Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-229/2023 07.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, 18 iyul 1990-cı ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Göyçay Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş 01 il 01 ay 14 gün hissəsi 06 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla həbs olunanadək Göyçay rayonunun Qarabaqqal kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X4 saxlanılan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X2 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş və daşıyaraq saxlamışdır. Belə ki, X9 «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən, yəni 2,283 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd şəffaf sellofan bükümdə qablaşdırıb üzərində daşıyaraq saxlamış, 07 aprel 2023-cü il tarixdə saat 19 radələrində Göyçay şəhəri, Z.Tağıyev küçəsində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin gün saat 19:45-də Göyçay RPŞ-nin Növbətçi Hissəsinin qarşısında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sol yuxarı cibindən 01 ədəd sellofan bükümdə olan təmiz çəkisi 2,283 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X9 CM-in 234.1- 1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində şüşə flakon, həmin şüşə flakonun içərisində bir miqdar narkotik vasitə heroin və bir miqdar psixotrop maddə metamfetamin olmuş, lakin qeyd olunanlarla yanaşı, əlavə bükümdə 2,283 qram çəkidə narkotik vasitə heroin olmamış və həmin narkotik vasitə polis əməkdaşları tərəfindən bilavasitə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmamışdan əvvəl onun üzərinə yerləşdirilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə məruz qalmamış, lakin üzərində bir miqdar metamfetamin aşkar edildiyi üçün və polis əməkdaşları onu aldadıb narkotik vasitənin özünə məxsus olmasını deməyə razı saldıqları üçün narkotik vasitə heroinin özünə məxsus olması barədə yalan ifadə verərək CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunmasına razılıq vermiş, CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsi barədə sonradan məlumatı olmuşdur. Ona qarşı edilən qanunsuzluqlarla bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmişdir. Əməlindən peşmandır və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. X5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, təxminən 10 ildir narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. O, 2023-cü ilin aprel ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində Fərdin adlı şəxslə tanış olmuş, lakin həmin şəxsi görməmiş, harada olmasını və yaşamasını, hər hansı anket məlumatlarını bilməmiş, İran İran Respublikasının vətəndaşı olduğunu düşünmüşdür. Həmin şəxs narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində özünün müəyyən etdiyi yerə qoymuş və o, oradan götürmüş, həmin şəxsin plastik kart hesabına da narkotik vasitənin müqabilində 80 manat pulu xatırlamadığı yerdə “MilliÖn” ödəniş terminalı vasitəsi ilə yükləmiş, qeyd olunan şəxsi tanımamış və görməmiş, sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamış, sonuncunun “WhatsApp” sosial şəbəkəsindəki mobil telefon nömrəsi də xarici ölkənin mobil operatoruna məxsus mobil telefon nömrəsi olmuşdur. 07 aprel 2023-cü il tarixdə saat 19 radələrində Göyçay şəhəri, Z.Tağıyev küçəsi ilə piyada hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Göyçay Rayon Polis Şöbəsinə dəvət etmişlər. Daha sonra isə həmin tarixdə Göyçay RPŞ-nin inzibati binasında olan zaman hüquq və vəzifələri izah olunaraq müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sol yuxarı cibindən 01 ədəd içərisində narkotik vasitə heroin olan sellofan büküm, habelə 01 ədəd şüşə flakon, həmin şüşə flakonun da içərisindən 01 ədəd kağız büküm, həmçinin qeyd olunan həmin kağız bükümün içərisindən maye qalıqları aşkar olunmuşdur. O, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində olan maddənin narkotik vasitə heroin, 01 ədəd kağız bükümün içərisində olan maye qalıqlarının isə psixotrop maddə metamfetaminin qalıqları olduğunu, ona məxsus olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni yuxarıda qeyd etdiyi kimi İran İslam Respublikasının vətəndaşından aldığını, əldə etdiyi narkotik vasitə heroindən iki dəfə istifadə etdiyini, həmçinin metamfetaminin az miqdarda olduğunu, həmin psixotrop maddəni də istifadə etdiyini, kağız bükümün isə üzərində qaldığını, qeyd olunan narkotik vasitə və psixotrop maddədən heç kəsə satmadığını, şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını və üzərindən aşkar edilmiş şüşə flakondan narkotik vasitəni qızdıraraq maye halına gətirib qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Elektron tərəzi vasitəsilə çəkilən zaman sellofan bükümdə olan narkotik vasitə heroinin çəkisinin 2,38 qram, kağız bükümün çəkisinin isə 0,17 qram olması müəyyən olunmuş, 01 ədəd şüşə flakon, 01 ədəd içərisində narkotik vasitə heroin olan sellofan büküm və 01 ədəd içərisində kristal formalı psixotrop maddə metamfetaminin maye halında qalıqları olan kağız büküm müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CABnin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla Göyçay rayonunun Qarabaqqal kəndində yaşayan X5 üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və narkotik vasitədən istifadə etməsi barədə 07 aprel 2023-cü il tarixdə Göyçay RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra qeyd olunan tarixdə saat 19 radələrində X14 şəhəri, Z.Tağıyev küçəsində saxlanılaraq Göyçay RPŞ-yə gətirilmiş və hüquq və vəzifələri izah olunub müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Əli İbrahimovun əynindəki qara rəngli gödəkcənin sol yuxarı cibindən 01 ədəd içərisində narkotik vasitə heroin olan sellofan büküm, habelə 01 ədəd şüşə flakon, həmin şüşə flakonun da içərisindən 01 ədəd kağız büküm, həmçinin qeyd olunan kağız bükümün içərisindən maye qalıqları aşkar olunmuşdur. Əli İbrahimov üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində olan maddənin narkotik vasitə heroin, 01 ədəd kağız bükümün içərisində olan maye qalıqlarının isə psixotrop maddə metamfetaminin qalıqları olduğunu, ona məxsus olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşından aldığını, qeyd olunan narkotik vasitə və psixotrop maddədən heç kəsə satmadığını, şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını və üzərindən aşkar edilmiş şüşə flakondan narkotik vasitəni qızdıraraq maye halına gətirib qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Elektron tərəzi vasitəsilə çəkilən zaman sellofan bükümdə olan narkotik vasitə heroinin çəkisinin 2,38 qram, kağız bükümün çəkisinin isə 0,17 qram olması müəyyən olunmuş, 01 ədəd şüşə flakon, 01 ədəd içərisində narkotik vasitə heroin olan sellofan büküm və 01 ədəd içərisində kristal formalı psixotrop maddə metamfetaminin maye halında qalıqları olan kağız büküm müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 aprel 2023-cü il tarixli raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla Göyçay rayonunun Qarabaqqal kəndində yaşayan X5 üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla Göyçay rayonunun Qarabaqqal kəndində yaşayan X5 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 aprel 2023-ci il tarixli raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla Göyçay rayonunun Qarabaqqal kəndində yaşayan X9 üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması və narkotik vasitədən istifadə etməsi şübhəsi ilə Göyçay şəhəri, Z.Tağıyev küçəsində saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə X5 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkcənin sol yuxarı cibindən 01 ədəd içərisində narkotik vasitə heroin olan sellofan büküm, habelə 01 ədəd şüşə flakon, həmin şüşə flakonun da içərisindən 01 ədəd kağız büküm, həmçinin qeyd olunan kağız bükümün içərisindən maye qalıqları aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 08 aprel 2023-cü il tarixli 17/331 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Ə.İbrahimovun üzərindən aşkar edilərək götürülmüş 1 ədəd sellofan büküm, 1 ədəd kağız büküm və 1 ədəd şüşə flakon” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 2,283 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd şüşə flakonun içərisində cüzi miqdarda heroin hissəcikləri vardır. Heroinin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək mümkün olmadı. 01 (bir) ədəd falqa kağızının üzərində cüzi miqdarda metamfetamin hissəcikləri vardır. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə X5 barəsində CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə X9 CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 15 iyun 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X5 narkotik vasitə heroini hansı mənbədən əldə etməsini, hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satıb-satmamasını, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona hər hansı şəxsin kömək edib-etməməsini və narkotik vasitəni əldə etdiyini bildirdiyi İran İslam Respublikasının vətəndaşı olan şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2023-cü il tarixli 1141 nömrəli rəyindən görünür ki, müayinə zamanı X6 narkotik vasitə olan heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 11 iyul 2023-cü il tarixli PHŞ-6-40/2-782/2023 nömrəli məktubdan görünür ki, X9 27 aprel 2013-cü il tarixdən “Narkomaniya” diaqnozu ilə həmin xəstəxananın Narkoloji kabinetində qeydiyyatdadır, Psixiatrik kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə X5 barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 07 aprel 2023-cü il tarixdə Göyçay Rayon Polis Şöbəsinə Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla Göyçay rayonunun Qarabaqqal kəndində yaşayan X5 üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 07 aprel 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə X5 üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, X2 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, daşıyaraq saxlamışdır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs Əli İbrahimov ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə heroini qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində şüşə flakonun, həmin şüşə flakonun içərisində bir miqdar narkotik vasitə heroinin və bir miqdar psixotrop maddə metamfetaminin olduğunu, lakin qeyd olunanlarla yanaşı, əlavə bükümdə 2,283 qram çəkidə narkotik vasitə heroinin olmadığını və həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən bilavasitə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmamışdan əvvəl onun üzərinə yerləşdirildiyini, polis əməkdaşları tərəfindən təsirtəzyiqlərə məruz qalmadığını, lakin üzərində bir miqdar metamfetamin aşkar edildiyi üçün və polis əməkdaşları onu aldadıb narkotik vasitənin özünə məxsus olmasını deməyə razı saldıqları üçün narkotik vasitə heroinin özünə məxsus olması barədə yalan ifadə verərək CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunmasına razılıq verdiyini, CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsi barədə sonradan məlumatının olduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Eyni zamanda ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. X17 bu barədə heç kəsə məlumat verməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eyni zamanda qeyd etmək zəruridir ki, məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxs X5 qeyd olunan narkotik vasitəni əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Əli İbrahimov polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 ədəd bükümdə külli miqdarda, yəni 2,283 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin bir bükümdə aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 2,283 qram çəkidə narkotik vasitə heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs X5 törətmiş olduğu cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, X1 rayonunun 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla Göyçay rayonunun Qarabaqqal kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Göyçay Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmünün və Göyçay Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarının surətlərindən görünür ki, X9 bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Göyçay Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarına əsasən həmin cəzanın çəkilməmiş 01 il 01 ay 14 gün hissəsi 06 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 25 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən həmin cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 02 nömrəli Qərarının 5-ci bəndinin a yarımbəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan həmin cəza məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməzlər. Odur ki, X9 CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək cəzasını çəkib qurtarmasa da məhkum edildiyi azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edildiyindən və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzası sonradan məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyi halda həmin şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilmədiyindən onun sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxs X5 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə X5 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, X9 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmaqla X5 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 07 aprel 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, X5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, X7 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 2,233 qram narkotik vasitə heroin, bir ədəd üzərində heroin hissəcikləri olan şüşə flakon və bir ədəd üzərində metamfetamin hissəcikləri olan falqa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X5 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 aprel 2023-cü il tarixdən hesablansın. X5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 2,233 qram narkotik vasitə heroin, bir ədəd üzərində heroin hissəcikləri olan şüşə flakon və bir ədəd üzərində metamfetamin hissəcikləri olan falqa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, X5 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, X7 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-229/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-229/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver