Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-224/2023 05.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Lerik rayonu Noda kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Lerik şəhəri E.Qarayev küçəsi ev 26-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən külli miqdar daxil olmaqla narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 18.171 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, V.Hüseynov küçəsi 11/2 saylı binanın qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 21:00-dan 21:12-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə – heroin əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində kirayə qaldığı ünvan 1 ünvanında xalası oğlu Sakit adlı şəxslə iftar edən zaman sonuncuya zəng gəldikdən sonra işdən çağırıldığını və qısa müddətdən sonra gələcəyini bildirərək evdən çıxmış, 10 dəqiqə sonra masa arxasında yemək yeyən zaman mənzilin qapısı açılaraq 3 nəfər mülki geyimli şəxslər mənzilə daxil olub onun əlini qolunu bağladıqdan sonra stulunun üzərində olan qara rəngli kapişonkalı idman gödəkçəsini onun əyninə geyindirmişlər. Polis əməkdaşları evə daxil olub onun əlini qolunu bağladıqdan sonra üzünü xatırlamadığı şəxs onun əynindəki qara rəngli idman gödəkçəsinin cibinə bir ədəd sellofan büküm yerləşdirmişdir. Bundan sonra polis şöbəsinə gətirilərək orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman gödəkçəsinin sol cibindən çəkisi 18,56 qram olmaqla içərisində kütlə olan bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan kütlə ona məxsus olmamış və cibinə kim tərəfindən qoyulmasından xəbəri olmamışdır. 2023-cü ilin mart ayında Mingəçevir şəhərində usta kimi işlədiyi zaman Bakı şəhəri, Xəzər rayonu 3-cü X6 adlı polis əməkdaşı onun istifadəsində olan mobil telefona zəng vurub Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinin divarına “YaAllah” sözünün yazılmasına görə polis şöbəsinə dəvət etmiş, yaşadığı fərdi yaşayış evinin divarındakı “YaAllah” sözünü silmiş və yenidən Xəzər rayonu, Polis Şöbəsinə dəvət olunan zaman orada ona tanımadığı polis əməkdaşları dini mövzuda suallar verildikdən sonra sərbəst buraxılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid3 və Şahid1 ilə birlikdə Mingəçevir şəhəri, V.Hüseynov küçəsi, 11/2 saylı binanın qarşısında olan Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Mingəçevir şəhər Polis Şöbəsinə dəvət etmiş, Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu çəkisi 18,56 qram olan büküm aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd sellofana bükülmüş bükümdə olan kütlənin özünə məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, V.Hüseynov küçəsi 11/2 saylı binanın qarşısında görüb yaxınlaşaraq polis şöbəsinə dəvət etmiş, digər polis əməkdaşları heç biri Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində xalası oğlu Əlirza ilə birlikdə Mingəçevir şəhərində kirayə yaşadıqları evə gəlmiş, əl-üzlərini yuduqdan sonra işlədikləri obyektin sahibi ona zəng vuraraq dekor üçün daş göstərəcəyini bildirmişdir. Həmin şəxsə lazım olarsa obyektə gələ biləcəyini demiş, obyektin sahibi obyektə gəlməyə ehtiyac olmadığını, özünün gələcəyini bildirmişdir. Yarım saat sonra həmin şəxs zəng edərək onu yolun kənarında gözlədiyini bildirmiş, yolu keçən zaman bir nəfər şəxs ondan alışqan istəmişdir. Həmin şəxsə alışqanının olmadığını dedikdən sonra digər bir şəxs ona yaxınlaşaraq ondan adını soruşmuşdur. Həmin şəxsə də adını nəyə görə soruşduğunu bildirdikdən sonra başqa bir şəxs ona yaxınlaşaraq onu avtomobilə dirəyərək yenidən adını soruşmuşlar. Həmin şəxsə adının Sakit olduğunu bildirdikdən sonra onu yenidən avtomobilə salaraq adını düzgün deməsini bildirmişlər. Yenidən adını dedikdən sonra onu axtarmadıqlarını bildirərək kim ilə yaşadığını soruşmuşlar. Xalası oğlu Əlirza ilə birlikdə yaşadığını dedikdən sonra yaşadığı evə baxmaq istədiklərini bildirmiş, sonra onu avtomobildə saxlayaraq yaşadığı evə getmişlər. Üç nəfər xalası oğlu Əlirzanı sürüyərək avtomobilə mindirmiş, onu yolun yarısında buraxaraq Əlirzanı Mingəçevir şəhər Polis Şöbəsinə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/339 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik kütləyə bənzər maddə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 18.171 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 996 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs heroindən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərzai narkoloji dispanserində proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 09 aprel 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman köynəyinin sol yan cibindən çəkisi 18,56 qram olan şəffaf rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lerik rayon İcra Hakimiyyəti Başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-65-13/2-974/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lerik şəhəri Elmar Qarayev küçəsi 26-da qeydiyyatda olmaqla, himayəsində xx.xx.2022-cı ildə doğulmuş Mücahid Firudinbəyli adlı bir azyaşlı uşağı vardır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 09 aprel 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2030-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmaması və polis əməkdaşlarının həmin narkotik vasitələri onun üzərinə qoymalarına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Əlirza Firidunbəylinin üzərinə müdafiəçisinin iştirakı şəxsi axtarış keçirilən zaman onun əynindəki idman köynəyinin sol yan cibindən bir bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olmamasını bildirsə də həmin halı təkzib edə biləcək hansısa bir dəlil gətirə bilməmişdir. Bundan başqa müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhz həmin vaxt iftar vaxtı olmaqla saat 20 radələrində saxlanılmasını və həmin vaxt yaşadığı evdə olmasını, həmçinin polis əməkdaşlarının təqsirləndirilən şəxsi tanımadığına görə sonuncunun xalası oğlunun vasitəsilə yaşadığı evin yerini öyrənərək evə daxil olmasını göstərməsi ancaq ehtimallar üzərində qurulmuş, iş üzrə hansısa mötəbər dəlillərlə təsdiq olunmamışdır. Məhkəmə qohumu, yəni xalası oğlu olduğuna görə X2 da ifadəsini Təqsirləndirilən şəxs məsuliyyətdən yayınması üçün sonuncunun xeyrinə verilmiş ifadələr kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Bunan başqa məhkəmə cəza təyin edərkən qeyd etməyi zəruri hesab edir ki, narkomaniyanın ümumbəşəri bir bəla olmasını nəzərə alaraq CPM-in 318-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasına və daşınmasına görə ittham verilsə də həmin narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması ona dövlət ittihamçısının təklif etdiyi cəza həddindən daha sərt cəza təyin edilməsini daha zəruri edir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 09 aprel 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 09 aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 18,071 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-224/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-224/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver