprel 2024-cü il tarixdə İsmayıllı rayonu Balik kənd sakini Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin qanunsuz kultivasiyası ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 12 radələrində İsmayıllı rayonu Balik kəndində Təqsirləndirilən şəxs yaşadığı küçədə görüb sonuncuya yaxınlaşaraq narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq əkib becərməkdə şübhəli olduğuna görə yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş, Təqsirləndirilən şəxs buna etiraz etməyərək bununla bağlı İsmayıllı rayon Polis Şöbəsinə razılıq ərizəsi yazmışdır. Dəvət olunmuş aqronom-mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs həyətinə videoçəkilişlə baxış keçirilən zaman həyətyanı sahəsində giriş darvazasından içəridə sol tərəfdə fındıq ağacının dibində 1 (bir) ədəd taxta yeşikdə (tara qabda) ümumilikdə 42 ədəd dəmirdən dibçəklərdə köküstə yaş halda 57 ədəd narkotik tərkibli bitkiyə bənzər şitilləri aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Mütəxəssis qismində iştirakçı olan Rəşid Zülfüqarlı həmin ştillərə baxaraq aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, Təqsirləndirilən şəxs həmin bitki şitillərinin özünə məxsus olduğunu, şəxsi istifadə məqsədi ilə özü tək əkib-becərdiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 03 aprel 2024-cü il tarixli 17/336 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu Balik kənd sakini Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 1(bir) ədəd taxta yeşikdə olmaqla 42 (qırx iki) ədəd dibçəkdə köküüstə yaş narkotik tərkibli vasitəyə bənzər bitki ştilləri.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd taxta yeşiyin içərisindəki 42 (qırx iki) ədəd dibçəklərdəki torpağa əkilmiş vəziyyətdə olan, uzunluqları 1 sm-dən 4 sm-dək, yaş halda ümumi çəkiləri – 16,67 qram olan 57 (əlli yeddi) ədəd bitki ştilləri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Baş məsləhətçi Rəşid Zülfüqarlının 02 aprel 2024-cü il tarixli rəyinə əsasən çətənə(kannabis) bitkisinin ştillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə(kannabis) bitkisinin ştilləri erkən inkişaf fazasında olduğundan (ştil mərhələsində olduğu üçün) onların bir biri ilə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 may 2024-cü il tarixli 812 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 04 may 2024-cü il tarixli 302 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi vəziyyətində hər hansı pozuntu aşkar olunmur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəni törədərkən anlaqlı vəziyyətdə olmuşdur. O, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir və hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq onun iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkətlər etməyə və yalan danışmağa meyilli deyildir. Təqsirləndirilən şəxs yaşı və intelektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd hərəkətlərdən əvvəl, cinayət hadisəsi baş verən zamanı və cinayət hadisəsindən sonra adi psixi-emosional halda olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsinə dair 02 aprel 2024-cü il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CDdiskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonu Balik kəndində yerləşən fərdi yaşayış evinin həyətinə giriş darvazasından içəridə sol tərəfdə bir ədəd taxta yeşikdə (tara qabda) 42 ədəd dəmir dibçəklərdə torpaq üzərində köküstə yaş halda cəmi 57 ədəd hündürlükləri 1 sm-dən 4 sm-dək olan narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Balik kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Mirzəyev X3 rayonu Balik kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində 2014-cü ildə doğulmuş Maya Mirzəyeva adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X10 arasında 09 iyul 2019-cu il tarixdə İsmayıllı rayonu Qeydiyyat şöbəsində 116 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuş, 29 sentyabr 2008-ci il tarixdə doğulmuş X5, 28 avqust 2009-cu il tarixdə doğulmuş X7 və 19 iyun 2014-cü il tarixdə doğulmuş X8 boşanmadan sonra atası Təqsirləndirilən şəxs yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tibbi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Ağ ciyərlərin fibroz-kavernoz vərəmi infiltrasiya mərhələsində” diaqnozu ilə qeydiyyatda olmaqla İ qrup əlildir. İş materiallatrında olan və məhkəmə iclasında tədqiq edilmiş “İsmayıllı rayon Mərkəzi Xəstəxanası“ X18 tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli 18-1-47/2- 506/2024 nömrəli məktubdan görünür ki, İsmayıllı rayonu Balik kənd sakini, xx.xx.1980-ci il təvəllüdlü Mirzəyev X1 Şöbəsinin “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 02 aprel 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs saat 1348-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, “Ağ ciyərlərin fibroz-kavernoz vərəmi infiltrasiya mərhələsində” diaqnozu ilə qeydiyyatda olmaqla İ qrup əlil olması və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən sadalanan təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallarınn məcmusu, o cümlədən onun “Ağ ciyərlərin fibroz-kavernoz vərəmi infiltrasiya mərhələsində” diaqnozu ilə qeydiyyatda olmaqla İ qrup əlil olması halını cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edilir və CM-in 62-ci maddəsinə uyğun olaraq müstəsna hal hesab edilərək təqsirləndirilən şəxsə CM-in 237.2.3-cü maddəsi ilə CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasından daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bütün bu qeyd edilənlərlə yanaşı məhkəmə vurğulamaq istəyir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2010-cu il tarixdə təsdiq edilmiş məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin siyahısında proqressivləşən gedişli, İİ dərəcəli tənəffüz çatışmazlığı, ağciyər ürəyi, İİİ mərhələ qan dövranı çatışmazlığına gətirib çıxaran Ağ ciyərlərin bir və ya iki tərəfli fibroz-kavernoz və ya sirrotik vərəmi qeyd edilmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli 18-1-47/2-1226/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağciyərlərin fibroz-kavernoz vərəmi, infiltrasiya mərhələsində” diaqnozu ilə Poliklinika şöbəsində diapanser qeydiyyatdadır. Mütəxəssis həkim-ftiziatr rəyinə görə qeyd olunan xəstəliyin proqressivləşən gedişi İİ dərəcəli tənəffüs çatışmazlığı, ağciyər ürəyi, İİİ mərhələ qan dövranı çatışmazlığına gətirib çıxarda bilər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs “Ağciyərlərin fibrozkavernoz vərəmi infiltrasiya mərhələsində” diaqnozu ilə qeydiyyatda olmaqla İ qrup əlil olması onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsinin CM-nin 8-ci maddəsində nəzərdə tutulan ədalət prinsipinə əsasən onun şəxsiyyətinə uyğun olmamaqla yanaşı, CMnin 41.2-ci maddəsində nəzərdə tutulan şəxsin islah edilməsinə xidmət etmir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən təqsirkarın şəxsiyyətini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmasının onun keçirdiyi vərəm xəstəliyi ilə əlaqədar özünü cəmiyyətdə təsdiq etmə hissinin və cəmiyyət tərəfindən qəbul oluna bilməsi inamının daha da sarsılmasına, himayəsində olan ailə üzvlərinin onsuz da ağır vəziyyətdəki maddi-mənəvi durumunun daha da ağırlaşacağına səbəb olacağını hesab edir. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Odur ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə 02 aprel 2024-cü il tarixdən 04 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdən 04 aprel 2024-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Təqsirləndirilən şəxs qeydiyyat olduğu yer üzrə İmayıllı İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı İsmayıllı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 2300-dan səhər saat 0600-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi, eyni zamanda stasionar qaydada müalicəyə başladıqda bu barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – İsmayıllı rayon Polis Şöbəsində saxlanılan 01 ədəd kağız paketdə təmiz çəkisi – 16,67 qram olan 57 ədəd narkotik təbiətli çətənə bitkisi şitilləri, 1 ədəd taxta yeşik və içərisi torpaqlı vəziyyətdə 42 ədəd dəmir dibçək məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-223/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-223/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver