Məhkəmə qərarları › İş №1(091)-240/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-240/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-240/2022 11.11.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Ucar rayonu Ə.Məmmədxanlı (Çiyni) kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Ucar rayonu Ə.Məmmədxanlı kəndində qeydiyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 67 (altmış yeddi) ədəd çətənə bitkisi toxumlarını 2022-ci ilin mart ayının 8-də yaşadığı Ucar rayonu Çiyni (Ə.Məmmədxanlı) kəndində yerləşən evinin həyətyanı sahəsində yerləşən su arxının içərisində dibçəkdə, həmçinin evin həyətyanı sahəsinin arxa tərəfində yerləşən kolluq ərazidə dibçəkdə və torpaqda əkərək, həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 67 (altmış yeddi) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 27 iyun 2022-ci il tarixdə saat 18 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda yerləşən evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 67 (altmış yeddi) ədəd yaş vəziyyətdə təmiz çəkisi 6140,4 qram təşkil edən çətənə (kannabis) bitkilərindən 2 (iki) ədədi evin həyətyanı sahəsində yerləşən su arxının içərisində dibçəkdə, 65 (altmış beş) ədədindən 6 ədədi dibçəkdə, 59 (əlli doqquz) ədədi isə torpaqda əkilmiş vəziyyətdə olmaqla evin həyətyanı sahəsinin arxa tərəfində yerləşən kolluq ərazidən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 mart 2022-ci il tarixdə istifadə etdiyi narkotik vasitə olan marixuananın içərisində seçib özü üçün saxladığı çətənə bitkilərinin toxumlarından səkkiz ədədini dibçəklərdə, qalanını isə yaşadığı evin həyətyanı sahəsinin arxa tərəfindəki kolluq ərazidə torpağa əkərək becərmiş, həmin bitkilər inkişaf edərək böyümüşdür. 27 iyun 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən Ucar rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək narkotik tərkibli bitkilərin qanunsuz olaraq əkilibbecərilməsində şübhəli olduğuna görə yaşadığı evin həyətinə baxış keçirəcəklərini bildirmiş, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 1 ədəd dibçəkdə 1 ədəd dibçəkdə, 1 ədəd dibçəkdə 2 ədəd, digər 1 ədəd dibçəkdə 3 ədəd, 1 ədəd dibçəkdə 1 ədəd və torpaq sahəsində əkilmiş 59 ədəd, cəmi 67 ədəd çətənə bitkiləri aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 27 iyun 2022-ci il tarixdə Ucar rayonu Çiyni (Ə.Məmmədxanlı) kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və yaşadığı evin həyətində narkotik vasitələr əkib–becərməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu və dəvət edilmiş mütəxəssis-aqronom X3 ilə birlikdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ucar rayon Çiyni (Ə.Məmmədxanlı) kəndində yerləşən evinə getmiş, həmin evdə yaşayan Şahid5 və sonuncunun oğlu Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsi ilə irəlilədikdə su kanalının həyətə düşən hissəsində kolluqların içərisində xüsusi hazırlanmış ərazidə 6 (altı) ədədi dibçəkdə, 59 (əlli doqquz) ədədi isə topaqda əkilmiş, hündürlükləri 21 sm-dən 192 sm-dək olan narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Aqronom mütəxəssis Ağarəhim Tağıyev həmin 67 (altmış yeddi) ədəd çətənə bitkisinə bənzər bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkilləri işləyən Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla 27 iyun 2022-ci il tarixdə yaşadığı Ucar rayonu Ə.Məmmədxanlı kəndindəki evində olarkən Ucar rayon Polis Şöbəsinin əməkdaşları yaşadıqları evə gələrək oğlu Abidin qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərməkdə şübhəli olduğunu deyərək yaşadıqları evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmiş, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermişdir. Bundan sonra oğlu Abidin, polis əməkdaşlarının və dəvət edilmiş aqronomun işitrakı ilə evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı həyətin künc tərəfindən 67 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə bənzər bitkilər aşkar edilmiş, baxış zamanı Abid həmin bitkiləri özünün əkdiyini bildirmişdir. Bundan sonra həmin aşkar edilmiş bitkilər qablaşdırılaraq götürüldükdən sonra sonra Abid də polis şöbəsinə aparılmışdır. Onun və ailə üzvlərinin Abidin həyətin künc hissəsində əkdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərindən xəbərləri olmamış və həmin bitkiləri görməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 28 iyun 2022-ci il tarixli, 17/536 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 65 ədəd..” sözləri yazılmış sintetik kisənin içərisindəki, nəm vəziyyətdə ümumi çəkiləri - 6110,0 qram olan 65 (altmış beş) ədəd bitki nümunələri əkib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Yaş vəziyyətdə təmiz çəkisi - 25,0 qram olan 01(bir) ədəd bitki hissəsi əkib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəsidir. Tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs həyətyanı sahəsində giriş qapısının sağında dibçəkdə aşkar olunmuş 2 ədəd..” sözləri yazılmış zərfin içərisindəki, nəm vəziyyətdə ümumi çəkiləri - 5,40 qram olan 02 (iki) ədəd bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Ağarəhim Tağıyevin 28 iyun 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 22 iyul 2022-ci tarixli, 1042 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 01 iyul 2022-ci il tarixli 421 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq, o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 27 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs olğunun yaşadığı Ucar rayonu Ə.Məmmədxanlı (Çiyni) kəndindəki həyətyanı sahənin kənarından keçən su kanalının həyət tərəf hissəsində kolluğun içərisində xüsusi hazırlanmış təxminən 8-10 m2 ərazidə 1 ədədi 1 ədəd dibçəkdə, 2 ədədi 1 ədəd dibçəkdə, 3 ədədi 1 ədəd dibçəkdə, qalanları torpaq səhəsində əkilmiş hündürlükləri 21 sm-dən 198 sm-dək olan 65 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar kollar və hündürlüyü 79 sm olan 1 ədəd qoparılmış bitki hissəsi aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 27 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2140-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Ucar Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Ucar İcra Hakimiyyəti Başçısının Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Ucar rayonu Ə.Məmmədxanlı kənində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2020-ci ildə doğlumuş Cahid Mahmudov adında bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, törətdiyi əməldən peşmançılıq çəkməsi, ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 27 iyun 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzrədə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 65,15 AZN (altmış beş manat on beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 27 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 65,15 AZN (altmış beş manat on beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ucar rayon Polis Şöbəsində saxlanılan ümumi qalıq çəkiləri 6139,85 qram olan 67 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilsin, 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar