Məhkəmə qərarları › İş №1(091)-227/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-227/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-227/2023 04.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1991-ci ildə Göyçay şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, külli miqdar hesab edilən 2,483 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib satış məqsədi olmadan 1 ədəd sellofan bükümdə qablaşdırılmış formada üzərində saxlayaraq daşıyarkən Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 27 mart 2023-cü il tarixdə, saat 1630-da ünvan 3 ünvanında yerləşən Göyçay RPŞ-nin inzibati binasına gətirilib həmin tarixdə, saat 1710-da polis şöbəsinin Növbətçi Hissəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sol iç cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd sellofan bükümdə olmaqla külli miqdarda, yəni 2,483 qram təmiz çəkidə narkotik vasitə olan həmin heroin ondan aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 27 mart 2023-cü il tarixdə əvvəldən tanıdığı Hüseyn adlı şəxs onu siqaret almaq üçün küçəyə çağırmış, Hüseynin yanında Göyçay rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq baş vermiş hansısa oğurluq hadisəsinə görə rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada polis əməkdaşları tərəfindən döyüldükdən sonra CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyini bildirərək polis əməkdaşlarını üzərinə qoyduqları narkotik vasitəni boynuna almasını bildirmişlər. Polislər ona həbs olunmayacağını, elektron qolbağla işinin həll olunacağını, əgər narkotik vasitəni boynuna almasa oğurluğu boynuna qoyacaqlarını dediklərinə görə narkotik vasitənin özünə məxsus olması ilə razılaşmışdır. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadasində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Vaqif küçəsində yol kənarında dəmir yığarkən yerdən sellofan bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlə taparaq istifadə etmək üçün üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 1630-da Göyçay şəhəri, Vaqif küçəsində yaşadığı evin yaxınında tək olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol iç cibindən içərisində narkotik vasitə heroinin olduğu və çəkisi 2,65 qram olan bir ədəd sellofan büküm aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin CAB-ın rəisi işləyən Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Göyçay şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə saat 16 radələrində Vaqif küçəsində olan Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Göyçay rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 2,65 qram olan içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroini iki gün əvvəl yaşadığı evin küçəsində yerdən tapdığını, istifadə etmək məqsədi ilə götürüb üzərində saxladığını, satmaq niyyətin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olarkən nəvəsi ona oğlu Bağırın sonuncunun tanışı Hüseyn adlı şəxslə getdiyini bildirmiş, həmin gün gecə Bağır evə gəlməmişdir. Səhəri gün oğlunu axtarmağa başlamış, sonradan böyük oğlu ona zəng edərək Bağırın həbs olunduğunu bildirmişdir. Bundan sonra Göyçay rayon Polis Şöbəsinə gedərək oğlunun işini aparan müstəntiqin yanına getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Bağır Həsərətov onun tanışı olmaqla 27 mart 2023-cü il tarixdə Bağırı evdən çağırmamış, onun yanında polis əməkdaşları Bağırı saxlamamışlar. Bağırın tutulmasından sonradan xəbər tutmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/279 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri yazılmış zərin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2.483 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 01 iyul 2023-cü il tarixli, 1147 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 556 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər iki bazu nahiyyəsində və sol kürək nahiyəsindəki qançırlar, sol baldırında sıyrıq xəsarətləri olmuşdur, xəsarətlərin xarakteri hər tərəfli təsvir olunmadığı üçün həmin dövrə uyğun olaraq yetirilmə müddətlərini dəqiq müəyyən etmək mümkün deyildir, xəsarətlər küt alətlə yetirilmişdir, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 27 mart 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun əynindəki gödəkçənin sol iç cibindən sellofan bükülünün içərisində çəkisi 2,65 qr olan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısınını Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən alınmış xx.xx.2023-cü il tarixli 1331 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri Vaqif küçəsi 91 saylı evdə yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Göyçay rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin arayışından görünür ki, Göyçay şəhəri Vaqif küçəsi 91 ünvanında yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən “Narkomaniya” diaqnozu ilə narkoloq həkimdə qeydiyyatdadır, psixiatr həkimdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 27 mart 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1705-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 29 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Bunan başqa Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərlə bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, onun barəsində olan X1 daxil olmuş onun barəsində olan həbsə alınmış şəxsin şəxsi işində Təqsirləndirilən şəxs öz xətti ilə izahat yazaraq bədən səthində aşkar olunmuş xəsarətləri həbs olunmamışdan əvvəl yarandığını bildirmişdir. Eyni zamanda Göyçay rayon Polis Şöbəsi üzrə tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabında da Təqsirləndirilən şəxs sağ və sol çiyin nahiyyələrinin sıyrılmış yaraları, sağ ayağının sıyrılmış yaralarının olması qeyd edilmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətləri, özünün də istintaq təcridxanasında qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılmamışdan qabaq aldığını, polis tərəfindən ona qarşı təsir və təzyiq göstərilmədiyini bir daha təsdiq edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs artıq istintaq təcridxanasında saxlanılan zaman polisin nəzarətində olmadığını, buna görə də ona qarşı edilmiş işgəncə faktına görə sərbəst şəkildə bu barədə bəyan etmək imkanına malik olduğunu hesab edir. Ona görə də onun həmin vaxt izahatında qeyd etdiklərini daha səmimi və işin hallarına uyğun gələn hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 27 mart 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 27 mart 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay Rayon Polis Şöbəsində saxlanılan 2,433 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar