Məhkəmə qərarları › İş №1(091)-228/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-228/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-228/2025 28.10.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2009-cu il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı valideynin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 26 mart 2025-ci il tarixdə, saat 11 radələrində Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsində sabiq sinif yoldaşı Zərərçəkmiş şəxs ondan sevgi münasibətlərinin olmasını bildirdiyi sinif yoldaşı X1 “İnstagram” sosial şəbəkəsindəki səhifəsinə təqib göndərməsini irad tutaraq sonuncu ilə münasibət saxlamamasını tələb etməsi, həmçinin nalayiq ifadələr işlətməklə onu yumruqla vurması səbəbindən aralarında həmin şəxsi münasibətlər zəminində mübahisə yaranması səbəbindən Zərərçəkmiş şəxs ondan üzr istəməsini tələb etmək, əks təqdirdə sağlamlığına zərər vurmaqla ondan qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs həmin gün görüşə çağırmış, 26 mart 2025-ci il tarixdə, saat 13 radələrində Şəki şəhəri, Sarabski küçəsində onunla görüşərək birlikdə həmin küçədə yerləşən, keçmiş gübrə zavodunun ərazisindəki “üç turba” deyilən köhnə tikilinin həyətinə getdikdən sonra orada ondan üzr istəməsini tələb etmiş, sonuncu imtina etdiyindən aralarında həmin şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmin yerə gəlməmişdən əvvəl yaşadığı evdən götürdüyü, üzərində olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bir zərbə vuraraq ona qaraciyərin, mədəaltı vəzin, diafraqmanın, mədənin zədələnməsi ilə qarın boşluğuna dəlib keçən bir ədəd yara kimi xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək məhkəmədə ifadə verməkdən imtina etmişdir. Buna görə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Şəki şəhəri 12 nömrəli tam orta məktəbin 10-cu sinifində oxuyur. Əvvəllər isə 9-cu sinifə kimi Şəki şəhər 11 saylı orta məktəbdə oxumuşdur. Zərərçəkmiş şəxs ilə 11 saylı tam orta məktəbdə bir sinifdə oxumuşdur. Birlikdə oxuduqları müddətdə Kərimlə normal münasibəti olmuş, onunla aralarında heç vaxt narazılıq, mübahisə və dava-dalaş olmamışdır. O, 10cu sinifdə dərslərinə Şəki şəhəri 12 nömrəli tam orta məktəbdə başlamışdır. Sonradan o, şəhərdə hərdən Kərimlə küçədə rastlaşanda salamlaşıb görüşmüş, bir qədər söhbət etdikdən sonra ondan ayrılıb getmişdir. O, “İnstagram” sosial şəbəkəsindən istifadə edir və həmin sosial şəbəkədə “Ömər_Salamov 1126” və “Ömər_Salamov” adı ilə qeydiyyatdan keçmişdir. 25 mart 2025-ci il tarixdə “İnstagram” sosial şəbəkəsinə daxil olub videolara baxdığı vaxt onun “Ömər_Salamov” adlı səhifəsinə hazırda xatırlamadığı səhifədən təqib gəlmiş, o da həmin səhifə istifadəçisini qəbul etmişdir. Həmin istifadəçinin səhifəsinə daxil olub videolara baxanda həmin səhifənin əvvəllər onunla 11 saylı orta məktəbdə bir sinifdə oxuyan Səyalıya məxsus olduğunu görmüşdür. O, Səyalının “təqibini” qəbul etsə də ona mesaj yazmamış, sonuncu da ona mesaj yazmamışdır. İki gündən sonra onun telefonu əlindən düşüb sındığı üçün anasının telefonundan istifadə etməyə başlamışdır. Anasının telefonuna “İnstagram” yükləyib öz səhifəsinə daxil olduqda Kərim ona “Şəki şəhərində yerləşən “üç dükan” adlanan əraziyə gəl sənə sözüm var” məzmunlu mesaj yazmışdır. O da Kərimə “gələrəm” mesajı yazaraq onun dediyi əraziyə getmişdir. Həmin vaxt Kərim orada olmuş, tanıdığı Nuh və Ayxan da onun yanında olmuşdur. Kərim ona “gəl bir az məscid tərəfə gedək sənə sözüm var” deyə bildirmiş, o da etiraz etməmişdir. Kərim, Nuh və Ayxan birlikdə piyada Dadaş Bünyadzadə küçəsində yerləşən “Hacılətiflərin məscidi” deyilən köhnə məscid tərəfə getmişlər. Yolda Kərim ondan nə üçün Səyalıya “təqib” atdığını soruşmuş, o isə “təqib” atmadığını bildirmişdir. Həmin vaxt Kərim yalan danışanın ünvanına söyüş söymüş, o da Kərimə “niyə söyüş söyürsən” deyərək onun sinəsindən itələmişdir. Kərim də onun sol çiyninə və bir dəfə də başının arxasına yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Nuh və Ayxan gələrək onları ayırmışlar. Həmin vaxt Kərim “söhbəti burda bağlayaq” demişdir. Bundan sonra o, çıxıb evinə getmişdir. Kərim onu döydüyü və ona söyüş söydüyü üçün Kərimdən qisas almaq qərarına gəlmişdir. Buna görə evdən mətbəx bıçağını gizlicə götürüb şalvarının kəmərinə taxmış və evdən çıxaraq “Güyümlər” adlanan əraziyə getmişdir. O, dostu Elvinə zəng edərək onu da həmin əraziyə çağırdığı üçün Elvin “Güyümlər” adlanan ərazidə onu gözləmişdir. O, həmin yerə çatıb Elvindən demişdir ki, Kərimə zəng edib desin ki, “Güyümlər”in yanına gəlsin ona sözü var. Elvin isə Kərimin mobil telefon nömrəsinin onda olmadığını deyərək gedib Camaldan soruşmalarını məsləhət görmüşdür. Onlar birlikdə Camalgilin evinə gedərək ondan Kərimin mobil telefon nömrəsini soruşmuşlar, Camal isə Kərimin mobil telefon nömrəsinin onda olmadığını bildirmişdir. Bundan sonra Elvin telefonuna baxıb görmüşdür ki, Kərimin mobil telefon nömrəsi onda var. O, Elvinin telefonu vasitəsi ilə Kərimin telefonunun “WhatsApp” proqramına Güyümlər adlanan əraziyə tək gəlməsini yazmışdır. Kərim də “gələrəm” yazmışdır. Elvinlə o, “Güyümlər” adlanan əraziyə çatıb gözləmişlər. Bu vaxt Camal gəlib çıxmış, mağazaya gedəcəyini demiş və onların yanında dayanıb söhbət etmişdir. Təxminən 10 dəqiqə sonra Kərim, Nuh və Ayxan onların yanına gəlmişlər. O, söhbət zaman Kərimə “mənə söydüyünə və məni vurduğuna görə üzr istə, aramız pis olmasın, sinif yoldaşı olmuşuq” deyə bildirmişdir. Kərim isə ondan üzr istəməyəcəyini dediyi üçün aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt Səyalının qardaşı Ağa da oraya gəlmişdir. Bundan sonra Kərim ona təklif etmişdir ki, “kənara çəkilək söhbət edək, buradan adamlar keçir”. Həmin vaxt Sarabski küçəsində yerləşən keçmiş Gübrə zavodunun həyətinə, “üç turba” adlanan köhnə tikilinin həyətinə gedib orada söhbət etmək qərarına gəlmişlər. Kərim, Nuh, Ayxan, Elvin, Camal və o, birlikdə piyada Sarabski küçəsində yerləşən “üç turba” adlanan köhnə tikilinin həyətinə getmişlər. Həmin yerə çatandan sonra o, Kərimə ondan üzr istəməsini demiş, sonuncu yenə də üzr istəməyəcəyini bildirmişdir. Buna görə o, əsəbləşib əynindəki kəmərin sol tərəfinə keçirib gizlətdiyi bıçağı çıxarıb Kərimin qarın nahiyəsinə bir dəfə vurmuşdur. O, Kərimi vurandan sonra sonuncu geri çəkilib çöməlmişdir. Həmin vaxt yanında olan uşaqlar ona yaxınlaşanda o, bıçağı kənara atmışdır. O, Kərimə yaxınlaşıb baxanda qarın nahiyəsindən qan axdığını görmüşdür. Həmin vaxt orada olan Ağa əynində olan maykanı çıxarıb Kərimin yarasının üstünə qoymuşdur ki, çox qan axmasın. Həmin vaxt Kərim telefonunu uşaqlara vermişdir ki, zəng edib atasını çağırsınlar. Zəng edib çağırdıqları üçün bir neçə dəqiqədən sonra Kərimin atası gəlib çıxmışdır. Atası gələnə kimi o, bıçağı yerdən götürüb bir qədər qabaqdakı köhnə quyu kimi yerə atıb qayıdıb gəlmişdir. Həmin vaxt o, qorxduğu üçün donub qalmışdır. Kərimin atası gəlib əvvəlcə təcili yardıma zəng edib çağırmış, sonra “səni kim vurub?” deyə soruşmuşdur. Uşaqlar onu göstərmişlər, Kərimin atası da onun başını sığallayıb, “qorxma hər şey yaxşı olacaq, atana zəng elə evinizə get” demişdir. Bundan sonra təcili tibbi yardım gəlmiş və Kərimi təcili yardım avtomaşınına mindirib xəstəxanaya aparmışlar. O da oradan çıxıb evinə getmişdir. Kərimlə onun arasındakı mübahisə 26 mart 2025-ci il tarixdə Şəki şəhəri, M.Rəsulzadə küçəsində yerləşən məscidin yaxınlığında yolda baş vermişdir. Həmin vaxt yanlarında Nuh və Ayxan olmuşlar. Ətrafda isə heç kim olmamışdur. Həmin mübahisə zamanı Kərim onun sol çiyninə və başının arxasına yumruq zərbəsi vurmuşdur. O da həmin vaxt yumruq atıb Kərimi vurmaq istəsə də vura bilməmişdir. Orada olan Nuh və Ayxan yaxınlaşıb onları ayırmışlar və o, oradan çıxıb evinə getmişdir. Kərimlə onun arasında olan mübahisə və sonuncunun onu vurması təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin vaxt orada səs-küy yaranmamış və oraya heç kim gəlməmişdir. Kərimlə onun arasında sonradan mübahisə həmin gün Şəki şəhəri, Sarabski küçəsində yerləşən “üç turba” adlanan ərazidə baş vermişdir. Həmin vaxt onların yanında dostu Elvin, Camal, Nuh, Ayxan və Ağa olmuşdur. Başqa heç kim olmamışdır. Həmin vaxt o, bir dəfə bıçaqla Kərimin qarın nahiyəsindən vurmuşdur. Kərimlə onun arasında mübahisə təxminən 1-2 dəqiqə davam etmiş, həmin vaxt orada səs-küy olmamış və həmin ərazi yaşayış yerindən xeyli kənarda yerləşdiyi üçün oraya heç kim gəlməmişdir. Kərimi vuraraq xəsarət yetirdiyi bıçağın tiyə hissəsi gümüşü rəngdə, dəstəyi isə qara rəngli olmaqla dəmirdən olmuşdur. Həmin bıçaq mətbəx bıçağı olmuşdur. O, Kərimi bıçaqla vurandan sonra qorxduğu üçün sonuncunu vurduğu yerdən bir qədər yuxarıda yolun kənarında olan dərin zibillik quyusuna atmışdır. Həmçinin o, Elvindən və Camaldan Kərimin mobil telefon nömrəsini istəyəndə həmin şəxslər ondan nə üçün Kərimi axtardığını soruşmuş, o da həmin şəxslərə, Kərimə sözü olduğunu demişdir. Belə ki, onun Kərimə zəng edib çağırmağının səbəbini Elvin və qeyriləri əvvəlcədən bilməmişlər. Kərimlə əvvəllər yaxşı münasibəti olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Kərim onu vurduğuna görə və onun Kərimə gücü çatmadığı üçün evə gedib bıçaq götürüb “Güyümlər” adlanan əraziyə gəlmişdir ki, Kərimlə görüşüb ona desin ki, onu vurduğuna və söydüyünə görə üzr istəsin. Lakin Kərim üzr istəməmiş, o da Kərimin bu hərəkətindən əsəbləşib bıçaqla sonuncunun qarın nahiyəsinə bir dəfə vurmuşdır. Onun Kərimi təkrar vurmaq fikri olmamışdır (cild 1, iş vərəqə 168-172). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, Təqsirləndirilən şəxs məhəllə sakini kimi uşaqlıqdan tanıyır, həmçinin onunla 11 nömrəli tam orta məktəbdə 9-cu sinifədək bir sinifdə oxumuşdur. 25 mart 2025-ci il tarixdə axşam saatlarında mobil telefonuna baxan zaman Ömərin digər sinif yoldaşı Səyalının “İnstagram” səhifəsinə təqib atdığını və ona “salam necəsən” yazdığını, Səyalının isə Ömərə cavab vermədiyini görmüşdür. Ömər Səyalını narahat etdiyi üçün o, Ömərlə görüşüb danışmaq qərarına gəlmiş və sonuncunun “İnstagram” səhifəsinə “mesajımı görəndə cavab verərsən, səninlə söhbət etmək istəyirəm” yazmışdır. 26 mart 2025-ci il tarixdə saat təxminən 11 radələrində məhəllədə Ömərlə görüşmüşdür. Həmin vaxt dostu Ayxan da onun yanında olmuşdur. Belə ki, Ömərlə görüşməmişdən əvvəl Ayxan ona zəng edərək onunla birlikdə xəstəxanaya getməsini xahiş etmiş, o da sonuncuya Ömərlə görüşməli olduğunu, Ömərlə görüşəndən sonra onunla birlikdə xəstəxanaya gedə biləcəyini bildirmişdir. Buna görə Ayxan onunla birlikdə gəlmişdir ki, Ömərlə görüşdükdən sonra xəstəxanaya getsinlər. O, dostu Ayxanla görüşüb Ömərgilin evinin yanına getmiş, həmçinin dostu Nuha da yola çıxıb onlarla görüşmələrini yazmışdır. Nuh Ömərin qonşuluğunda yaşamışdır. Ömər yola çıxdıqdan sonra onunla görüşmüş və öz aralarında söhbət edərək “Hacılətiflər” məscidinin yanına getmişlər. Həmin vaxt Nuh və Ayxan kənarda dayanmış, o isə Öməri kənara çəkərək nə üçün “İnstagram” səhifəsində Səyalıya təqib atdığını soruşmuşdur. Ömər əvvəlcə Səyalıya təqib atdığını boynuna almamış, amma o, telefonun “İnstagram” səhifəsində onun Səyalıya atdığı təqibləri ona göstərdikdən sonra əməlini boynuna almışdır. Ömər Səyalıya təqib atdığını boynuna almayanda onların arasında mübahisə baş vermiş, amma onların heç biri söyüş söyməmişdir. O, Ömərə “kişisən, kişiliyin olsun, boynuna al ki, bu qələti eləmisən” demiş, Ömər isə “mənim kişiliyimə şübhən varmı bu sözü mənə deyirsən” deyərək ona əl-qol atanda o, Ömərin çiyninə bir dəfə yumruq vurmuşdur. X9 təqib atdığını boynuna aldıqdan sonra onlar sanki heç nə olmamış kimi görüşüb ayrılmışlar və həmin söhbəti orada bağlamışlar. Bundan sonra o, Nuh və Ayxan birlikdə xəstəxanaya getmişlər. Xəstəxanada olduqları vaxt Ömər Elvinin mobil telefonunun “WhatsApp” proqramı vasitəsi ilə ona “mənəm Ömərdi, tək Güyümlərin yanına gəl sənə sözüm var” məzmununda mesaj yazmışdır. Buna görə bir neçə dəqiqə sonra taksi ilə Güyümlər adlanan əraziyə getmişlər. Onlar yolda olduqları vaxt dostu Ağa ona zəng edərək harada olduğunu soruşmuş, o da Güyümlər adlanan əraziyə getdiyini bildirmişdir. Ağa ondan həmin əraziyə nə üçün getdiyini soruşduqda o, Ömərin onu həmin əraziyə çağırdığını demişdir. O, 25 mart 2025ci il tarixdə axşam Ömərin Səyalıya təqib atması barədə Səyalının qardaşı Ağaya da məlumat vermişdir. Buna görə o, Ağaya Ömərlə söhbət etmək üçün Güyümlər adlanan əraziyə getdiyini dedikdə Ağa vəziyyəti başa düşmüşdür. Yolda olarkən o, Ayxana və Nuha məhəllədə onu gözləmələrini, Ömərlə özünün tək danışıb onların yanına gələcəyini bildirmişdir. Amma Güyümlər adlanan əraziyə çatanda Ömərin Elvin və Camalla birlikdə gəldiyini görmüşlər. Həmin vaxt dostları Ayxan və Nuh Ömərin onu görüşə tək çağırdığını, amma Ömərin özünün Elvin və Camalla birlikdə gəldiyini deyərək onu üç nəfərə qarşı tək getməyə qoymamışlar və heç nəyə qarışmayıb kənarda dayanacaqlarını deyərək onunla birlikdə gəlmişlər. Ayxan və Nuhun onunla birlikdə gəlməkdə məqsədləri o olmuşdur ki, birdən dava-dalaş olarsa o, üç nəfərə qarşı tək qalmasın. Həmin vaxt Ömər onu kənara çəkərək ondan üzr istəməsini tələb etmiş, o isə heç bir səhv hərəkət etmədiyini deyərək üzr istəməkdən imtina etmişdir. Ömər ona kənara çəkilib adam olmayan yerdə ikilikdə söhbət etməyi təklif etmişdir. Ömərlə söhbət edən zaman Ağa da gəlib çıxmışdır. Həmin vaxt keçmiş Gübrə zavodunun həyətinə getmək qərarına gəlmişlər və həmin yerə gedərək açıqlıq sahədə dayanmışlar. Həmin yerə çatandan sonra Ömər yenə də ondan üzr istəməsini tələb etmiş, o isə üzr istəməyəcəyini bildirmişdir. Həmin vaxt Ömər qəflətən onun qarın nahiyəsinə vurmuşdur. O, bıçaq zərbəsi aldığını bilməmiş, başını qaldırıb baxanda Ömərin əlində bıçaq donub qaldığını gördükdə sonuncunun onu bıçaqla vuraraq xəsarət yetirdiyini başa düşmüşdür. Ömər onu bıçaqla vurduğuna görə dərhal peşman olmuş və ağlayaraq onu bağışlamasını istəmişdir. O, çöməlib oturmuş, uşaqlar da onun yanına gələrək onu sakitləşdirməyə çalışmışlar. O, həmin vaxt qarın nahiyəsində yara olduğunu və yaradan qan gəldiyini görmüşdür. Uşaqlar onu əllərinə götürüb yuxarı çıxışa tərəf aparmışlar. Həmin vaxt o, öz telefonu ilə atasına zəng etmiş, dostları onun atas ilə danışaraq həmin yerə çağırmışlar. Bir müddət sonra atası gələrək təcili yardım çağırmışdır. Atası onu kimin vurduğunu soruşduqda uşaqlar Öməri göstərmişlər. Atası da Ömərin yanına gedərək başını sığallayıb öpmüşdür. Atasının sonradan ona dediklərinə görə həmin vaxt Ömər şok vəziyyətində donub qaldığından atası Ömərin bıçaqla özünə də xəsarət yetirə biləcəyindən qorxduğu üçün onu qucaqlayıb öpmüşdür. Bundan sonra təcili yardım avtomobili gələrək onu xəstəxanaya aparmışdır. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 26 mart 2025-ci il tarixdə səhər dostu Kərimə zəng edərək xəstəxanaya gedəcəyini bildirmiş, onunla birlikdə getməsini istəmişdir. Kərim isə “üç dükan” deyilən ərazidə olduğunu, orada bir az işlərinin olduğunu deyərək onu da həmin yerə çağırmışdır ki, işlərini gördükdən sonra birlikdə getsinlər. O da razılaşıb həmin gün saat təxminən 11 radələrində deyilən ünvana getmişdir. O, həmin yerə çatanda orada Ömər, Kərim və Nuh birlikdə dayanmışlar. Həmin vaxt Kərim “düşək aşağıda söhbət eləyək” dediyi üçün onlar birlikdə piyada məscid tərəfə getmişlər. Ömər və Kərim məscidin üst tərəfindəki yola tərəf gedib öz aralarında söhbət etməyə başlamışlar, o isə Nuhla birlikdə kənarda dayanmışdır. Ömərlə Kərim söhbət edən zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Kərim mobil telefonda Ömərə nəsə göstərib, “bu sənsən” demiş, Ömər də yalan danışanın ünvanına söyüş söyərək o olmadığını bildirmişdir. Həmin vaxt Kərim yalan deyənin ünvanına söymüş, Ömər də Kərimi itələmək istəyəndə sonuncu Ömərin çiyninə yumruq vurmuşdur. O, Nuhla birlikdə onların yanına gələrək onları ayırmışdır. Həmin vaxt Kərim söhbəti orada bağlamalarını söyləmiş, Ömər də razılaşmışdır. Bundan sonra o, Kərim və Nuhla birlikdə xəstəxanaya gedərək tibbi müayinə olunmuşdur. Xəstəxanada olduqları vaxt Kərimə zəng gəldiyi üçün birlikdə “Güyümlər” adlanan əraziyə getmişlər. Həmin vaxt Ömər, Elvin və Camalın orada olduğunu görmüşlər. Bir qədər sonra isə Ağa gəlmişdir. Orada Kərim və Ömər bir qədər kənara çəkilib söhbət etmişlər. Həmin vaxt Ömər Kərimdən üzr istəməsini tələb etmiş, Kərim isə üzr istəməyəcəyini bildirmişdir. Bundan sonra kimsə “üç turba” tərəfə getməyi təklif etdiyi üçün hamısı birlikdə ora getmişlər. Həmin vaxt Kərimlə Ömər öz aralarında sakit tərzdə danışmağa başlamışlar və söhbət zamanı Ömər Kərimə “sən məndən üzr istəməlisən” deyə bildirmişdir. Həmin vaxt onun telefonuna zəng gəldiyi üçün o, bir az kənara çəkilib telefonla danışmağa başlamış və çevrilib baxanda Kərimin yerdə olduğunu, Ömərin isə əlində bıçaq donub qaldığını görmüşdür. Zəng edib çağırdıqları üçün Kərimin atası gəlmiş, sonra isə təcili tibbi yardım avtomobili gələrək Kərimi xəstəxanaya aparmışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid5 göstərdi ki, 26 mart 2025-ci il tarixdə təxminən saat 11 radələrində evdə olduğu vaxt Ömər onun telefonuna zəng edərək “Güyümlər” adlanan əraziyə çağırıb ona sözü olduğunu bildirmişdir. O da etiraz etməyib Güyümlər adlanan əraziyə gəlmişdir. Həmin vaxt Ömər ondan Kərimin mobil telefon nömrəsini istəmiş, o isə Kərimin mobil telefon nömrəsini bilmədiyini bildirmişdir. O, Ömərdən nə üçün Kərimin mobil telefon nömrəsini istədiyini soruşduqda sonuncu Kərimin onu söydüyünü, buna görə onunla söhbət etmək istədiyini demişdir. O, Camalın Kərimlə münasibətinin yaxın olduğunu, buna görə sonuncunun mobil telefon nömrəsinin Camalda ola biləcəyini bildirmişdir. Bundan sonra onlar qonşusu Camalı evlərindən çağırıb ondan Kərimin mobil telefon nömrəsini istəmişlər. Camal isə Kərimin mobil telefon nömrəsini bilmədiyini bildirmişdir. Bundan sonra o, öz telefonunda Kərimin nömrəsini tapıb Ömərə vermişdir. Ömər də onun telefonu ilə Kərimə “Güyümlər” adlanan əraziyə gəlməsi barədə mesaj yazmışdır. Bir azdan Kərim dostları Nuh və Ayxanla birlikdə onların olduqları yerə gəlmişlər. Orada Ömər və Kərim bir qədər kənara çəkilərək bir neçə dəqiqə söhbət etdikdən sonra qayıdıb gəlmişlər. Həmin vaxt Kərimin dostu Ağa da oraya gəlib çıxmışdır. Daha sonra onlar “üç turba” deyilən köhnə tikilinin həyətinə getmişlər. Orada Ömər və Kərim qarşı-qarşıya dayanıb söhbət etmiş, onlar isə kənarda dayanmışlar. Ömər Kərimə “sən nə üçün mənə söyürdün məndən üzr istə” deyəndə Kərim ona “sən ona layiq hərəkət etdiyin üçün sənə söymüşəm, səndən üzr istəmirəm, sən nə deyirsən” deyib əli ilə danışan zaman Ömər şalvarının kəmərindən bıçaq çıxarıb Kərimin qarın nahiyəsindən vurmuşdur. Bundan sonra Kərimin atası gələrək təcili tibbi yardım çağırmışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan X3 və Şahid3 Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 26 mart 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə hadisənin baş verdiyi Şəki şəhəri, Sarabski küçəsində yerləşən keçmiş gübrə zavodunun ərazisindəki “üç turba” deyilən köhnə tikilinin həyətinə baxış keçirilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yeri və bıçağı atdığı kənarı betonlaşmış dərin sahəni göstərmişdir. Baxış zamanı həmin çökəklikdən bıçağı tapmaq mümkün olmamışdır (cild 1, iş vərəqə 7-15). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında 17 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin inzibati binasının qarşısında avtomobilə əyləşəndən sonra yaşadığı Şəki şəhərində yerləşən Yaqub Süleymanov küçəsinə getməyi bildirmiş, avtomobillə Şəki şəhəri, Yaqub Süleymanov küçəsinə getdikdə Təqsirləndirilən şəxs həmin küçədə yaşadığı evə gedən döngəni göstərib Zərərçəkmiş şəxsla birinci dəfə həmin yerdə görüşdüklərini, sonra Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsində yerləşən “Hacılətiflər” məscidi deyilən köhnə məscidin yuxarısından keçən döngəni göstərib həmin döngədə Kərim Vəlibəyli ilə aralarında mübahisə olduğunu və sonuncu həmin yerdə söyüş söyüb onu vurduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şəki şəhərində yerləşən “Güyümlər” adlanan əraziyə getməyi bildirmiş, həmin əraziyə çatdıqda dairəvi yoldan bir qədər yuxarıda sağa dönən yolu göstərib evə gedərək mətbəx bıçağı götürüb gələndən sonra Zərərçəkmiş şəxsla həmin yerdə görüşdüklərini, həmin yerdə sonuncudan ondan üzr istəməsini tələb etdiyini, Zərərçəkmiş şəxs ondan üzr istəmədikdə, daha sonra Sarabski küçəsini göstərərək, orada olan Zərərçəkmiş şəxs, Şahid1, Şahid3, Şahid5, Şahid4 və Şahid2la birlikdə “Üç turba” deyilən könhə tikiliyə getmək üçün həmin istiqamətə getdiklərini, daha sonra o, Sarabki küçəsi ilə bir qədər getdikdən sonra həmin küçədən sağa ayrılan yolu göstərib həmin yolla getdiklərini, daşlıq-torpaq yolla bir qədər getdikdən sonra giriş hissəsində metal barmaqlıqdan hazırlanmış qapını göstərib Zərərçəkmiş şəxs və qeyriləri ilə birlikdə həmin qapıdan içəri, yəni keçmiş gübrə zavodunun həyətinə daxil olduqlarını, bir qədər getdikdən sonra orada yerləşən köhnə tikilinin sağ tərəfindən gedən yolu göstərib həmin istiqamətdə getdiklərini, həmin tikilidən bir qədər aralıda boş sahəni göstərib orada aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs həmin yerdə bıçaqla vuraraq xəsarət yetirdiyini, bundan sonra həmin yerdən bir qədər arxada dik sahədə yerləşən kənarı betona alınmış iri quyunu göstərib Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçağı həmin quyuya atdığını, daha sonra isə gəldiyi istiqamətin əksini göstərərək sonradan həmin istiqamətə getdiklərini bildirmişdir (cild 1, iş vərəqə 191-198). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs və Şahid4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs və şahid ifadələrində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmiş, Təqsirləndirilən şəxs da onların dedikləri ilə razılaşaraq törətdiyi cinayət əməlini etiraf etmişdir (cild 1, iş vərəqə 186-190, 210-214). Məhkəmə-tibbi ekspertizanın 28 mart 2025-ci il tarixli 80 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qaraciyərin, mədəaltı vəzin, diafraqmanın, mədənin zədələnməsi ilə qarın boşluğuna dəlib keçən bir ədəd yara kəsici-deşici əşyanın (alətin) ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 26 mart 2025-ci il tarixdə yetirilməyə uyğundur və yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqə 64-66). Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizanın 30 may 2025-ci il tarixli 316 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Onda hal-hazırda da hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə anlaqlı hesab edilir. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində hazırda hər hansı tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir. Ünsiyyətçillik, emosionallıq, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla etmiş olduğu hərəkətin xarakter və mənasını anlaya bilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, aqressiya kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur (cild 1, iş vərəqə 219-222). Ambulator məhkəmə-psixoloji ekspertizanın 30 may 2025-ci il tarixli 317 nömrəli rəyindən görünür ki, 16 yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onda yalan danışmağa meyillilik əlamətləri müşahidə edilmir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı edilən etdiyi hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi, qorxmuş və həyəcanlı psixi-emosional halda olmuşdur (cild 1, iş vərəqə 223-225). İş üzrə əməliyyat tapşırığına verilmiş 23 aprel 2025-ci il tarixli cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında əvvəllər ədavət və ya düşmənçiliyin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə onların eyni qızı sevmələri səbəbindən yaranmış, həmin mübahisəyə aydınlıq gətirilən zaman Zərərçəkmiş şəxs kobud rəftar etdiyinə görə və söyüşlə danışdığına görə Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranan ilkin mübahisə zamanı orada səs-küy yaranmamış, oraya kənar şəxslər gəlməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əvvəlcədən görüşüb mübahisə edən zaman sonuncunun Təqsirləndirilən şəxs vurmasını, həmin vaxt orada olan şəxslərin və hadisəni görən şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçağı yaşadığı evdən götürmüşdür, lakin onun sonradan həmin bıçağı hara etdiyini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 128). İş üzrə əməliyyat tapşırığına verilmiş 15 may 2025-ci il tarixli cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əvvəllər normal münasibətləri olmuş, onların arasında əvvəllər ədavət və ya düşmənçilik olmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə, Təqsirləndirilən şəxs sonuncunun sevdiyi qızın “İnstagram" sosial şəbəkəsindəki səhifəsinə takib atması səbəbindən yaranmışdır. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman yaxınlıqda onların tanışları Şahid1, Şahid3, Şahid5, Şahid4 və Şahid2 olmuş, hadisəni həmin şəxslər görmüşlər. Adları qeyd olunan şəxslərin ifadələri alınması üçün İstintaq bölməsinə gəlmələri təmin edilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranan mübahisə zamanı heç kim nalayiq ifadə işlətməmiş və söyüş söyməmişdir, həmin vaxt orada səs-küy yaranmamış və oraya kənar şəxslər gəlməmişdir. Bundan başqa keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs həmin gün hadisədən əvvəl Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində görüşüb söhbət edən zaman aralarında yaranmış mübahisə zamanı sonuncu Təqsirləndirilən şəxs yumruqla vurmuş, həmin vaxt orada Şahid1 və Şahid4 olmuşdur. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçağın yerini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 177). Şəki Rayon Psixatriya Xəstəxanasının 01 may 2025-ci il tarixli məktubundan görünür ki, Şəki şəhəri, Yaqub Süleymanov küçəsi, ev 34 ünvanda qeydiyyatda olan 2009cu il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur (cild 1, iş vərəqə 137). “Şəki Rayon Mərkəzi Xəstəxanası” X8 02 may 2025-ci il tarixli məktubundan görünür ki, Şəki şəhəri, Yaqub Süleymanov küçəsi, ev 34 ünvanda qeydiyyatda olan xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur (cild 1, iş vərəqə 138). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 209). İbtidai istintaq orqanının 13 may 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun barəsində yetkinlik yaşına çatmayanı valideynin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 139-140, 173-174). Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Qışlaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, Yaqub Süleymanov küçəsi, ev 34 ünvanda valideynlərinin himayəsində yaşayır. Gənc olmasına baxmayaraq yaşadığı ərazinin sakinlərinin dərin hörmətini qazanmışdır. Heç bir pis əməli yoxdur. İnsanlarla tez bir zamanda münasibət qurur. Tərbiyəli, işgüzar və əxlaqlı bir gəncdir. Onun haqqında heç bir ərizə və şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs vətənə və xalqına layiqli gənc olacağına əmindirlər (cild 1, iş vərəqə 184). Şəki şəhər 12 №-li orta məktəb tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünsiyyətcil, mehriban və sakit təbiətli şagird kimi tanınmış, kobud səhvlərə yol verməmiş, riyaziyyat və informatika fənnlərinə maraq göstərmişdir (cild 1, iş vərəqə 185). Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayət olmaqla təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, bundan başqa Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, yaşayış yeri və oxuduğu təhsil müəssisəsi üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələri də nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı valideynin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı valideynin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar