Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-230/2023 03.11.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1972-ci ildə İsmayıllı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, İsmayıllı Kommunal Müəssisələri Kombinatında fəhlə işləyən, orta-ixtisas təhsilli, İsmayıllı şəhəri, N.Səmədov küçəsi ev 32-də qeydiyyatda olmaqla İsmayıllı şəhəri, Q.Aslanov küçəsi ev 14B-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ümumilikdə külli miqdar təşkil edən 3,325 qram çəkidə narkotik vasitə olan heroini 1,595 qram, 1,173 qram və 0,557 qram çəkilərdə olmaqla 3 ədəd sellofan bükümlərdə qablaşdırmaqla, habelə şəxsi istehlak miqdarından artıq 1,495 qram çəkidə psixotrop maddə olan metamfetamini 1 ədəd sellofan bükümdə qablaşdıraraq əynindəki boz rəngli cins şalvarın arxa cibinə qoyub üzərində daşımaqla saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, Q.Aslanov küçəsində velosipedlə hərəkətdə olan zaman saxlanılıb İsmayıllı Rayon Polis Şöbəsinə gətirilərək həmin gün saat 11 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın arxa cibindən həmin 3 ədəd sellofan bükümlərdə satış məqsədi ilə saxladığı külli miqdar təşkil edən ümumi təmiz çəkisi 3,325 qram olan narkotik vasitə heroin, habelə 1 ədəd sellofan bükümdə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 1,495 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı İsmayıllı şəhəri Q.Aslanov küçəsi ev 14b ünvanından özünə məxsus velosipedlə çıxıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İsmayıllı rayon şöbəsinə gedib orada işini gördükdən sonra velosipedlə evinə geri qayıdarkən mülki geyimdə olan Müşfiq adlı polis əməkdaşı ilə də orada salamlaşmış, həmin polis əməkdaşı ondan hara getdiyini soruşmuşdur. Polis əməkdaşına evə getdiyini bildirmiş, idarə etdiyi velosipedlə təxminən bir dəqiqə ərzində hərəkətini davam etdirib yaşadığı küçədə hərəkətdə olarkən “Şevrolet” markalı avtomaşın yanında saxlayaraq avtomaşında olan sonradan adlarının Valeh və Fariz olduqlarını bildiyi polis əməkdaşları hərəkətini saxlamasını bildirmişdir. Velosipedini saxladıqdan sonra avtomaşında olan və içərisində bir qədər əvvəl salam verdiyi polis əməkdaşının da olduğu dörd nəfər mülki geyimli polis əməkdaşı yerə düşüb ona polis şöbəsinə getməli olduğunu demişlər. Polislərin avtomaşınına əyləşərkən polis əməkdaşlarından Fariz və Valeh onun boynundan tutub aşağı əyən zaman Valeh əlini onun boz rəngli şalvarının arxa sağ yan cibinə salmış, Valehdən nəyə görə əlini onun cibinə saldığını soruşmuşdur. Valeh ona telefonunu götürdüyünü demiş, həmin polis əməkdaşına velosiped sürərkən arxa cibə telefon qoymağın mümkün olmadığını, telefonunun gödəkçəsinin cibində olduğunu və özünün könüllü təqdim edə biləcəyini demişdir. Həmin vaxt şalvarının arxa cibinə nə isə qoyulduğunu hiss etmiş, avtomaşına əyləşdirilərkən əllərini tutduqlarına görə cibinə baxa bilməmişdir. İsmayıllı Rayon Polis Şöbəsinə gətirildikdən sonra əli qandallı üçüncü mərtəbədəki ayaqyoluna aparılmış, orada Nicat Vəliyev adlı polis əməkdaşı ona ailəsi və uşaqlarını da oraya gətirəcəklərini, başına torba keçirib Bakı şəhərinə aparacaqlarını deyərək nə deyirlərsə onu boynuna almasını bildirmişdir. Əllərini açaraq şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan ona məxsus əşyalarını “Redmy Note 8” markalı mobil telefonu, 58 manat kağız pul və qəpik pullar, sosial idarədən aldığı bildiriş, 2 ədəd yaylıq və s kağızları stolun üzərinə qoyduqdan sonra boz rəngli şalvarının arxa sağ yan cibində nə isə olduğunu, həmin əşyanı polis əməkdaşlarının onun cibinə qoyduqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən arxa sağ yan cibindən 4 ədəd sellofan bükülüdə toz halında kütlələr olan aşkar edilərək götürülmüşdür. Heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, narkotik vasitələr polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon X3 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs İzətula oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 10 radələrində xidməti “Lada Niva” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə əlində velosipedin sükanını tutmaqla özü isə piyada İsmayıllı şəhəri Q.Aslanov küçəsində hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə İsmayıllı rayon Polis Şöbəsinə dəvət etmişlər. İsmayıllı rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sağ arxa cibində, içərisində narkotik vasitə heroinə və birində psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu dörd ədəd sellofan bükülü aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirmiş, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin rəisi işləyən X6, CAB-in əməliyyat müvəkkili işləyən Şahid2, Şahid4, KTQ-nun baş inspektor kriminalisti işləyən X8, məsul növbətçi işləyən Şahid5, İTB-nin sahə polis nəfəri işləyən Soltanzadə X9 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 may 2023-cü il tarixli 17/392 nömrəli rəyindən görünür ki, tədqiqata təqim edilmiş üzərində 1) /imza/ Şahid3 2) /İmza\ Şahid1 3) /İmza/ Şahid4 4) /İmza/ Şahid2 6) /İmza/ S.Mirzəyev....” imzalar və adlar yazılmış zərfin içərisindəki 03 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,595 qram, 1,173 qram, 0,557 qram, ümumi təmiz çəkisi 3,325 qram olan maddələr kusta üsulla hazırlanmış narkotik vasitəheroindir. 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,495 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, 03 (üç) ədəd sellofan bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycna Repsublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Repsublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1021 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmədaktiloskopik ekspertizasının xx.xx.2023-cü il tarixli 3/917 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 04 ədəd sellofan bükümlərin üzərində əl-barmaq və papilyar naxış izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 12 may 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əyinindəki boz rəngli şalvarın sağ arxa cibindən şəffaf rəngli içərisində ağ, qara və sarımtıl rəngli narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu və çəkiləri müvafiq olaraq 1,89, 1,35, 0,67 və 1,62 qram olan bükümlər aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan X5 Hüquqi Şəxsindən alınmış xx.xx.2023-cü il tarixli PHŞ-6- 47/2-419/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri, N.Səmədov küçəsi ev 32-də qeydiyyatda olan və İsmayıllı şəhəri, Q.Aslanov küçəsi ev 14B-də yaşayan xx.xx.1972-ci il təvəllüdlü Cəfərov X2 RMX-nın poliklinika şöbəsinin “Narkoloji”, Ruhi-Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeyriyyatında yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzər nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1222 nömrəli arayışdan görünür ki, Cəfərov X2 şəhəri Q.Aslanov küçəsi ev 14 B ünvanında qeydiyyatda olmaqla yaşamış, himayəsində xx.xx.2009-cü ildə doğulmuş Fatma Cəfərzadə adlı bir azyaşlı uşağı vardır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 12 may 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1046-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə dörd bükümdə olmasa da onun əvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, narkotik vasitələrin satışını təsdiq edəcək hər hansı mobil telefon danışığının və SMS yazışmalarının aşkar olunmaması kimi hallar onun üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmaması və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını təsdiq etməsə də polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuzluq və zorakılıq hallarına yol verilməmiş, həmin vaxt ona qarşı hansısa bir qanunsuzluq edilməsinə dair heç bir müraciət etməmiş, bundan başqa polis əməkdaşlarının narkotik vasitəni onun cibinə qoymalarına dair hansısa dəlil təqdim edə bilməmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ifadəsini işin hallarına uyğun gəlmədiyinə görə obyektiv və səmimi ifadələr kimi qəbul etmir. Bundan başqa Təqsirləndirilən şəxs müxtəlif dövlət orqanlarından daxil olmuş ərizələrində evinin yaxınlığında qanunsuz tikili aparılmasına dair şikayətləri ilə əlaqədar olaraq sifariş əsasında tutulduğunu bildirsə də, məhkəmə bunu təsdiq edə biləcək hansısa hal müəyyən etməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşğaının olması və yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 12 may 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 133,23 AZN (yüz otuz üç manat iyirmi üç qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 12 may 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 133,23 AZN (yüz otuz üç manat iyirmi üç qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan 3,175 qram heroin və 1,445 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-230/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-230/2023
03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver