Məhkəmə qərarları › İş №1(091)-233/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-233/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-233/2022 25.10.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, X10 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1987-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaq olan, işləməyən, Yevlax rayonunun Qaraoğlan kəndində qeydiyyatda оlmaqla həmin ünvanda yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənət (kannabis) bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib 2022-ci il aprel ayının əvvələrində həmin toxumları qəsdən yaşadığı Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində yerləşən pay torpaq sahəsində kolluqlarla əhatə olunmuş ərazidə torpaq üzərində qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etmiş, 19 iyun 2022-ci tarixdə, saat 20:15-dən 20:35-ə qədər olan müddətdə Yevlax RPŞ-nın əməkdaşları tərəfindən Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsinə videoçəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs kultivasiya etdiyi külli miqdarda narkotik tərkibli 39 ədəd hündürlükləri 15 sm-dən 145 sm-dək, ümumi çəkisi 1 kiloqram 715 qram əkilib becərilməsi qanunla qadağan edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 39 ədəd çətənə bitkilərinin toxumlarını özünün şəxsi istifadəsi üçün əkmişdir. O, verilən suallara cavab olaraq isə bildirmişdir ki, 39 ədəd çətənə bitkilərinin toxumlarını özünə məxsus torpaq sahəsində əkmiş, lakin onlara qulluq etməmişdir. Polis əməkdaşları torpaq sahəsində olarkən onu saxlamışlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən, şöbəyə aparılarkən və şöbədə olarkən heç bir təsir və təzyiqə məruz qalmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadədə çətənə bitkilərini satmaq üçün əkdiyini bildirmiş və o ifadəni məhkəmə istintaqı zamanı da təsdiq edir. Özünə məxsus 0,60 hektar pay torpaq sahəsi olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin PPXB-nın polis nəfəri, polis serjantı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 19 iyun 2022-ci il tarixdə, saat 20 radələrində Yevlax rayonunun Qaraoğlan kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsinə baxış keçirilən zaman 39 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs və aqronom da tədbirdə iştirak etmişlər. Aşkar olunmuş narkotik tərkibli bitkilərin kəskin spesifik qoxuya malik olan narkotik bitkilər olması, aqronomun verdiyi rəydə də öz əksini tapmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs aşkar olunan narkotik tərkibli bitkiləri özünün əkdiyini etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nın PPXB-nın manqa komandiri, polis baş serjantı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 19 iyun 2022-ci il tarixdə, Yevlax rayonunun Qaraoğlan kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olduqdan sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs ona məxsus pay torpaq sahəsinə baxış keçirilməli olması barədə məlumat verilmiş, sonuncu da heç bir etirazının olmaması barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsinə baxış keçirilən zaman 39 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək təyin edilmək üçün ekspertizaya göndərilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs aşkar olunan narkotik tərkibli bitkiləri özünün əkdiyini və şəxsi istifadə məqsədinin olduğunu etiraf etmişdir.Təqsirləndirilən şəxs məxsus pay torpağına baxış keçirilən zaman videoçəkilişdən istifadə olunmuş və Təqsirləndirilən şəxs keçirilən əməliyyat tədbirinə etiraz etməmişdir. Məhkəmədə istintaqında ifadəsi elan olunaraq tədqiq edilmiş, iş üzrə digər şahid X5 ibtidai istintaq zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibi çətənə kollarını əkib-becərməsi barədə 19 iyun 2022-ci il tarixdə əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Səxavətin şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx xxxx 1987-ci il tarixdə Yevlax rayonunun Qaraoğlan kəndində doğulduğunu və həmin kənddə qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Səxavət barədə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Səxavət barədə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Yevlax RPŞ-nın 19 iyun 2022-ci il tarixli əmri ilə onun, PPXB-nın polis nəfəri Şahid3 və təhqiqatçı X1 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin gün o, polis əməkdaşları Şahid2, Şahid3, Sirac Fərəcov, X3 və aqronom X7 ilə birlikdə Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsinə getmişlər. Saat 20 radələrində onlar Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs çəxsus pay torpaq sahəsinə çatmışlar. Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsində Səxavətlə qarşılaşmışlar. X3 Səxavətə özünü təqdim etmiş, Səxavət də təhqiqatçıya özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı pay torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə polis şöbəsinə məlumat daxil olduğunu, həmin məlumatla bağlı ona məxsus pay torpaq sahəsinə baxış keçirlməsini bildirmişdir. Həmin vaxt Səxavət ona məxsus pay torpaq sahəsinə baxış keçirlməsinə etirazının olmaması barədə ərizə yazmış, daha sonra təhqiqatçı onu və digər iştirakçıları təqdim etdikdən sonra onlar birlikdə Səxavətin pay torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı xüsusi qaydada düzəldilmiş, diblərinə arx çəkilmiş, tünd yaşıl rəngli spesfik iyə malik olan narkotik tərkibli çətənə bitkilərinə oxşar 37 ədəd kök üstündə, 2 ədəd isə kökündən çıxarılmış vəziyyətdə çətənə bitkiləri aşkar olunmuşdur. Aşkar olunan çətənə bitkilərinin həqiqətən narkotik tərkibli çətənə bitkiləri olub-olmaması və həmin çətənə bitkilərinə aqrotekniki qulluq edilib-edilməməsi barədə rəy alınması üçün aqronoma təqdim edilmiş, həmin bitkilərin həqiqətən narkotik tərkibli çətənə bitkiləri olması və onlara aqrotekniki qaydada qulluq edilib, diblərinin alaqlarının təmizlənməsi, boşaldılması, peyinlənməsi və suvarılması üçün xüsusi qaydada düzəldilməsi barədə aqronom tərəfindən rəy verilmişdir. Sorğu-sual zamanı Səxavət həmin nakotik tərkibli çətənə bitkilərinin ona məxsus olduğunu, həmin bitkiləri gələcəkdə özü istifadə etmək və satmaq üçün 2022-ci il aprel ayının əvvələrində əkdiyini bildirmişdir. Təhqiqatçı həmin 39 ədəd çətənə bitkilərini ekspertizaya təqdim etmək üçün kisələrə yığmış və kisələrin ağzını tikərək üzərində ağ vərəqdə qeydiyyat aparmış, kisələrin üzərinə vərəqi tikərək bir neçə ədəd “zərflər üçün №7” möhürü yapışdırmış, protokol tərtib etmiş, ucadan oxunmuş, doğruluğunu digər iştirakçılarla birlikdə o, da imzası ilə təsdiq etmişdir. Qeyd olunanlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə cinayət işi başlanmış və iş icraata götürülmüşdür. Cinayət işi materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə Yevlax RPŞ-ya məlumat daxil olmuş və məlumat əsasında Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş 19 iyun 2022ci il tarixli əməliyyat – axtarış tədbirinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə, Təqsirləndirilən şəxs Yevlax rayonu Qaraoğlan kəndində yaşadığı evin yaxınlığında yerləşən, pay torpaq sahəsinə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşlarının Yevlax rayonunun Qaraoğlan kəndində yerləşən özünə məxsus olan pay torpaq sahəsinə baxış keçirmələrinə heç bir etirazı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 iyun 2022ci il tarixli hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonunun Qaraoğlan kəndində yaşadığı evin yaxınlığında yerləşən pay torpaq sahəsinə baxış, saat 20:15 dəqiqədə başlanmış və saat 20:35 dəqiqədə yekunlaşmışdır. Baxış zamanı aşkar edilmiş 37 ədəd çətənə kolu kökü ilə birlikdə çıxarılmış və 2 ədəd qurumuş kollarla birlikdə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 iyun 2022ci il tarixli cinayəti törətməkdə şübhəli şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulsun. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 iyun 2022ci tarixli qərardan və eyni tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə, saat 20:40-da azadlığı faktiki olaraq məhdudlaşdırılmış, 19 iyun 2022-ci il tarixdə, saat 22:15-də isə tutulmuşdur. Yevlax Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarından görünür ki, əvvəli 19 iyun 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barədə 4 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 iyun 2022ci tarixli 17/504 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, bir ədəd sintetik kisənin içərisindəki, uzunluqları 65 sm və 70 sm, ümumi çəkiləri 65 qram iki ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş bir ədəd sintetik kisənin içərisindəki, uzunluqları 15 sm-dən 145 sm-dək ümumi çəkiləri 1 kq 650 qram otuz yeddi ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş eyni tərkibli narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş iki ədəd bitki nümunəsi otuz yeddi ədəd bitki nümunəsi ilə eyni tərkiblidir. -Aqronom (mütəxəssis) X4 19 iyun 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işi materiallarından olan və məhkəmədə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri narkoloji dispanserinin 17 sentyabr 2022ci il tarixli 1396 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarından olan və məhkəmədə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işi materiallarından olan və məhkəmədə iclasında tədqiq edilmiş 11430329 nömrəli şəxsiyyət vəsiqəsi və 100726 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Kərimova Babaş Səxavət oğlu və X6 adlı uşaqları vardır. Yevlax Rayon İcra Hakimiyyəti başçısının Aşağı Salamabad inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 avqust 2022-ci il tarixli 154 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arvadı və iki övladı ilə birlikdə Yevlax rayonunun Qaraoğlan kəndində yaşayır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə isə Təqsirləndirilən şəxs kənd ictimaiyyəti arasında hörməti olan, davranışı nizam-ntizamlı, həmyaşıdlarının və qonşularının yaxın köməkçisi olmuş, kəndin quruculuq və iməcilik işlərində yaxından iştirak edən bir şəxs kimi səciyyələndirilmişdir. Təqsirləndirilən şəxs və digərlərinin mülkiyyət hüququna dair JN: 210 nömrəli ********* kodlu dövlət aktının surətundən görünür ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli qərarı ilə Yevlax rayonunun Qaraoğlan kəndində Kərimov Babaş Abdurəhman oğlu, X8, Kərimov Qəhrəman Babaş oğlu, Kərimova Hüsniyyə Babaş qızı və Təqsirləndirilən şəxs mülkiyyətinə 4,30 hektar torpaq sahəsi verilmişdir. Beləliklə, göstərilən sübutları məcmu halında qiymətləndirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamı təsdiq edir və bununla bağlı istintaq orqanının gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 153cü maddəsinin mənasına görə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə Yevlax RPŞ-ya məlumat daxil olmuş və məlumat əsasında həmin tarixdə qəbul edilmiş əməliyyat – axtarış tədbirinin həyata keçirilməsinə dair qərarla həmin gün, saat 20:15-dən 20:35-ə qədər olan müddətdə Təqsirləndirilən şəxs Yevlax rayonunun Qaraoğlan kəndində yaşadığı evin yaxınlığında yerləşən pay torpaq sahəsinə baxış keçirilmiş və videoçəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs kultivasiya etdiyi külli miqdarda narkotik tərkibli 39 ədəd, hündürlükləri 15 sm-dən 145 sm-dək, ümumi çəkisi 1 kiloqram 715 qram əkilib becərilməsi qanunla qadağan edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” adlı İİİ siyahısının 2-ci bəndinə əsasən, çətənə növlü bitkilərin 3-15 ədədi (6-30 hissəsi) xeyli miqdar, 16 ədədi (31 hissəsi) isə külli miqdar hesab olunur. Narkotik vasitələrə aid birinci siyahının 12-ci bəndinə əsasən isə beynəlxalq adı “Marixuana-Kannabis” olan narkotik vasitənin (qurudulmayan halda) şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 25 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2500 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (mad. 1.0.7) verdiyi anlayışlar baxımından, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışlarına verdiyi izaha əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin toplanmasıdır (Qanunun 1.0.6-cı maddəsi). "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" 18 iyun 1999-cu il tarixli 686-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 7-ci bəndində isə göstərilir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cinayət-prosessual qanunvericiliyinin istinad olunan müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında CMP-in 125-ci maddəsinin müddəalarına əsasən, məhkəmə istintaq orqanının hazırki iş üzrə əldə etdiyi sübutları mötəbər və qanuni hesab edir. Məhkəmə kollegiyası gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq mərhələsindən başlayaraq verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər sübutlarla tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun təqsirsiz olmasına dəlalət edən hər hansı hal müəyyən edilməmişdir. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 237.2.3-cü maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası CM-in 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, 59.2-ci maddəsinə uyğun olaraq, yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə müsbət səciyyələndirilməsini, habelə törətdiyi əməli səmimi olaraq etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəlincə, məhkəmə kollegiyası bu məsələ üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Digər tərəfdən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ağır cinayətlər kateqoriyasına aid, qəsdən, qanunsuz olaraq külli miqdarda, yəni 39 ədəd narkotik tərkibli çətənə bitkilərini əkmiş, həmin çətənə bitkilərinin yetişməsi üçün xüsusi qaydada aqrotexniki qaydada qulluq göstərmiş və kultivasiya etmişdir. Belə olan halda, məhkəmə kollegiyası CM-in ədalət prinsipi baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. İşdən görünür ki, təqsirləndirilən şəxsin ittiham olunduğu CM-in 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama (külli miqdarda törədildikdə) maddəsinə görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən halların olmasını, ağırlaşdıran hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsilə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın islah təsiri baxımından da əsaslı sayıla bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Belə ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət... Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır (həmin Məcəllənin 158.3-cü maddəsi). Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirilə əvəz edilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cinayət işinin materiallarında olan narkoloji ekspertizanın rəyində əks olunanlar əsas götürülərək, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut olub Yevlax RPŞ-da saxlanılan, cəmi 39 ədəd narkotok tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, cinayət işi üzrə əlli bir manat altı qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Yevlax RPŞ-da saxlanılan, cəmi 39 ədəd narkotok tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə əlli bir manat altı qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar