Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-237/2024 26.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Yevlax Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 20 avqust 1964-cü ildə Ağdaş rayonunun Qaradeyin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2024-cü ilin aprel ayının əvvəllərində həmin toxumları Yevlax şəhəri, F.Əlizadə küçəsi, ev 4 ünvanında yaşadığı evin həyətində taxtadan olan yardımçı tikilidə saxladığı yeşiklərin içərisindəki sellofan torbalara yığdığı torpağın üzərində qanunsuz olaraq əkib külli miqdarda 141 ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisini yetişdirərək kultivasiya etmiş, 02 may 2024-cü il tarixdə saat 13:30-dan saat 14:45-dək olan müddət ərzində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mütəxəssis-aqronomun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Yevlax şəhəri, F.Əlizadə küçəsi, ev 4 ünvanında yaşadığı evin həyətində taxtadan olan yardımçı tikilidə saxladığı yeşiklərin içərisində sellofan torbalara yığdığı torpağın üzərində qanunsuz olaraq kultivasiya etdiyi külli miqdarda qanunla əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli cəmi 141 ədəd çətənə (kannabis) bitkisi aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən vaxta və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə 12 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 2,01 qram, 2,68 qram, 2,75 qram, 2,85 qram, 2,37 qram, 2,43 qram, 1,89 qram, 2,38 qram, 2,48 qram, 1,98 qram, 2,82 qram və 2,56 qram olmaqla, ümumi çəkisi 29,20 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək Yevlax şəhəri, F.Əlizadə küçəsi, ev 4 ünvanında yaşadığı evin həyətindəki mətbəxtə alüminium ləyənin içərisində saxlamış, 02 may 2024-cü ildə saat 13:30-dan saat 14:45-dək olan müddət ərzində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, F.Əlizadə küçəsi, ev 4 ünvanında yaşadığı evin mətbəxinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman Təqsirləndirilən şəxs saxladığı 12 ədəd kibrit qutusunda ayrı-ayrı çəkiləri 2,01 qram, 2,68 qram, 2,75 qram, 2,85 qram, 2,37 qram, 2,43 qram, 1,89 qram, 2,38 qram, 2,48 qram, 1,98 qram, 2,82 qram və 2,56 qram olmaqla, ümumi çəkisi 29,20 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib CM-in 237.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, CM-in 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, hərdən narkotik vasitə marixuanadan istifadə etmişdir. 2023-cü sonlarında iki ədəd narkotik tərkibli çətənə bitkisinin toxumunu əldə etmiş, 2024-cü ilin fevral ayının əvvəllərində yaşadığı evin arxa tərəfində sellofan torbanın alt hissəsində xiyar şitilləri əkmiş və həmin toxumları da qeyd olunan xiyar şitillərinin yanına əkmişdir. Gündəlik olaraq həmin şitillərə qulluq etməyə başlamış, qeyd olunan çətənə bitkilərini əkməkdə məqsədi gələcəkdə siqaret kimi istifadə etmək və mədəsi ağrıdığına görə çay kimi dəmləyib içmək olmuşdur. 2024-cü ilin mart ayının sonlarında əkdiyi narkotik tərkibli çətənə bitkilərinin toxumlayaraq inkişafdan dayandığını görmüş, bu səbəbdən də həmin 2 ədəd narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını və toxumlarını yığmışdır. Yarpaqlardan az miqdarda istifadə etmiş, bir hissəsini isə çay kimi dəmləyərək içmiş, nəticədə mədəsinin ağrısı nisbətən kəsilmiş, qalan marixuananın yarpaqlarını isə 12 ədəd kibrit qutusundan artıq qutuya dolduraraq gələcəkdə istifadə etmək üçün həyətdə olan istifadə etmədikləri mətbəxdə gizlətmişdir. 2024-cü ilin mart ayının axırlarında həyətə 300 ədəddən çox pamidor şitili əkərək becərməyə başlamış, evdə bibər də əkəcəyini demişdir. 2024-cü ilin aprel ayının əvvəllərində narkotik tərkibli çətənə bitkilərindən yığdığı toxumları həyətdəki taxtadan olan yardımçı tikilidə olan yeşiklərin içərisində sellofan torbalara yığdığı torpaqla peyin qarışığının içərisinə əkmiş və bir neçə gündən sonra həmin toxumlar cücərib şitil halında çıxmağa başlamışdır. O, gündəlik olaraq şitillərə qulluq etməyə başlamış, şitillər təxminən 2 sm-dən 10 sm-dək böyümüşlər. Şitillər təxminən 140 ədəddən çox olmuş və gələcəkdə yararsız hala düşəcəyi halda şitili tullamağı qərarlaşdırmışdır. O, bəzən saxladığı kibrit qutusunda olan marixuanadan çəkmiş, bəzən isə dəmləyib çay kimi içmişdir. Həmin marixuanadan dəmləyib çay kimi içdikdən sonra əsəbləri sakitləşmiş və mədəsinin ağrısı tamamilə kəsilmişdir. 02 may 2024-cü il tarixdə saat 15 radələrində işi ilə bağlı şəhərə getmiş, evə qayıdarkən həyətlərinə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının gəldiyini, həyətinə baxış keçirdiklərini və bu zaman əkdiyi narkotik tərkibli çətənə bitkilərini və kibrit qutularında saxladığı marixuanaları aşkar edib götürdüklərini eşitmişdir. O, tutulacağından qorxub evə getməmiş, buna baxmayaraq, həmin tarixdə saat 18 radələrində Yevlax şəhəri, F.Əlizadə küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, orada olarkən hüquq vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmuşdur. Bu zaman o, evinin həyətində olan otaqda özü istifadə etmək məqsədilə 141 ədəd narkotik tərkibli çətənə bitkisini əkib becərdiyini, həyətdə olan digər otaqda saxladığı 12 ədəd kibrit qutusunda olan marixuananın özünə məxsus olduğunu və oradan aşkar olunmuş tərəzini əkdiyi bostanda yetişdirdiyi tərəvəzi gələcəkdə çəkmək üçün istifadə etmək məqsədilə saxladığını qeyd etmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Yevlax şəhəri, F.Əlizadə küçəsi, ev 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi və narkotik vasitə marixuananı saxlaması barədə 02 may 2024-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 13 radələrində qeyd olunan ünvana getmişlər, qeyd olunan vaxt Təqsirləndirilən şəxs evdə olmamış və bu zaman sonuncunun arvadı Şahid1 razılığına əsasən videoçəkilişdən istifadə edilməklə evin həyatyanı sahəsinə baxış keçirimişdir. Bu zaman həyətyanı sahənin sol küncündə taxtadan olan yardımçı tikilinin içərisindəki yeşiklərin içərisində sellofan torbalarda olan torpaq peyin qarışığının içərisində 141 ədəd narkotik tərkibli çətənə bitkisi, həmin həyətdə olan digər yardımçı tikilidə alüminium ləyənin içərisində 12 ədəd kibrit qutusunda marixuanaya oxşar kütlə və 01 ədəd böyük formada elektron tərəzi aşkar edilmişdir. Həmin narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin dibi yumşaldılmış, ətrafı digər alaq otlarından təmizlənmiş və suvarılmışdır. Həmin 141 ədəd narkotik tərkibli çətənə bitkisi və 12 ədəd kibrit qutusunda olan marixuana müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid2la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 02 may 2024-cü il tarixdə saat 13 radələrində evdə olmuş və həmin vaxt Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları oraya gələrək Təqsirləndirilən şəxs evdə olubolmadığını soruşmuşlar, o isə sonuncunun evdə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkdiyini bildirərək həyətə baxış keçirəcəklərini demişlər, o isə həyətdə narkotik vasitə olmadığını demiş və onun iştirakı ilə həyətə baxış keçirilməsinə razılıq vermişdir. Həyətin sol küncündə taxtadan olan yardımçı tikilinin içərisinə baxarkən orada olan yeşiklərin içərisində sellofan torbalarda olan torpaq peyin qarışığının içərisində 141 ədəd şitil aşkar olunmuş və polis əməkdaşları həmin şitillərin narkotik tərkibli çətənə bitkisinin şitilləri olduğunu deyərək qablaşdırıb götürmüşlər. Daha sonra həyətin digər tərəfində olan istifadə etmədikləri mətbəxə baxış keçirilərkən orada olan alüminium ləyənin içərisində 12 ədəd kibrit qutusunun içərisində yaşıl halda ot ovuntusuna oxşar kütlə aşkar olunmuş və polis əməkdaşları həmin kütlənin narkotik vasitə marixuana olduğunu deyərək qablaşdırıb götürmüşlər. Sonradan 141 ədəd narkotik tərkibli çətənə bitkisini əri Təqsirləndirilən şəxs əkməsi və 12 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı sonuncunun istifadə etmək üçün saxlaması ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 may 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, kultivasiya etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 02 may 2024-cü il tarixli qərardan görünür ki, Yevlax şəhəri, F.Əlizadə küçəsi, ev 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 02 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Yevlax şəhəri, F.Əlizadə küçəsi, ev 4 ünvanında fərdi yaşayış evinin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman 04 ədəd yeşikdə və torbada əkilmiş 141 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşat bitkilər, habelə 12 ədəd kibrit qutusunda marixuanaya oxşar kütlə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş aqronom-mütəxəssis X4 tərəfindən tərtib edilmiş 02 may 2024-cü il tarixli rəydən görünür ki, həmin tarixdə X9 əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Yevlax şəhəri, F.Əlizadə küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman 04 ədəd yeşikdə və torbada əkilmiş 141 ədəd bitkil narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərdir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, yəni inkişafı üçün peyindən istifadə edilmiş və suvarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 03 may 2024-cü il tarixli 3-16-16-2-17/414 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı taxta tikilinin içərisində ...141 (yüz qırx bir) ədəd aşkar edilmiş...bitki kolları...” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 141 (yüz qırx bir) ədəd uzunluqları 2 sm-dən 10 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 17,69 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom-alim Vüqar Mahmudovun 02 may 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı... fərdi yaşayış evinin...12 ədəd kibrit qutularının içərisində olan narkotik vasitə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 12 (on iki) ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 2,01 qram, 2,68 qram, 2,75 qram, 2,85 qram, 2,37 qram, 2,43 qram, 1,89 qram, 2,38 qram, 2,48 qram, 1,98 qram, 2,82 qram və 2,56 qram olmaqla, ümumi təmiz çəkisi 29,20 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.2 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin əkildiyi və narkotik vasitə marixuananın saxlanıldığı əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 20 iyun 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsi və narkotik vasitə qurudulmuş marixuananın satışı ilə məşğul olması müəyyən olunmuş, lakin onun həyətindəki yardımçı tikilidən aşkar olunmuş 12 ədəd kibrit qutusunda ümumi çəkisi 29,20 qram narkotik vasitə qurudulmuş marixuananı haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 237.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109.1-ci bəndinə əsasən, təmiz halda 5 qram və daha artıq, lakin 500 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar təşkil edir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısının 1.2-ci bəndinə əsasən, 16-800 ədəd (31- 1550 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 08 nömrəli Qərarının 21-ci bəndinə əsasən, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 02 may 2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, kultivasiya etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs Yevlax şəhəri, F.Əlizadə küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 02 may 2024-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs Yevlax şəhəri, F.Əlizadə küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilib narkotik tərkibli çətənə (kannabis) bitkilərinin və narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində yaşadığı fərdi yaşayış evindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanaların ona məxsus olduğunu etiraf etsə də həmin narkotik vasitə qurudulmuş marixuanaları satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini qeyd etmişdir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuanaları əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsini, aşkarlanmış narkotik vasitə qurudulmuş marixuananın çəkilib xırda bağlamalara bükülməsini və tərəzinin aşkar olunmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əldə etməsinin niyyəti ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitə qurudulmuş marixuananı əldə etməsinin niyyəti ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının və digər şahidlərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitə qurudulmuş marixuananı əldə etməsinin niyyəti ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamışdır Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin CM-in 234.2 və 237.2.3-cü maddələri ilə tövsifi düzgündür. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 234.2-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 237.2.3-cü maddəsində göstərilən cinayət əməli isə ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, F.Əlizadə küçəsi, ev 4 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin şəxs qeyd olunan cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə 234.2-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 237.2.3-cü maddəsində göstərilən cinayət əməli isə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq məhdudlaşdırıldığı həmin tarixdə saat 18:00-dan tutulmuş hesab olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 04 may 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 02 may 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 02 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2024-cü il tarixli 958 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı qəbul etmə nəticəsində yaranan asılılıq sindromu aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, çəkisi 28,96 qram olan narkotik vasitə qurudulmuş marixuana, çəkisi 17,45 qram olan 141 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən iki ədəd və ifadəsinin yerində yoxlanılmasını əks etdirən bir ədəd olmaqla, ümumilikdə dörd ədəd disk həmin tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınmışdır, çəkisi 28,96 qram olan narkotik vasitə qurudulmuş marixuana, çəkisi 17,45 qram olan 141 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və bir ədəd elektron tərəzi Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən iki ədəd və ifadəsinin yerində yoxlanılmasını əks etdirən bir ədəd olmaqla, ümumilikdə dörd ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli, dəyəri olmayan digər əşyalar məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının 146-cı bəndinə əsasən marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan, çəkisi 28,96 qram olan narkotik vasitə qurudulmuş marixuana, çəkisi 17,45 qram olan 141 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən iki ədəd və ifadəsinin yerində yoxlanılmasını əks etdirən bir ədəd olmaqla, ümumilikdə dörd ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 02 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan, çəkisi 28,96 qram olan narkotik vasitə qurudulmuş marixuana, çəkisi 17,45 qram olan 141 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən iki ədəd və ifadəsinin yerində yoxlanılmasını əks etdirən bir ədəd olmaqla, ümumilikdə dörd ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-237/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-237/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver