Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-230/2022 21.11.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamını müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: – Şəki Regional Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ucar rayonu Lək kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ucar rayonu Lək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə, saat 0030 radələrində Ucar rayonu, Lək kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı küçə ilə kənd yolunun kəsişməsində sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu nalayiq sözlərlə təhqir etməsindən əsəbiləşərək sərxoş vəziyyətdə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlib, əlində olan təsərrüfat-məişət təyinatlı çəkiclə Zərərçəkmiş şəxs baş nahiyəsinə birinci zərbəni endirdikdən sonra sonuncunun huşunu itirərək yerə yıxılmasına baxmayaraq, ictimai təhlükəli hərəkətlərini davam etdirməklə cinayətkar niyyətini başa çatdırmaq məqsədilə çoxsaylı zərbələr endirərək alın nahiyəsinin əzilmiş yarası, alın cibinin xarici səhvəsinin basılmış qəlpəli sınığı, həmin sınığın daxili səhvəyə pərçimlənməsi, iki göz yuvasının yuxarı divarına irradiasiya edən xətti sınığı və alt dodaqda sıyrıqla müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran zaman zərərçəkmiş şəxsin atası Şahid1 onun qolundan tutub hərəkətlərinin qarşısını aldığından, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı çəkiclə Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımaqla sonuncunun işlətdiyi kafeyə tez-tez gedib gəlmişdir, 05 aprel 2022-ci il tarixdə saat 21 radələrində anasına məxsus mobil telefon ilə Vüsala zəng edərək 3 manat pulu olduğunu, iki bakal pivə içmək istədiyini deyib əvvəlcədən borclu qaldığı 9 manat pulu da sonra ödəyəcəyini dedikdən sonra yaşadığı evdən çıxıb piyada Vüsalın kafesinə getmişdir. Orada tək oturub 1-2 saat ərzində 3 bakal pivə içərək saat 23 radələrində evə getmək məqsədilə son bakalı içib ayağa duraraq cibindən 3 manat çıxarıb vermək istəyən zaman Vüsal əsəbiləşərək ondan kafesindən çıxmasını tələb etmiş, 3 manatı yenidən cibinə qoyub Vüsala vermədən kafedən çıxıb yaşadığı evə getmişdir. Evə getdikdən sonra anası Afətə məxsus mobil telefonla Vüsala zəng edərək nə üçün onu kafesindən qovduğunu soruşmuş, Vüsal isə cavabında onu tutduracağını demişdir. Telefon danışığı zamanı Vüsal onu söymək istəsə də buna imkan vermədən kafeyə gələcəyini bildirərək evdən çıxıb təxminən 400-500 metr aralıda olan kafeyə getmişdir. Yolda gedərkən kafeyə 15 metr qalmış Vüsalın yanında oğlu Fərid və atası Həsənxan ilə birlikdə evindən gəldiyini görmüş, Vüsal çatan kimi sillə ilə onun sifət nahiyəsindən bir dəfə vuranda sonuncunun boğazından tutub yerə yıxmışdır. Yerdə Vüsalın üstünə çıxmış, sol əli ilə Vüsalı tutub sağ əlini uzadaraq yerdən bir daş götürüb həmin daşla baş nahiyəsindən iki dəfə vurmuşdur. Həmin vaxt Vüsalın oğlu Fərid qışqırdığından ayağa qalxmış, Vüsalın atası Həsənxan həmin vaxt Vüsalın onu vurduğunu düşünüb ona qaçmasını demişdir. Yaşadığı evə gedərək daşı heç bir yerə atmadan özündə saxlamış, 06 aprel 2022-ci il tarixdə Vüsalı vurduğu üçün Ucar RPŞ-nə çağırılmış və polis şöbəsində hadisə barədə izahat vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kınd sakini kimi tanımaqla sonuncu onun Ucar rayonu Lək kəndinin mərkəzində işlətdiyi çayxanaya gəlib-getmiş, Təqsirləndirilən şəxs işdiyi pivəyə görə ona 10 manat pul borcu olmuşdur. 05 aprel 2022-ci il tarixdə saat 17 radələrində Həsrət ona zəng edərək gedib pivə içəcəyini, həmçinin 10 manat köhnə borcunu da verəcəyini bildirmiş, o da razılaşmışdır. Həmin gün saat 20 radələrində Həsrət kafeyə gedərək pivə sifariş etmiş, sonradan Həsrətin stoluna həmkəndlisi Şahid5 da əyləşmiş, Həsrət 3 bakal pivə sifariş edərək içmiş və 5 manat həmin vaxt üçün, 10 manat isə əvvəlki üçün olmaqla cəmi 15 manat pul borcu yaranmışdır. Spirtli içki qəbul etdikdən sonra Həsrət sərxoş halda nalayiq hərəkətlər etməyə başlamış, Həsrətə iradını bildirdikdə sonuncunun bundan xoşu gəlməyərək sərxoş halda yenə də nalayiq hərəkətlər etmişdir. Bu zaman Xəyyam gedib avtomobilinə əyləşərək Həsrəti evlərinə aparmaq üçün çağırmış, lakin Həsrət evlərinə getmək istəməyərək sərxoş halda nalayiq hərəkətlər etməkdə davam etmişdir. Bundan sonra Həsrəti kafedən bayıra çıxararaq evlərinə getməsini demiş, həmçinin Həsrətə borcunu bağışladığını, bir daha kafeyə gəlməməsini bildirmişdir. Həsrət də Xəyyamın avtomobilinə minərək çıxıb getmiş, təxminən 10-15 dəqiqə sonra kafeni bağlayaraq evlərinə getmişdir. Evlərinə gedəndə həyətdə Həsrət onun telefonuna davamlı zənglər etməyə başlamış, o da Həsrətdən onu rahat buraxmasını xahiş edərək telefonunu söndürmüş və bir daha sonuncunun telefonunu açmamışdır. Sonradan Həsrət anasının telefonu ilə ona zəng etdiyinə görə zəng edənin Həsrətin anası olmasını düşünərək telefonu açmış, lakin Həsrət yenə də telefonda bu dəfə daha aqressiv şəkildə onun ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt Həsrət onun ailsəinin ünvanına nalayiq ifadələr işlətdiyinə görə çox əsəbləşmiş, Həsrət isə əksinə onu küçəyə çağıraraq əgər çıxmasa həyətinə girəcəyini bildirmişdir. Buna görə də məcbur qalaraq atası Həsənxana olanları bildirərək küçəyə çıxmış, küçəyə çıxanda Həsrətin səsinə tərəf gedərək küçənin başında sonuncu ilə rastlaşmışdır. Həsrətin əlində bıçaq olmasından ehtiyat edərək bu barədə soruşmuş, Həsrət isə bıçaq olmadığını deyərək qəflətən onun başından çəkiclə vurmuşdur. Birinci zərbədən yerə yıxılaraq müqavimət göstərə bilməmiş, lakin yerə yıxılan zaman Həsrətin əlində olan çəkiclə onu davamlı vurmasını görərək huşunu itirmişdir. Bundan sonra 06 aprel 2022-ci il tarixdə Ucar rayon Mərkəzi Xəsətxanasında ayılmış, sonra isə Göyçay rayon Mərkəzi Xəstəxanasında və Bakı şəhərində tibbi müayinədən keçmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Vüsal evlərinin həyətyanı sahəsində yerləşən kafeni işlətməklə müştərilərə çay, pivə təklif etmişdir. xx.xx.2022-ci il tarixdə oğlu Vüsal evə gələrək həmkəndlisi Təqsirləndirilən şəxs sərxoş halda mübahisə yaratmasını, davamlı olaraq Vüsala zəng edərək mobil telefonda sonuncunu təhqir etməsini və küçəyə çağırmasını bildirmişdir. Bu zaman Həsrət yenə zəng edərək Vüsalı küçəyə çağırmış, bundan sonra Vüsal küçəyə getmişdir. Həmin vaxt baş verə biləcək hadisənin qarşısını almaq üçün oğlu Vüsalın ardınca küçəyə çıxmış, küçəyə çıxan zaman nəvəsi Fərid də onun ardınca getmişdir. Küçənin başına çatmağa az qalmış oğlu Vüsalın küçənin başında Həsrətlə qarşılaşmasını, sonuncunun qəflətən əlində olan çəkiclə Vüsalın baş nahiyəsinə vuraraq yerə yıxmasını və yerdə vurmağa davam etməsini görmüşdür. Həmin vaxt oraya çataraq Həsrətin hərəkətlərinin qarşısını alıb qolundan tutaraq saxlamış və nəvəsi Fəridlə dalaşmamaları üçün qaçmasını qışqırmışdır. Həmin vaxt Həsrət qaçıb getmiş, sonra isə nəvəsi ilə birlikdə oğlu Vüsalın halının pis olmasını və başının qan içərisində olmasını görərək polisə zəng etmişdir. Vüsalı əvvəlcə kafeyə, oradan isə xəstəxanaya aparmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 05 aprel 2022-ci il tarixdə, axşam saatlarında çay içmək üçün yaşadığı Ucar rayonu Lək kəndində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi kafeyə getmiş, həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs da orada pivə içmişdir. Saat 22 radələrində Təqsirləndirilən şəxs artıq sərxoş olmasını görüb sonuncunu evlərinə təhvil vermək məqsədilə gedib avtomobilini işə saldıqdan sonra Həsrəti çağırmış, bir müddət gözləsə də sonuncu kafedən çıxmadığı üçün oradan getmişdir. Bir qədər uzaqlaşdıqda Həsrət ona zəng edərək onu evlərinə aparmasını xahiş etmiş, geri qayıdanda Həsrətin bir qədər də sərxoş olmasını görmüşdür. Həsrət pivənin pulunu verməsi üçün ondan 10 manat pul istəmiş, Zərərçəkmiş şəxs zəng edərək pivənin pulunu özü verəcəyini demiş və Vüsalla razılaşdıqdan sonra Həsrəti avtomobili ilə aparıb evlərinə düşürərək çıxıb getmişdir. Həmin vaxt Həsrət geri qayıdacağı, Zərərçəkmiş şəxs xəsarət yetirəcəyi və ya sonuncunu öldürəcəyi barədə he çnə deməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs gecə dalaşaraq Zərərçəkmiş şəxs başına çəkiclə vuraraq xəsarət yetirməsini bilmiş, bundan sonra sonuncunun telefonuna zəng edərək nə baş verməsini axşam pivənin pulunu verəcəyini dediyini, niyə dalaşdıqlarını soruşmuş, Vüsal isə gecə Həsrətin zəng edib küçəyə çağıraraq küçədə başına çəkiclə vurub xəsarət yetirməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 2330 radələrində oğlu Həsrət sərxoş vəziyyətdə evə gələrək onun telefonunu götürüb həmkəndlisi Zərərçəkmiş şəxs zəng edərək sonuncuya olan 3 manat borcunu gətirib qaytarmaq üçün görüşmələrini istəmişdir. Vüsal isə görüşməyə etiraz etmiş, təxminən saat 0015 radələrində oğlu Həsrət telefonla danışmaq adı ilə küçəyə çıxmışdır. Təxminən yarım saat sonra Həsrət həyəcanlı vəziyyətdə evə girərək telefonu ona verib bilmədiyi istiqamətdə getmişdir. Təxminən 30 dəqiqə sonra polis əməkdaşları gələrək Həsrətin harada olduğunu soruşduqdan sonra sonuncunun həmkəndliləri Vüsalı vurub xəsarət yetirdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir xx.xx.2022-ci il tarixdə saat 2330 radələrində əri Zərərçəkmiş şəxs evə gələrək atası Şahid1 həmkəndliləri Təqsirləndirilən şəxs tərəfindən telefonda təhqir edildiyini bildirmiş, söhbət zamanı Təqsirləndirilən şəxs yenidən əri Vüsala zəng edərək sonuncu ilə nəsə danışıqdan sonra Vüsal Həsrətin nalayiq ifadlər işlədib küçəyə çağırdığını bildirdikdən sonra çölə çıxmışdır. Təxminən 40 dəqiqə sonra kiçik oğlu Fərid həyəcanlı şəkildə evə girib Həsrətin çəkiclə atası Vüsalın baş nahiyəsinə zərbələr vurduğunu, bu zaman qaynatası Həsənxanın Həsrətin hərəkətlərinin qarşısını aldığını və birlikdə onlara məxsus olan kafeyə apardıqlarını bildirmişdir. Dərhal küçəyə çıxaraq oğlu Fəridlə kafeyə getmiş, oraya çatan zaman Vüsalın baş nahiyəsinin qan içində olduğunu görmüşdür. Təxminən 10 dəqiqə sonra təcili tibbi yardım işçiləri gələrək əri Vüsalı xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 106 №-li rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən onun bədəni üzərində xəsarət almasını göstərən obyektiv məhkəmə-tibbi əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 104 №-li rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən onun bədəni üzərində alın sümüyünün ön divarının çökməşəkilli qəlpəli sınığı, alın nahiyyəsinin əzilmiş-cırılmış yaraları, alt dodağın sıyrığı bərk küt əşyanın (alətin) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hisssələrinin (əl, əl barmaqları, ayaq və s.), o cümlədən məhdud səthə malik bərk əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərələ əlaqədar ağırlaşma və ya ümumi əmək qabiliyyətinin pozulması halları baş verərsə əlavə məhkəmə tibbi ekspertizasının keçirilməsi məsləhətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təkrar məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, T 181/2022 №-li rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən onun bədəni üzərində alın nahiyyəsində əzilmiş yara, alın cibinin xarici səhvəsinin basılmış qəlpəli sınığı, daxili səhvəyə pərçimlənməsi və hər iki göz yuvasının yuxarı divarına irradiasiya edən xətti sınığı və alt dodaqda sıyrıq olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, çəkiclə yetirilən zərbə nəticəsində yaranması inkar edilmir, daşla yetirilməsi inkar edilir, yetirilmə müddəti xx.xx.2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş komisyon məhkəmətibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 695 saylı rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində alın nahiyəsində əzilmiş yara, alın cibinin xarici səhvəsinin basılmış qəlpəli sınığı və bu sınığın daxili səhvəyə pərçimlənməsi və hər iki göz yuvasının yuxarı divarına irradiasiya edən xətti sınığı və alt dodaqda sıyrıq olmuş, daşla deyil, təqdim edilmiş çəkiclə yetirilən zərbə nəticəsində yaranması inkar edilmir, yetirilmə müddəti xx.xx.2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 07 iyun 2022-ci il tarixli, 377/2022 MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə A beta (İİ) olmuşdur. Ekspertizaya təqdim edilən çəkic üzərində olan ləkələrdə A beta (İİ) qruplu insan qanı aşkar olunmuşdur. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş daş parçası üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 13 iyun 2022-ci il tarixli, 383 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 17/714 saylı rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd predmet kustar üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı çəkicdir, soyuq silah hesab edilmir. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1930-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş Ucar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, 08 avqust 2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti uzadılmışdır. İş materiallarına əlavə edilmiş Ucar rayon İcra Hakimiyyəti Başçısının Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 53 nömrəli arayış və 86 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonu Lək kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2011-ci ildə doğulmuş Aysun İsmayılova, xx.xx.2013-cü ildə doğulmuş Şahid3 və xx.xx.2022-ci ildə doğulmuş İsmayıl İsmayılov adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon Mərkəzi Xəstəxanası “X7”dən daxil olmuş xx.xx.2022-ci il tarixli, PHŞ/1.1.86-2-2022-133 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda olmamışdır. Beləliklə məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 29, 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək istəməməsini və sonuncu bu məqsədlə çəkiclə vurmadığını göstərsə də həmin halı təsdiq edən hansısa dəlil məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə olan ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Zərərçəkmiş şəxs bədən nahiyyəsində olan xəasrətlərin sayı, lokalizasiyası, yetirilmə ardıcıllığı və şahidlərin ifadələri məhkəmənin belə qənaətə gəlməsinə əsas verir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çəkiclə vurmadığını, həmin çəkicin Zərərçəkmiş şəxs özü tərəfindən onu vurmaq üçün gətirdiyini göstərsə də məhkəmə biloloji kespertizasının rəyi ilə çəkicin üzərində aşkar edilmiş qana bənzər ləkələrin Zərərçəkmiş şəxs məxsus ola bilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu iddia etdiyi daşın üzərində isə qana bənzər ləkələr aşkar edilməmişdir. Bundan başqa məhkəmə-tibb ekspertizasının rəyi ilə də Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin çəkiclə yetirilməyə xarakterik olduğu və daşla yetirilməsinin inkar edildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək istəmədiyini bildirsə də Şahid1 Təqsirləndirilən şəxs qolundan tutaraq oğlu Vüsala zərbə yetirməsinə imkan vermədiyini və Həsrəti oradan kənarlaşdırdıqdan sonra oradan getdiyini bildirmişdir. Buradan məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Vüsal İsmayılovun baş nahiyəsinə çəkiclə zərbələr endirərkən sonuncunu öldürmək istəmiş, həmin vaxt oraya gələn Şahid1 ona mane olduğuna görə özündən asılı olmayan səbəblərdən niyyətini həyata keçirə bilməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı tutulduğu 08 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (yüz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Ucar rayon Prokurorluğunda saxlanılan bir ədəd çəkic məhv edilməli, 01 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 08 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ucar rayon Prokurorluğunda saxlanılan bir ədəd çəkic məhv edilsin, bir ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-230/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-230/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver