Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-23/2022 26.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Balakən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Mamedov X8 Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli hökmünə əsasən CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 7,259 qram narkotik vasitə heroini əldə edib 03 ədəd bükümə bölərək üzərində saxlamaqla Balakən şəhəri, H.Əliyev prospektində yerləşən H.Əliyev adına istirahət parkına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə saat 17:10-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 2 Şöbəsinə dəvət edilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 18:51-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 03 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 2,313 qram, 2,890 qram və 2,056 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 7,259 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin 18 iyun tarixində parkda olarkən Balakən Rayon Polis Şöbəsinin əməkdaşları olan Şəmsəddin və Cuma onu çağırıb demişlər ki, rəis müavini Anar müəllim onu çağırır. Belə olub polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxtı o, qonşusu Ramazan, Fədail və Məhəmmədlə bir yerdə olmuşdur. Şöbəyə gəldikdən 3-4 saat sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gələrək onu Bakı şəhərinə aparmışlar. Narkotik vasitəni isə Balakən Rayon Polis Şöbəsində onun üzərinə qoymuşlar. Orda ona vəkil verilmiş və onun da iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı sözügedən polis əməkdaşlarının onun üzərinə qoyduğu narkotik vasitə heroini şalvarının cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən fiziki təsir göstərilməmiş, polis şöbəsində işgəncəyə məruz qalmamış və döyülməmişdir. Sadəcə ona deyilmişdir ki, üzərinə qoyulan narkotik vasitənin ona məxsus olması barədə ifadə verməlidir. Ona görə də qorxduğundan, məcbur qalıb etirafedici ifadə vermişdir. Bu faktlar barədə heç yerə bildirməmiş və şikayət etməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2015-ci ildən arada bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Amma, həmin maddənin aludəçisi deyil. Hadisə ilə bağlı onu bildirmişdir ki, 16 iyun 2021-ci il tarixdə günorta radələrində evdən çıxıb evlərinin yaxınlığında olan, el arasına “Cəlilabad bazarı” kimi tanınan bazara gedirmiş. Küçədə olan zaman ağacın altında kiçik sellofan paketin içərisində gümüşü bükümlər olması diqqətini çəkmişdir. Həmin paketi əlinə götürən zaman içərisində 03 ədəd gümüşü rəngli bükümlər olduğunu müəyyən etmişdir. Həmin bükülüləri açan zaman içərisində “kokos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin maddələri əynində olan şalvarın cibinə qoymuşdur. Bu hadisədən iki gün sonra yəni, 18 iyun 2021-ci il tarixdə saat 17:10 radələrində Balakən şəhəri, H.Əliyev prospektində yerləşən H.Əliyev adına istirahət parkında olduğu zaman bir neçə mülki geyimdə olan şəxs ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “kokos” adı ilə tanıdığı narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu Balakən RPŞ-ə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə həmin Şöbəyə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarın cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 03 ədəd gümüşü rəngli kağız bükümü, əynindəki şalvarın sol yan cibində olan 01 ədəd siqaret qutusunu və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təqdim etdiyi 03 ədəd gümüşü rəngli bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. 03 ədəd gümüşü rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş 03 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroini 16 iyun 2021-ci il tarixdə günorta vaxtı yaşadığı Balakən şəhəri Xətai küçəsində yerləşən bazarın yaxınlığından təsadüfən tapdığını və həmin maddələri götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 18 iyun 2021-ci il tarixdə Balakən şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və satması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və xüsusilə mühüm işlər üzrə baş təhqiqatçı, polis mayoru X4 daxil edilmişdir. Əməliyyat tədbiri Balakən rayonu ərazisində keçiriləcəyindən bu barədə raportla Balakən RPŞ-nin rəhbərliyinə məlumat vermişlər və həmin Şöbənin baş əməliyyat müvəkkili Şahid3 keçiriləcək tədbirdə köməklik etməsi tapşırılmışdır. 18 iyun 2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Balakən şəhəri, H.Əliyev prospektində yerləşən H.Əliyev adına istirahət parkında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 17:10-da həmin parkda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla Şöbəyə gəlmişdir. Şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarın ciblərindən 03 ədəd gümüşü rəngli kağız bükümü, 01 ədəd siqaret qutusunu və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd gümüşü rəngli bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd gümüşü rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri 16 iyun 2021-ci il tarixdə günorta vaxtı yaşadığı Balakən şəhəri Xətai küçəsində yerləşən bazarın yaxınlığından təsadüfən tapdığını və həmin maddələri öz şəxsi istifadəsi üçün götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ayrıayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin yay aylarında parkda yerləşən kafedə o, Ramazan və Kənan oturub çay içdikləri vaxt “Hundai” markalı avtomobil gəlmiş və avtomobildən Şəmsəddinlə Cuma adlı Balakən RPŞ-in əməliyyat müvəkilləri düşmüşlər. Avtomobildə olan digər polis əməkdaşını isə görməmişdir. Şəmsəddin və Cuma gəlib Həsəni polis şöbəsinə dəvət etmişlər. Həsən də avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Həsəni polis şöbəsinə aparan zaman onun əlini, qolunu tutan, hərəkətlərini məhdudlaşdıran olmamışdır. Həsəni polis əməkdaşları şöbəyə dəvət edəndə günorta radələri, təxminən saat 13-14 arası olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin yay aylarında Heydər Əliyev adına parkda yerləşən kafedə oturub, çay içən zaman Balakən RPŞ-nin polis əməkdaşları gəlib Həsəni polis şöbəsinə aparmışlar. Həmin polis əməkdaşlarından Şəmsəddin adlı əməliyyat müvəkkilini tanımışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Həsəni polis şöbəsinə aparan zaman onun əlini, qolunu tutan, hərəkətlərini məhdudlaşdıran olmamışdır. Həsəni polis əməkdaşları şöbəyə dəvət edəndə günorta radələri, təxminən saat 13-14 arası olmuşdur. Cinayət işinin materiallarında olan 18.06.2021-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Həsən adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Həsən adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən onun ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1995-ci il təvəlldülü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 1, iş vərəqi 04). Cinayət işinin materiallarında olan 18.06.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan 18.06.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10-da Balakən rayon ərazisində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş və 18:22də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 17). Cinayət işinin materiallarında olan 18.06.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şəxsin üzərindən 03 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək qanuna müvafiq qaydada götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntülər CD diksə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 25-27). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 19 iyun 2021-ci il tarixli 6/249 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə....” yazısı olan paketdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,313 qr, 2,890 qr, 2,056 qr, ümumi təmiz çəkisi 7,259 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 01, iş vər. 55-60). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 30 avqust 2021-ci il tarixli 3146 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 179-180). Cinayət işinin materiallarında olan 23.06.2021-ci il tarixli 007-8338-1221 nömrəli əməliyyat tapşırığına verilmiş 16.07.2021-ci il tarixli 007-9385-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 01, iş vər. 165). Cinayət işinin materiallarında olan 10.09.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 206, 234.4.1, 234.4.2-ci maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 182-196). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 18.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Həsən adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Həsən adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən onun ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1995-ci il təvəlldülü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, həmin günü şəxs Balakən rayonu ərazisində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gəritilmiş, müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 18.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə vəkilin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə hesab edir və vurğulayır ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun cibinə narkotik vasitə heroinin qoyulduğunu və məcbur qalıb etirafedici ifadələr verdiyini bildirsə də, ibtidai istintaq zamanı bu barədə məlumat verməmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən etiraz etməmiş, təqsirləndirilən şəxs qismində dindirilərkən, habelə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən qeyd edilən xüsusatla bağlı heç nə deməmiş, qeyd olunan fakt ilə bağlı heç bir quruma müraciət etməmişdir. Odur ki, polis əməkdaşları tərəfindən onun cibinə narkotik vasitə heroinin qoyulması ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmadığından, məhkəmə şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır. Əksinə şəxsin ibtidai istintaq zamanı narkotik vasitənin əldə edilməsi bağlı verdiyi ifadəsi hərtərəfli, obyektiv həqiqəti əks etdirdiyi, işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyü üçün məhkəmə məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı sayır və ona elan olunan ittihamın əsasına həmin ifadəni qoyur. Eyni zamanda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə də tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin bir neçə bükümdə aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək özündə saxlamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən X5 və X3 qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələrlə də razılaşmır və onlara tənqidi yanaşır. Belə ki, sözügedən şəxslərin təqsirləndirilən şəxsin yaxın dostları olmaqla eyni rayon sakini olması onların Təqsirləndirilən şəxs xeyrinə ifadə vermələrini anlaşılan edir. Odur ki, məhkəmə həmin ifadələrə təqsirləndirilən şəxsi məsuliyyətdən qurtarmağa hesablanan ifadələr kimi yanaşır və onları əsaslı sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan, doğum haqqında şəhadətnamələrin surətindən və xasiyyətnamədən görünür ki, Mamedov X8 şəhəri, Xətai küçəsi, ev 17 ünvanında yaşayır, himayəsində 2019 və 2021-ci il təvəllüdlü iki azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vərəqi 137-138, 170-171). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, son iki məhkumluğu Balakən Rayon Məhkəməsinin hökmləri ilə olmuş, Balakən Rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli hökmünə əsasən CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, 24.02.2021-ci il tarixdə cəzası başa çatmış, daha sonra Balakən Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli hökmünə əsasən CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 01, iş vər. 125-127, 141-164). Cinayət işinin materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “08 noyabr- Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilmiş və Balakən Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il hissəsindən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, onun kriminal əməllərə meyilli şəxs olmasını, yəni əvvəllər dəfələrlə cinayət əməli törətdiyinə görə məhkum olunmasını, əvvəllər təyin olunan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan nəticə çıxarmayaraq yenidən bu dəfə ağır cinayət əməli törətməsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokollardan və Bakı şəhəri Nərimanov Rayon Məhkəmənin 20.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 18.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 17, 102-106). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına aid edilməli, ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı 18.06.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir, həmçinin yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan 7,109 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 114 AZN (bir yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 18.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan 7,109 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 114 AZN (bir yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-23/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-23/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver