Məhkəmə qərarları › İş №1(091)-234/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-234/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-234/2022 05.12.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: –Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1949-cu ildə Zaqatala rayonu Mosul kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayonu Mosul kəndində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.2 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə qanunsuz olaraq daxil olduğu – Zaqatala rayonu Mosul kəndində onunla qonşuluqda yerləşən, Şahid1 Qəybulla qızının yaşadığı fərdi yaşayış evinin həyətinə 23 iyun 2022-ci il tarixdə, saat 2130 radələrində sonuncuya baxıb həzz almaq məqsədilə növbəti dəfə əxlaq və mənəviyyat normalarına zidd daxil olduqdan sonra Şahid1 qışqırıq səsinə gəlmiş qohumları və qonşuları ilə onun arasında olan ədavət və ziddiyyət daha da gərginləşmiş, bir müddət sonra hadisə yerinə çağırılmış Zaqatala RPŞ ictimai təhlükəsizlik bölməsinin polis sahə nəfəri, polis baş serjantı Şahid7 həmin şəxslərdə ona qarşı aqressiv münasibəti görüb zorakılıqla nəticələnə biləcək xoşagəlməz halların qarşısını almaq məqsədilə onu hadisə yerindən uzaqlaşdırmaq istəmiş, bu səbəbdən hadisə yerində olan Şahid1 qardaşı oğlu Zərərçəkmiş şəxs2 və qardaşı Zərərçəkmiş şəxs1 ictimai qaydanın qorunması üzrə həmin xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına köməklik göstərməsi ilə əlaqədar ictimai borcunu yerinə yetirməsi ilə bağlı hərəkətlərinə görə o, qisas almaq niyyəti ilə qəsdən həmin gün saat 2330 radələrində yaşadığı Zaqatala rayonu Mosul kəndində yaşadığı evdən götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 Qeybulla oğlunun qarın nahiyəsinə bir dəfə zərbə endirərək qarnın ön divarından daxilə nüfuz etmiş, nazik və yoğun bağırsaqların, müsariqənin və böyük piyliyin zədələnməsi və hemorragik şokla nəticələnmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 isə sağ və sol saidlərin deşilmiş-kəsilmiş yaraları xarakterli, birlikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.2 və 128-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 onun qonşusu və həmkəndlisi olmaqla münasibətləri normal olmuş, Məhri ərə getdikdən sonra əri ilə birlikdə Rusiya Federasiyasına gedib oradan qayıtdıqdan sonra qızı və bir oğlu ilə onunla qonşuluqda tək yaşamışdır. Bir neçə dəfə Məhrinin evinə müxtəlif adamların gəlib-getdiyini görmüş, Məhri tez-tez evinin mətbəxinin pərdəsini açıb-bağladığına görə sonuncunun ona işarələr verdiyini zənn etmişdir. Məhrinin evinə ərinin əmisi oğlu İsmayıl gələndə bir neçə dəfə itmiş xoruzunu tapmaq üçün Məhrinin həyətinə getmiş, hər dəfə öz həyətindən Məhrinin mətbəxin pərdəsini açıb-bağlamağını gördükcə Məhriyə həm əl işarələri ilə, həm də işıq fanar işığı vasitəsilə oraya gələ bilməyəcəyi, ondan əl çəkməsi barədə işarələr vermişdir. Bu məsələ ilə bağlı Məhri hətta onu polisə də vermiş və o, Zaqatala rayon məhkəməsi tərəfindən cərimə də olunmuşdur. 23 iyun 2022-ci il tarixdə saat 20 radələrində öz həyətindən yenə də Məhri pərdəni açıb bağlamaqla ona işarə etdiyinə görə Məhrinin həyətinə girmiş və Məhri də evin qapısının ağzına çıxmışdır. Məhriyə ondan əl çəkməsini bildirib həyətin qapısından çıxan zaman Məhri səs-küy salmağa başlamış, Məhrinin səs-küyünə fikri verməyib öz həyətinin qapısından içəri keçmişdir. Bir qədər sonra kəndin icra nümayəndəsi Elman və sahə rəisinin köməkçisi Samir oraya gələrək ondan Məhri ilə işi olmamasını bildirmək istəmiş, o da Məhrinin ona işarə etməməsini sonuncuya demək üçün yenidən Məhrinin həyətinə getmişdir. Orada olan şəxslər ona küçəyə çıxaraq Məhridən üzr istəməsini demiş, o da razılaşmışaraq Elman və Samir ondan qabaqda gedən zaman həyətdə olan masanın üzərindəki bıçağı götürərək cibinə qoymuşdur. Həmin şəxslərlə birlikdə onun həyətinin arxa qapısından küçəyə çıxmış, küçədə Məhrinin qardaşları Rasim və Ramiz, Oruc, Məhrinin oğlu Zaman, Məhrinin ərinin ögey bacısı oğlu Yasin, Bəhman və Aydın olmuşdur. Rasim onun saçından tutaraq Məhrinin yaşadığı həyətə nə üçün girdiyini soruşmuş, küçəyə çıxıb Məhridən üzr istəyərək ondan əl çəkməsini demişdir. Onu şərləyə bilməyəcəklərini dediyi zaman arxadan kimsə yumruqla onun boynuna vurmuş, bu zaman o qabağa tərəfə gedərkən ətrafdan ona yumruq və təpiklər dəyməyə başlamışdır. Onu vuranlardan Rasim, Ramiz, Oruc və Yasini görə bilmiş, bundan sonra Ramiz onu maşına mindirməyə çalışaraq onu polis şöbəsinə aparmaq istəmişdir. Ayaqları yerdə olmaqla avtomobilin arxa oturacağına əyləşmiş, Ramizə ayaqqabısını geyinməyə icazə verməsini xahiş etmişdir. Ramiz yerdə olan ayaqqabısının birini götürüb onun başına vurmuş, daha sonra isə yumruqla ağız nahiyəsinə vurduğuna görə onun dodağı cırılmışdır. Bu vaxt cibində olan bıçağı çıxarıb altdan Ramizin qarnına soxmuş və daha sonra ayağını qaldırıb Ramizin ayağına keçirməklə itələyib yıxmışdır. Bu vaxt Rasimin oğlu Oruc onun qabağını kəsərək onu yumruqla vurmaq istəyəndə o əlində olan bıçaqla Orucun hər iki qoluna bıçaqla xəsarət yetirmişdir. Bu vaxt polis əməkdaşı Samir və icra nümayəndəsi Elman onu tutub əlindən bıçağı aldıqdan sonra onu avtomaşına mindirib aldığı xəsarətlərə görə xəstəxanaya aparmışlar. Onun bıçaqla xəsarət yetirdiyi Ramizi isə başqa maşına qoyub xəstəxanaya aparmışlar, xəstəxanada onun dodağına tikiş qoyulmuş və rentgen müayinəsi eləyən zaman qabırğası və sağ qolunun sındığı məlum olmuşdur. Zərərçəkmiş şəxsləri qəsdən vurmamış, özünü müdafiə edərkən sonunculara xəsarət yetirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 23 iyun 2022-ci il tarixdə saat 2130 radələrində evdə olarkən bacısı Məhrinin qışqırıq səsini eşidərək küçəyə çıxmış, qonşu Cəmaləddinin evə getdiyini görsə də dalınca getməmişdir. Yasin, Aydın, Rasim, Bəhman və Mehrinin yenicə əsgərlikdən gələn oğlu Zaman orada olmuş, Zamanın və digər sakinlərin Cəmalləddinə zərər vura biləcəyini düşündüyünə görə Cəmaləddini ən azı bir günlük kənddən çıxarmaq məqsədilə polis sahə nəfəri Samiri və icra nümayəndəsi Elmanı oraya çağırmışdır. Onlar Cəmaləddini yaşadığı evdən çağıraraq küçəyə çıxarmışlar, X6 üzr istəmişdir. Onlar Cəmaləddindən şikayətçi olduqları üçün polis şöbəsinə getmək üçün sonuncuya avtomobilə əyləşməsini bildirmiş, Cəmaləddinin qolundan tutaraq avtomaşına doğru gedərkən sonuncu ona ayaqqabısını geyinmək istədiyini bildirərək aşağı əyilib qəflətən onu qarnından bıçaqla bir dəfə vurmuşdur. Cəmaləddinin əlindən bıçağı almaq üçün sağ qolunu burmuş, daha sonra saçından tutaraq üz nahiyəsinə zərbə endirmişdir. Sonra özünə doğru çəkib dizi ilə qabırğa nahiyəsinə zərbə endirmiş, özünü itirib yerə yıxılan zaman Zərərçəkmiş şəxs2 onu arxadan tutmuşdur. Bu zaman Cəmaləddin Orucun hər iki qoluna bıçaqla xəsarət yetirmiş, onu orada olan şəxlərin köməyilə xəstəxanaya çatdırmışlar. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 23 iyun 2022-ci il tarixdə saat 23 radələrində kəndin mərkəzində yerləşən çayxanada olan zaman arvadı X8 ona zəng edərək Şahid1 halı pisləşdiyi üçün xəstəxanaya aparmaq lazım olduğunu və Məhrinin yaşadığı evə getməyini bildirmişdir. Bundan dərhal sonra Şahid1 yaşadığı ünvana çatan zaman orada Aydın, Rasim, Bəhman və Məhrinin oğlu Zaman, polis sahə nəfəri Samir, kənd icra nümayəndəsi Elman orada olmuş, Zamanın Cəmallədinə zərər vura biləcəyini düşündüklərinə görə Cəmaləddini ən azı bir günlük kənddən çıxarmaq, həmçinin Cəmaləddindən şikayət etmək üçün polis şöbəsinə aparmaq məqsədilə Samir və Elman Cəmaləddini yaşadığı evdən çağıraraq küçəyə çıxartmışlar. X6 üzr istəmiş, lakin onlar Cəmaləddindən şikayətçi olduqları üçün dayısı Ramiz Cəmaləddinə polis şöbəsinə getmək üçün avtomobilə əyləşməsini bildirərək Cəmaləddinin qolundan tutaraq avtomaşına doğru getmişlər. Ramiz və Cəmaləddin onlardan uzaqlaşaraq avtomobilə doğru gedərkən dayısı Ramizin qışqırdığını eşidib həmin tərəfə baxdıqda sonuncunun bıçaqlanmasını və Cəmaləddinə zərbə endirdiyini görmüşdür. Ramizə kömək etmək üçün dərhal oraya qaçaraq yerə yıxılan dayısını arxadan tutmuş, elə bu zaman Cəmaləddin bıçaqla hərəkətlərinə davam etdirərək onun hər iki qoluna bıçaqla xəsarət yetirmişdir. Elə bu zaman polis sahə nəfəri Samir Cəmaləddini tutaraq bıçağı əlindən almış. onu və dayısı Ramizi xəstəxanaya çatdırmışlar. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və eyni zamanda qonşusu olmaqla təxminən dörd ilə yaxındır ki, gecələr yaşadığı evə fanarla işıq salmaqla, ev telefonuna zəng vurmaqla və buna oxşar digər hərəkətlər etməklə onu narahat etmişdir. Oğlu Şahid2 təxminən 1 il 6 ay qabaq əsgərliyə getdikdən sonra Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətinə, hətta evinə daxil olaraq evinin pəncərəsindən onu və qızını güdmüş, hər dəfə Cəmaləddini gördükcə qışqır-bağır salıb sonuncunu qovmuşdur. Bununla bağlı bir neçə dəfə şikayət də etmiş və Cəmaləddinin barəsində məhkəmə qərarı ilə cərimə də tətbiq edilmişdir. 23 iyun 2022-ci il tarixdə saat 2130 radələrinədək qardaşı Ramiz, oğlu Zaman, qızı və o evinin həyətində oturub sohbət edib yemək yedikdən sonra qardaşı Ramiz evə getmiş, oğlu Zaman isə kontur almaq məqsədilə yaşadığı küçənin baş tərəfində yerləşən mağazaya getmişdir. Qızı Silviya hamama girmiş, o isə qonaq otağında televizora baxarkən evin qapısının açıldığını hiss etmişdir. Əvvəlcə pişiyin evə daxil olduğunu düşünmüş, daha sonra geriyə dönüb qapıya tərəf baxdıqda Cəmaləddinin yavaş-yavaş evə daxil olduğunu görmüşdür. Cəmaləddini görən kimi dərhal qışqırıb əlindəki televizor pultunu sonuncuya tərəf atmış, sonra özünü qorumaq üçün evdə əlinə götürə biləcək əşya axtaran zaman Cəmaləddin qaçaraq artıq həyətin qapısından çıxmışdır. Qorxusundan həyətə çıxıb yenə də qışqırmağa başlamış, bu zaman qonşuları küçəyə çıxmışlar. O da küçəyə çıxan zaman Cəmaləddin artıq öz həyətinin arxa qapısından içəri girmiş, onlar məsləhətləşdikdən sonra kəndin sahə rəsinin köməkçisi Samirə və kəndin icra nümayəndəsi Elmana zəng vurub oraya çağırmışlar. Elman və Samir oraya gəldikdən sonra Cəmaləddini avtomobilə mindirib polis şöbəsinə aparmaq məqsədilə Samir və Elman Cəmaləddinin evinə girib sonuncunu küçəyə çıxartmış, Cəmaləddin küçəyə çıxaraq ondan üzr istəmişdir. Oruc, qardaşları Ramiz və Rasim Cəmaləddindən şikayətçi olduqları üçün sonuncunu polis şöbəsinə aparmaq məqsədilə qolundan tutub avtomobilə tərəf aparan vaxt Cəmaləddin ayaqqabısını geyinmək üçün aşağı əyilmiş, sonra qəfildən altdan yuxarı qardaşı Ramizi bıçaqla vurmuşdur. Ramiz Cəmaləddinin əlindən bıçağı almaq üçün sonuncunun qolunu burmuş və sinə nahiyəsindən ayağı ilə zərbə endirmişdir. Ramizin qarnından qan axdığını görmüş, bu vaxt digər qardaşı oğlu Oruc Ramizi qucaqlamışdır. Cəmaləddin yenidən əlindəki bıçaqla hücum edəndə Orucu hər iki qolundan bıçaqla vurmuş, bu vaxt Samir Cəmaləddini tutaraq bıçağı əlindən almışdır. Onlar təcili tibbi yardıma zəng vursalar da yol uzaq olduğuna görə Ramizi maşına qoyub Zaqatala şəhər xəstəxanasına yola salmışlar, bundan sonra isə Samir Cəmaləddini avtomobilə otuzduraraq oradan aparmışdır. Orucun qollarından qan gəldiyini görüb onu da başqa bir maşınla xəstəxanaya yola salmışlar. Xəstəxanaya getdikdən sonra qardaşının əməliyyata girdiyi ona məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid3 Qəybulla oğlu, Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mosul kənd ərazi dairəsi üzrə nümayəndəsi işləyən Şahid6 ifadəsində göstərmişdir ki, 23 iyun 2022-ci il tarixdə saat 23 radələrində kənd üzrə ərazi polis sahə nəfəri Şahid7 ona zəng edərək Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında mübahisə olduğunu bildirib həmin hadisə yerinə gəlməsini xahiş etmiş, dərhal yaşadığı evdən çıxaraq həmin hadisə yerinə gedərkən artıq orada olan Şahid7 ona baş vermiş hadisəni danışmışdır. Həmin vaxt Şahid1 onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs Məhrini narahat etdiyini və Cəmaləddindən şikayətçi olduğunu bildirdiyinə görə Samirlə birlikdə Cəmaləddinin yaşadığı evin qapısını döyərək sonuncunu səsləmişlər. Cəmaləddin onlara cavab vermədiyinə görə Samir həyətə daxil olduqda Cəmaləddinin yaşadığı evin həyətinin digər tərəfindən gəldiyi görmüşlər. Cəmaləddinə Məhrinin şikayətçi olduğunu bildirmiş, Cəmaləddin isə peşman olduğunu və üzr istəməyə hazır olduğunu deyərək onlarla birlikdə yaşadığı evin həyətindən çölə çıxmışdır. Cəmaləddin çöldə Məhridən üzr istəməsinə baxmayaraq orada olan Şahid3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Cəmaləddindən şikayətçi olduqlarını bildirmiş, digər xoşagəlməz hadisələrin qarşısını almaq üçün Cəmaləddini polis şöbəsinə aparmaq məqsədilə Zərərçəkmiş şəxs1 Cəmaləddinin qolundan tutaraq avtomaşına tərəfə aparmışdır. Bir anda Ramizin yüksək səslə qışqırdığını və qarın nahiyəsindən bıçaqlandığını görmüş, Cəmaləddin yenidən bıçaqla Zərərçəkmiş şəxs2 da xəsarət yetirmişdir. Ramizi qonşuluqda yaşayan Şahid4 məxsus avtomobilə mindirib dərhal xəstəxanaya çatdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Zaqatala rayon X10 Təhlükəsizlik Bölməsinin polis nəfəri işləyən Şahid7 ifadəsində göstərmişdir ki, 23 iyun 2022-ci il tarixdə saat 23 radələrində Zaqatala rayonu Mosul kəndində yaşadığı evə gedərkən istifadəsində olan mobil telefona tanımadığı kənd sakinlərindən biri zəng edərək Mosul kəndi ərazisində mübahisə yarandığını bildirmiş, dərhal qeyd edilən ünvana gedərkən mübahisə edən şəxslərin həmin kənd sakinləri X1 və Zərərçəkmiş şəxs1 Qeybulla oğlunun olduğunu bilmişdir. Bundan sonra hadisə barədə Mosul kənd icra nümayəndəsi Şahid6 məlumat verərək dərhal həmin ünvana gəlməsini xahiş etmiş, Elman oraya gəldikdən sonra sonuncuya baş vermiş hadisəni danışmışdır. Şahid6lə birlikdə Təqsirləndirilən şəxs səsləyərək sonuncunu çağırmalarına baxmayaraq Cəmaləddin onlara cavab vermədiyi üçün Cəmaləddinin həyətinə girmiş, həyətə daxil olan zaman Cəmaləddinin həyətinin digər tərəfindən gəldiyini görmüşlər. Elman Cəmaləddinlə danışarkən Cəmaləddin Məhri ilə heç bir işinin olmadığını, peşman olduğunu və üzr istəməyə hazır olduğunu bildirmiş, buna görə də onlar çölə çıxmışlar. Cəmaləddin çöldə kənd sakinləri Rasim, Ramiz, Oruc, Zaman, Aydın, Bəhman və Yasinin yanında Məhridən üzr istəmiş, lakin Zərərçəkmiş şəxs1, Şahid3 və Zərərçəkmiş şəxs2 şikayətçi olduğu üçün və başqa xoşagəlməz hadisələrin qarşısnı almaq üçün Cəmaləddini həmin ərazidən uzaqlaşdırmaq məqsədilə Zərərçəkmiş şəxs1 Cəmaləddini avtomobilə doğru apararkən bir anda Ramizin qışqırdığını və qarın nahiyəsindən bıçaqlandığını görmüşdür. Cəmaləddin yenidən bıçaqla hərəkətlər edərək Zərərçəkmiş şəxs2 da xəsarət yetirmiş, dərhal Cəmaləddinin əlindən bıçağı almışdır. Ramizi Yasinə məxsus avtomobilə mindirib xəstəxanaya yola salmış, o isə Cəmaləddini öz avtomobilinə əyləşdirərək əvvəlcə xəstəxanaya, sonra isə polis şöbəsinə aparmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 14 iyul 2022-cu il tarixli 188 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədində aşkar edilmiş xəsarətlər – qarnın ön divarından daxilə nüfuz edərək nazik bağırsağın, yoğun bağırsağın, müsariqənin və böyük piyliyin zədələnməsi ilə və hemorragik şokla nəticələn 1(bir) ədəd deşilmiş-kəsilmiş yara – iti əşyanın(alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə hər hansı deşici-kəsici əşya ilə (alətlə) (olabilsin bıçaqla) yerinə bilərdilər, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının 01 iyul 2022-cu il tarixli 189 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ və sol saidlərin deşilmiş-kəsilmiş yaraları-iti əşyanın (əşyaların), alətin (alətlərin) təsirindən törəmişlər, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-cil tarixdə hər hasnı deşici-kəsici əşya ilə (alətlə) (ola bilsin bıçaqla) yetirilə bilərdilər, birlikdə və ayr-ayrılıqda dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının 27 iyul 2022-ci il tarixli 3/941, 3/971 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim edilmiş qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən bir ədəd zədə vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan-aşağıya doğru istiqamətlənərək yaranmaya xarakterik deşilməkəsilmə zədəsidir. Lakin, təqdim edilmiş qısaqol köynəyin səthində olan zədədə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş qısaqol köynəyin səthindəki zədə təqdim olunmuş qərarın təsviri hissəində qeyd olunmuş “qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş” xəsarəti ilə uyğunluq təşkil edir, zədə və xəsarət üst-üstə düşür. Zədənin yetirildiyi anda Zərərçəkmiş şəxs1 zədə yetirən predmetə qarşılıqlı yerləşmə vəziyyətini istintaq eksperimenti keçirmək yolu ilə müəyyən etmək olar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 07 iyul 2022-cu il tarixli 432/150 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əmlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, hazırki cinayət əməlin törədən zaman ölçüb-biçmək və onları idarə etmək, törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsir altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındandır. Təqsirləndirilən şəxs göstərilən cinayət hadisəsini törədərkən əsəbi-psixi emosional halda olmuşdur. O, cinayət hadisəsi törədərkən güclü ruhi həyacan vəziyyətində (affekt) olmamışdır (keçirməmişdir). İş materiallarında olan “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X11 təqdim etdiyi 27 iyul 2022-ci il tarixli 961 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RMX PHŞ-nin Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon Xalq Məhkəməsinin xx.xx.1978-ci il tarixli hökmü ilə AZ SSR CM-in 207-ci maddəsinin 3-cü hissəsi ilə təqslirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Xalq Məhkəməsinin xx.xx.1981-ci il tarixli qərarı ilə cəzasından 10 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən onun əməlində cinayətlərin resdivi müəyyən edilmir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 26 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Məhkəməsinin 28 iyun 2022-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs müddəti uzadılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyətinin Mosul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayonu Mosul kəndində yaşamaqla barəsində nümayəndəliyə bir neçə dəfə şikayət daxil olmuşdur. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.2 və 128-ci maddələrində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiə zamanı zərərçəkmiş şəxslərə xəsarət yetirməsinə dair ifadəsini özünü müdafiə etmək üçün məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə zərərçəkmiş şəxslərin və şahid ifadələri, məhkəmə-tibb ekspertizasının rəyləri və işdə olan digər sənədlər əsas verir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.2.2 və 128-ci maddələrinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən cinayəti törədərkən qoca – yəni 72 yaşda olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.2.2 və 128ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 26 iyun 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 180 AZN (yüz səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məclləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 26 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 180 AZN (yüz səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Zaqatala Şəhər Polis Şöbəsində saxlanılan bir ədəd qısaqol köynək Zərərçəkmiş şəxs1 qaytarılsın, bir ədəd mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar