Məhkəmə qərarları › İş №1(091)-24/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-24/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-24/2021 24.08.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X9, xx xxxxxx 1978-ci il tarixdə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Zaqatala şəhəri DEU-20 küçəsi ev 17 ünvanında qeydiyyatda olmaqla ünvan 1rəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və vaxtda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 4,006 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2,140 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, eləcə də zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatları hesab edilən və təyinatı üzrə istifadə üçün yararlı olan 02 ədəd partlayıcıları ilə birlikdə 02 ədəd RQO tipli əl qumbaralarını, 01 ədəd partlayıcısı ilə birlikdə RQD-5 tipli əl qumbarasını istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və vaxtda qanunsuz olaraq əldə etdikdən sonra həmin narkotik vasitəni və psixotrop maddəni, döyüş sursatlarını bir ədəd qara rəngli əl çantasının içərisinə yerləşdirib saxlayaraq daşımaqla üzərində gəzdirmiş, Təqsirləndirilən şəxs bu qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdə saat 04:00-da yaşadığı Zaqatala şəhəri DEU-20 küçəsində yerləşən 17 nömrəli evin qarşısında əlindəki həmin çanta ilə birlikdə saxlanılıb Zaqatala Rayon Polis Şöbəsinə dəvət edilərək orada həmin gün saat 05:50-dən etibarən üzərində şəxsi axtarış aparılarkən onun polis əməkdaşlarına təqdim etdiyi əlindəki həmin çantanın qabaq cibindən ümumilikdə 4,006 qram təmiz çəkidə həmin narkotik vasitə heroin ayrı-ayrılıqda 1,605 qram və 2,401 qram təmiz çəkilərdə olmaqla 02 ədəd polietilen paketlərdə, 2,140 qram təmiz çəkidə həmin psixotrop maddə metamfetamin 01 ədəd sellofan bükümdə, eləcə də qeyd edilən çantanın orta cibindən döyüş sursatları hesab edilən həmin 02 ədəd partlayıcıları ilə birlikdə 02 ədəd RQO tipli və 01 ədəd partlayıcısı ilə birlikdə RQD-5 tipli əl qumbaraları 01 ədəd sellofan torbada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 228.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, gecə təxminən saat 04:00 radələrində yerində uzanan zaman qəflətən qapı açılmış və kimsə içəri girmişdir. Həmin ana kimi həmin şəxsin otağına necə gəldiyindən onun heç bir xəbəri olmamışdır. Qara maskalı olan həmin şəxs çölə çıxmalarını bildirmişdir. O, həyətə çıxan zaman həyətdə polis əməkdaşlarının olduğunu görmüşdür. Daha sonra həmin şəxslər qolunu qandallayaraq avtomobilə əyləşdirib onu polis şöbəsinə aparmışlar və qara çantanı masanın üzərinə qoyaraq həmin çantanın ona məxsus olduğunu bildirmişlər. O isə həmin çantanın ona məxsus olmadığını bildirmişdir. Lakin həmin şəxslər həmin çantanın ona məxsus olduğunu boynuna almasını və imza etməsini bildirmişlər. O isə həmin çantanın ona məxsus olmadığını, heç bir sənədə də imza etməyəcəyini demişdir. Daha sonra iki nəfər hal şahidi dəvət edilmiş və özləri həmin çantanı açmışlar. O, hal şahidlərinin yanında da çantanın ona məxsus olmadığını bildirmiş, hal şahidləri də bunu eşitmişlər. Həmin çantada onun əl izi də olmamış, ümumiyyətlə onun əli belə həmin çantaya dəyməmişdir. İttiham aktında həmin çantanı özünün təqdim etdiyi yazılmışdır. Çantanı özü təqdim etmiş olsaydı, həmin çantaya onun əli dəymiş olardı və həmin çantada onun əl izi olardı. O, həmin çantanın özünə məxsus olduğunu boynuna almamışdır. Polis şöbəsində ona işgəncə verildikdən 8 saat sonra başına torba keçirərək onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin şəxslər çantanın ona məxsus olduğunu boynuna almasını, əks təqdirdə həmin çantadakı predmetləri evinə qoyacaqlarını bildirmişlər. Həmin vaxt anasının xəstə, atasının isə yaşlı olduğunu fikirləşib qorxduğu üçün məcbur olub boynuna almışdır. O, heç vaxt narkotik vasitə satışı ilə və ya silah işi ilə məşğul olmamışdır. Nə narkotik vasitə alıcısı, nə satıcısı, nə də istifadəçidir. Heç kim onun narkotik vasitə satışı ilə və ya silah işi ilə məşğul olduğunu deyə bilməz. Bütün bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 12 mart 2020-ci il tarixdə axşam saatlarında özü yaşadığı Zaqatala rayonunda Tala çayının sahilində tək gəzərkən çayın kənarında yerdə qara rəngli dəri materialdan olan bir əl çantası görmüş, çanta diqqətini cəlb etdiyi üçün götürüb baxmışdır. Çantanın qabaq cibini açıb baxanda içində iki ədəd polietilen bükümdə narkotik vasitə heroin, bir ədəd polietilen bükümdə isə psixotrop maddə olan, «şüşə» adı ilə tanınan metamfetamin olduğunu görmüşdür. Ardınca çantanın zəncirbəndli orta cibini açıb baxanda orada sellofan torba içində üç ədəd qumbaranın və onların üç ədəd alışdırıcılarının olmasını görmüşdür. Həmin çantanı elə içində olan bu maddə və predmetlərlə birgə götürüb özündə saxlamış, axşam vaxtı olduğundan fikirləşmişdir ki, səhərisi gün aparıb Zaqatala Rayon Polis şöbəsinə təhvil versin. Bir qədər gecə saatlarına qədər əlindəki həmin çanta ilə Zaqatala şəhəri ərazisində gəzib dolaşmış, harasa aparıb qoymaq və gizlətmək fikri olmamışdır. 13 mart 2020-ci il tarixə keçən gecə saat təxminən 04 radələrində əlindəki həmin çanta ilə Zaqatalada yaşadığı evə qayıtmaq qərarına gəlmişdir. Elə evin qarşısında olarkən özünə tərəf mülki geyimdə iki nəfər şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona demişlər ki üzərində qanunsuz narkotik və psixotrop maddələr, döyüş sursatı saxlamaqda şübhəli olduğu üçün onunla bağlı əməliyyat-axtarış tədbiri keçirilmişdir. Polis əməkdaşları özlərində olan qərarı da ona elan edib onu əlindəki içində həmin heroin və metamfetamin bükümləri və qumbaralar olan çanta ilə birgə özləri ilə Zaqatala Rayon Polis Şöbəsinə dəvət edib gətirmişlər. Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasına gələndən sonra orada ikinci mərtəbədə olan xidməti otaqların birinə daxil olmuşlar, polis əməkdaşları onun hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edib təqdim etmişlər. Sonra isə iki nəfər tanımadığı Zaqatala rayon sakinləri olan hal şahidləri də dəvət edilmiş və polis əməkdaşları ona təklif etmişlər ki, üzərində qanunla qadağan edilən hər hansı əşya, predmet varsa, təqdim etsin. Özü də həmin vaxt əlindəki çantanı polislərə təqdim etmiş, lakin qorxudan bildirmişdir ki, çantanın içində nə olmasından xəbəri yoxdur, özünə məlum deyil. Polis əməkdaşları hal şahidlərinin və vəkilin iştirakı ilə çantanın içinə baxış keçirərkən çantanın ağzı açıq olan qabaq cibindən həmin iki ədəd şəffaf polietilen bükümdə olan narkotik vasitə heroini, bir ədəd şəffaf polietilen bükümdə olan psixotrop maddə metamfetamini aşkar etmiş və bükümləri açıb proses iştirakçılarına da göstərmişlər. Bunun ardınca çantanın ağzı zamoklu orta cibindən bir ədəd şəffaf polietilen torbada olan üç ədəd qumbara alışdırıcılarını, həmçinin də iki ədəd dairəvi formalı və bir ədəd də konusvari formalı olan cəmi üç ədəd qumbara gövdələrini aşkar edib çıxartmışlar. Həmin vaxt polis əməkdaşları aşkar edilmiş həmin əşyaların kimə məxsus olmasını ondan soruşmuşlar, özü məsuliyyətə cəlb olunacağından qorxaraq bildirmişdir ki, xəbəri yoxdur. Həmçinin sənədlərə imza etməyə də qorxduğu üçün demişdir ki, heç bir sənədi imzalamayacaqdır. Polis əməkdaşları onun üzərinə də baxış keçirmiş, lakin başqa qanunsuz heç nə aşkar olunmamışdır. Polis əməkdaşları həmin heroin və metamfetamin olan bükümləri götürüb kağız zərfə qoyaraq möhürləmişlər. Eləcə də üç ədəd alışdırıcıları ilə birlikdə üç ədəd qumbara gövdələrini də götürərək sellofan torbada möhürləmişlər. Daha sonra aşkar edilənlər barədə polis əməkdaşları tərəfindən orada protokol yazılaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmış, lakin özü qorxduğu üçün imzalamamışdır. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümləri, həmçinin üç ədəd alışdırıcıları ilə birlikdə üç ədəd qumbara gövdələri olan çantanı götürüb saxlamaqda heç bir marağı və məqsədi olmamış, onları həmin çantanın içində təsadüfən tapıb götürmüş, elə-belə əlində saxlamış, lakin sonradan səhər aparıb polisə təhvil vermək qərarına gəlmişdir. Özü heç vaxt heç bir narkotik və psixotrop maddələr qəbul etməmiş, nə də onların satışı ilə məşğul olmamışdır. Həmin çantanı özü Tala çayının kənarında gəzərkən təsadüfən tapmış, özü də həmin vaxt tək olmuşdur. Çantanı oraya kimin gətirib qoyması, yaxud tullaması barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suala cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, təzyiq qarşısında etirafedici ifadə vermək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, odlu silah və döyüş sursatları əldə edib saxlaması barədə çalışdığı idarəyə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar baş idarəyə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Daha sonra onlar Zaqatala rayonuna gəlmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında növbə çəkmişlər. Gecə saat 04:00 radələrində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və öz növbələrində ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünün Təqsirləndirilən şəxs olduğunu bildirəndən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Zaqatala Rayon Polis Şöbəsinə getmələrini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlar birlikdə Zaqatala Rayon Polis Şöbəsinə getmişlər. Zaqatala Rayon Polis Şöbəsində əlavə iki nəfər hal şahidi və vəkil dəvət edilmişdir. Təhqiqatçı baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində qara rəngli dəri çanta olmuş və o, əlindəki çantanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin çantada nə olduğundan məlumatı olmadığını bildirmişdir. Həmin çantaya baxış keçirilərkən içərisindən üç büküm və iki ədəd əl qumbarası aşkar olunmuşdur. Bükümlərin ikisində heroin, birində isə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs yenə də həmin aşkar olunanların barəsində heç bir məlumatının olmadığını bildirmiş və sənədləşməyə də heç bir imza etməmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid1 əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaşadığı evi tapdıqlarını, Təqsirləndirilən şəxs barədə məlumat daxil olduğunu, onun evi barəsində məlumatların da ətraflı gəldiyini, Zaqatala Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs döymək və ya əllərini qandallamaq halı olmadığını, Təqsirləndirilən şəxs çantanın içindəkilər barədə məlumatı olmadığını bildirdiyini, saxlayan zaman Təqsirləndirilən şəxs əlindəki çanta barədə, yəni həmin çantanı haradan alması, kimin tərəfindən həmin çantanın ona verilməsi barədə heç bir məlumat vermədiyini, daxil olmuş məlumatın Təqsirləndirilən şəxs narkotik vasitələr, odlu silah və döyüş sursatı əldə edib saxlaması barədə olduğunu, Təqsirləndirilən şəxs evinə heç kimin daxil olmadığını bildirdi. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında müəyyən qədər ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və həmin ifadəsində Şahid1 göstərmişdir ki, 13 mart 2020-ci il tarixdə Zaqatala şəhəri ərazisində Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmişdir. Belə ki, 12 mart 2020-ci il tarixdə xidmət etdiyi Baş İdarəyə Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə edib saxlaması, daşıması, satışı ilə məşğul olması, bundan başqa qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməklə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat onun tərəfindən rəhbərliyə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupu olaraq Zaqatala şəhərinə yola düşmüşlər. Orada özləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs 13 mart 2020-ci il tarixdə gecə saat 04 radələrində Zaqatala şəhəri DEU-20 küçəsi ev 17 ünvanın qarşısında müəyyən edilərək saxlanılmış, həmin şəxsə özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirməklə xidməti vəsiqələrini göstərmişlər, ona da özünü təqdim etməsi təklif olunduqda həmin şəxs öz anket məlumatlarını söyləyib Zaqatala şəhəri DEU- 20 küçəsi ev 17-də qeydiyyatda olmaqla yaşadığını və Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla da tanış etmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs əlində qara rəngli bir dəri materialdan əl çantası olmuşdur. Elə əlindəki həmin çanta ilə birlikdə Təqsirləndirilən şəxs özləri ilə Zaqatala rayon Polis Şöbəsinə dəvət edib gətirmişlər. Birlikdə Zaqatala rayon Polis Şöbəsinin inzibati binasına gələndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl oraya iki nəfər Zaqatala rayon sakini olan şəxslər hal şahidləri qismində dəvət olunmuşlar, şəxsi axtarış və götürmə prosesini həyata keçirən, xidmət etdiyi Baş İdarənin təhqiqatçısı Hüseyn Mənsimli tərəfindən hal şahidlərinə, həmçinin şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Hüseyn Mənsimli tərəfindən onun, baş əməliyyat müvəkkili Şahid2, dəvət edilmiş hal şahidlərinin, həmçinin Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri həyata keçirilməyə başlanılmışdır. Həmin prosesdən əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilmiş, ona təklif olunmuşdur ki, üzərində, paltarlarında, əşyalarında dövriyyəsi qadağan olunmuş, qanunsuz saxladığı hər hansı əşya və ya predmet varsa, özü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki həmin qara rəngli dəri materialdan olan çantanı təqdim edərək bildirmişdir ki, həmin çantanın içində nə olmasından özünün xəbəri yoxdur. Həmin qara dəri çantanın üzərində «Mont Blanj» yazısı olmuşdur. İştirakçıların gözü qarşısında həmin qara əl çantasının içinə baxış keçirərkən çantanın ağzı açıq olan qabaq cibindən iki ədəd şəffaf polietilen bükümlərdə narkotik vasitə heroinə bənzər toz halında qəhvəyi rəngli maddə, bir ədəd şəffaf sellofan bükümdə isə ağ kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Belə ki, həmin bükümlər çantadan aşkar edilərkən hamının gözü önündə açılıb baxılmışdır. Çantanın ağzı zamoklu orta cibindən isə bir ədəd şəffaf polietilen torbada üç ədəd qumbara zapalına, yəni qumbara alışdırıcısına oxşayan, həmçinin iki ədəd dairəvi formalı və bir ədəd də konusvari formalı qumbara gövdələrinə oxşayan predmetlər aşkar edilmiş, həmin qumbara gövdələrinə oxşayan predmetlərin üzərində rəqəmlər və yazılar da olmuşdur. Həmin vaxt çantasından aşkar edilmiş həmin əşyaların kimə məxsus olmasını Təqsirləndirilən şəxs soruşduqda bildirmişdir ki, həmin əşyaların kimə məxsus olmasını özü bilmir, bu barədə özünün heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs həmçinin demişdir ki, özü heç bir sənədi imzalamayacaqdır. Bununla belə, onun çantasından aşkar edilmiş, içində heroinə və metamfetaminə bənzər maddələr olan həmin bükümlər götürülüb kağız zərfdə qablaşdırılmış, eləcə də üç ədəd qumbara alışdırıcısına oxşayan və üç ədəd də qumbara gövdələrinə oxşayan predmetlər də götürülərək sellofan torbada qablaşdırılmışdır. Özləri Təqsirləndirilən şəxs üzərinə də əlavə baxış keçirmişlər, lakin başqa qanunsuz heç nə aşkar olunmamışdır. Daha sonra aşkar edilənlər barədə Baş İdarənin təhqiqatçısı Hüseyn Mənsimli tərəfindən protokol yazılaraq ucadan oxunmuş, özü və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə heç bir sənədi imzalamayacağını bildirərək həmin protokolu imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs saxlanılıb Zaqatala rayon Polis Şöbəsinə gətirilərkən və yaxud orada üzərində şəxsi axtarış və götürmə aparılarkən ona qarşı heç bir təzyiq və zorakılıq edilməmiş, belə hallar olmamışdır. İfadəsi elan olunduqdan sonra Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bazarda alver edir və Zaqatala Rayon Polis Şöbəsinin yaxınlığındakı ünvanda yaşayır. Qeyd edilən gün həmin yerdən keçən zaman polis əməkdaşları yaxınlaşaraq onu hal şahidi qismində iştirak etmək üçün polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə daxil olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs da orada olmuşdur. Polis şöbəsində masanın üzərində qara rəngli çanta olmuş, həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarına çanta barədə məlumatının olmadığını, həmin çantanın ona məxsus olmadığını, onu yatdığı yerdən götürüb gətirdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs həmin çantanın ona məxsus olmadığını bildirərək ona təqdim olunan sənədlərə imza etməyəcəyini demişdir. Həmin çanta açılan zaman isə içərisindən əl qumbarası aşkar olunmuşdur. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid3 polis şöbəsində Təqsirləndirilən şəxs əvvəlcə çantanın ona məxsus olmadığını, daha sonra isə həmin çantanın içərisində nə olduğunu bilmədiyini dediyini, həmin çantaya baxış keçirilən zaman içərisindən qumbara və 2-3 büküm heroinin aşkar olunduğunu, həmin çantadan aşkar olunanları gördüklərini, həmin vaxt baxış protokolunun oxunduğunu, polis əməkdaşlarının oxuduqlarının doğru olduğunu, düzgün olduğuna görə həmin protokola imza etdiyini bildirdi. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında müəyyən ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində şahid göstərmişdir ki, “...Sonra polis əməkdaşları onun və digər hal şahidi olan şəxsin, vəkilin iştirakı ilə Vüqar adlı həmin oğlanı özlərində olan qərarla tanış edib ona bildirmişlər ki, üzərində qanunla qadağan edilən əşyalar və predmetlər varsa özü təqdim etsin. Polis əməkdaşlarının bu təklifindən sonra Vüqar adlı həmin şəxs əlindəki qara dəri materialdan olan əl çantasını polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin çantanın içində nə olmasından özünün xəbəri yoxdur. Polis əməkdaşları onların gözü qarşısında həmin əl çantasının içinə baxış keçirərkən çantanın ağzı açıq olan qabaq cibindən iki ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroinə oxşayan toz halında maddə, bir ədəd şəffaf polietilen bükümdə isə ağ kristall formalı psixotrop maddə metamfetaminə oxşayan maddə aşkar olunmuşdur...” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Həmin baxış keçirilən zaman Təqsirləndirilən şəxs otaqda masanın üzərində olan çantanın ona məxsus olmadığını bildirmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid4 şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs çantanın ona məxsus olmadığını bildirdiyini, polis əməkdaşlarının çantanı açdıqlarını, özünü də çantanın içərisindəkiləri gördüyünü, səhv etmirsə çantadan bir neçə ədəd qumbara və 2-3 büküm heroinin aşkar olunduğunu bildirdi. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında müəyyən ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində şahid göstərmişdir ki, “...polis əməkdaşları onun və digər hal şahidi olan şəxsin, vəkilin iştirakı ilə Vüqar adlı həmin oğlanı özlərində olan qərarla tanış edib ona bildirmişlər ki, üzərində qanunla qadağan edilən əşyalar və predmetlər varsa özü təqdim etsin. Polis əməkdaşlarının bu təklifindən sonra Vüqar adlı həmin şəxs əlindəki qara dəri materialdan olan əl çantasını polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin çantanın içində nə olmasından özünün xəbəri yoxdur. Polis əməkdaşları onların gözü qarşısında həmin əl çantasının içinə baxış keçirərkən çantanın ağzı açıq olan qabaq cibindən iki ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroinə oxşayan toz halında maddə, bir ədəd şəffaf polietilen bükümdə isə ağ kristall formalı psixotrop maddə metamfetaminə oxşayan maddə aşkar olunmuşdur...” Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 13 mart 2020-ci il tarixdə gecə saat təxminən 4-5 radələrində ayaqyoluna getmək üçün qalxmış, yatağına qayıtdıqdan sonra tappıltı səsinə oyanmış və nə baş verdiyini öyrənmək üçün qalxmışdır. Çarpayısı pəncərənin yanında olduğundan pəncərədən çölə baxmaq rahatdır. Həmin vaxt o, pəncərədən baxanda kiminsə darvaza tərəfdən ötəri keçdiyini görmüşdür. Daha sonra qapı açılmışdır. Qapı açılandan sonra üzü bağlı, əlində fanar və avtomat olan dəstə içəri girmişdir. Həmin şəxslər Vüqargilin yaşadığı evin qapısını döyərək polis olduqlarını və qapını açmalarını bildirmişlər. Yaşadığı evin ikinci mərtəbəsindən yataq otağının pəncərəsi Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxır. Təqsirləndirilən şəxs yaşadığı evin darvazası düz onların pəncərəsi ilə üz-üzədir. O, oradan içəriyə bir dəstə girdiyini görmüşdür. Yəni həmin şəxslər qapını döymüşlər və özlərinin polis olduqlarını, qapını açmalarını bildirmişlər. Bir qədər müddətdən sonra səs-küy yaranmışdır. Vüqarın anası Mirvari Kamalova qışqıraraq həmin şəxslərdən nə baş verdiyini, Vüqarı haraya apardıqlarını soruşmuşdur. O, həmin vaxt uşaqların ağlamaq səsini də eşitmişdir. Qaynanası da səs-küyə yuxudan oyanaraq ondan nə baş verdiyini soruşmuşdur. Həmin vaxt maskalı şəxslər Vüqarın qollarını qandallayıb aparmışlar. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 mart 2020-ci il tarixli “Raport”dan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1978-ci ildə Zaqatala şəhərində anadan olmuş, ünvan 4 ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması və satması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi, saxlaması və daşıması bildirilmişdir. (cild 01, iş vər. 06) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 12 mart 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyü nəzərə alınaraq xx.xx.1978ci ildə Zaqatala şəhərində anadan olmuş, ünvan 4 ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (cild 01, iş vər. 07-08) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 mart 2020-ci il tarixli “Raport”dan görünür ki, 13 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi, o cümlədən oldu silah və döyüş sursatı əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs Zaqatala şəhəri ərazisində olduğu yer müəyyən edilərək 13 fevral 2020-ci il tarixə keçən gecə saat 04:00-da Zaqatala şəhəri DEU-20 küçəsində yerləşən 17 nömrəli evin qarşısında saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmişdir. (cild 01, iş vər. 09) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi, saxlaması və daşıması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdə saat 04:00-da yaşadığı Zaqatala şəhəri DEU-20 küçəsində yerləşən 17 nömrəli evin qarşısında saxlanılıb Zaqatala Rayon Polis Şöbəsinə dəvət edilərək orada həmin gün saat 05:50-dən etibarən üzərində şəxsi axtarış aparılarkən onun əlindəki qara rəngli dəri materialdan olan çantanın qabaq cibindən 02 ədəd şəffaf polietilen paketlərdə narkotik vasitə heroinə bənzər maddələr, 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, həmin çantanın orta cibindən isə 01 ədəd şəffaf polietilen torbada qumbara alışdırıcılarına bənzər 03 ədəd predmet, 02 ədəd dairəvi formalı və 01 ədəd konusvarı formalı qumbaraya bənzər predmetlər aşkar edilərək götürülmüşdür. (cild 01, iş vər. 24-28) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 13 mart 2020-ci il tarixli, 6/177 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” yazısı olan paketdə, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,140 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və 2 (iki) ədəd polietilen paketdə, ayrı-ayrılıqda təmiz çəkisi 1,605 qram və 2,401 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd paketdəki heroinin ümumi təmiz çəkisi 4,006 qram olmaqla həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. (cild 01, iş vər. 41-45) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 13 mart 2020-ci il tarixli, 20/149R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə RQO və hücum təyinatlı RQD-5 tipli əl qumbaralarının gövdələridir, təqdim edilmiş digər 03 ədəd əşya “UZRQM” və “UDZ-350F” tipli partlayıcılardır. Həmin əl qumbaralarının gövdələri və partlayıcısı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatlarıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, təyinatı üzrə istifadə üçün yararlıdırlar. (cild 01, iş vər. 46-51) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X10 17.06.2020-ci il tarixli 409 nömrəli məktubundan görünür ki, Kamalov X6 RMX PHŞnin X2 psixiatrik və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. (cild 01, iş vər. 190) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 18.06.2020-ci il tarixli 4195 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (cild 01, iş vər. 192) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 29.06.2020-ci il tarixli 1781 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal–hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vər. 212-213) Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərində şəxsi axtarış aparılarkən onun əlindəki qara rəngli dəri materialdan olan çantanın qabaq cibindən narkotik vasitə heroinə bənzər maddələrin, psixotrop maddə metamfetaminə bənzər maddənin, həmin çantanın orta cibindən isə qumbara alışdırıcılarına bənzər 03 ədəd predmetin, 02 ədəd dairəvi formalı və 01 ədəd konusvarı formalı qumbaraya bənzər predmetlərin aşkar edilərək götürülməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 228.1-ci maddəsi ilə irəli sürülən ittiham əsaslı olmuşdur. Belə ki, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il 2 nömrəli qərarından görünür ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olub-olmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın, «Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Partlayıcı maddələrdən və konstruktiv təyinatına görə partlayış edilməsi üçün qurğulardan ibarət olan müxtəlif partlayıcı qurğuların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınılması, gəzdirilməsi və ya talaması da müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228 və ya 232-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyətini yaradır. CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Həmçinin həmin qərarda göstərilir ki, odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğuları təsadüfən tapmış, lakin onu mənimsəməyən və onun sonradan gizlədilməsi üçün heç bir tədbir görməyən şəxs CM-nin 228-ci maddəsi ilə cinayət məsuliyyəti daşıya bilməz. Lakin təsadüfən tapdığı özgənin silahını gizlədən və ya yerini dəyişən şəxs mahiyyətcə onu əldə etmiş və saxlamış olduğuna görə CM-nin 228-ci maddəsi ilə cinayət müsuliyyəti daşıyır. Cinayət işinin materiallarında olan sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatları hesab edilən və təyinatı üzrə istifadə üçün yararlı olan 02 ədəd partlayıcıları ilə birlikdə 02 ədəd RQO tipli əl qumbaralarını, 01 ədəd partlayıcısı ilə birlikdə RQD-5 tipli əl qumbarasını istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və vaxtda qanunsuz olaraq əldə etdikdən sonra həmin döyüş sursatlarını bir ədəd qara rəngli əl çantasının içərisinə yerləşdirib saxlayaraq daşımaqla üzərində gəzdirmiş, polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən onun polis əməkdaşlarına təqdim etdiyi əlindəki həmin çantanın orta cibindən döyüş sursatları hesab edilən həmin 02 ədəd partlayıcıları ilə birlikdə 02 ədəd RQO tipli və 01 ədəd partlayıcısı ilə birlikdə RQD-5 tipli əl qumbaraları 01 ədəd sellofan torbada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma dövründə əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitənin və ya psixotrop maddənin satışını həyata keçirərkən saxlanılmamış, barəsində üzərində narkotik vasitə saxlamasına dair əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılarkən onun əlindəki qara rəngli dəri materialdan olan çantanın qabaq cibindən narkotik vasitə heroinə bənzər maddələr və psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin və ya psixotrop maddələrin xırda-xırda və ayrı-ayrı bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və ya evindən elektron tərəzinin, digər avadanlığın aşkar olunmaması onu deməyə əsas verir ki, aşkar olunan narkotik vasitə - heroin və psixotrop maddə metamfetamin satış məqsədi ilə əldə olunaraq saxlanılmamışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid1 və Şahid2 ifadələri, digər şahidlər Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi CM-nin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsində təsir-təzyiqə məruz qaldığını, lakin heç bir sənədə qol çəkmədiyini, yalnız Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra məcbur qalıb etirafedici ifadə verdiyini bildirmişdir ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, bu xüsusatlar Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində araşdırılmış və öz təsdiqini tapmadığından, 21 yanvar 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Sözügedən qərar müdafiə tərəfinə təqdim olunmuş, lakin mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakerli ifadə kimi qəbul edir və hesab edir ki, şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Ona görə də, obyektiv həqiqəti əks etdirdiyi üçün, o cümlədən işin faktiki halları ilə uyğun gəldiyi və mövcud sübutlarla üst-üstə düşdüyü üçün məhkəmə kollegiyası məhz təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini əsaslı sayır və Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına məhz həmin ifadəni qoyur. Şahidlər Şahid3, Şahid4, həmçinin müdafiə tərəfin vəsatəti əsasında dindirilən əlavə şahid X3 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə münasibətdə isə məhkəmə kollegiyası bildirir ki, hər üç şəxs təqsirləndirilən şəxslə eyni rayondan olmaqla Zaqatala sakinidir, bundan əlavə X5 təqsirləndirilən şəxsin yaxın qonşusudur. Odur ki, bu hal qeyd edilən şəxslərin məhkəmədə Təqsirləndirilən şəxs xeyrinə ifadə verməsini anlaşılan edir. Ona görə də, məhkəmə şahid X3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət işinin materiallarında olan sübutlarla təkzib edildiyi üçün əsaslı saymır, digər şahidlər Şahid3 və Şahid4 isə məhz ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı sayaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Zaqatala şəhəri DEU-20 küçəsi ev 1 mənzil 4də yaşayır. Onun barəsində Zaqatala rayon Mənzil İstismar İdarəsinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. (cild 01, iş vərəqi 194-196) Cinayət işinin materiallarında olan tələbnamədən və hökmlərin surətindən görünür ki, Kamalov X6 Rayon Məhkəməsinin 13.08.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1, 234.1, 221.2.1, 66.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.12.2010cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 11.08.2011ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət məcəlləsinin 221.2.1, 66.5ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07.12.2012-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06.12.2012-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Hal-hazırda məhkumluğu yoxdur. (cild 01, iş vərəq 131-133, 155-163, 164-167, 170-177) Beləliklə, CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin şəxsin əvvəllər də məhkum olunmasını və islah olunmayaraq yenidən qəsədn cinayət əməli törətməsini əsas götürərək sonuncuya təqsirli bilindiyi hər maddə üzrə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 13 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2020-ci il tarixdə saat 05:15-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vərəq 18) Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.03.2020-ci il tarixli 4(005)-322/2020 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 mart 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəq 121-123) Beləliklə, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 13 mart 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş 2,090 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, ümumi 3,906 qram qalıq çəkidə narkotik vasitə heroin məhv edilməli, döyüş sursatları olan 01 ədəd “UZRQM” və 02 ədəd “UDZ-350F” tipli partlayıcılarla birlikdə 02 ədəd RQO tipli və 01 ədəd RQD-5 tipli əl qumbaralarının gövdələri müsadirə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu, həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 13 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri təyin olunmuş cəza müddəti bitənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş 2,090 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, ümumi 3,906 qram qalıq çəkidə narkotik vasitə heroin hökm qüvvəyə mindikdən sonra məhv edilsin, döyüş sursatları olan 01 ədəd “UZRQM” və 02 ədəd “UDZ-350F” tipli partlayıcılarla birlikdə 02 ədəd RQO tipli və 01 ədəd RQD-5 tipli əl qumbaralarının gövdələri isə müsadirə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar